“Həm Ermənistanda, həm də Dağlıq Qarabağda əhali çətinliklər içərisində boğulur”
Tarix: 29.08.2018 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


“Ermənistan ordusu ciddi hərbi-psixoloji depressiya içərisindədir”

Xəbər verildiyi kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib. O, separatçı rejim rəhbərləri ilə görüşüb, söhbətlər aparıb. Bununla bağlı millət vəkili Tahir Mirkişili SİA -ya müsahibəsində deyib: “Hazırda Ermənistanda siyasi vəziyyət çox mürəkkəbdir. Qarabağdan olan keçmiş siyasətçilərin aktivləşməsi müşahidə olunur. Eyni zamanda geosiyasi müstəvidə Azərbaycanın üstünlüyü durmadan artır. Düşünürəm ki, bunu anlayan Paşinyan həm Qarabağ separatçılarından dəstək almaq, həm də onların yanında olmaq məqsədilə işğal altında olan Azərbaycan ərazilərinə gedib.
O deyib ki, erməni siyasətçilərindən istənilən addımı gözləmək mümkündür: “Ermənistana ən effektli təsiri Minsk qrupunun həmsədr ölkələri göstərə bilər. Digər tərəfdən Azərbaycan Ordusu Ermənistanı konstruktiv addımlar atmağa məcbur edəcək. Ermənistanın təcavüzkar siyasəti onu məhv etməkdədir. Həm Ermənistanda, həm də Dağlıq Qarabağda əhali çətinliklər içərisində boğulur. İqtisadi, sosial və hərbi cəhətdən zəif bir ölkəyə çevrilən Ermənistan bunu anlamalıdır. Bizim də gözlədiyimiz budur. Heç kim bölgədə müharibə arzulamır. Ancaq Ermənistan hakimiyyətinin bunu tezliklə anlaması, ilk növbədə erməni xalqının rifahı üçün vacibdir”.
Millət vəkili bildirib ki, keçmiş prezident Koçaryanın siyasətə qayıdışı Paşinyan üçün bir təzyiqdir: “Ermənistanın çox az manevr etmək imkanları var. Azərbaycana qarşı hərbi təcavüz, Türkiyə ilə sərhədlərin bağlı olmağı Ermənistanın əl-qolunu tam bağlayıb. Buna görə düşünürəm ki, Paşinyanın ən böyük uğuru onda ola bilər ki, o Azərbaycana qarşı hərbi təcavüzü aradan qaldırsın. Əks halda, heç bir fəaliyyət Ermənistana uğur gətirməyəcək”.

“Paşinyan Dağlıq Qarabağ problemində Ermənistanın xeyrinə heç bir dəyişiklik edə bilməyəcək”
Yeri gəlmişkən, politoloq Mübariz Əhmədoğlu da “Azadinform”a Ermənistanın baş naziri Nikol Paşinyanın yenidən Dağlıq Qarabağa səfərinə münasibət bildirib. O deyib ki, Paşinyanın Merkellə görüşdən dərhal sonra Dağlıq Qarabağa getməsi, guya, Merkellə danışıqlarda Dağlıq Qarabağın tənzimlənməsində Ermənistanın xeyrinə ciddi dəyişikliyin baş verməsini çatdırmaqdır. Onun sözlərinə görə, Paşinyanın burda məqsədi Dağlıq Qarabağda xidmətdə olan oğlu ilə görüşmək də ola bilər: “Oğlunu Dağlıq Qarabağa hərbi xidmətə göndərməsi də Nikol Paşinyanın millətçilik xəstəliyinə düçar olduğunun nəticələrindən biridir”.
Politoloq bildirib ki, N. Paşinyanın Dağlıq Qarabağa səfərinin digər məqsədi orduda olan qüsurları kiminsə, tutaq ki, müdafiə naziri D.Tonoyanın boynuna qoymaqdır: “Zabitlərin maaşı azaldıldı, müqaviləli hərbçilərə yemək verilmir, ordunun əvvəlki təchizat problemləri, o cümlədən alt paltar çatışmazlığı problemi də, hələ ki, həllini tapmayıb. N. Paşinyan kimisə günahkar adlandırmalıdır. Əks-təqdirdə özü günahkar hesab ediləcək. Amma Ermənistanda problem təkcə orduda deyil. Ən azı bütün iqtisadiyyat problemlə üz-üzədir. Bu halda N.Paşinyan sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün nə isə daha ciddi işlə məşğul olduğunu erməni xalqına nümayiş etdirməlidir. Bu, Dağlıq Qarabağ problemidir”.
M. Əhmədoğlu daha sonra şərhində deyib: “Beləliklə N.Paşinyanın Dağlıq Qarabağa tez-tez səfərləri özünün millətçi olduğunu nümayiş etdirməkdir. Millilik və separatçılıq millətçiliyin aşağı və yuxarı hüdudlarıdır. Ermənistanda ictimai-siyasi mühitin əksəriyyəti millətçiliyi çoxdan aqressiv separatçılıqla əvəzləyib. Bəziləri, hətta mağara millətçiliyi xəstəliyinə düçar olub.
N.Paşinyan Dağlıq Qarabağ problemində Ermənistanın xeyrinə heç bir dəyişiklik edə bilməyəcək. Əksinə, Dağlıq Qarabağ probleminin həllini yubatması Ermənistanın əvvəlki rəhbərlərinə nisbətən onun dövründə daha çox zərərli olacaq. N.Paşinyan əvvəldən düşüncə tərzi problemli adamlar sırasında idi”.

