Yaponiyada Azərbaycan haqqında kitab nəşr olunub
Tarix: 30.08.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Keyo Universitetinin professoru xanım Yoko Hirose: “Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək”

“Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək”. Bunu AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində Tokionun “Akaşi” nəşriyyatı tərəfindən çap olunan “Azərbaycanı öyrənmək üçün 67 məqalə” kitabının redaktoru, Keyo Universitetinin professoru xanım Yoko Hirose deyib. Azərbaycan haqqında elmi araşdırmalarla artıq 20 ildir məşğul olduğunu bildirən yapon alim qeyd edib ki, yeni kitab müasir Azərbaycan dövləti, onun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, ədəbiyyatı, dil tərkibi, sosial-iqtisadi inkişafı, enerji resursları, mətbuat tarixi, ölkədə baş verən siyasi proseslər, onun dünyaya inteqrasiya istiqamətində atdığı addımlar, beynəlxalq təşkilatlarda iştirakı, memarlığı, turizm potensialı və digər mövzularda son illər Yaponiyada nəşr olunan ən sanballı əsərdir. Eyni zamanda, bu kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə layiqli töhfədir. Azərbaycan mövzusunun onun elmi fəaliyyətində əsas yer tutduğunu vurğulayan yapon alim xatırladıb ki, 2000-2001-ci illərdə BMT Universitetinin əməkdaşı kimi Bakıda təhsil alıb. Əlavə edib ki, onun namizədlik dissertasiyasının mövzusu da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. 2008-ci ildə nəşr etdirdiyi “Qafqaz - beynəlxlaq münasibətlərin kəsişdiyi yer” kitabı “Asiya-Sakit okean” xüsusi mükafatına layiq görülüb. 2016-cı ildə isə onun “Azərbaycan” kitabı nəşr olunub. Y.Hirose deyib: “Son illər sürətli inkişafı ilə bütün dünyanın diqqətini özünə cəlb edən Azərbaycan təəssüf ki, Yaponiyada hələ kifayət qədər yaxşı tanınmır. Doğrudur, Yaponiya televiziya kanalları, digər kütləvi-informasiya vasitələri ölkənizə xüsusi diqqət ayıraraq, Qafqazın ən inkişaf etmiş dövləti olan Azərbaycan haqqında çoxsaylı verilişlər hazırlayır, məqalələr dərc edirlər. Lakin təbii ki, müəyyən vaxt çərçivəsinə salınan həmin proqramlarda və ya kiçik qəzet məqalələrində yapon izləyicilər qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus inkişaf yolu ilə seçilən bu ölkə barədə ətraflı məlumat əldə edə bilməzlər”. Məhz bu çatışmazlığı aradan qaldırmaq üçün Yoko xanım Azərbaycan barədə belə bir kitabın nəşr olunması ideyasını irəli sürüb. Bu ideya Yaponiyada Azərbaycan mövzusunu araşdıran tədqiqatçılar tərəfindən dəstəklənib. Kitab geniş oxucu kütləsi ilə yanaşı, xüsusən elm adamları, tədqiqatçılar, tələbələr, iş adamları və səyahət həvəskarları üçün əvəzsiz məlumat mənbəyi rolunu oynaycaq. Nəşrin strukturu elə qurulub ki, oxucu maraq dairəsindən asılı olaraq onu ya bütünlükdə, ya da yalnız müəyyən bir hissəni seçərək mütaliə edə bilər. Kitabdakı məqalələrin müəllifləri və bölmələr barədə sualı cavablandıran Y.Hirose qeyd edib ki, müəlliflərin əksəriyyətini uzun müddət davam etmiş birgə fəaliyyət zamanı tanıyıb, lakin onların sıralarında şəxsən tanımadığı və ya ilk dəfə gördüyü insanlar da var. Nəşrin bölmələri isə əsasən müəlliflərin təklif etdikləri mövzulara uyğun olaraq seçilib. Kitabın ilkin variantda 60 məqalədən ibarət olmasının planlaşdırdığını bildirən professor, Azərbaycanın xarakterik xüsusiyyətlərini, müəlliflərin təqdim etdiyi başlıqların sayının çoxluğunu nəzərə alaraq, son variantın 9 bölmə və 67 məqalə şəklində