“Önəmli olan əlaqələrimizin təməlinin sağlam qurulmasıdır”
Tarix: 25.06.2013 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


TURKUAS-UK-un sədri, professor Mustafa Camgöz:
“Bizim bir çox ortaq tərəflərimiz var. Bakıdasan, yaxud İstanbuldasan, fərqi yoxdur. Bu ortaqlıq yaxşı niyyətlə davam edərsə, nəticə daha yaxşı olacaq”

Bugünlərdə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirildi. Toplantıda müxtəlif ölkələrdən 556 nümayəndə iştirak edirdi. Müsahibimiz forum iştirakçılarından biri London “Imperial College Kanser Araştırma Mərkəzi”nin rəhbəri, TURKUAS-UK sədri, professor Mustafa Camgözdür:

-Mən Bakıda təşkil olunan bu forumu çox yaxşı qiymətləndirirəm. Ümumiyyətlə, mən ilk dəfədir ki, belə bir forumda təmsil olunuram. Biz bir qrup nümayəndə heyəti ilə İngiltərədən gəlmişik. Orada son vaxtlar bir cəmiyyət yaratmışıq və bu təşkilat TURKUAS-UK adlanır. İngiltərədə türklər çoxdur. Müxtəlif ölkələrdən gələnlər var. Qərbi Trakyadan gələnlər var, həmçinin müxtəlif azlıqların nümayəndələri, azərbacanlılar, kiprli türklər var. Bunları bir təşkilat içində toplamaq üçün bu cəmiyyəti yaratdıq. Bu forumda da iştirakla əalqələrimizi genişləndirmək istəyirik. İlk olaraq ölkə daxilində birlikdə olmalıyıq. Sonra da əlaqələrimizi möhkəmləndirərək inkişaf etdirməliyik. Hazırda vəziyyət çox yaxşıdır. Belə toplantıların keçirilməsi şərtdir ki, hər kəs bir-birini tanıya bilsin, ortaq problemlərini bölüşə bilsin. Eləcə də təcrübələrimizdən faydalana bilək. Bunun nəticələrini isə zaman göstərəcək. Hazırda bu, bir başlanğıcdır, önəmli olan davamlı olmasını təmin etmək, bunun sonunu gətirməkdir. Ona görə də yaxşı niyyətlə yola çıxmışıq. Birləşdiyimiz, birgə hərəkət etdiyimiz zaman ortaq mənfəətlərimizi qoruya biləcəyik. Özümüzü daha yaxşı tanıda biləcəyik. Diaspor fəaliyyəti göstərən soydaşlarımızın, millətimizin nümayəndələrinin o ölkənin vətəndaşı olaraq iki ölkə arasında bağları möhkəmlətməsinə çalışacağıq.
Birlikdə təşkil olunan tədbirlərin nə fayda verəcəyinə gəldikdə isə birlikdə qüvvət var.
Milli, beynəlxalq problemlərin yüksək səviyyədə, BMT-yə qədər təmsil edilməsi lazımdır. Ona görə də nə qədər təşkilatlanarsaq, nə qədər güclü fayda əldə edə bilsək, daha yaxşı olar. Bu gün xarici ölkələrdə, diasporlarda bir hərəkətlilik var. Bu çox yaxşı haldır, olmalıdır. Məsələn, mən xərçənglə bağlı araşdırma aparan bir professor olaraq bilirəm ki, bu sahədə fəaliyyət göstərən bir sıra dərnəklər var. Onların sayının birdən artıq olması çox yaxşı haldır, çünki eyni məqsəd üçün çalışırlar. Bəzən rəqabətin olması belə, faydalı ola bilər. Əsas odur ki, nəticədə eyni missiyanı paylaşaq. Yəni, çox sayda olmasına baxmayaraq, eyni hədəfə vurmaq çox önəmlidir.
