Tarixin və zamanın hökmü
Tarix: 04.09.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Tarixi şəxsiyyətlər mənsub olduğu xalqın yaddaşında hər zaman yaşayır. Ancaq elə şəxsiyyətlər də var ki, onların xidmətləri daha fenomenal xarakter daşıyır. Bu mənada, xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi fəaliyyəti, sadəcə, bir ölkə üçün yox, həm də bəşəri dəyərləri ilə seçilir. Görkəmli dövlət xadiminin 1990-cı il iyulun 22-də Moskvadan Bakıya, oradan isə doğma yurdu Naxçıvana gəlişi sonralar özünün də söylədiyi kimi, tarixin və zamanın hökmü idi. Azərbaycanın ən yeni tarixində mürəkkəb proseslərin getdiyi həmin vaxtda qədim Naxçıvan diyarında Ümummilli Liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildiyi gün bu hökmün yəqinliyini ötən dövrdə hər kəsə sübut etdi. Müstəqilliyini yenicə qazanmış bir ölkənin tarixin təlatümlü burulğanından qurtarmaq missiyasının başlanğıcı olan 1991-ci ilin 3 sentyabrı, eyni zamanda, milli dövlətçiliyimizin əsaslarının qoyulduğu, xalqımızın var olma, özünü dünyada təsdiq etmək kimi arzu və amallarının başlanğıc tarixi idi. Ümummilli liderimiz Heydər Əliyev məhz həmin tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada on minlərlə naxçıvanlının təkidi ilə Ali Məclisin Sədri seçilmişdi. Sessiyadakı ilk çıxışında ulu öndər öz taleyini xalqa tapşırdığını bildirərək demişdi: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”. Bu elə bir dövr idi ki, ölkəmizin əsas torpaqlarından ayrı düşmüş Naxçıvan tamamilə taleyin ümidinə buraxılmış, muxtar respublikanın ətraf aləmlə bütün kommunikasiya-nəqliyyat əlaqələri kəsilmiş, sabahkı günə inam qalmamışdı. Xalqın yeganə təsəllisi böyük öndərin Naxçıvanda xalqı ilə bir yerdə olması idi. Ali Məclisin Sədri kimi yorulmaq bilmədən çalışan ümummilli lider Heydər Əliyev real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başlamışdır. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olunmuş, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ulu öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradılmış, Naxçıvanın müdafiə potensialı gücləndirilmiş, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyulmuşdur. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varislik ənənələri ilk dəfə Naxçıvanda bərpa olunub. Bunun da təməlində həm bəşəri, həm də milli dəyərləri özündə birləşdirən müasir müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinə başlanılıb.
Ümummilli liderimiz Heydər Əliyev Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləmişdir. Çünki xalq arasında sağlam ideologiyaya əsaslanan birlik olmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildir. 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Bu qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olunmuşdur. Bu dövrdə Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmış, ulu öndər 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etmiş, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmışdı. İmzalanan protokollara əsasən, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuş, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək və Culfa gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdı. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başlamışdır. Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, böhranlı illərin gələcək inkişafa ünvanlanmış bu islahatları aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amilə çevrilmiş, Azərbaycanda torpaq islahatına məhz Naxçıvandan başlanılmışdır. 1992-ci il noyabrın 21-də Naxçıvanda ölkəmizin ictimai-siyasi həyatı, ümumilikdə isə müstəqil Azərbaycanın gələcəyi üçün mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının əsası qoyulub. Dövrün, zamanın çağırışlarına cavab vermək məqsədilə yaradılan Yeni Azərbaycan Partiyası xalqın arzu və istəklərinin reallaşdırılması üçün qısa zaman ərzində böyük nüfuz qazanıb. Ulu öndərin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inam hissini alovlandırmışdı. Azərbaycanın digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğlu Heydər Əliyevə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Xalqın inamının və sevgisinin əyani ifadəsi olan bu məktublarda, teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalığından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. Ulu öndər Heydər Əliyev təkcə Naxçıvanda yox, Azərbaycanın digər regionlarında yaşayan həmvətənlərimizin də dərdlərinə şərik olmuş, onların problemlərinin həlli istiqamətində səy və bacarığını əsirgəməmişdir. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.07.2018
Heydər Əliyev: Jurnalistlərin ən yaxin dostu
15.07.2018
Keyn şokdadır...
28.06.2018
Messi mühasirədə
30.05.2018
Cənub Qaz Dəhlizi açıldı
10.05.2018
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info