“Den Bilzeryanı Azərbaycanın işğal altında olan torpaqlarına gətirərək işğalçı quldur birləşmələrində yüksək əhvali-ruhiyyə yaratmağa
çalışırlar ”

Nəzərə çatdıraq ki, ABŞ-da yaşayan və bir müddət öncə Yerevana səfər edən milyonçu, “poker kralı” Den Bilzeryan Ermənistanın sabiq prezidenti Robert Koçaryanın oğlu Levon və onun arvadı ilə birlikdə Qarabağa gələrək, oradan silahdan istifadə edərək atəş açıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vurğulayıb ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur. "Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlərin isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə, münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı", - deyə H.Hacıyev əlavə edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isə deyib ki, Ermənistan ordusu ciddi hərbi-psixoloji depressiya içərisindədir, şəxsi heyəti komplektləşdirə bilmir və hərbi xidmət yaşı çatan gənclər kütləvi şəkildə ölkəni tərk edir (Trend).
H.Babaoğlu bildirib ki, elə Ermənistan cəmiyyətində də işğalçılıq eyforiyası başa çatıb və artıq real hərbi-siyasi və geostrateji vəziyyət haqqında obyektiv təsəvvürlər formalaşır: “Bu mərhələdə dərk edilən odur ki, Azərbaycan və onun Silahlı Qüvvələri nəinki regionun, eləcə də bütövlükdə postsovet məkanının ən güclüləri sırasındadır və bu ölkənin torpaqlarını işğal altında saxlamaq mümkün deyil. Üstəlik, Azərbaycan diplomatiyasının strateji həmlələri işğalçı Ermənistanın ənənəvi müttəfiqlərini də özünün tərəfdaşına çevirməyi bacarıb. Bu isə Ermənistan cəmiyyətində və ordusunda ciddi xof yaradıb. Belə kritik vəziyyətdə erməni əsilli amerikalı qumarbaz Den Bilzeryanı Azərbaycanın işğal altında olan torpaqlarına gətirərək işğalçı quldur birləşmələrində yüksək əhvali-ruhiyyə yaratmağa çalışırlar. Ancaq bu, mümkün deyil. Hamı dərk edir ki, Bilzeryan kimiləri ilə ordu qurmaq və işğal faktını uzatmaq olmaz. Bu hadisə özlüyündə Ermənistanın işğalçı ordusunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir”.
Deputat qeyd edib ki, bu cür ucuz reklama heç bir ciddi dövlət və ciddi ordu əsla yol verməz: “Yaxşısı budur ki, ermənilər Azərbaycan torpaqlarından geri çəkilmək barədə düşünsünlər. Bu onların özü üçün və bütövlükdə regionun gələcəyi üçün ən doğru addım olardı”.
Qeyd edək ki, ABŞ-da yaşayan erməni əsilli qumarbaz Den Bilzeryan Azərbaycanın işğal altında olan torpaqlarına gətirilib və orada müxtəlif silahlardan hədəfə atəş açıb.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”
12.11.2018
“Ermənistan beynəlxalq hüququn fundamental prinsiplərini pozub”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info