Məmməd Araz yaradıcılığında azərbaycançılıq
Tarix: 25.06.2013 | Saat: 22:01:00 | E-mail | Çapa göndər


Milli poeziyamızın iftixarı olan Məmməd Araz haqqında yazdığım məqalələrin birində qeyd etmişdim ki, Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək çox çətindir. Azərbaycan əlli milyonluq bir xalqın-azərbaycanlıların şəriksiz Vətəni olduğu kimi, Məmməd Araz poeziyası da əlli milyonluq xalqımızın şəriksiz poeziyasıdır, ədəbiyyat, bədii düşüncə və təfəkkürünün vətənidir. Bu da ondan irəli gəlir ki, bu poeziyada hər bir oxucu öz hisslərini, düşüncə və təfəkkürünü görür, dərk edir, özünü bir çox məqamlarda Məmməd Araz yaradıcılığı ilə ifadə etmiş olur. Buna görə də ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin böyük və əvəzsiz hamisi ümummilli liderimiz Heydər Əliyev Məmməd Araz poeziyasına, onun fəlsəfəsinə və bəşəri dəyərinə çox yüksək qiymət verərək Məmməd Araza xitabən deyirdi: “Doğrudur, bəzən bu yaradıcılığınıza görə siz sıxılmısınız da, sizi incidiblər də, sizə kəm baxıblar da, sizi açıq və ya gizli tənqid də eləyiblər. Ancaq mənə belə gəlir ki, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın qəhrəmanlığı (Mən bu sözü tam cəsarətlə deyirəm) elə ondan ibarətdir ki, onları heç bir şey qorxutmayıb. Onların qarşısını heç bir şey kəsməyib. Onlar öz işlərini görüblər. Xırda-xırda çox incə, çox zərif görüblər və məhz bu incəliyə, zərifliyə, nazikliyə görə də sizin bu fikirləriniz bizim vətənpərvər insanlarımızın, xalqımızın ürəyinə yol tapıb”.

