Sosial şəbəkələr qələm sahiblərinə böyük imkanlar təqdim edir
Tarix: 03.09.2018 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


29 avqust 2018-ci il tarixində “Facebook” sosial şəbəkəmdə ustad şair İsa Cavadoğlunun gələcək nəsillərə ünvanlanan “Ömür kitabında” yer alan “Sizinlə” şeirindən bir beyt paylaşdım. Şairlərdən Əflatun Hüseynoğlunu, Mikayıl Bozalqanlını, Adil Cəfakeşi, Əfşan Yusifqızını, Şahlar Qəriblini, Etibar Vəliyevi, Tofiq Qəbulu rəy bölməsində işarələyərək həmin beytin tamamlanmasını xahiş etdim. Qısa bir zamanda adlarını çəkdiyim şairlərlə yanaşı Anar Əlioğluda daxil olmaqla öz şeirlərini sosial şəbəkədə paylaşdılar. Hal-hazırda sosial şəbəkənin qələm sahiblərinə verdiyi imkanlar nəticəsində ədəbi əlaqələr inkişaf edir. Şairlər beləcə bir-birlərinin yaradıcılığını izləyərək geniş oxucu kütləsi qazanırlar. Qeyd edim ki, bu paylaşmam öz növbəsində ədəbiyyatsevərlər tərəfindən böyük maraqla qarşılandı. Şairlərin yazdığı bu şeirlər ustad şair İsa Cavadoğlunun aşağıdakı beyti münasibətilə yazılıb:
Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı.
İndi isə bu şeirləri təqdim edək.

SİZİNLƏ
(Gələcək nəsillərə)

Bilmirəm arada ilmi, yüz ilmi,
Nə qədər zaman var bizim sizinlə.
Bu ki, mümkün deyil, durub üz-üzə
Şirin söhbət edəm özüm sizinlə.

Bilmirəm ahılsan, yoxsa cavansan,
Bilirəm insansan, düşünən insan.
Duyğu dənizində bir qəvvas olsan,
İstərəm bir azca üzüm sizinlə.

Olsa da nə qədər vaxt aramızda
Kəlmələr şəkər tək donub kağızda.
Oxusan əriyib dinər ağızda,
Nağıllar danışar sözüm sizinlə.

Göydə qatar-qatar durna uçanda,
Yerdə bölük-bölük ceyran qaçanda,
Gözəllər kölgədə süfrə açanda
Çiçəkli çəməndə gəzim sizinlə.

Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı,
Təvəqqe eyləyən sizdən İsadı,
Görə gözəlliyi gözüm sizinlə...

İsa Cavadoğlu


SİZİNLƏ
“Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı”.
Gözümdə eynəkdi, dayaq əsadı,
Yanaşı yeriyir izim sizinlə.

Yay dolanıb, payız ötüb, qış keçib,
Kiminə mənalı, kimə boş keçib.
Mala çəkilibdi, burdan xış keçib,
Yola şırım çəkib dizim sizinlə.

Hələ ki, taqət var dizdə insanıq,
Daldada nəyiksə, üzdə insanıq.
Siz də insansınız, biz də insanıq,
Fərqimiz nədir ki, bizim sizinlə.

Namərdimiz eyni, mərdimiz eyni,
Cütümüz eynidir, fərdimiz eyni.
Qəmimiz eynidir, dərdimiz eyni,
Güləndə bir gülüb üzüm sizinlə.

Cəfakeş dili lal, qolu bağlıdı,
Sağ yanı uçqundu, solu bağlıdı.
İllərdi ki, Vətən yolu bağlıdı,
Bu yola zillənib gözüm sizinlə.
29.08.18
Adil Cəfakeş



YAZAN OLAYDI
“Yüz il yaşansa da ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı.”
Kim necə doğuldu, necə yaşadı,
Əvvəldən axıra yazan olaydı.

Ay Mahmud yaz dedin, yazım, nə var ki,
Daha kökdən düşüb sazım, nə var ki,
De, gedim qəbrimi qazım, nə var ki,
Haqq deyən ölümü, pozan olaydı.

