XIX əsr və XX əsrin əvvəllərində İrəvan və Naxçıvanda məscid məktəbləri və mədrəsələr
Tarix: 30.08.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


(əvvəli ötən sayımızda)

Əlavə “Quran”ın hecasına aşina olan mamaçalar, ruh-ölçənlər, çubuqçular və bunun əmsalı arvadlar öz evlərində başlarına qız və oğlan uşaqları yığıb dərs oxudurlar, guya, müəllimlik edirlər. Uşaqlara mətbəxlərdə, təndirxanalarda yer verib, ağızlarını əyə-əyə: əlifdə yox, bey bir altında, tey iki üstə, sey üç üstə... və bunlar kimi ağızdan belə bir cəfəngiyyat əzbərlədirlər”.
Evlərdə də təhsil forması mövcud olmuşdur ki, 1846-cı ildə “Qavqaz” qəzeti bu cəhəti diqqətə çəkərək yazırdı ki, bu cür təşkil edilmiş təhsil forması daha çox Quranın uşaq tərəfindən müstəqil oxunması məqsədi daşıyır. Qəzet yazırdı ki, hətta qadınlar da öz evlərində məktəb açır və burada qızlarla bərabər, oğlanlar da oxuyur və yazırlar.
Mənbələr belə bir maraqlı və əhəmiyyətli faktı da təsdiq edir ki, evdə “Quran məktəbi”nin çox əhəmiyyətli hissəsi qızların təlimi ilə bağlı olmuşdur. Valideynlərin arzusu ilə təşkil olunan bu “məktəblər” qızların oğlanlarla ünsiyyətinin qarşısını almaq məqsədi daşıyırdı. Burada da təhsil mətnin mexaniki oxusu (əzbərlənməsi) üzrə vərdişlərə yiyələnməyə xidmət edirdi. Qızların yazı bacarıqları əldə etməsi, demək olar ki, istisnalıq təşkil edirdi. Lakin onların əl işləri üzrə vərdişlər qazanmasına xüsusi əhəmiyyət verilirdi.
Məktəblərdə dərs ilinin başlanğıc günü, tədris ili ərzində davamiyyətin dəqiq müddəti yox idi. Dərs ilinin başlanğıcı payızın son ayları başlayırdı ki, bu da əhalinin təsərrüfat qayğılarından azad olması ilə əlaqədar idi. Məscid məktəblərində məşğələlərin vaxtı da dəqiq müəyyənləşdirilmirdi. Belə ki, burada məşğələlər səhər tezdən (sübhdən) başlayır, qaranlıq düşənə qədər davam edirdi. Bu tədris ocaqlarında ibtidai kurs bir, iki, yaxud üç il davam edirdi. Bu müddət ərzində uşaqlar, Quranın mexaniki şəkildə əzbərlənməsi üzrə vərdişlər əldə etməli idilər. Bununla belə, burada uşaqlara müəyyən həcmdə yazı və hesab əməlləri də öyrədilirdi.
Məscid məktəblərində təlim-tərbiyə işinin ümumi mənzərəsi haqqında təsəvvürlər formalaş­dır­maq niyyəti ilə belə bir cəhəti də xüsusi olaraq göstərməliyik ki, XIX əsrdə məscid məktəblərinin əksəriyyəti maddi baza cəhətdən çox zəif şəkildə təşkil olunmuşdu. Onların böyük əksəriyyəti xüsusi tikilmiş məktəb binasına malik deyildi. İbtidai məktəblər müəllimin evində, yaxud məscid yanında təşkil olunurdu. Məktəblər tədris-təchizat cəhətdən kasıb idi. Zəruri tədris avadanlıqları çatışmırdı. Belə məktəblərdə, bir qayda olaraq, yer döşənəcəklərlə-həsir, palaz, xalça ilə döşənir, şagirdlər isə dizi üstə oturmağa məcbur edilirdilər. Müəllim-mollalar isə mizin arxasında otururdular.
Belə bir məzmuna və struktur quruluşa malik ənənəvi məktəblər XIX əsrdə də öz nüfuz və təsirini əhali arasında qoruyub saxlaya bilmiş, rus dövlət məktəbləri ilə yanaşı, yetişən nəslin təlim-tərbiyəsi işində müəyyən dərəcədə iştirakçı olmuşdur. Bu dövrdə də məktəb və mədrəsələr vəqflər, əhalidən xeyriyyə məqsədi ilə toplanan vergilər (zəkat) və həmçinin təlimə görə valideynlərin müəllim-mollaya ödədiyi pul və digər vəsait mənbələri hesabına fəaliyyət göstərirdi. Təlimə görə ödəmənin vahid ölçüsü olmamışdır. Çox vaxt kasıb və kimsəsiz uşaqlar ödəniş haqqından azad edilirdi.