Bu da bir həqiqətdir ki, ən böyük məhək daşı, silinməz, pozulmaz tarixi yaddaş xalqın qəlbidir, xalqın tribunasıdır. Məmməd Araz hələ lap erkən yaradıcılığı dövründə (50-ci illərdə) yazdığı şeirlərin birində bu həqiqətə böyük inam bəsləyib və yazıb:
Elin nəfəsidir ən böyük əsər,
Duysam da, özümü
öyə bilmərəm.
Yüz bülbül səsi də
mənə versələr,
Elsiz bir nəğməmi
deyə bilmərəm.
Ədəbiyyata tükənməz el məhəbbəti, el sədaqəti ilə gələn Məmməd Araz xalq mənəviyyatının dərinliyinə yendikcə əbədiyyət yolunun yolçusu oldu.
Zamanın kəsişən və kəsişməyən nöqtələrində bütün ömrü boyu “hər adi ölçüyə, ülgüyə” gəlməyən Məmməd Araz ədəbiyyata, böyük poeziyaya bütöv Vətən kimi baxırdı. Çünki hər bir xalqın Vətəninin sərhədləri onun sözünün sərhəddindən başlanır və bu sərhədlə də bitir. Sözün sərhəddi də xalqın mənəviyyatından, onun fikir və düşüncəsinin gücündən mayasını tutur. Məmməd Araz böyük sözün-Vətənin sərhədində həmişə alınmaz bir səngər, basılmaz ordu gücünə malik olan söz mülkünün tacdarıdır.
Hər bir şairin və ümumiyyətlə, yaradıcı adamın əbədi və əzəli bir ilham mənbəyi var. Məmməd Arazın başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycandır. O Azərbaycan ki, “qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”, o Azərbaycan ki, onun “hər daşından alov dilli ox ola bitər” və o Azərbaycan ki, məqamında sakit, məqamında “yatmış qoca vulkandır”. Ümummilli liderimiz Heydər Əliyevin fəxr və qürur hissi ilə bütün gəncliyimizə təlqin etdiyi, “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” milli və mənəvi düşüncə tərzi M.Araz poeziyasının mayasını, ana xəttini təşkil edir. M.Araz da bütün xalqına, millətinə, həmçinin bu millətin, bu vətənin əzəli və əbədi düşmənlərinə üzünü tutaraq böyük cəsarətlə deyirdi:
“Azərbaycan”
deyiləndə ayağa dur ki,
Ana yurdun
ürəyinə toxuna bilər.
İfadəyə fikir verin: bu iki misrada şair “Azərbaycan”, “ana yurd” ifadələrini elə sənətkarlıqla işlədib ki, bunu yalnız M.Araz kimi bir fədakar qələm sahibi işlədə bilərdi. Azərbaycan ana yurd, ana yurd da elə Azərbaycandır. Amma bu bədii sinonim vahid bir-birini o qədər tamamlayır ki, ruh canı, can da ruhu tamamlayan kimi.
Nəzəri konsepsiyası ümummilli liderimiz tərəfindən hazırlanan azərbaycançılıq milli ideologiyası milli olmaqla bərabər, həm də bəşəridir. Öz millətini, Vətənini sevmək, milli-mənəvi dəyərlərinə sahib çıxmaqla yanaşı, bəşəri dəyərlərə, dünya sivilizasiyasının qabaqcıl nailiyyətlərinə yiyələnmək kimi insanlıq dəyərlərini özündə birləşdirən azərbaycançılıq ideologiyasının dünən də, bu gün də ən böyük təbliğatçısı ədəbiyyat və böyük mənada sənətdir. Bu baxımdan, M.Araz yaradıcılığı misilsiz örnəkdir. Quru, məntiqsiz, məzmunsuz şəkildə Azərbaycan deməklə heç bir şeyə nail olmaq mümkün olmadığını vaxtında duyan M.Araz bütün siqləti ilə azərbaycançılıq düşüncəsinin fəlsəfəsinə çevrilən və 1970-1972-ci illərdə qələmə aldığı “Atamın kitabı” poemasında Vətənin gələcək sahibləri olan gəncliyə üz tutaraq yazırdı:
Sevməyin özü də
bir bacarıqdır.
Nə böyük hünərdir,
bir qızı sevmək?!
Bu çayın, binənin,
çölün, bulağın,
Bir dəli Məcnunu
olasan gərək.
Buna görə də M.Araz Azərbaycanın rəmzlərindən biri olan Araza xitabən yazdığı şeirlərin birində də deyir.:
Tayı itmiş ceyran tək
mələrəm mən Arazsız.
Bir çox məqamlarda M.Arazın poeziyası Azərbaycan tarixinin bugünkü gənclik üçün qaranlıq qalan məqamlarına işıq salan poeziyadır. Xüsusilə şairin hələ sovet qadağaları dövründə qələmə aldığı və bu gün də günün döyünən nəbzinə çevrilən “Məndən ötdü, qardaşıma dəydi” şeirində şair böyük cəsarətlə Azərbaycanın başına gətirilən bəlalardan danışır, zaman-zaman onun üzərində gedən “cahan çarpışmalarına” diqqət çəkir, xanlıqlar dövründə Azərbaycanın bir dövlət kimi keçirdiyi sarsıntılardan söz açır.
“Mən-mən” dedi bir ölkədə
nə qədər xan,
Onlar “mən-mən”
deyən yerdə
Sən olmadın, Azərbaycan!
Səni səndən alıb belə
yüz illərlə uyutdular,
Səni səndə ələdilər,
Səni səndə üyütdülər.
Nəticədə də:
Dibək oldun öz duzunla,
öz daşınla,
Ögey oldun
doğma,
əkiz qardaşınla.
Ona görə də:
Səndən ötən mənə dəydi,
Məndən ötən sənə dəydi,
Səndən, məndən ötən zərbə,
Vətən, Vətən, sənə dəydi...
Xalq şairi B.Vahabzadəyə ünvanlanmış və 1967-ci ildə yazılmış bu şeir “buyruqlara sığışmayan” bir şairin zamana və dövrün ideologiyasına kəskin etirazı idi.
Əsl şair və yazıçıların yaradıcılığı yaşadıqları dövrün və zamanın “qara qutuları”dır. Dünənimizin bir sıra görünən və görünməyən cizgiləri məhz bu “qara qutular” vasitəsi ilə açılır, dəyərləndirilir. M.Araz poeziyası da zamanın “qara qutuları” rolunu oynayan poeziyadır. Keçmiş sovet totolitar rejimin 1980-ci illərin axırı, 90-cı illərin əvvəllərinin Azərbaycanında hökm sürən xaos dövrünün bir çox mətləblərinin açılmasında şair qələminin qüdrəti danılmazdır. Xüsusən, şairin bu illərin ictimai, siysi panoramasını əks etdirən “Qalx ayağa, Azərbaycan!” şeri təkcə M.Araz yradıcılığının yox, ümumilikdə ədəbiyyatımızın uğurlarından biri kimi diqqəti cəlb etməkdədir.
Nə yatmısan,
qoca vulkan, səninləyəm!
Ayağa dur,
Azərbaycan, səninləyəm!
Səndən qeyri
biz hər şeyi bölə billik!
Səndən qeyri
biz hamımız ölə billik!
Bayrağını Xəzər
boyda bayraq elə,
Enməzliyə
qalxmış olan bayrağını!
Azərbaycan, Azərbaycan,
Azərbaycan, bayrağını!.
Şairin özünün də qeyd etdiyi kimi, bu hayqırtı təkcə M.Araz hayqırtısı deyil, həm də Şəhriyarın, Bəxtiyarın, bu millətin daşının, torpağının hayqırtısıdır. Zamanın tələbindən doğan bu hayqırtını isə dilə gətirən və milyonların malına çevirən, qan yaddaşına yazan ilk şair M.Araz oldu.
Tarixin bütün dönəmləri bir həqiqəti təsdiq edib ki, Vətənin, millətin ağır günündə iki böyük qüvvə öndə dayanıb: biri millətin, Vətənin sərkərdəsi, biri də o millətin, Vətənin yetirdiyi böyük qələm və söz adamları. Yaxın keçmişimizin keçdiyi tarixi yol da bu həqiqəti bir daha təsdiqlədi. Təsdiqlədi ki, böyük ədəbiyyat olmadan böyük ictimai-siyasi təfəkkür də ola bilməz. M.Araz poeziyası bütün çalarları ilə bu böyük missiyanın ağırlıqlarını çiynində daşıyan poeziyadır. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı Vətən və xalq qarşısında namuslu əməyi ilə özünə əbədi heykəl qoymuş istiqlal şair Məmməd Araz irsinə ən böyük ehtiramın və hörmətin ifadəsidir. Bu sərəncam bir daha onu göstərdi ki, bu gün də M.Araz mənən Vətən və azərbaycançılıq məfkurəsi uğrunda gedən döyüşlərin ön sırasındadır.
M.Araz şanlı dünənimizin, uğurlu bu günümüzün və inamlı gələcəyimizin şairidir.
Xanəli KƏRİMLİ
Filologiya üzrə fəlsəfə doktoru, dosent




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info