Dünyada işsizlərin sayı hər gün artır
Tarix: 24.06.2013 | Saat: 23:14:00 | E-mail | Çapa göndər


Ölkəmizdə isə işsizliyin azalması müşahidə olunur

Ölkəmiz müasir dövrün ən parlaq inkişaf mərhələlərini yaşamaqdadır. İqtisadi qüdrətimizin durmadan artdığı belə bir şəraitdə nəinki bölgədə və regionda, hətta dünyada söz sahibi olmağımızın sevincini yaşamaqdayıq. Ümummilli lider böyük Heydər Əliyevin siyasi hakimiyyətinin ikinci mərhələsində müstəqillik dövrünün qızıl çağlarını yaşayan respublikamızda bütün sahələrin paralel və dayanıqlı inkişaf istiqamətləri müəyyən olunub. Yeni iş yerlərinin yaradılması, əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması, məşğulluq potensialının artırılması və sosial-iqtisadi inkişafın mükəmməl strategiya əsasında bərqərar edilməsi dövlətin iqtisadi siyasətinin əsas məqsədini təşkil edib.
Keçən əsrin 90-cı illərinin əvvəllərində gələcək dövr kimi ifadə olunan hazırkı zaman üçün münbit şəraitin hazırlanması, keçid etdiyimiz bazar iqtisadi sisteminin müasir dövrümüzlə səsləşməsinin təmin olunaraq, onun yararlılıq, faydalılıq səviyyəsinin formalaşdırılması və yüksəldilməsi, bütün iqtisadi-hüquqi baza və mexanizmlərin təmin olunması istiqamətində düşünülmüş addımların atılması, nəhayət, nəticə etibarilə səmərəliliklə müşayiət olunması çox zəruri məsələlər içərisində yer almaqda idi.
Ulu öndərimizlə başlanan uğurlu dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən daha da təkmil şəkildə davam etdirilməsinin təzahürüdür ki, bu gün ölkəmizdə iqtisadi inkişafın əsas istiqamətləri müəyyən olunmuş və özünün ən yüksək dövrünü yaşamaqdadır.
Bir-birinin ardınca qəbul olunan dövlət proqramlarının səmərəli icra olunması nəticəsində istər regionların, istərsə də ölkəmizin sürətli inkişafı təmin olunub. Bütün bu kimi nailiyyətlər imkan verib ki, ölkəmizin əmək ehtiyatlarından səmərəli istifadə olunsun və nəticə etibarilə faydalı məşğulluq potensialının artırılmasına nail olunsun.
Bu bir həqiqətdir ki, hazırkı dünya gerçəkliyində bir çox ölkələrin sosial-iqtisadi və hətta siyasi böhranlar içərisində çırpındığı bir şəraitdə Azərbaycan Respublikası iqtisadi inkişafın geniş əhatədə formalaşdığı bir ölkəyə çevrilib. Əsasən Avropada cərəyan edən iqtisadi böhranların doğurduğu mənfi xüsusiyyətlər özünü işsizliyin gedərək artmasında göstərməkdədir. Həmin ölkələrin iqtisadi vəziyyətinə nəzər salanda görürük ki, insanların iş yerlərini itirməsi halları hər keçən gün daha da artmaqdadır. Rəqəmlərə müraciət edərkən məlum olur ki, Yunanıstanda işsizlik səviyyəsi 27,2%, İspaniyada 26,7% (bəzi məlumatlara əsasən, artıq bu rəqəm 27% olub), Portuqaliyada 17,5% işsizlik var. Həmin ölkələrdə gənclər arasında isə işsizlik səviyyəsi müvafiq olaraq Yunanıstanda 59,1%, İspaniyada 55,9%, Portuqaliyada isə 38,3%-dir. Avropa Birliyində 12%, İtaliyada 10%-dən artıq (gənclər arasında 38,4%), Hollandiyada 5,6%, Almaniyada (5,5 %) və Lüksemburqda 5,4%, Avstriyada 4,5% olub. 2013-cü ilin ilk rübünün məlumatlarına görə, təkcə vahid Avropa valyutası ölkələrində cəmi bir ay ərzində daha 113 min nəfər işini itirib, işsizlərin sayı 18,8 milyon nəfəri ötüb. Bu məlumatı “Eurostat” statistika xidməti açıqlayıb.