Belə toplantılar işbirliyni sıxlaşdıra bilər. Önəmli olan bu tədbirlərin davamını gətirməkdir. Alınan qərarları, qurulan işbirliklərini praktikada tətbiq etməkdir. Amma bütün bunlara başlamadan əvvəl belə tədbirlərin keçirilməsi lazımdır. İki nəfər bir-birini tanımalıdır ki, necə ortaq işlər görəcəklərini müəyyənləşdirsinlər, bu işin başlanğıcıdır. Bir il sonra növbəti dəfə toplananda nə işlər gördüyümüzü bildirəcəyik.
- Hazırda İngiltərədəki türk diaspor təşkilatlarının fəaliyyətini necə qiymətləndirirsiniz?
- Hazırda İngiltərədə 70-ə yaxın təşkilat var. Bizim təşkilat Türkdilli Cəmiyyətlərin Assambleyası- TURKUAS-UK adlanır. Məqsədimiz Türkiyə və İngiltərə arasında strateji ortaqlıq, əlaqələrin iqtisadi, sosial və mədəni ölçülərini zənginləşdirdikcə, İngiltərədə yaşayan cəmiyyətlərin da ortaq dəyərlərini təmsil edə bilmək, ortaq layihələr reallaşdırılmasına yönəlmiş işlər görmək, qarşılaşdığımız problemləri aktiv həll edə bilməkdir. Mən elm adamıyam, önəmli bir təşkilat yaratmağa və arxamızda yaxşı bir şeylər qoymağa çalışırıq. Hər səviyyədə çox potensialımız var. Bunları daha təsirli istifadə etməliyik. Hazırkı gənclər soydaşlığımızı qorumaq üçün əlimizdəki son şansdır. Oradakı təşkilatlar arasında bir qismi daha aktiv, bir qismi aktiv olmayan, bəziləri mədəniyyət, eləcə də elmi təşkilatlardır. Onların arasında azərbaycanlıların təşkilatı da var. Biz orada təşkilatımızı qurduq ki, həm cəmiyyətə sahib çıxaq, həm də onları ingilis sistemində sadəcə təmsil deyil, qoruya bilək, problemlərini çatdıra bilək. Londonda yaşayan azərbaycanlılar var. Hətta orda mən “Bakı” adlı restorana getdim, çox gözəldir. Mənim Londonda xərçəng xəstələrinə dəstək mərkəzim var və oraya azərbaycanlılar da gəlir. Çünki bu mərkəz türkcə danışan xəstələlərə və ailələrə aiddir.
- Diaspor təşkilatlarının yaşadıqları ölkələrdə dövlət qurumlarında, rəsmi orqanlarda təmsil olunmasını necə qiymətləndirirsiniz?
- Yuxarı dairələrdə təmsil olunmaq üçün burada artıq fəaliyyət sosialdan siyasətə keçir. Bizim təşkilatımız siyasiyönlü deyil. Gələcəkdə necə olacağını bilmirəm. Tarixi sərhədlər var. Ortaq mövzuların işlənməsi, üstünlük qazanmaq, lobbi qurmaq çox önəmlidir.
- Bu gün aktual məsələlərdən biri də ortaq türk dilidir. Sizin buna münasibətiniz necədir?
- Biz istəsək də, istəməsək də, ortaq bir türk dili var. Məsələn, türk və azərilər bir-birimizlə danışa, anlaşa bilirik. Bir az danışıqda qazax, qırğızlarda fərq hiss olunur. Məncə, eyni yerdə yaşamağımız şərt deyil. Əsas odur ki, anlaşa bilək. Amma eyni zamanda qonşu olaraq da ortaq problemlərimizi həll edək.
- Bu gün mövcud problemlərlə bağlı nə deyərdiniz?
