Gənclər arasında narkomaniya əleyhinə şablon təbliğat aparılmamalıdır
Tarix: 26.06.2013 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Bakıda 26 iyun - “Narkotiklərin sui-istifadəsi və qanunsuz dövriyyəsi əleyhinə Beynəlxalq Gün” münasibətilə “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda konfrans keçirildi. Konfrans Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunan konfransda gənclər və idman nazirinin müavini İntiqam Babayev, Daxili İşlər Nazirliyinin idarə rəisi Həzi Aslanov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bir sıra deputatlar və QHT nümayəndələri iştirak edirdi.
Dünyada narkotiklər əleyhinə xüsusi kampaniya başlayır

Konfransda çıxış edən Milli Ofisin rəhbəri Məzahir Əfəndiyev bildirdi ki, Azərbaycanda narkotiklə mübarizə istiqamətində 1996-cı ildən etibarən mühüm işlər görülüb: “İstər Narkomaniya ilə mübarizə komissiyası, istərsə də dövlət orqanları tərəfindən narkotiklərlə mübarizə sahəsində müvafiq işlər həyata keçirilib. Bugünlərdə ölkə başçısı tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncam da bu sahədə mühüm addımlardandır”. Azərbaycanda son illər aparılan bu işlərlə yanaşı, narkomaniya ilə bağlı problemin də olduğunu deyən M.Əfəndiyev statistikanı açıqlayaraq bildirdi ki, Azərbaycanda ötən il ərzində hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni dövriyyədən 1 ton 371 kiloqram narkotik vasitə çıxarılaraq məhv edilib. Bu gün ölkə üzrə narkotik istifadəçilərinin sayı 27 910 nəfər təşkil edir ki, onların da 21 999 nəfəri dispanser, 5911 nəfəri profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir. Rəsmi statistika son 5 ildə narkotiklərdən istifadədə yaş həddinin 30-dan 17-yə düşdüyünü göstərir. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə etməsi hallarına rast gəlinib. M.Əfəndiyev qeyd etdi ki, bunu qismən də olsa, aradan qaldırmaq və xəstəliyin bütün insanları cənginə almaması üçün beynəlxalq təcrübədə əsas istiqamətdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düzgün, effektiv aparılması vacibdir. M.Əfəndiyev bildirdi ki, İyunun 26-dan etibarən dünyada Birləşmiş Millətlər Təşkilatı tərəfindən narkotiklər əleyhinə xüsusi kampaniya başlayır. O qeyd etdi ki, bütün məsələlərdə qabaqcıl fikirlərini ortaya qoyan Azərbaycan bu kampaniyada da bilavasitə iştirak edəcək. M. Əfəndiyev bildirdi ki, Azərbaycan da bugünkü tədbir vasitəsilə bu qlobal problemin həllindən kənarda qalmadığını və kampaniyaya qoşulduğunu elan edir: “Əminik ki, istər Azərbaycanda, istərsə də dünyada düzgün maarifləndirmə və təbliğat metodları işləyib hazırlamaqla bu kampaniya çərçivəsində narkomaniya ilə mübarizə sahəsində hər kəs öz töhfəsini verəcək. Hər il BMT bu sahədə xüsusi sloqan qəbul edir. Builki sloqan isə belədir: “Həyatınızın yeni pilləsini sağlam edin, narkotiklərə yox deyin”. M. Əfəndiyevin sözlərinə görə, iyunun 26-da Vyanada keçiriləcək iclasda Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi dünyadakı durumu əks etdirən hesabat açıqlayacaq.

