Bu gün müxalifətdə olan bir çox partiya liderləri, xüsusən AXCP və Müsavat partiyasının sədrləri özlərini Elçibəyin varisləri adlandırırlar. Lakin tarixə diqqət yetirdiyimiz zaman faktlar bizə bunun əksini deyir. Tarixi faktlardan məlum olur ki, Elçibəyə yaxın olan adamlardan bir çoxunun onun uğursuzluğa düçar olmasında rolu olub. Belə ki, əvvəllər AXCP-də təmsil olunan şəxslərin mətbuatda verdikləri açıqlamalara görə, 1997-2000-ci illərdə Əli Kərimli partiya sədrinin müavini vəzifəsində çalışdığı zaman Elçibəy haqqında yazılan ən iyrənc yazıların sifarişçisi olub. Vaxtilə Elçibəyə xəyanət edənlərin indi onun adından özlərinin siyasi məqsədləri üçün istifadə etmələri heç də təəccüblü deyil.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə aşağıdakı məqamlara toxundu: “Buna tamamilə təbii baxıram. Lakin burada bir qəribəlik var. 1998-ci ildə baş tutan prezident seçkilərində Əbülfəz Elçibəy İsa Qəmbərdən nə qədər xahiş etdi ki, ona müxalifətin vahid namizədi olmağa imkan versin. Lakin İsa Qəmbər razı olmadı. O da bunun Elçibəyin son şansı olduğunu bilə-bilə prezidentliyə namizədliyini irəli sürdü. Ona ən yaxın olan adamlar ona düşmən kəsildi. Elçibəy o dövrdə prezident olmaq istəmirdi, onu indiki davamçıları buna məbur etdilər. Elçibəy onları yox, onlar Elçibəyi idarə edirdilər. İndi də fəaliyyətlərinin əsas məqsədi müasir Azərbaycanı həmin çətin duruma düşürməkdir. “Tanınmış müxalifətçi jurnalist Mirzə Sakit isə özünün “Facebook” səhifəsində paylaşdığı “Elçibəyin cici varisləri” adlı yazısında müxalifət düşərgəsində olan bəzi partiyaların özünün Elçibəyin varisi adlandıraraq bir-biri ilə düşmənçilik etdiklərini qeyd edir: “Statistik hesablamalara görə bu gün Əbülfəz Elçibəyin 14 varisi var və həmin varislərin hamısı da Allaha şükürlər olsun ki, bir-biri ilə çox gözəl və səliqəli şəkildə düşmənçilik mövqelərində mismar kimi dayanıblar. Hər varisin də özlərinə məxsus kabinetlərində Elçibəyin iri portreti asılıb. Hərdən o varislər bir yerə toplaşırlar, hortuldada-hortuldada çay içərək bir-birilərinə baxışıb mehriban şəkildə dişlərini ağardırlar. Amma diqqətlə baxdıqda görürsən ki, onlar heç də dişlərini ağartmıllar, sadəcə qıcayırlar”.
Söhrab
|