XIX əsr və XX əsrin əvvəllərində İrəvan və Naxçıvanda məscid məktəbləri və mədrəsələr
Tarix: 28.08.2018 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


IX əsrdən etibarən İslamı qəbul etmiş xalqların mədəni əlaqə¬lə¬ri tədricən inkişaf edərək müəyyən səviyyəyə qədəm qoymuş, onların mənəvi-dini birliyi və yaxınlığı ilə ümummüsəlman mədəniyyətinin formalaşması mərhələsi başlamışdır. Bu mədəniyyət ərəb dili vasitəsilə yayılır, müsəlman qardaşlığı və xalqların islami birliyi kimi şöhrətlənirdi. Xalqların ədəbiyyat və mədəniyyətində olduğu kimi, təhsil sistemində də yaxınlıq, eyni təhsil məqsədlərinə sahiblənmək səyləri, həmçinin bir çox cəhətdən inkişaf etmiş yüksək tip təhsil mərkəzlərinin milli mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanlara müyəssərliyi bu böyük bəşəri mədəniyyətin nailiyyətinə çevrilməkdə idi.
Hələ Abbasi xilafətinin başlanğıcında formalaşmış məscid məktəbləri və mədrəsələr ümummüsəlman təhsil mədəniyyətinin tərkib hissəsi idi. Xüsusilə məscidlər yanında yaradılmış məktəblər İslam Şərqində müsəlman təhsil sisteminin ilkin həlqəsi kimi geniş yayılmışdı. Bu məktəblərdə ərəb əlifbasının, bu əlifba ilə oxu və yazının, müqəddəs Quranın təlimi başlıca məqsəd olmuşdur. Tədris-təlim yeri mənasını (anlayışını) ifadə edən məktəb ibtidai təhsil ocağı kimi bütün müsəlman ölkələrində İslamın, müsəlman dəyərlərinin yetişən nəslə aşılanması işində yeganə və şəriksiz vasitə olmuşdur.
Məktəblər Azərbaycanda da savad təlimi və şəriətin əsaslarının öyrədilməsi vasitəsi kimi başlıca tədris ocaqları olmuş, zaman-zaman nəsillərin, böyük mütəfəkkirlərin ali mədrəsə təhsilinə, yaxud müstəqil şəkildə təhsillənmə yoluna işıq salmışdır. Bu tədris ocaqları hələ ilkin orta əsrlərdə dövlət idarələrində kargüzarlığın, əhali arasında yazılı ünsiyyətin formalaş-masına, ümumən ölkədə savad təliminin yayılmasına xidmət etmişdir. Elm və ədəbiyyat sahəsində ilk görkəmli alimlər, şairlər məhz bu məktəblərdə yetişirdi. Professor Əsəd Yəqubi XI əsrdə yetişən Əbu-Ömər Naxçıvani, Ekmiləddin Naxçıvani, Qətran Təbrizi, habelə XII əsrin görkəmli filosofu Şihabəddin Sohrverdinin öyrənmə, ilk təhsil alma yeri kimi məktəbləri əsas götürərək belə bir qənaətə gəlirdi ki, “Azərbaycanda məktəb və maarifin sürətlə çiçək¬lən¬məsi XII əsrdə daha bariz bir şəkildə nəzərə çarpı¬r. Azərbaycanda formalaşmış məktəb və mədrəsə sisteminin fəaliyyət tarixinə aid olan ilk konkret faktlar da məhz bu sonuncu dövrə aiddir” (1,71).