Dünya əhalisinin 0,6 faizi narkotik istifadəçisidir


BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk bildirdi ki, BMT-nin Qlobal Narkotik Hesabatına görə, ötən il 230 milyon insan, yəni dünyanın 5 faizi narkotiklərdən ən azı bir dəfə istifadə edib. Onun sözlərinə görə, narkotik istifadəçilərinin 15 milyon nəfəri narkotik asılılığı olanlardır: “Ötən il dünya əhalisinin 1,3 faizi, təxminən 15-64 yaş arası insan narkotik istifadəsindən həyatını itirib. Narkotik istifadəçilərinin 40 faizi Hepatit C xəstəliyindən əziyyət çəkir. Bunların da çoxu HİV-lə yaşayanlardır”. BMT rəsmisi bu xəstəliklə bağlı Azərbaycandakı vəziyyətə də toxunaraq qeyd etdi ki, Azərbaycanın cəzaçəkmə müəssisələrində HİV-ə yoluxanların sayı 2,5 faizdən 5,8 faizə qalxıb: “Bu gün Azərbaycanın böyük narkotik tranzitinin üzərində yerləşməsi ölkədə narkotikdən istifadənin və alverinin artmasına ciddi təsir göstərir. Lakin bununla yanaşı, Azərbaycan narkotik və onun istifadəçilərinə qarşı böyük mübarizə elan edib. Hüquq-mühafizə orqanlarının atdığı addımlar bunu bir daha təsdiq edir”.

Azərbaycanda narkotiklərlə bağlı
cinayətlərin sayı ötən illərlə müqayisədə azalıb


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirdi ki, Azərbaycanda narkotiklərlə bağlı cinayətlərin sayı ötən illərlə müqayisədə azalıb. Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu sahədə azalma tendensiyası müşahidə olunur: "Azərbaycanda narkotiklərlə mübarizə hazırda göz qabağındadır. Daxili işlər Nazirliyi müəyyən cinayətlərdə olduğu kimi, narkotiklərlə mübarizədə də milli əlaqələndirici orqandır”. İdarə rəisi qeyd etdi ki, hazırda DİN digər hüquq-mühafizə orqanları ilə sıx əlaqə yaradaraq bu istiqamətdə mübarizə aparır və bu işlər getdikcə daha da gücləndiriləcək.
“Bir çox ölkələrdən fərqli olaraq gənclər arasında narkomaniya
daha az yayılıb”


Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirdi ki, Azərbaycanda bir çox ölkələrdən fərqli olaraq gənclər arasında narkomaniya daha az yayılıb: “Amma biz dəvəquşu kimi başımızı aşağı salıb "bizdə hər şey əladır" deməməliyik. Əgər heç bir iş, tədbir görülməsə, biz də həmin ölkələrə çatıb, hətta onları da ötə bilərik.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclər arasında sağlam həyat tərzinin təbliği nəzərdə tutulur. O çərçivədə ölkədə gənclər arasında narkomaniyanın yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “Gənclər və İdman Nazirliyi cəza verən struktur deyil. Biz yalnız təbliğat apara bilərik. Çalışırıq ki, gənclər arasında sağlam həyat tərzini təbliğ edək. Amma nəzərə alsaq ki, müasir gənclər 10 il bundan qabaqkı gənclərdən kəskin şəkildə fərqlənirlər, çalışırıq ki, bu tədbirlər şablon olmasın. Hansısa bir yaşlı professor və ya digər bir ağıllı insan çıxıb kürsüdən onlara öyüd-nəsihət verəndə ki uşaqlar düz yola gəlin, bu tam effektli olmur. Bunlar da olmalıdır. Amma müasir gənc artıq ona başa düşülməyən dildə, kitab dilində müraciət ediləndə, bir müddətdən sonra keçir sosial şəbəkələrə və artıq həmin o məruzəçinin özünü müzakirəyə qoyur. Ona görə də çalışmaq lazımdır ki, layihələr gənclərin öz iştirakı ilə olsun. Onlara maraqlı olsun və şüuraltı olaraq dərk edilsin. Yəni müasir metodlardan istifadə edilməlidir. Çox təəssüf ki, bəzi təşkilatlar narkomaniyaya qarşı əks-təbliğat aparmağı qarşıya məqsəd qoyurlar, amma düzgün metod seçməyəndə, bir də görürsən ki, onun təbliğatçısına çevrilirlər". Nazir müavinin fikrincə, təbliğat metodları elə olmalıdır ki, hədəfə dəysin. Naşı təbliğat aparılarsa, sadəcə qarşısına işarə qoymaq xatirinə tədbir keçirilərsə, bu, əksinə, mənfi nəticə verə bilər. Ona görə hər şey peşəkar səviyyədə olmalı və hamı bu məsələdə əl-ələ verməlidir: “Çünki ayrıca hansısa bir nazirlik, təşkilat və ya beynəlxalq qurum bu bəla ilə təkbaşına mübarizə apara bilməz. Bu mövzu hazırda çox aktualdır və çox təəssüf ki, hələ uzun illər aktual olaraq da qalacaq”. İ.Babayev onu da bildirdi ki, bugünlərdə ölkə başçısı tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamın imzalanması bu mövzuya dövlət səviyyəsində diqqətin bariz nümunəsidir.


