“Ermənilər köçürülən dövrdə İrəvanda 8 məscid fəaliyyət göstərirdi”
Tarix: 04.09.2018 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


(əvvəli öötən sayımızda)

Burada göstərilir ki, Naxçıvan dairəsi 4 mahaldan ibarətdir: Naxçıvan mahalı, Əlincə mahalı, Xoy mahalı və Dərələyəz mahalı. Qeyd edək ki, oxucu üçün də maraqlı ola biləcəyini nəzərə alıb bu mənbədə Naxçıvan və onun mahalları üzrə əhalinin milli tərkibinə aid statistikanın nəticələrini də göstərməyi lazım bilirik. Əhalinin 1832-ci il ilin kameral siyahıya alınmasına görə bütün Naxçıvan vilayətində (mahallarında) 6.538 tüstüçıxan olmuşdur ki, bunlardan 3.859 ailəni azərbaycanlılar təşkil etmişdir.Təkcə döyüşkən, hərbiçi xarakteri ilə fərqlənən Kəngərli tayfası 920 tüstüçıxandan ibarət olmuşdur . Ermənilər dairənin bütün mahallarında cəmi 533 ailəni təşkil etmişlər. Türkmənçay sülh müqaviləsinin bağlandığı ilk günlərindən etibarən İranın ayrı-ayrı vilayətlərindən 2145 erməni ailəsi köçürülmüşdür ki, belə bir “tarazlıq yaratma” niyyətləri çarizmin müstəmləkə siyasətinin, mürtəce xarakterindən irəli gəlirdi. Ayrılıqda Naxçıvan mahalı isə Naxçıvan şəhəri və 59 kəndi özündə birləşdirirdi. Bu qədim yurd yerlərində 1,884 azərbaycanlı ailəsinin, əvvəlki dövrlərdən bu yerlərdə məskunlaşmış 309 erməni ailəsinin yaşadığı göstərilir. Rusiya işğalından sonra isə İrandan 1,207 erməni ailəsinin köçürüldüyü qeyd olunur .
Kameral siyahıya almanın nəticələrinə görə Naxçıvan şəhərinin əhalisi 1330 ailədən ibarət olmuşdur. Bundan 905 ailə azərbaycanlı, 156 ailə isə əvvəlki illərdən yaşayan ermənilərdən ibarət olmuşdur. 269 erməni ailəsi isə imperiya siyasətinə uyğun olaraq İrandan köçürülmüşdür .
Ənənəvi məktəblərimiz məhz belə bir şəraitdə İrəvanda, Naxçıvan və Ordubadda, həmçinin digər bölgələrimizdə öz fəaliyyətini davam etdirirdi. Kitabda verilən məlumata görə bu dövrdə İrəvan şəhərində 8 məscid məktəbi fəaliyyət göstərmişdir. Bu fakt o zamankı digər dövri nəşrlərdə və arxiv sənədlərində də ifadə olunmuşdur. Burada həmçinin göstərilir ki, Naxçıvan şəhərində iki məscid fəaliyyət göstərir. Məscidlərdən biri əhalinin dua və ibadətlə məşğul olması üçün nəzərdə tutulmuşdur. Olduqca sadə tikilmiş ikinci məsciddən məktəb kimi istifadə edilir. 615 tüstüçıxandan ibarət olan Ordubad şəhərində isə 6 məscid olduğu qeyd edilir.
Göstərdiyimiz bu mənbədə maraq doğuran məlumatlardan biri də Azərbaycan memarlığının nadir incilərindən olan Qarabağlar türbəsi haqqındadır. Qarabağlar kəndindəki məşhur sənət abidəsi haqqında verilən məlumatdan aydın olur ki, türbə kompleks memarlıq abidəsi olmuşdur. Bu kompleksdə vaxtı ilə məsçid binasının olması şübhə doğurmur ki, bu da memarlıq kompleksinin nəzdində ibtidai məktəbin fəaliyyət göstərdiyini ehtimal etməyə əsas verir. Mənbədə yazılır: “Bu mahalda (Xoy mahalı nəzərdə tutulur-V.R.) Qarabağlar kəndi görünüşünə görə şəhərə oxşamır. Burada biri-birinə bağlanmış 15 sütundan ibarət son dərəcə gözəl uca dairəvi qüllələr mavi rəngli kərpiclərlə (fiqurlarla) bəzədilmişdir. Qüllənin yuxarı hissəsindəki pərvazlarda (çıxıntılarda) müxtəlif rənglərlə əks olunmuş tökmə hərflərlə Qurandan hədislər həkk olunmuş və yazılır ki, türbə Türkiyənin bu ölkədə hakimliyi zamanı Bahadur xan tərəfindən tikilmişdir. Qalaya yaxın olan yerdə uca minarələrin yanında daş qapılar burada məsçidin, ibadət yerinin olduğunu söyləməyə imkan verir”.
