“Demokratik dəyərlərin mənimsənilməsinin zəifliyi müxalifətdə konsensusa mane olur”
Tarix: 26.06.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


“Elələri də var ki, siyasi mövcudluğu yalnız seçkilərə bağlıdır”

Müsahibimiz Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimlidir. O, bizimlə söhbətində müxalifət düşərgəsində baş verən son proseslərdən danışdı.

- Müxalifətin radikal kəsimi arasındakı ziddiyyətlər seçki ərəfəsində daha da kəskinləşib və yeni çalarlarla davam edir. Ziddiyyətlərdən biri də namizədliklə bağlıdır. Siz bir siyasətçi olaraq həmin düşərgədən neçə namizədin çıxacağını proqnozlaşdırırsınz?
- Müxalifətin radikal kəsiminin birləşdiyi “milli şura” ilə bağlı məsələləri aydınlaşmaqdansa, əksinə, getdikcə müəmmalar daha da artır. Geniş xalq kütlələrinin səsini almaq istəyən istənilən bir birlik məqsədlərini daha sadə və asan başa düşülən şəkildə ictimaiyyətə çatdırmalıdır. Heç kimdə qaranlıq, əlavə sual yarada biləcək fikir formalaşmamalıdır. Amma indi “milli şura” ilə bağlı ictimaiyyət arasında onlarla cavablanması zəruri olan suallar var. Bunlardan biri də “vahid namizəd” məsələsidir. Demək olar ki, bununla bağlı hər hansı irəliləyiş hiss olunmur. Müzakirələrin uzanması müxtəlif fikirlərin ortaya çıxmasına səbəb olur. Müxalifət arasında “vahid namizəd”in müəyyənləşdiriləcəyi ilə bağlı yaranmaqda olan ruh yüksəkliyi və ümidlər artıq sönən istiqamətdə getməkdədir.

Mütəllim Rəhimli: “Müxalifətdə
iddiaları ilə qabiliyyətləri arasında çox böyük
fərq olan “lider”lər də var”



Həm də nəzərə alsaq ki, “milli şura”ya daxil olan bir çox qurumların sədrləri və müstəqil şəxslər əvvəlcədən öz namizədliklərini irəli sürəcəklərini bəyan ediblər, o halda bu birliyin daxilində vəziyyətin kifayət qədər mürəkkəb olduğu qənaətinə gələ bilərik. Əgər “vahid namizəd” məsələsində razılaşma əldə olunmasa və ya bu proses uzanarsa, “milli şura”dan daha çox namizədlər çıxacaq.
- Müxalifətin ümumilikdə müxtəlif qütbləri arasında seçki ərəfəsində konsensusun baş verməməsinin səbəbləri nədir?
- Azərbaycan müxalifəti olduqca pərakəndədir. Uzun illər birləşmək cəhdləri uğurlu nəticələr verməyib. Bu da onu göstərir ki, şəxsi maraqlar bir çox hallarda ictimai maraqları üstələyir. Bəzən isə müxalif düşərgədə hansısa qüvvələrə bağlılıq onları müstəqil, ümumi maraqlara xidmət edən addımlar atmaqdan yayındırır. Nəticədə belə bir vəziyyət yaranır ki, siyasi partiya və lider mənsub olduğu dövlətin və xalqın maraqlarını müdafiə etməkdənsə, tamamilə əks mövqedən çıxış edir. Biz çox təəssüf ki, respublikamızda bəzən bunu müşahidə edirik.
Digər tərəfdən, müxalifətdə, hər yerdə olduğu kimi, iddiaları ilə qabiliyyətləri arasında çox böyük fərq olan “lider”lər də vardır. Onlar belə hesab edirlər ki, başqalarının yaxşı keyfiyyətləri yoxdur və yalnız özləri prezident olmalıdır. Ona görə də heç vaxt güzəştə getmirlər. Bunu bir növ xəstəlik də adlandıra bilərik.
Bundan başqa elələri də var ki, siyasi mövcudluğu yalnız seçkilərə bağlıdır. Bunlar heç vaxt kiməsə güzəştə gedə bilməzlər. İddialarında geri çəkilmələri yalnız iqtisadi maraqlarının təmin olunduğu halda mümkündür. Beləliklə, şəxsi ambisiyalar ümumi işə ziyan vurmaqla təmin edilir.
Bunu da qeyd etmək lazımdır ki, müxalifət daxilində nüfuzları, reytinqləri bərabər olan partiya sədrləri var ki, bu parametrlər onların qarşılıqlı güzəşt imkanlarını sıfra endirir. Demokratik dəyərlərin və prinsiplərin mənimsənilməsinin zəifliyi də onların konsensusa gəlməsinə mane olur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır
15.11.2018
Yaponiya televiziyasında Azərbaycan haqqında xüsusi veriliş yayımlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info