Orta əsrlərdə Azərbaycanda yetişən nəslin təhsil və tərbiyəsinin əsasları məscid yanındakı məktəblərdə və mollaxanalarda (mollanın evində) qoyulurdu. Məzmununa və quruluş formasına görə digər müsəlman ölkələrindəki ilkin orta əsr məktəblərindən heç də fərqlənməyən bu savad ocaqları Azərbaycanın bütün regionlarında yeganə tədris müəssisələri kimi fəaliyyət göstərmişdir. XIV-XVI əsrlərdə ölkədə nisbətən təhsil sistemi inkişaf etmiş, bir sıra dəyişikliklər baş vermiş, tədris işində yeni əlamət və keyfiyyətlərlə zənginləşmə özünü açıq şəkildə göstərmişdir. Bu dövrdə, hər şeydən əvvəl, ibtidai məktəblərin və mədrəsə təhsilinin geniş şəbəkəsi yaranmışdır. Fikrimizin təsdiqi üçün bu məlum faktları göstərmək kifayətdir ki, XVII əsrin ortalarında təkcə Təbrizdə 600 ibtidai məktəb, 17 mədrəsə, Şamaxıda isə 40 ibtidai məktəb, 7 mədrəsənin fəaliy¬yət göstərdiyi qeydə alınmışdır. Orta əsr mənbələrin verdiyi məlumata görə, XIII əsrin sonlarında Naxçıvanda 4 ali tip mədrəsə, məscidlərin nəzdində 60 qədər ibtidai məktəb fəaliyyət göstərmişdir. Yaxud Övliya Çələbinin yazdığına görə XII əsrdə Naxçıvanda 10200 “örtülü böyük ev”, 40 məscid, 20 karvansara, 7 hamam və bazarlar olmuşdur (2, 9).
Orta əsrlərdə ölkənin Təbriz, Naxçıvan, Şamaxı, Marağa, Ərdəbil və başqa şəhərlərində fəaliyyət göstərən məşhur mədrəsə-universitetlər Azərbaycan elminin və mədəniyyətinin nailiyyəti olmaqla yanaşı, Yaxın Şərq mədəniyyətinin, elminin inkişafında da əhəmiyyətli rol oynamışdır.
Sonrakı əsrlərdə də məscid məktəbləri və mədrəsələr öz fəaliyyətini davam etdirmişdir. XIX əsrin əvvəllərindən etibarən Rusiyanın müstəmləkə siyasətindən asılı olmayaraq Zaqafqaziyanın azərbaycanlılar yaşayan bütün bölgələrində məscid məktəbləri geniş yayılmışdı. Qafqaz müsəlman xalqları içərisində Azərbaycan məktəbləri daha çox və daha məzmunlu səciyyəsi ilə seçilirdi. Demək olar ki, hər bir məscid yanında məktəb var idi. Təhsil almaq arzusunda olan hər bir şəxs bu məktəblərdə oxuya bilərdi. Şəhərlərin mərkəzində, baş meydanlarda, ayrı-ayrı məhəllələrdə və əksər kəndlərdə uşaqlara oxumaq və yazmağı öyrətmək məqsədilə məscidlər yanında məktəblərdə, yaxud mollanın evində, ibadətxanalarda ibtidai təlim məşğələləri aparılırdı. Bu məktəblərdə şagirdlərə İslam dininin ehkamları haqqında biliklər vermək, onlara müsəlman hüququnun əsaslarını öyrətmək, həmçinin onları hesab əməliyyatları haqqında məlumatlandırmaq, hüsnxət qaydalarına yiyələndirmək başlıca məqsəd sayılırdı.
Bu cəhəti qeyd edək ki, XIX əsrdə də məscid məktəbləri təhsilin məzmunu və təlim üsulları, tədris-təchizat cəhətdən özünün ənənəvi, sabit formasını mühafizə etmiş, qoruyub saxlamışdı. Tədris proqramı xeyli məhdud olub təlim materiallarının (əsasən, Quranın) məzmununu başa düşmədən mexaniki əzbərləmə əsas götürülürdü. Burada müsəlman qanunşünaslığı, nəzmlə yazılmış ərəb və fars dilləri lüğətlərini mənimsəmək, hesabdan dörd əməliyyatları öyrənmək, məktub yazmaq bacarıqlarına (bəlağətli yazışmalara) yiyələnmək vərdişləri təlim edilirdi ki, bu isə ənənəvi təhsil müəssisələrinin bütünlükdə dövrün, zamanın tələblərinə cavab verə bilmək iqtidarında olmadığını göstərirdi. Lakin “Tədris üsulunun çətinliyinə, təhsilin məzmunundakı qüsurlara baxmayaraq, bu məktəblərin bir sıra müsbət cəhətləri də var idi. Burada oxuyanlar klassik Şərq ədəbiyyatını yaxşı öyrənirdilər. Uşaqlar savadlanan kimi Hafizin, Füzulinin və başqa klassiklərin divanını oxuyurdular” (3, 60).