Müəllif burada istər türbənin, istərsə də qoşa minarə və onun ətrafında yerləşən tikililərin qalıqları haqqında müəyyən yanlışlıqlıq və dolaşıqlıqlara yol vermişdir. Bütün müasir tədqiqatlarda, ensiklopediya və soraq kitablarında qoşa minarənin XII əsrin sonu XIII əsrin əvvəllərində, türbənin isə XIV əsrin əvvəllərində tikildiyi göstərilir. Məlum olduğu kimi türbənin yerüstü kompozisiyası 12 yarım silindirlik çıxıntıdan ibarətdir.
Bəhs etdiyimiz tarixi mənbədə Naxçıvan şəhərindəki qədim məscidlər və tikililərdən də söhbət açılır. Burada yazılır ki, belə tikililərdən yonulmuş daşlardan ibarət qübbələri olan dağılmış məscid, qala və hündürlüyü 13 sajen on tərəfli prizmadan ibarət qüllə diqqəti daha çox cəlb edir. Qüllənin yanları və karnizi (pərvazları) fiqurlarla, ən yuxarıları isə hansısa yazılarla bəzədilmişdir. Söyləyirlər ki, bu tikili XIII əsrdə hökmdarlıq etmiş III Toğrulun yanında birinci vəzir olmuş Atabəy Məhəmməd Pəhlivanın məzarı üstündə tikilmişdir. Bu qəbrin yaxınlığında əvvəllər məscid olmuşdur. Ondan yalnız minarələrin kənarlarında 10 sajen ucalığında iki daş qapı qalmışdır.
Əlbəttə, müəllifin bu fikir və mülahizələrində elmi həqiqəti əks etdirməyən məqamlar var. Lakin bu fikirlər qədim memarlıq abidələrimizə və şəhərsalma mədəniyyətimizə kənar baxış kimi maraqlıdır və burada dolaşıqlığa yol verilsə də, qədim Naxçıvanın yalnız sırf Şərq - Azərbaycan memarlıq xüsusiyyətlərini əks etdirən şəhər görnüşünün təsdiqi kimi əhəmiyyətlidir.
Qədim diyar haqqında coğrafi, etnoqrafik məlumatlarla zəngin olan bu göstərilən mənbələrin hər ikisində Naxçıvan vilayəti üzrə dini qurum və bu qurumdakı dini rütbələr, onların icra səlahiy­yət­lə­ri, vəzifələrinə aid müəyyən bilik və məlumatlar da veril­mişdir. Buradan aydın olur ki, Naxçıvanda məs­cid­lər həmişə üç axund tərəfindən idarə edilmişdir: Şeyxül-islam (Rusiyanın işğalına qədərki dövrdə Abbas Mirzədən asılı idi), Qazı və pişnamazzadə (hər ikisi müştehiddən asılı idi). Axund Xana tabe olmayan xüsusi ruhani “hakimiyyəti”nə malik idi. Şeyxül-islam bu ərazidə islamın başçısı, bütün möminlərin rəhbəri sayılırdı. O ruhani işlər üzrə idarənin başçısı olmaqla bərabər, xanın tapşırıq və göstərişlərini də yerinə yetirirdi. Pişnamazadə möminlərin gün ərzində üç dəfə məscidə toplanmasına, onların Allaha dualar etməsinə nail olmaqla xidməti işin sonunda ibrətli söhbətlər aparmağa borclu idi. Qazı dəfn mərasimlərini, nigah və böşanma işlərini idarə edirdi.
Mollalar axunda tabe idilər. Onlar əhalinin məişət həyatında zəruri dini ayinlərin icrası ilə məşğul olan rühani təbəqəsi idi. XX əsrin əvvəllərinə qədər mollalar məscidlər yanında məktəblərdə şagirdlərə əsasən dini səciyyəli ibtidai təlim keçdiklərinə görə cox zaman bu tədris ocaqlarına “mollaxana” deyilirdi. Molla ruhani dərəcəsini almaq istəyənlər quberniya idarəsində və nüfuzlu müsəlman şəxslərin qarşısında imtahan verməli idi. İmtahan verən şəxslər aşağıdakı vacib olanalara əməl etməli idilər: 1) müəzzin vəzifəsinə aid olanları icra etməyi bacarmaq; 2) Dəfn qaydalarını, namaz və s. icra edə bilmək; 3) Müəllimlik vəzifəsini yaxşı mənimsəmək, fars və Azərbaycan dillərini bilmək, bu dillər üzrə savadlı olmaq, Quranı düzgün oxumağı bacarmaq; 4) Allaha ibadət, namaz və mərasim qaydalarına Cümə günləri və bayram günləri əməl etmək.