XIX əsrdə və XX əsrin əvvəllərində ümum ­Azərbaycan təhsil sistemində olduğu kimi, Naxçıvan diyarında da məscid məktəbləri struktur-məzmun xüsusiyyətlərinə görə ibtidai təhsil ocağı kimi qalmaqda idi. Bu məktəblərin fəaliyyətindən bəhs etməmişdən əvvəl qeyd edək ki, Naxçıvan əyalətindəki məscid məktəblərinin tarixini öyrənərkən bu tədris ocaqlarının İrəvan quberniyasındakı məscid məktəblərindən ayrı təsəvvür etmək olmaz. Çünki əzəli-əbədi Azərbaycan torpaqları olan bu yerlər müəyyən inzibati ərazi bölgüsü kimi Naxçıvan diyarına yaxın olmuş və tarixən bu iki bölgə iqtisadi-mədəni cəhətdən sıx qarşılıqlı əlaqə və təmasda inkişaf etmiş, birgə təhsil məkanı kimi formalaşmışdır. Digər tərəfdən çarizmin imperiya siyasətindən asılı olaraq, Naxçıvan, Şərur, Dərələyəz və Ordubad mahallarına məxsus tarixi, mədəni-maarif sahəsi üzrə statistik məlumatlar İrəvan quberniyasının inzibatı-ərazi bölgüsünə dair statistikaya aid edildiyindən İrəvan şəhəri və qəzasındakı məscid və məktəblər haqqında məlumatların da bəhs etdiyimiz problemlə bilavasitə bağlı olduğunu unutmamalıyıq. Bütövlükdə göstərməliyik ki, İrəvan quberniyası həmişə unikal regional mədəniyyət kimi, ümumi Azərbaycan mədəniyyətini zənginləşdirmiş, onun layiqli bir hissəsi kimi şöhrət tapmışdır.
Beləliklə, unutmaq olmaz ki, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad mahallarının çarizmin inzibati-ərazi bölgüsündə İrəvan quberniyasına daxil edilməsi bu ərazilərin tarixən formalaşmış iqtisadi və mədəni həyatının inkişaf dinamikasını vəhdətdə, qarşılıqlı əlaqədə öyrənməyi zəruri edir. Belə bir birgə, qarşılıqlı əlaqəli tarixin öyrənilməsi qədim Azərbaycan torpaqları olan İrəvan vilayətinin təsviri üçün zəruri şərt kimi çox əhəmiyyətli sayıla bilər.
XIX əsrin maarif və təhsil müəssisələrinə aid arxiv materialları, həmçinin bilavasitə bu mənbələrə əsaslanan dövrü nəşrlər məscidlər və onların nəzdindəki ibtidai məktəblər, qismən də orta və ali tip mədrəsələri haqqında müəyyən bilik və məlumatlar əldə etməyə imkan verir. Azərbaycanın digər bölgələrində olduğu kimi, İrəvan və Naxçıvanda da bir qayda olaraq məktəblər məscidlər yanında təşkil olunurdu. Bu cəhəti diqqətə çəkən O.S. Yevetski yazırdı ki, Zaqafqaziyada müsəlman əhalinin uşaqları savad təlimini zəngin məscidləri olan böyük yaşayış məntəqələrində öz dini etiqadlarını təmsil edən ruhanilərdən alırlar. Müəllif daha sonra müsəlman təhsilinin məzmunu barədə fikirlərini İrəvan və Naxçıvan qəzalarındakı təhsilin nümunəsində şərh edərək yazırdı ki, bu məktəblərdə təhsilin yüksək dərəcəsi ərəb dilini bilmək, Quranı oxumaq və aydınlaşdırmaq bacarığı ilə bağlıdır. Bunu isə olduqca çox az ruhani və əsilzadə başa düşür. Zəngin məscidlər yanındakı məktəblərdən başqa, azərbaycanca savad təlimi, bəzən isə hesab, fars dili və ərəb dilinin ilkin qaydalarının öyrədilməsi üçün heç bir digər tədris müəssisəsi yoxdur.
Bütün quberniyada ənənəvi məktəblərimizin tarixini əks etdirən məxəzlərin xronologiyasını yaratmış olsaq, burada ilk mənbələrdən biri kimi V. Qriqoyev tərəfindən tərtib edilən “Statistiçeskoe opisanie Naxiçevanskoy provinçii” əsərini göstərmək olar. Bu statistik icmalda Naxçıvan şəhərinin məscidləri və onların nəzdindəki məktəblər haqqında, az da olsa, məlumat əldə etmək olur. Müəllifin qeydlərindən aydın olur ki, “Şəhər əhalisinin, demək olar ki, əksəriyyətinin uşaqları hər gün qədim məscidlərdən birinə toplaşır ki, bura onların cəlb edildiyi tədris müəssisəsi sayılır.