Qeyd edək ki, şimal qonşumuz olan Rusiyada da bu ilin birinci rübündə işsizlik özünü 6,6%-lik göstərici ilə təqdim edir. Bu ölkədə gənclər arasında işsizlik 15,8 % təşkil edir. Bu ilin ilk rübü ərzində Rusiyada məşğulluq idarələrində qeydə alınmış işsiz əhalinin sayı artıq 1 milyon 807 min 600 nəfərdir. Qeyd edək ki, cari ilin büdcəsi hesablanarkən Rusiya hökuməti ancaq 1 milyon 600 min işsizə xüsusi müavinətlərin verilməsini nəzərdə tuturdu. Göstərək ki, rəsmi proqnozlardan əlavə Rusiyada 200 min artıq işsiz var.
Təkcə ötən ilin noyabr ayında Avropa Birliyində yaşayan təxminən 26 milyon adam məşğul olmaq üçün səy göstərib, ki, bunun da 10,7%-i əmək qabiliyyətli insanlardır. Qeyd edək ki, burada yaşı 25-dən aşağı olan hər 4 avropalı gəncdən biri işsizdir. Halbuki, 2008-ci ildə böhran başlayanda gənclər arasında işsizliyin səviyyəsi 16% idi. İndi bu rəqəm 23,7% təşkil etməkdədir.
İşsizliyin tüğyan etdiyi əsas ölkələrdən biri kimi qeyd etdiyimiz İspaniyada da vəziyyət fərqli deyil. Burada da artıq məlum olduğu kimi, gənclərin məruz qaldığı işsizlik səviyyəsi 55,9%-dir. Bu ölkədə dövlət idarələrində maliyyə resurslarına qənaət edilməsi prosesinin başladılması vəziyyəti daha da gərginləşdirib. Alınan nəticə isə iş yerlərinin yenə də azaldılmasından ibarət ol bilər. Bir çox mütəxəssislər belə qənaətə gəliblər ki, Avropada hakim olan işsizlik və böhran 2013-cü ilin sonuna qədər davam edəcək.
Bu arada Beynəlxalq Əmək Təşkilatının 2013-cü il üçün Dünyada Məşğulluq Meyilləri adlı hesabatı yayılıb. Həmin hesabata görə, dünyada 197 milyon işsiz var. Onun 39 milyonu artıq uzun müddətdir ki, işsiz olduğu üçün yenidən iş axtarmır. Ötən 2012-ci ildə işsizlərin sayında 4 milyon nəfərlik artım müşahidə olunub. Hesabatda əlavə olaraq göstərilir ki, bu il işsizlərin sayında artım davam edərək (5,1%) 202 milyon olacaq və 2017-ci ildə bu rəqəmin 210 milyona çatacağı bildirilir.
Hesabat dünyada işsiz gənclərin sayını 73,8 milyon nəfər kimi göstərsə də, bu rəqəmin daha yarım milyon gənci əhatə edəcəyini proqnoz edib. Hesabatda daha sonra göstərilir ki, hazırda dünya üzrə əmək qabiliyyətli gənclərin 12,6%-i işsizdirsə, 2017-ci ildə bu rəqəm 13%-ə çatacaq.
Bəhs olunan hesabatda deyilir ki, hazırda Ermənistanda işsizliyin səviyyəsi 39,1 %-dir. Təbii ki, bu göstərici ilə də iqtisadi və siyasi böhran içərisində çırpınan düşmən ölkə MDB məkanında liderdir. BƏT-in proqnozuna görə 2017-ci ildə MDB ölkələrində gənclər arasında işsizliyin səviyyəsi oğlanlar arasında 17,3%, qızlar arasında isə 17,7 % olacaq ki, bunun da böyük əksəriyyəti yenə də Ermənistanın payına düşəcək. Qeyd edək ki, MDB ölkələrində işsizliyin səviyyəsinin 7.9% olacağı gözlənlir.
