Müasir təhsil infrastrukturu yaradılıb
Tarix: 30.08.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Yeni tədris ocaqlarının istifadəyə verilməsi bir daha təsdiqləyir ki, Prezidentin təhsilin inkişafına göstərdiyi diqqət dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır

Dünyada il ərzində məktəbə getməyən qaçqın uşaqların sayı 500 min nəfər artaraq 4 milyona çatıb. TASS informasiya agentliyinin məlumatına görə, bu statistika BMT-nin Qaçqınların işi üzrə ali komissarlığı tərəfindən
Cenevrədə dərc olunan məruzəsində öz əksini tapıb. Məruzədə, həmçinin qurumun qəyyumluğu altında olan 19,9 milyon qaçqından 7,4 milyonunun məktəbli yaşında uşaqların olduğu qeyd edilir. “Təhsil uşaqlara yaralarını sağaltmaq və ölkəni bərpa etmək imkanı verir. Bu uşaqların və cəmiyyətlərinin təhsilsiz gələcəyi geri dönüşü olmadan itiriləcək” - deyə idarənin başçısı Filippo Qrandi bildirib. Onun sözlərinə görə, qaçqın uşaqlarının normal həyata uyğunlaşması üçün məktəb yeganə məkandır və onların təhsil alması üçün təcili investisiyalar vacibdir. Əks halda, bu uşaqların böyük əksəriyyəti narahatlıq doğuran statistikanı dolduracaq. BMT-nin Qaçqınların işi üzrə ali komissarlığının məlumatına əsasən, qaçqın uşaqlarının 61 faizi ibtidai məktəbə, 23 faizi isə orta məktəbə gedir və onların yalnız 1 faizi ali təhsil almaq imkanına malikdir.
Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb. Ölkədə yüzlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Son 15 ildə Azərbaycanda 3 min 100-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu göstərici ölkədə olan ümumi məktəblərin sayının 70 faizindən də çoxdur. Eyni zamanda dövlət başçısı tərəfindən 2018-ci il üçün təsdiq edilmiş dövlət investisiya proqramına uyğun olaraq, bu il ölkə ərazisində 137 modul tipli məktəbin quraşdırılması da nəzərdə tutulur. Belə məktəblər, əsasən, ucqar, şagirdlərin sayı az olan yaşayış məntəqələrində quraşdırılır. Bu prosesə ötən ildən başlanılıb və 2017-ci ildə ölkə ərazisində 106 belə məktəb quraşdırılıb. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır.

Heydər Əliyev Fondunun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 500-dən yuxarıdır

Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə, yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar. Fondun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 500-dən yuxarıdır.
Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər. Prezident və birinci xanım Mehriban Əliyeva İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan tam orta məktəb binasının açılışında da iştirak ediblər.
Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir. Prezident Lahıc qəsəbəsinin sakinləri ilə görüşündə bildirib ki, qəsəbənin təhsil məsələlərinin həlli diqqət mərkəzindədir: “Bilirəm, belə təkliflər də olubdur ki, yeni məktəb tikilsin. Keçən il Sərəncam verildi və bu gün biz bu məktəbin açılışını etdik. Gözəl, 400 şagird yerlik məktəbdir. Hazırda burada təxminən 200-dən çox şagird oxuyur. Amma gələcəkdə əhali artacaq, uşaqların sayı artacaq. Elə məktəb tikmişik ki, gələcəkdə də Lahıc qəsəbəsinin ehtiyacını tam ödəsin”. Yeni tədris ocaqlarının istifadəyə verilməsi bir daha təsdiqləyir ki, Prezidentin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı mühüm amil kimi dövlət siyasətinin əsas prinsiplərindən biridir.

Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur

Ölkədə təhsilin keyfiyyətinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Başa çatan tədris ili uğurlarla yadda qalıb. Ötən tədris ilində təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinədək müsbət dinamika müşahidə olunub.
Son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb, heç vaxt məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılmasını nəzərdə tutulub. 2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər şagird cəlb olunub. 2017-2018-ci tədris ilində beynəlxalq olimpiadalarda qazanılmış medalların sayı 13 olub.
Beynəlxalq olimpiadalarda nəticələr ildən-ilə yaxşılaşır və müvafiq sahədə böyük nailiyyətlər əldə olunub. Bu mötəbər yarışlara hazırlıq prosesinin təkmilləşdirilməsi və diqqət mərkəzində saxlanılması şagirdləri müvəffəqiyyətlə çıxış etməyə ruhlandırır. Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edən şagirdlər xüsusi mükafatlara layiq görülüb. Cari ilin mayında ABŞ-da təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində “Sabahın alimləri” müsabiqəsinin qalibləri olan şagirdlərimiz tərəfindən hazırlanan 2 ixtiraçılıq işi 1000 və 5000 ABŞ dolları məbləğində xüsusi mükafatlara layiq görülüb. Dünyanın ən böyük şagird ixtiraçılıq sərgisində hər il 75 ölkədən 1800-dən çox məktəbli iştirak edir və qalib işlərin 30 faizi patent alır.

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilikdə 29 nəfər olub

Cari ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliklər də 2013-cü ildə qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası prosesində bir çox yeniliklər, islahatlar tətbiq etmək zərurəti yaradıb.
Ən böyük dəyişiklik 6 yaşı tamam olan uşaqların məktəbə qəbulu qaydalarında edilib. Həmin dəyişikliyə əsasən, bundan sonra valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə 15 sentyabr - 31 dekabr tarixlərində 6 yaşı tamam olan uşaqlar da heç bir əlavə komissiya yoxlanışı olmadan ümumtəhsil məktəblərinin 1-ci sinfinə qəbul ediləcəklər.
Bundan başqa, dəyişikliyə əsasən Azərbaycanda beynəlxalq fənn olimpiadalarının qaliblərinə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbul olunaraq təhsil almaq hüququ verilib. Respublika Fənn Olimpiadalarının qalibləri isə yalnız öz ixtisası üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul ediləcəklər.
Ölkəmizdə hər zaman ali təhsilə diqqət də yüksək səviyyədə olub. Bu gün ölkədə bir çox ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, bu da gənclərin ali təhsil almaq imkanlarını genişləndirir. Cari ildə də həyata keçirilən qəbul imtahanlarında dövlət ali məktəblərində yerlər 91,5 faiz dolub. Eləcə də 2017-ci ildən abituriyentlərin ali təhsil almaq imkanlarını artırmaq məqsədilə qaydalarda dəyişikliklər edilib. Onlara cari tədris ili çərçivəsində müəyyən bir ixtisas qrupu daxilində keçirilən qəbul imtahanlarında iki dəfə iştirak etməyə icazə verilib. Bu ildən isə müxtəlif ixtisas qruplarını da seçmək imkanının yaradılması abituriyentlərə öz bilik və bacarıqlarını daha dəqiq nümayiş etdirmək şansı yaradıb. Təbii ki, bütün bu dəyişikliklər abituriyentlərin nəticələrinə ilbəil öz müsbət təsirini göstərib. Məsələn, bu il 700 bal toplayan abituriyentlər rekord sayda – ümumilikdə 29 nəfər olub.
Bu gün ölkəmizdə qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqlar da təhsildən kənarda qalmırlar. Onlar məcburi köçkünlər üçün salınmış yaşayış komplekslərində inşa edilən yeni məktəblərdə təhsil alırlar. Bu istiqamətdə son tədbirlərdən biri kimi “Qobu Park” yaşayış kompleksinin açılışını göstərmək olar. Yaşayış kompleksində tikilmiş tam orta məktəb 624 şagird yerlikdir. Yüksək şəraiti ilə seçilən, müasir təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb. Ölkə başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı təsdiqləyir ki, bu sahə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilib. Bu proses təkcə paytaxtla məhdudlaşmır, bölgələri də əhatə edir, doğma yurdlarından didərgin düşən soydaşlarımızın təhsilinin yüksək səviyyədə qurulmasına xidmət edir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info