- Bir sıra problemlər var. Önəmli olan missiyanın bölüşdürülməsidir, vəsait hər zaman problemdir. Təbii ki, tədbirlərin davam etdirilməsi üçün qaynaq lazımdır. Amma ən önəmli niyyəti paylaşmaqdır. Bugünkü tədbirdə də iştirakla eyni məqsədi bölüşmək istəyirik, ədə etmək istədiyimiz kiçik addımlardan böyük addımlara doğru irəliləməkdir. Nəticə zamanla ortaya çıxacaq. Hazırkı vəziyyəti bu cür izah etsək, məsələn, biz hazırda təyyarənin qalxmağa hazırlaşdığı ərəfədə olduğu vəziyyəti yaşayırıq. Qalxdığı anda nəticə məlum olacaq.
Sosial məsuliyyət çox önəmli olduğu üçün mən bu toplantıya qatıldım, bu missiyanı da bölüşürəm. Önəmli olan təməlin sağlam qurulmasıdır ki, ardı gəlsin. Bizim bir çox ortaq tərəflərimiz var. Bakıdasan, yaxud İstanbuldasan fərqi yoxdur. Bu ortaqlıq yaxşı niyyətlə davam edərsə, nəticə daha yaxşı olacaq. Dəyərlərimiz eynidir. Birlikdə dünyaya özümüzü göstərərik, xalqımızı qoruya bilərik. Birlikdə qüvvət var. Mən ilk dəfədir ki, Azərbaycandayam. Çox bəyəndim, ilk olaraq insanları çox yaxşıdır, çünki bir yeri gözəl edən insandır.
- Siz dünyada xərçəng xəstəliyi ilə mübarizə sahəsində fəaliyyətinizlə tanınırsınız. Bu sahədə uğurlarınızla bağlı nə deyərdiniz?
- Mənim xərçəng xəstəliyinə fərqli bir baxışım var və onu yox etmək əvəzinə “onunla yaşanabilər” bir xəstəlik halına gətirməyi bacarmışam. Mənim bu elmi nəticələrimə görə, kimyaterapiyanı əvəzləyəcək yeni nəsil dərman həb şəklində və ucuz olacaq. Xərçəngin yayılmasının qarşısını alacaq, bərk şişlərin yayılmasına son verəcək yeni nəsil bir dərman hazırlamışıq, təcrübələrə başlayırıq. Xərçəng xəstəliklərində ölümə yol açan ana səbəb xərçəngin yayılmasıdır. Bizim hədəfimiz də şişləri yox etmək yerinə yayılmasını önləməkdir. Beləcə xərçəngi ölümcül xəstəlik olmaqdan çıxarıb, birlikdə yaşanabilən xroniki xəstəlik halına gətirməyi hədəfləmişik. Bu yeni nəsil dərmanlarla xərçəng, diabet, asma, ürəkdə ritm pozğunluğu kimi ciddi, ancaq birlikdə yaşanabilən hala gələ biləcək. Xərçəngin yayılmasının qarşısını almaq üzərində 12 ildir çalışırıq, öncə mexanizmini kəşf etdik, sonra buna dərmanla necə nəzarət edə biləcəyimiz üzərində çalışdıq. Mənim nevroloji mütəxəssisliyimlə onkologiyanı birləşdirdik. Bu, bizə xərçəngin yeni bir mənzərəsini təqdim etdi. Yayılan xərçəng hüceyrələrində hiperaktif elektrik siqnalları yarandığını gördük. “Sara” xəstəliyində vücud necə nəzarətdən çıxarsa, xərçəngdə də oxşar hərəkətlər gördük. Hiperaktif hüceyrələr ətraflarını həzm edib yayılırlar. Tapdığımız dərman bu şişlərin yayılmasını dayandırır. Yeni nəsil dərmanlar 40 ilditr çalışdığım “Imperial College”də hazırlandı və patentləndi. Yeni dərman toksik deyil və kimyaterapiya kimi öldürücü təsiri yoxdur. 5 il içində də təsirlərini görəcəyik. Həb şəklində olacaq yeni xərçəng dərmanları bahalı olmayacaq. İnanıram ki, xəstələrə töhfəmizi vermiş olacağıq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info