Ümumiyyətlə, işsizlik sosial-iqtisadi bəla, mənəvi-siyasi gerilikdir. Son illərdə dünyanı öz cənginə alan iqtisadi maliyyə böhranları, təəssüf ki, bütün çətinliklərlə yanaşı, işsizliyin də geniş yayılmasına səbəb olub. İqtisadi ədəbiyyatlarda işsizlik anlayışına iqtisadi fəal əhalinin müəyyən hissəsinin öz iş qüvvəsini tətbiq edə bilmədiyini əks etdirən sosial-iqtisadi hadisə kimi yanaşılır. Məhz iqtisadi böhranın hökm sürdüyü ölkələrdə də əmək qabiliyyətli əhalinin müstəqil, sağlam, səmərəli fəaliyyəti üçün iqtisadi mühit və şəraitin pozulması, nəticədə isə acınacaqlı, tənəzzüllə müşayiət olunan vəziyyətin özünə yer açması, insan potensialının çatışmazlığı və ya öz potensiallarından yetərincə istifadə edə bilməmələri kütləvi işsizlik hallarının yaranmasına gətirib çıxarıb.
Bütün bunları göz önünə gətirərək, ölkəmizdə həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin qazandırdığı nailiyyətlərin önəmini bir daha vurğulamaq yerinə düşər. Birinci mərhələdə 2004-2008-ci illəri, ikinci mərhələdə isə 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafına dair” dövlət proqramları, həqiqətən də, bütün sahələrlə birlikdə işsizliyin və onunla bağlı olan yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini sübut etməkdədir.
Nəzəri olaraq ölkəmizdə işsizliyin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirləri ulu öndər Heydər Əliyev siyasətinin bəhrəsi olmaqla, bir neçə mərhələyə ayırmaq olar. Bunlardan biri 1991-1995-ci illəri əhatə edir ki, bu da dahi şəxsiyyətin siyasi fəaliyyətinin Naxçıvan MR dövründən başlanır. Çünki onun muxtar respublikadan başlatdığı xilaskarlıq, ölkəmizin yeniləşməsi istiqamətindəki milli dövlətçilik missiyası, siyasi və sosial-iqtisadi sahədə çox güclü mexanizmlərə yer verdi, təkanverici qüvvəyə çevrildi. 1995-ci ildən sonrakı mərhələ üçün iqtisadi və siyasi baza oldu. Bu mərhələni çevik təşkilati mərhələ kimi ifadə edə bilərik. Sonrakı mərhələ 1995-2001-ci illəri özündə birləşdirir. Bu mərhələdə də 1995-ci ildə başlanan iqtisadi (aqrar) islahatlar, neft və qeyri-neft sektorlarının inkişafı istiqamətlərinin müəyyən olunması bütün faydalı tərəfləri ilə birlikdə səmərəli məşğulluq potensialının da yaranmasına gətirib çıxara bilmişdir. Bu istiqamətdə çox müxtəlif qanunların, qərarların qəbul olunması, daxili siyasi sabitliyin bərqərar olunması, bununla da xarici siyasətə nailiyyətlilik gətirən mexanizmlərin təmin olunması iqtisadi səmərəliliyin təkmilləşdirilməsi ilə birlikdə müşayiət olundu. Məhz bu mərhələni də hüquqi baza kimi qeyd edə bilərik. Digər mərhələ 2001-2007-ci illəri əks etdirir. Bu aralıqda da çox mühüm tədbirlər yer almaqdadır. 2 iyul 2001-ci ildə “Məşğulluq haqqında” qanun qəbul edilərək ölkəmizdə rəsmən məşğulluğun hüquqi təsdiqi təmin edildi. 2003-cü ildə xalqımızın Heydər Əliyev siyasətinə sahib çıxmasının nəticəsi idi ki, möhtərəm İlham Əliyev ölkəmizin başçısı seçilməklə milli liderimizdən ərməğan olunan qurtuluş və mövcudluq missiyasını davam etdirdi və indi də etdirməkdədir. 600 min yeni iş yerinin açılmasını əsas məqsəd kimi qarşıya qoymaqla dövlətimizə rəhbərliyə başlayan Prezident məşğulluğun hüquqi bazasının tam mükəmməl əsaslarla təmin olunmasına önəm verdi və 26 oktyabr 2005-ci ildə imzaladığı sərəncam (“Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”) və 15 may 2007-ci il tarixdə imzalanmış sərəncamla isə (“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-ci illər)”) əhalinin məşğulluq probleminin aradan qaldırılmasında həlledici addım atdı. Bu mərhələ isə sözün həqiqi mənasında mütərəqqi inkişaf kimi adlandırıla bilər.