Xüsusi olaraq qeyd olunmalı bir məsələ də ondan ibarətdir ki, XIX əsr və XX əsrin əvvəllərində rus Qafqazşünaslığı və pedaqoji ədəbiyyatında müsəlman təhsil sisteminin tənqidi kifayət qədər geniş yayılmışdı. Əlbəttə, bu fikirlərin əsasında mübahisə doğurmayan cəhətlərlə yanaşı, əsası olmayan, kifayət qədər kəskin və qərəzli fikir və qənaətlərdə yer almışdı. Bu mənbələrdə xarakterinə görə daha mənfi, dözülməzlik göstərməyə səbəb olan yanaşma və münasibətlərdən biri bütün ruhani ziyalı və müəllimlərə eyni nəzərlərlə baxılması, eyni xarakteristikaların verilməsi idi. Halbuki, ruhani zümrəsi içərisində İslam dininin əsaslarını mükəmməl şəkildə öyrənib mənimsəmiş, dövrün açıqgözlü, xalqın təəssübünü çəkən ruhani ziyalılar da az deyildi. Onlar yetişən nəslin öz dini-milli dəyərləri əsasında formalaşmasına, zamanın tələblərini dərk edən, ona uyğunlaşan insanlar kimi yetişməsinə bütün qüvvə və bacarığını, zəka və istedadını əsirgəməmişlər. Digər tərəfdən, bu yanaşma və münasibətlərdə Azərbaycan xalqının IX əsrdən etibarən İslamı qəbul etmiş xalqlarla mədəni əlaqələrinin dərinləşməsi, dini birlik zəminində ümummüsəlman mədəniyyətinin formalaşması və inkişafına töhfələr verməsi unudulurdu. Həmçinin dünya şöhrətli elm və mədəniyyət sahəsində mütəfəkkirlər, alimlər, ədəbi simalar yetişdirilməsi işində ənənəvi məktəblərin, buradakı təlim-tərbiyə üsullarının yeri və əhəmiyyəti, demək olar ki, heçə endirilirdi ki, hər hansı məqsəd və mənafelərdən irəli gələn bu cür münasibətlərə dözümsüzlük göstərmək bütün vəziyyətlərdə və zamanlarda vaciblik qazanır.
Aydındır ki, məscid məktəblərində şagirdlərin bilik səviyyəsi, ümumən təlimin səmərəliliyi digər cəhətlərdən daha çox, müəllimin təhsil səviyyəsindən və metodiki hazırlığından asılı idi. Lakin bu işlə çox zaman təsadüfi adamlar-müəllimlik qabiliyyəti və təhsil səviyyəsi aşağı olan “müəllimlər” də məşğul olurdular ki, əlbəttə, bu, cəmiyyət həyatının hər hansı inkişaf mərhələsində təbii sayıla bilən haldır. Belə bir arzuolunmaz vəziyyət azərbaycanlı maarifpərvərləri də narahat edirdi. Məşhur pedaqoq Rəşid bəy Əfəndiyev vaxtilə bu məsələyə diqqət çəkərək yazırdı: “Əhalisi kəsrəti-islam ilə məşhur olan Nuxa şəhərində Rastabazarda çarıqçı dükanının küncündə, beş-altı nəfər şagird ilə məktəb açmaq halı əhvali-nadirədən deyildir.
Bu çarıqçı həm müştərilərə mətaini satırdı və həm şagirdlərinin “dərsini” öyrədirdi. Məsciddə xadimlik edənlər əksər oqat müəllimlik dəxi edirlər. Bu zəvat məscidə camaat namazına gələnlərin başmaqlarını güdürlər. Məscid qapısında dəryanlıq edirlər və azad vaxtlarını təlimi-ətfala sərf edirlər. Həmçinin məktəbdarlıq edən müəzzinlər (azançılar), qəssallar (ölüyuyanlar), qəssalələr çoxdur...
(ardı var)
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Bakcell” “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirinə qoşuldu
26.09.2018
Qızılağac Milli Parkı yaradılır
26.09.2018
“Gömrük islahatları və modernləşdirmə“ mövzusunda təlim davam edir
26.09.2018
Naxçıvanda vakant həkim yerləri üzrə əmək yarmarkası təşkil olunub
26.09.2018
Oktyabrda Azərbaycanda ilk dəfə beynəlxalq “İnnovasiyalar həftəsi“ keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info