Kütləvi idman narkomaniya ilə
mübarizədə faydalı ola bilər

Millət vəkili Əli Hüseynlinin sözlərinə görə, qanunvericilik sahəsində əldə etdiyimiz nailiyyət ondan ibarətdir ki, narkotik vasitələrin dövriyyəsi haqqında qanun qəbul edilib: “Azərbaycan bu sahədə beynəlxalq konvensiyalara qoşulan ilk ölkələrdəndir. Beləliklə, hüquqi baxımdan bizim yaxşı bazamız var. Amma iş yalnız problemin qanunvericiliklə tənzimlənməsi, qanunların tətbiqində deyil. Narkomaniya və ona qarşı mübarizə sosial və mədəni bir problemdir. Hesab edirəm ki, bütün narkomaniyaya düçar olanlar gənclik illərində düçar olurlar. Ona görə narkomaniya ilk növbədə gənclərlə bağlı olan bir problemdir. Amma təhlükəli hal ondan ibarətdir ki, narkomaniya dünyada yetkinlik yaşına çatmayanların probleminə çevrilib. Eyni zamanda müasir hüquq elmi göstərir ki, əgər ənənəvi olaraq keçid dövründə iqtisadi baxımdan az inkişaf etmiş ölkələrdə narkomaniya problem idisə, artıq müəyyən rifah halına çatmış ölkələr üçün də narkomaniya problemdir. Beləliklə, iqtisadi baxımdan inkişaf etmiş ölkələr belə, bu bəladan kənardan qala bilmir, bəzi hallarda narkomaniyanın səviyyəsi iqtisadi uğurlar əldə etmiş ölkələrdə də mövcuddur. Hesab edirəm ki, gənclər ilk növbədə ancaq yaxşı şəxs nümunəsi ilə vəziyyəti dəyişdirə bilərlər”. Bu sahədə problemlərə toxunan millət vəkili bildirdi ki, hələlik cəmiyyətimizdə sağlam həyat tərzi, yaxşı vərdişlərin təbliği gənclərimizi çox da maraqlandırmır: “Ölkəmiz son illər peşəkar idmanda böyük uğurlar əldə etməsinə baxmayaraq, kütləvi idman növlərində ciddi geriləmə var. Ümumiyyətlə, gənclər, əhali arasında kütləvi idman növləri dəbdə deyil, ümumiyyətlə, idman kütləvi deyil. Təəssüf ki, orta məktəblərdə, bir sıra hallarda ali məktəblərdə idman dərsi və idman vərdişləri mövcud deyil. Hesab edirəm ki, indiki mərhələdə idmanı orta və ali məktəblərdə bərpa etmək lazımdır. Gənclər üçün zərərli əyləncələrdən fərqli, yeni vərdişlərin təbliği vacibdir. O isə kütləvi idmandır ki, narkomaniya ilə mübarizədə faydalı ola bilər”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info