Nəhayət, növbəti mərhələ isə 2007-ci ildən bu günlərə qədər olan mərhələdir ki, burada da ölkəmizin hərtərəfli inkişaf mexanizmlərini özündə əks etdirən çox güclü idarəetməyə əsaslanan, beynəlxalq aləmə inteqrasiya olunan, regionda liderə, dünyada isə söz sahibinə çevrilən Azərbaycan adlı qüdrətli məmləkətimizi görməkdəyik. Məhz 2007-ci ildən bu günlərə qədər keçən dövrün nailiyyətləridir ki, ölkəmiz dünyanın hörmət etdiyi, diqqətlə yanaşdığı etibarlı bir tərəfdaşa çevrilib, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Bundan əlavə, yeni şərait üçün mütərəqqi layihələrin işlənib hazırlanması, ölkəmizin sosial-iqtisadi həyatındakı yeniliklərin davamlılığının və dayanıqlığının təmin edilməsi məhz insan potensialının inkişafı ilə mümkün olub və olmaqdadır. Məhz belə nailiyyətlərdən də biri 2013-cü ilin fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peyki-“Azərspace-1”-in orbitə uğurla buraxılmasından ibarətdir. Bu tarixi hadisə ölkəmizin bütün sahələrdə olduğu kimi informasiya texnologiyaları sahəsində də insan amilindən düzgün istifadəyə əsaslandığını göstərməkdədir.
Həmin dövlət proqramlarının uğurlu icrası, ölkəmizdə əlverişli sahibkarlıq, məşğulluq mühitinin yaradılması ilə ölkəmizdə ola biləcək hər hansı bir iqtisadi geriləməyə qarşı güclü müqavimət formalaşıb.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının V qurultayında çıxışında ölkəmizin əldə etdiyi böyük nailiyyətləri dəyərləndirərkən belə deyib: “Daxili siyasətlə bağlı Azərbaycanda çox böyük işlər görülüb. Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti vardır. Biz on il ərzində iqtisadi islahatların aparılması ilə dünyanın ən sürətli iqtisadi inkişafına nail ola bilmişik. İkinci belə ölkə tapılmaz ki, on il ərzində iqtisadiyyat üç dəfədən çox artsın və bütün başqa statistik göstəricilər də ən yüksək səviyyədə olsun. Hər bir ölkə üçün bu, nümunə ola bilər. Yoxsulluq 6 faizə, işsizlik 5,2 faizə düşübdür. Bir milyon 100 mindən çox yeni iş yeri açılmışdır. Xarici dövlət borcumuz ümumdaxili məhsulun cəmi 7 faizini təşkil edir. Bütün beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqlərini artırır. Ölkəmiz artıq rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 46-cı yerdədir. Çox böyük iqtisadi təşəbbüslər irəli sürülür. Çox böyük islahatlar aparılır. Bu, reallıqdır”.
Cavadxan QASIMOV
AMEA Naxçıvan Bölməsi
İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info