XIX əsrin ortalarında İrəvan vilayəti və Naxçıvan diyarında fəaliyyət göstərən məscidlər və onların yanında fəaliyyət göstərən tədris müəssisələri haqqında ilk və nisbətən müfəssəl məlumat verən mənbələrdən biri İ. İ. Şopenin bölgənin tarixinə aid yaddaş və təqvim xarakterli əsərləridir. İ. İ. Şopen bölgə haqqında fakt və məlumatların doğru- düzgünlüyü, həqiqəti əks etdirmə səviyyəsi, fakt və hadisələrə yanaşma və münasibətlərinin məzmun istiqaməti baxımından asılı olmayaraq bölgədəki vəziyyətə aid ilk tarixi - etnoqrafik əsərlər müəllifidir. İmperiya siyasətindən asılı olaraq vilayətdə və Naxvıvan diyarında keçirilən ilk kameral siyahıya alınma bilavasitə Şopenin rəhbərliyi ilə həyata keçirilmişdir. Ona görə də bölgənin həyatına aid statistik hesabatlar, illik təqvimlər, etnoqrafik nəşrlər sırasında İ. İ .Şopenin əsərləri müstəsna əhəmiyyətə malik mənbələrdir.
İ. İ. Şopen general lvan Paskeviçin Sankt-Peterburqa müraciəti əsasında İrəvana göndərilmişdir. O, 1828-ci il Türkmənçay müqaviləsinə uyğun olaraq İrəvan və Naxçıvan xanlıqlarında əhalinin kameral siyahıya alınmasını həyata keçirmiş, regionun inzibati-ərazi bölgüsünün təsvirini hazırlamışdır. İvan İvanoviç Şopen fransız əsilli rus tarixçi-etnoqrafı və dövlət xadimidir. O, 1798-ci ildə Fransada doğulmuşdur. 1820-ci illərin ortalarında Rusiyaya gəlmiş, uzun müddət Qafqazda mülki işlər üzrə idarələrdə işləmişdir. 1829-cu ildə qraf İvan Paskeviç tərəfindən İrəvan vilayətinin və Naxçıvan xanlığının inzibati-ərazi bölgüsünün siyahıya alınması və tarixi-etnoqrafik hesabatlarının hazırlanması üçün tapşırıq almışdır. Şopen regionun 1829-1832-ci illər ərzində aparılan kameral siyahıya alınmasına bacarıqla rəhbərik etmiş, ilk illər vilayətin idarə edilməsi üzrə müşavir vəzifəsində işləmişdir.1833-cü ildən isə Zaqafqaziya ölkəsinin baş idarəsində xüsusi tapşırıqlar üzrə məmur vəzifəsinə təyin edilmişdir. 1838-ci ildə Peterburqa köçürülmüş, Dövlət Əmlak nazirliyində işləmiş, əlavə olaraq 1840-cı ildən Daxili İşlər Nazirliyinin statistika şöbəsinin müxbir üzvü kimi fəaliyyət göstərmişdir. İ. İ. Şopen 1870-ci ildə Peterburqda vəfat etmişdir.
İ.İ.Şopen İrəvan, Naxçıvan, qismən də Qafqazın digər ibzibati - ərazi vahidlərinə aid yazdığı əsərləri ilə hələ yaşadığı dövrdə yaxşı tanınmışdır. Yazdığı əsərlər içərisində həcmi, quruluş xüsusiyyətləri, bəhs olunan məsələlərin genişliyi ilə tədqiqatçıların diqqətini daha cox cəlb edəni “İstoriçeskiy pamyatnik sostoyanie Armyanskoy oblasti v epoxu ee prisoedineni k Rossiyskiy imperii ” əsəridir. Əsər çar Rusiyasının yüksək Demidov mükafatının tam olmayan dərəcəsi ilə təltif olunmuşdur.
Qeyd edək ki, İ. İ. Şopenin verdiyi məlumata əsasən İrəvan şəhərində XIX əsrin iyirminci illərinin sonlarına yaxın 8 məscid fəaliyyət göstərmişdir. Bu məscidlərdən ikisi qalanın içərisində yeləşirdi ki, onlar müharibə şəraitrinə uyğunlaşdırılmış tikililər kimi istifadə olunurmuş. Bu haqda müəllif yazırdı: “İrəvan qalasında iki məscid yerləşir, onlardan biri cəbbəxana, silah anbarı kimi istifadə edilir, digəri ərzaq anbarı kimi”.. Digər 6 məsçid isə şəhərin qala ətrafı yerlərində fəaliyyət göstərirdi ki, onlar aşağıdakılardan ibarət olmuşdur:
1. Zal xan məscidi
2. Novruz Əli bəy məscidi
(ardı var)
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info