“Biz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasında maraqlıyıq”
Tarix: 28.08.2018 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Quido Ambroso: “Məqsədimiz münaqişəni tam həll olunana qədər dünya ictimaiyyətinin diqqətində saxlamaqdır”

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanın qərb rayonlarına səfəri çərçivəsində ötən gün cəbhə bölgəsində yerləşən Tərtər rayonuna gedib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quido Ambroso Komissarlığın Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea və ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Elsevər Ağayevlə birgə əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətində olub.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara cəbhə xəttində yaşayan əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial vəziyyəti, mənzil-məişət şəraitinin yaxşılaşdırılması barədə məlumat verib. Bildirib ki, Tərtər rayonu düşmənlə 48 kilometr məsafədə təmas xəttində yerləşir. Rayonun əhalisi 103 min nəfərdir. Ermənistanın Dağlıq Qarabağ və ətraf əraziləri işğal etməsi nəticəsində doğma yurdlarından didərgin düşən insanların 13 min nəfərə yaxını Tərtər rayonu ərazisində məskunlaşıb. 2017-ci ildə rayon ərazisində 1170 məcburi köçkün ailəsi üçün yaşayış kompleksi tikilərək istifadəyə verilib. Həmin yaşayış kompleksinə yol kənarlarında, təhsil müəssisələrində, uşaq bağçalarında, ictimai binalarda çətin vəziyyətdə yaşayan məcburi köçkünlər köçürülüb.
Müstəqim Məmmədov qeyd edib ki, rayon əhalisi, əsasən, kənd təsərrüfatı ilə məşğul olur. Rayonda daha çox taxılçılıq, pambıqçılıq, çuğundur, günəbaxan istehsalı, bağçılıq və maldarlıq inkişaf edib. Rayonun əkinəyararlı 31 min 600 hektar torpağından yalnız 22 min 400 hektarı istifadə edilir. Torpaqların bir qisminin istifadə edilməməsinin səbəbi ermənilərin işğal altında saxladıqları Sərsəng su anbarından gələn suyun qarşısının suvarma dövründə kəsilməsi ilə bağlıdır. Bundan başqa, Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daim atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur. Çətinliklərə baxmayaraq, rayon zəhmətkeşləri aqrar sahədə yüksək nəticələr əldə edirlər. Ötən il pambıq və çuğundur istehsalına görə Tərtər ölkə üzrə ən qabaqcıl rayon olub.


“Minsk qrupunun vasitəsilə həyata keçirilən sülh danışıqlarının nəticə verəcəyini səbirsizliklə gözləyirik”

BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ətraflı məlumata görə minnətdarlığını ifadə edib. O, 20 il əvvəl Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının əməkdaşı kimi fəaliyyət göstərdiyini bildirib: “Həmin dövrdə Azərbaycanın iqtisadi imkanları çox aşağı idi və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı fəaliyyətini daha çox məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və əsas ehtiyaclarının ödənilməsinə yönəldirdi. Ötən dövr ərzində Azərbaycanın iqtisadi imkanları möhkəmlənib. Azərbaycan hökuməti məcburi köçkünlərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürüb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məcburi köçkünlərlə bağlı fəaliyyəti məhdudlaşıb”.
BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso sonra 1170 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksində yaradılan şəraitlə tanış olub, məcburi köçkünlərlə görüşüb. Məlumat verilib ki, yaşayış kompleksindəki mənzillərdən 120-si bir, 504-ü iki, 472-si üç, 80-i isə dördotaqlıdır. Mənzillərə Tərtər rayonu ərazisində müvəqqəti məskunlaşmış Kəlbəcər, Ağdam, Laçın, Cəbrayıl və Şuşa rayonlarından olan məcburi köçkünlər köçürülüb. Yaşayış kompleksində zəruri infrastruktur obyektləri - məktəb, uşaq bağçası, musiqi məktəbi, inzibati bina, klub-icma mərkəzi, həkim məntəqəsi, ATS binası inşa olunub.
Məcburi köçkünlərlə söhbət zamanı Quido Ambroso vurğulayıb ki, səfərdə əsas məqsədi məcburi köçkünlərlə həmrəylik nümayiş etdirmək və münaqişəni tam həll olunana qədər dünya ictimaiyyətinin diqqətində saxlamaqdır. “Biz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasında maraqlıyıq. ATƏT-in Minsk qrupunun vasitəsilə həyata keçirilən sülh danışıqlarının nəticə verəcəyini səbirsizliklə gözləyirik” – deyə Q.Ambroso bildirib.

“Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb
Məcburi köçkün İlqar Qasımov deyib ki, məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub. Lakin onların ən böyük istəyi öz doğma yurdlarına qayıtmaqdır: “Bütün məcburi köçkünlərin ürəyi Qarabağla döyünür. Bura təmas xəttinə çox yaxın məsafədə yerləşir. Buradan işğal altında olan ərazilər – Qarabağ dağları çox aydın görünür. Doğma yurdumuz gözümüzün önündədir. Ancaq biz ora gedə bilmirik. Biz məcburi köçkünlər münaqişənin həlli ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrin icra olunmasını, işğal altında olan torpaqlarımızın azad edilməsini gözləyirik”.
Qonaqlar Laçın və Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Həsənqaya kəndində də olublar. Sonra ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Məlumat verilib ki, Ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə köçürülməsini sübut edən tarixi mənbələrdən biri olan “Marağa-150” abidəsi 1978-ci ildə ermənilərin özləri tərəfindən İran Marağasından Qarabağa köçürülmələrinin 150 illiyi ilə əlaqədar inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa-150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Çünki bu abidə ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa köçürülməsinin sübutu idi. Mənfur düşmənlərimizin ərazi iddialarına tutarlı cavab olan bu abidənin tarixi-siyasi əhəmiyyəti nəzərə alınaraq, Prezidentin tapşırığı ilə yenidən bərpa olunub. Ermənilərin Qarabağa köçürülmələrini sübut edən, həmçinin “Marağa-150” abidəsi ilə bağlı tarixi sənəd, məlumat və fotolar arxivlərdən toplanaraq, Azərbaycan, rus və ingilis dillərində stendlər qurulub.
Tərtər rayonuna səfər çərçivəsində qonaqlar ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərərçəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə də baş çəkiblər. Məlumat verilib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərərçəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməkdir. Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, tinglik, kompüter, kənd təsərrüfatı, sahibkarlıq və sair peşələrinə yiyələnirlər.

ATƏT-in monitorinqi insidentsiz başa çatıb
Yeri gəlmişkən, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Göygöl rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info