“Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır”
Tarix: 05.09.2018 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərindəki Çingiz Aytmatov adına “Rux Ordo” Mədəniyyət Mərkəzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Zirvə görüşü keçirilib. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Zirvə görüşündə iştirak edib. Prezident İlham Əliyev Sammitdə çıxışının böyük hissəsini Dağlıq Qarabağ münaqişəsinə həsr edib. Prezident deyib ki, regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır: “Çünki indiki dünyada yeni risklər, təhdidlər yaranır, yeni münaqişə, müharibə ocaqları alovlanır. Azərbaycan uzun illərdir ki, Ermənistanın işğalından əziyyət çəkir. İyirmi ildən çoxdur ki, beynəlxalq birlik tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt olunub, bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın və köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, hərbi cinayətlər, Xocalı soyqırımı törədilib. Bu gün 10-dan çox ölkə Xocalı soyqırımını rəsmən tanıyır. Bir gecədə 600-dən çox günahsız insan, onların arasında 100-dən çox qadın, 60-dan çox uşaq ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib, mindən çox insan itkin düşüb. Onların taleyi haqqında heç bir məlumat yoxdur. İşğal edilmiş torpaqlarda Ermənistan bizim bütün tarixi, dini abidələrimizi, məscidlərimizi, əcdadlarımızın qəbirlərini dağıdıb, maddi sərvətlərimiz Ermənistan tərəfindən talan edilib. Bu, hərbi cinayətdir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidirlər və verirlər”.
Dövlət başçısı bildirib ki, 20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim çökdü və bu gün bizim dediyimizi erməni xalqı deyir: “Ümid edirik ki, Ermənistanın yeni rəhbərliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutacaq, tezliklə bizim torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və bölgədə sülh və əməkdaşlıq yaranacaqdır.
Onu da qeyd etməliyəm ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır, BMT Təhlükəsizlik Şurası - dünyanın ən ali orqanı münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması haqqında çox dəqiq müddəalar var və münaqişə, əlbəttə ki, bu prinsiplər əsasında öz həllini tapmalıdır. Digər beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti oxşar qərar və qətnamələr qəbul etmişlər. Bu, münaqişənin həlli üçün əsas hüquqi bazadır”.

“Ermənistan 2016-cı ilin aprelindəkindən daha dəhşətli bir reallıqla üzləşəcək”


Ölkə başçısının bu fikirləri ilə bağlı millət vəkili Sahib Alıyev “Azadinform”a açıqlama verib. O deyib ki, dövlət başçımız Ermənistanın yeni rəhbərliyinin konstruktiv mövqe tutacağına ümid etdiyini deyərkən heç də bunu Nikol Paşinyan kimi populist və səbatsız bir adama dayanaraq dilə gətirmir. S. Alıyevin fikrincə, onun bu ümidinin kökündə Ermənistan üzərində böyük və müəyyən qədər təsiri olan iki dövlətin, Rusiya ilə Almaniyanın rəhbərlərinin - Putinlə Merkelin problemin həllində səy göstərəcəkləri haqda vədləri durur: “Düzdür, Soçi görüşündən sonra Putin bu haqda açıqlama verərkən konkretliyə varmadan "Minsk qrupunun həmsədri kimi Rusiya bu münaqişənin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcək" deməklə kifayətlənmişdi. Almaniya Kansleri isə Bakıda olarkən Dağlıq Qarabağ problemindən danışarkən belə bir açıqlamada bulunmuşdu - "Ermənistanda yeni hökumətin qurulması faktı, bəlkə də bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, danışıqlara təkan verilməsinə səbəb ola bilər və Almaniya da burada iştirak edə bilər". Təbii ki, bağlı qapılar arxasındakı görüşdə onlar bununla bağlı daha detallı və açıq danışırlar. Azərbaycanın dövlət başçısı da onlara ümid bəslədiyini deyir. Və Nikol Paşinyanın özündən çox Angela Merkelə jest edərək ona öz təbirincə desək, "20 il ərzində Ermənistana rəhbərlik etmiş kriminal rejim"in başında duranlardan fərqli yanaşma sərgiləyə biləcəyini ortaya qoyur. Ancaq bir şərtlə - yeni hay baş nazir danışıqlara, özü də konstruktiv danışıqlara hazır olduğunu tez bir zamanda göstərsin”.
Millət vəkili hesab edir ki, bu, populistlik yox, məsuliyyətli davranış və fədakarlıq tələb edir: “Əgər Paşinyan ona verilən bu fürsətdən faydalanmasa, ən yaxşı halda hakimiyyətdən gedişi sürətlənəcək. Ən pis variant isə odur ki, Ermənistan, eləcə də onun rəhbərliyi 2016-cı ilin aprelindəkindən daha dəhşətli bir reallıqla üzləşəcək və ola da bilsin, Dağlıq Qarabağdan göndərilən "200 saylı yük"lərdən biri də paşinyanların evinə gedəcək”.

“Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi provokasiyadır”

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Nikol Paşinyanın Qarabağa səfərinə münasibət bildirib: “Ermənistanın baş naziri Nikol Paşinyanın mütəmadi olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi kimi addımlar bilavasitə provokasiya kimi qiymətləndirilir. Bunlar heç bir halda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə xidmət edəcək addımlar deyildir. Əksinə bunlar vəziyyətin daha da gərginləşməsinə xidmət edir” (SİA). XİN sözçüsünün sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə əlaqədar məlum dörd qətnaməsi vardır: “Bu qətnamədə də münaqişənin həllinin siyasi, hüquqi əsasları öz təsdiqini tapıb. İlk növbədə qeyd etməliyik ki, bu kimi məsuliyyət bilavasitə Ermənistan dövlətinin üzərinə düşür. Ermənistan dövləti BMT Nizamnaməsindən irəli gələn və beynəlxalq birliyin qətnamə və prinsiplərindən irəli gələn öhdəliklərini yerinə yetirməlidir ki, amma bunları indiyə qədər etmir”.

“Ərdoğanın Türk Şurasında Dağlıq Qarabağdan danışması qardaş ölkənin bu məsələdə hər zaman yanımızda olduğunu bir daha sübut etdi”
Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov deyib ki, dost və qardaş ölkələr olan Türkiyə və Azərbaycanı tarixi yaxınlıq və eyni milli dəyərlər birləşdirir: “Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir. Çünki bu ölkələri bir-birinin problemlərinə diqqət və qayğı, səmimiyyət, qardaşlığın, milli birliyin genetik kodları birləşdirir. Azərbaycanın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən ümummilli lider Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdəki kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Türkiyə dövləti ilə münasibətləri daha da inkişaf etdirərək, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsinə qalxmasında əhəmiyyətli rol oynadı.
Hikmət Şikarov bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitindəki çıxışında Dağlıq Qarabağ münaqişəsini qaldırması bir daha Türkiyənin dost ölkə kimi hər zaman Azərbaycanın yanında olduğunu sübut etdi. “Dağlıq Qarabağ mövzusundakı mövqeyimiz, düşüncəmiz və mübarizəmizin bir olması yaxın illərdə regionda iki qardaş ölkənin timsalında güc mərkəzlərinin yaranacağını özündə ehtiva edir”, deyə o əlavə edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”
14.09.2018
İspaniya mediası: “BMT qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərini tərk etməlidir”
13.09.2018
“Washington Times“: “Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir
12.09.2018
ATƏT Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoymalıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info