Nə şad günüm qaldı, nə çəkdiyim qəm,
Daha dinləmirəm nə zil, nə də bəm.
Nə səhər, nə axşam, kaş ki dəmadəm,
Qulağa gələn səs, azan olaydı.

Qoymayın məzarın yaş tərəfində,
Döndərin, saxlayın daş tərəfində.
Dayanıb, şairin baş tərəfində,
Ona ağı deyən ozan olaydı.

30.08.2018
Etibar Vəliyev


“Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı.”
İsa Cavadoğlu

SİZİNLƏ
Yığışın, a dostlar, gül açır neylim,
Gerçəyim sizinlə, düzüm sizinlə.
Sizlərlə ürəyim dil açır neylim,
Hər dərdə tapırıq çözüm sizinlə.

Hal əhli olanlar dəmə bağlıdır,
Ağlar gözlər bir az nəmə bağlıdır,
Təkliyin xisləti qəmə bağlıdır,
Bəlkə tab eyləyim, dözüm sizinlə.

Başıma gələnlər başıma görə,
Yazım xoş keçibdi, qışıma görə,
Narahat olmayın yaşıma görə,
Mən necə yorulum, bezim sizinlə?

Çağırın aşığı, məclis güllənsin,
Gahdan bəmə düşsün, gahdan zillənsin,
Qara saz çaldıqca ruhum dillənsin,
Qoy düşüm ortaya, süzüm sizinlə,

Ürəkdən danışsam, ürəkdən gülsəm,
Dərdimi-sərimi dostlarla bölsəm,
Mikayılam, xoşdur, yıxılıb ölsəm,
Keçərsə altmışım, yüzüm sizinlə.

30.08.2018
Mikayil Bozalqanlı



“Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı”.

İsa Cavadoğlu

SİZİNLƏ
Gələcək nəsillər, sözüm sizədir,
İstərəm duyğular düzüm sizinlə.
Görə bilməsəm də bəlkə sizləri,
Bir nura boyana izim sizinlə.

Ruhumla dolanam dağı-aranı,
Sözümlə sağaldam dərdi, yaranı.
Müxənnət paxılı, qəlbi qaranı
Elə arxalanıb əzim sizinlə.

Haqqın bol rəhməti yayıla düzə,
Bal, şəkər bələnə dildə hər sözə.
Xəyal aləmində durub üz-üzə,
Qarışıb şadlıqda süzüm sizinlə.

Mələklər qədəmin basa hər yerə,
Gözəllik qovuşa gözəlliklərə.
Sevən sevgisinin barını görə,
Gur yana ocaqda közüm sizinlə.

Əflatun, sözünə sən də nəşə qat,
Sirli kəlmələrlə könüllər oyat.
Nə qədər çətin də olsa bu həyat,
Tapa bir dəyanət, dözüm sizinlə.

29.08.18
Əflatun Hüseynoğlu

SİZİNLƏ
"Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı"
Dövlət mirasadı, var mirasadı,
Fikrimiz tən gəlməz bizim, sizinlə.
.
Sevib sevilmişik, az-çoxdan, ötüb,
Gözəllik yox olub, naz çoxdan ötüb.
O güllü-çiçəkli yaz çoxdan ötüb,
Baxça-bağı necə gəzim, sizinlə?
.
Vaxt gələr anlarsız hər bir kəlməmi,
Hərdən acı, hərdən kövrək gülməmi.
Söz xanamı, əyrişimi, ilməmi.
Qismət ola bir yol çözüm, sizinlə.

Heyif bu dünyanın yoxdu vəfası,
Vəfasından çoxdu cövrü-cəfası.
Mənimçündə oldu qəmlər yuvası,
Barı hərdən gülə üzüm, sizinlə.

Əfşanam, bağlıyam Vətənə, elə,
Haqqı, ədaləti söyləyən dilə.
Mənə ilham verən çiçəyə-gülə,
Nə yazsam, qalacaq sözüm, sizinlə

29.08.18
Əfşan Yusifqızı



BU DÜNYA
(İsa Cavadoğlunun “Sizinlə”
şeirini oxuduqdan sonra)
Oxudum şeirini ay şair İsa,
Onsuzda dolanır kəsə bu dünya.
Yüz il ömür sürsən toyla, büsatla,
Yenədə gözündə qısa bu dünya.