təsdiqləndiyini deyib. Bu məqalələr 45 müəllif tərəfindən hazırlanıb. Onların arasında yalnız tədqiqatçılara deyil, eyni zamanda, diplomatlara, Yaponiya Xarici İşlər Nazirliyinin əməkdaşlarına, biznesmenlərə, arxitektorlara və hətta xeyriyyəçilərə də rast gəlmək olar. Müəlliflərin bir qismi məqalələri hazırlamaq üçün Azərbaycana səfər ediblər. Onların əksəriyyəti Azərbaycan mövzusunu çox yaxşı öyrənən insanlar olmaqla yanaşı, həm də ölkənin elmi dairələri ilə sıx əlaqələrə malikdirlər. Məhz həmin əlaqələr məqalələrin elmi sanbalını müəyyən etməklə yanaşı, birbaşa mənbələrdən bəhrələnmək imkanı yaradıb. “Buna görə də əminliklə deyə bilərəm ki, “Azərbaycanı öyrənmək üçün 67 məqalə” kitabı böyük və gərgin zəhmətin, dərin araşdırmaların nəticəsi olaraq meydana gəlib. Düşünürəm ki, Azərbaycan haqqında növbəti kitab Yaponiyada ölkənizi daha geniş tanıtmağa xidmət edəcək”, - deyə xanım Yoko Hirose vurğulayıb. Kitabın qarşısına Azərbaycan həqiqətlərinin yapon oxuculara çatdırılması kimi mühüm bir vəzifənin qoyduğunu bildirən professor burada 20 Yanvar və Xocalı faciələri, qaçqınlar və məcburi köçkünlər barədə mövzulara da xüsusi yer verildiyini qeyd edib. Y.Hirose deyib ki, Azərbaycan üçün Dağlıq Qarabağ mövzusunun əhəmiyyəti nəzərə alınaraq kitabda bu barədə iki məqalə yerləşdirilib. Özünün bu mövzu üzrə ekspert olduğunu xatırladan professor, Dağlıq Qarabağ barədə dissertasiya işinin və yapon dilində kitabın müəllifi olduğunu bildirib. Həmin məqalələrdən birinin müəllifi özü, digərinin müəllifi isə Tokio Universitetinin professoru Matsuzato Kimatakadır. Kitabın son bölməsinin Azərbaycan-Yaponiya münasibətlərinə həsr edildiyini qeyd edən Y.Hirose vurğulayıb ki, son illər iki dost ölkə arasında əməkdaşlıq əlaqələri sürətlə inkişaf edir. İki ölkə yalnız energetika sahəsində deyil, eyni zamanda, mədəni, humanitar və turizm sahəsində də sıx əlaqələrə malikdir. Azərbaycan ilə Yaponiya arasında regionlararası əməkdaşlığın inkişafı da məmnuniyyət hissi doğurur. Bu əlaqələr xalqlarımızın biribirinə daha da yaxınlaşmasına, dostluq münasibətlərinin inkişafına müsbət təsir göstərir. Həmin bölməyə daxil edilən məqalələrdə bu məsələlərin əksini tapmasına xüsusi diqqət yetirilib. Azərbaycan ilə əlaqədar gələcək planları barədə sualı cavablandıran Y.Hirose bildirib ki, ilk növbədə Qafqazın bu zəngin ölkəsini Yaponiyada daha geniş tanıtmaq istiqamətində işi davam etdirəcək. Bunun üçün növbəti nəşrlər barədə planları var. 2015-ci ildə Yaponiya Xarici İşlər Nazirliyinin məsələtçisi kimi Qafqaza səfərini xatırldan professor, həmin vaxt Azərbaycanda Yaponiyanın dəstəyinə ehtiyac duyulan bir çox məsələləri özü üçün aydınlaşdırdığını, gələcək fəaliyyətində bu istiqamətlərin əsas götürüləcəyini qeyd edib. Ötən ilin martında Finlandiyanın paytaxtı Helsinkidə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə müzakirələrə qatıldığını bildirən Y.Hirose deyib ki, gələcəkdə Azərbaycanın beynəlxalq əlaqələri, diplomatiyası və Dağlıq Qarabağ mövzularını araşdırmaqda davam edəcək. Bu, eyni zamanda, Azərbaycan həqiqətlərinin bütün dünyada yayılmasına xidmət edəcək. Noyabrda keçiriləcək növbəti Bakı Beynəlxalq Humanitar Forumuna qatılmaq barədə dəvətdən böyük məmnunuq duyduğunu vurğulayan professor qeyd edib ki, bu səfər ona Azərbaycan haqqında daha çox yeni informasiya əldə etməyə imkan yaradacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info