Müəllif bu məktəblərdə tədrisin məzmunu ilə bağlı fikirlərini də ifadə edərək yazırdı: “Müsəlmanların təliminin tam kursu, demək olar ki, oxumaq və yazmaqla tamamlanır. Ən yaxşı halda, fars şairlərinin əsərlərini bəlağətlə əzbər söyləmək və müsəlman hüququnun qaydalarını şərh edə bilmək təhsilin yüksək pilləsi hesab olunur. Tədrislə mollalar məşğul olur və onlar öz şagirdlərinə Quranın qanunlarını izah edə bilmək üçün xüsusi səy göstərirlər”.
Statistik icmalda Ordubad şəhəri və onun ətraf yerlərinin gözəlliklərindən xüsusi heyranlıqla danışılır. Göstərilir ki, təmiz havası, təbiəti, meyvə bağları, şəhərin görünüşü, bura gələnlərdə xoş təəssüratlar oyadır. Ordubadın Naxçıvan şəhərindən fərqli görünüşə və xüsusiyyətlərə malik olduğu da xüsusi qeyd olunur. “Ordubad şəhərində 515 ev qeydə alınmışdır ki, onların əksər hissəsi iki mərtəbəli evlərdən ibarətdir”, - deyən müəllif şəhər məscidlərinin yanındakı məktəblərin nisbətən əhatəli təsvirini verərək yazırdı: “Məktəb binaları, xüsusilə gözəldir. Xarici görünüşcə dördkünclü, divarları qarışıqsız bişmiş kərpicdən ibarətdir. Binanın daxilində kvadrat şəkilli həyətdə hovuz və suyun axını üçün ətrafına daş düzülmüş ensiz arx (qanov) var. Aşağı mərtəbədə mollalar yaşayır və uşaqlara təlim verirlər. Koridor (dəhliz) boşdur, burada hər otaq digərindən ayrıdır. Böyük qapının üstündə göy hərflərlə Qurandan dualar (ayələr-V.R.) həkk olunmuşdur. Demək olar ki, şəhərin hər bir küçəsində məscid vardır, lakin böyük məscidlər ikidir. Bunlardan biri kifayət qədər böyük, dördkünc, yastı, düz səthli kirəmitlə örtülmüş binada yerləşir. Binanın tavanı altı sütunla möhkəmləndirilmişdir. Digər böyük məscid daha çox saraya oxşayır. Məscid küçəyə baxır və ona iki sütun (ağac dirək) bərkidilmişdir. Qalan digər məscidlər eyni biçimdə tikilmişdir. Tirlərin (sütunların) üstündə kiçik otaqları olan bu məscidlərin məhəccərləri küçəyə baxır. Hər bir məscidin daxili həyətində axar suyu olan hovuzu var. Onlar (məscidlər-V.R.) axşamlar əhali ilə dolu olur. Müsəlmanlar buraya dəstəmaz almağa gəlirlər”.
Belə bir cəhəti də qeyd edək ki, İrəvan və Naxçıvan xanlıqlarının 1828-ci il Türkmənçay müqaviləsi əsasında Rusiyanın müstəmləkə əraziləri kimi tanınmasından keçən ilk on il ərzində regionun iqtisadi-təsərrüfat sahəsində vəziyyəti, etnik-demoqrafik xüsusiyyətləri, əhalinin etnoqrafiyası, məişəti, dini-mənəvi etiqadı, təhsil-maariflənmə mənbələri və s. məsələlərlə bağlı statistik məlumat xarakterli nəşrlərə hökumətin diqqət yetirdiyi müşahidə olunur. Bu nəşrlərdə məscidlər və onların yanındakı məktəblər, həmçinin İslamın təbliği işində ruhanilərin rolu, dini qurumlar və ruhanilərin bu qurumlarda tutduğu vəzifələr, gördüyü işlər və s. haqqında az, yaxud çox dərəcədə məlumat verilirdi. Belə nəşrlərdən biri “Obozrenie Rossiyskix vladenie za Kavkazom,…” adlı mənbədir. Kitabda İrəvan və Naxçıvan vilayətləri, Ordubad dairəsinin relyefi, təbiəti, suyu, iqlimi, təbii ehtiyatları, sənayesi, yol, rabitə, nəqliyyat vasitələri, əhalisi (milli tərkibi göstərilməklə) haqqında icmal xarakterli məlumatlar verilməklə yanaşı, bu bölgələrdə məktəb təhsilinin vəziyyəti də açıqlanır.
(ardı var)
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info