Biz piyada olduq həyatsa atlı,
Düşdü kəməndinə çox ehtiyatlı.
Əzəli olsada toylu büsatlı,
Sonunu bağladı yasa bu dünya.

Kiminin başında zərli tacdı bu,
Yaxşı əməllərə bax möhtacdı bu.
Nə qədər yəsədə gözü acdı bu,
Olub bir dolmayan kisə bu dünya.

Sonunu bağlayıb görəsən nəyə,
Qorxuram sözlərim xətrinə dəyə.
Bizləri eşidə, yada dinləyə,
Çətin ki, bir qulaq asa bu dünya.

Qəribli, çalış ki itməsin izin,
Yadigar qoynunda söhbətin sözün.
İnciyib bir yolluq döndərər üzün,
Qorxuram bizlərdən küsə bu dünya.

29.08.18


SİZİNLƏ
“Yüz il yaşansa ömür qısadı,
Əvvəli toyadı sonu yasadı.”
Görüb yaşadıqca bax bu həyatı,
Onu misralara düzüm sizinlə.

Siz ki, hal əhlisiz mən isə cavan,
Sizdən öyrənməyə hazıram hər an.
Bəxtiyar olaram sevinnəm inan,
Yanaşı düşərsə izim sizinlə.

Bu vaxtı o qədər çoxda saymaram,
Tapar sözünüzdən ürəyim aram.
Həm söhbət olarsaq inan doymaram,
Qurtarmaz söhbətim, sözüm sizinlə.

İllərə bənzəyir durna uçanda,
Dolanır ömrümüz san ki bir anda.
Arzum var çiçəklər, güllər açanda,
Baxam gözəlliyə süzəm sizinlə.

Verilib bizlərə ömür çox qısa,
Toy ilə başlanır çevrilir yasa.
Qəribli Şahlaram ay Ustad İsa,
Qoy qoşa alışsın közüm sizinlə.

29.08.18
Şahlar Qəribli



BU ÖZÜ ELƏ HİKMƏTDİR
``Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı``.
Lap elə əlində kömək əsadı,
Yenə də dilində Allahın adı.

Qoca çinara bax, ucalığa bax,
Elə bil, ömürü bitməyəcəkdir.
Uca çinara bax, qocalığa bax,
Sanki bu dünyadan getməyəcəkdir.

Özünə-``Allaham``-deyənlər gülünc.
Baxın, böcəklər də qorxur ölümdən.
Fərhad Şirin üçün əlində külüng
Ölsə də, düşmədi Şirin dilindən.

``Yüz il yaşansa da, ömür qısadı``
Mənalı bir ömür əbədiyyətdir.
``Əvvəli toyadı, sonu yasadı``
Nə olsun, bu özü elə hikmətdi.

Tofiq Qəbul
29.08.2018.


“Yüz il yaşansa da, ömür qısadı,
Əvvəli toyadı, sonu yasadı.”

İsa Cavadoğlu

Görmədim

“Yüz il yaşansa da ömür qısadır”,
Mən ömür payından doyan görmədim.
“Əvvəli toyadır, sonu yasadır”,
Mən ömür payından doyan görmədim.

İlahi yaradıb hər bir insanı,
Müvəqqəti verib cisminə canı,
Tərk etmək istəmir fani dünyanı,
Mən ömür payından doyan görmədim.

Günəş və ay batır, ulduz da sönür,
Yüz illər qalsa da pas atır dəmir.
Ay Anar, heç bir kəs ölmək istəmir,
Mən ömür payından doyan görmədim.
Mən ömür payından doyan görmədim.

Boluslu Anar Əlioğlu
29.08.2018


Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illiyi qeyd edilib
20.11.2018
“Səmərqənd Şeir Axşamları” Türkdilli Gənclər Konfransı başa çatdı
20.11.2018
İrəvan haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
20.11.2018
“Əbədi ezamiyyət” sənədli filmi Koreya Parlamentində nümayiş etdirilib
20.11.2018
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info