Yaponiya və Azərbaycan arasında əlaqələrin inkişafına töhfə vermək mənim üçün şərəfdir
Tarix: 05.09.2018 | Saat: 13:28:00 | E-mail | Çapa göndər



Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycana rəsmi səfəri ərəfəsində iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini bildirib. AZƏRTAC Yaponiyanın Azərbaycandakı səfirliyinə istinadla nazirin qeydlərini təqdim edir:

Mən, Yaponiyanın xarici işlər naziri olaraq sentyabrın 5-6-da 19 illik fasilədən sonra Azərbaycana rəsmi səfər edəcəyəm. Ötən il Yaponiya ilə Qafqaz regionu ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olub. Bununla əlaqədar bu regiona şəxsən ayaq basmaq, Yaponiya və Azərbaycan arasında əlaqələrin daha da inkişafına töhfə vermək mənim üçün şərəfdir və buna çox şadam. Xüsusilə, faydalı qazıntılarla zəngin olan, beynəlxalq enerji təhlükəsizliyində əsas rollardan birini oynayan Azərbaycan ilə əlaqələrin daha da möhkəmləndirilməsi Yaponiya üçün olduqca vacibdir.
Yaponiya ilə Azərbaycan arasında iki ölkəni birləşdirən bir neçə məqam var. Məsələn, Yaponiyanın maliyyə dəstəyi ilə inşa edilmiş “Şimal 1” DRES layihəsi Azərbaycanın daxili enerji istehlakının təxmini 10 faizini təmin edir və azərbaycanlıların rifahına və iqtisadi inkişafa dəstək olur. Eləcə də Bakıda və İsmayıllı rayonunda salınmış gözəl yapon bağları əhalinin istirahət məkanına çevrilib. Bundan başqa, Yaponiyanın “Fuci Meqane” şirkəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) ilə əməkdaşlığı çərçivəsində 2005-ci ildən başlayaraq hər il Azərbaycana səfər edir, ölkədəki qaçqın və məcburi köçkünlərə yardım məqsədilə eynəklərin hədiyyə olunması kimi aktiv yardım fəaliyyəti həyata keçirir. Bu ilin iyul ayında da şirkət 2800-dən çox insanın görmə qabiliyyətinin müayinəsini həyata keçirib, 2000-dən çox eynək hədiyyə edib. Şirkət Yaponiyada da bu nailiyyətlərinə görə 2017-ci ildə orden ilə təltif olunub. Səfər vasitəsilə iki ölkə arasındakı bu əlaqələr haqqında Azərbaycan və Yaponiya ictimaiyyətini, eyni zamanda, bütün dünyanı məlumatlandırmaq şansı olduğu üçün çox şadam.
Qafqaz regionu şimal, cənub, şərq və qərb dünyasını birləşdirən “Kəsişmə nöqtəsidir”. Bu regionun sabitliyi təkcə regionun maraq dairəsində olmayıb, beynəlxalq aləmin sülh və təhlükəsizliyi ilə də birbaşa bağlıdır. Qafqaz regionunun qərbində Avropa, şərqində isə Xəzər dənizinin qarşı sahilində Mərkəzi Asiya, ən uzaq nöqtəsində isə Yaponiyanın da daxil olduğu Şərqi Asiyanın böyük iqtisadi zonası yerləşir. Mən, Asiya ilə Avropanın birləşmə nöqtəsi kimi vacib rolu olan Qafqaz regionunun müstəqil şəkildə inkişafı üçün əməkdaşlığın genişləndirilməsi barədə düşünürəm.  
Qafqaz regionuna Yaponiyanın indiyədək olan yanaşmasında daim çalışdığı və bundan sonrakı yanaşmasında da vacib məqam regionun “Müstəqil inkişafı”na yönəlmiş ölkə quruculuğunun dəstəklənməsidir. Bu, XIX əsrin ortalarında Yaponiya açıq ölkə elan olunduqdan sonra Yaponiyanın “Müstəqil inkişafı” üçün atılan addımlar zamanı qazanılmış təcrübə və dərslərin Qafqaz regionu ilə də paylaşılmasıdır. Yaponiya olaraq, aşağıdakı iki bünövrə üzərindən Qafqaz regionunun “Müstəqil inkişafı”nı dəstəkləməyi düşünürük.
Birinci bünövrə insan resurslarının yetişdirilməsidir. Dövlət quruculuğu insan resurslarının yetişdirilməsindən başlanır. İnsanlar yalnız infrastruktur və siyasi sistemi mənimsədikdən sonra ona tam yiyələnə bilərlər. Yaponiya 150 il öncə yeni ölkə quruculuğuna başlayan zaman əsas güc sərf etdiyi məqam dünyadakı ən son bilik və texnologiyaları mənimsəyərək, onları Yaponiyaya gətirə biləcək insan resurslarının yetişdirilməsi olub. Region olaraq Qafqaz üçün Yaponiya təcrübəsinin bölüşdürülməsində də bu regiona məlumatların ötürülməsində vasitəçilik edəcək insan resursları önəmlidir.
Yaponiyanın dövlət quruculuğunda daim önəm verdiyimiz məsələlərdən biri “qanunun aliliyi”dir. Dövlət quruculuğunda ədalət və öngörənliyi qoruyan hüquq və onun carçısı olan bacarıqlı hüquqşünaslardır. “Qanunun aliliyi” carçısı olacaq hüquqşünasların yetişdirilməsi dövlət quruculuğunun əsasıdır. Yaponiya ölkəyə dəvət, mübadilə proqramları kimi müxtəlif vasitələrlə Qafqaz regionunun gənc hüquqşünaslarının yetişdirilməsinə dəstəyi davam etdirir.
Eyni zamanda, Qafqazda bu region ilə Yaponiyanı birləşdirən körpü rolu oynayacaq yaponiyasevərlərin yetişdirilməsinə də önəm veririk. Bu mövqedən çıxış edərək, yapon dilinin tədrisinə dəstək, Azərbaycan telekanallarında yayımlanması arzu olunan “İnuyaşa” animasiya filmlərinin nümayişi kimi Yaponiyanın yayım materiallarının təqdim olunması təşəbbüslərini davam etdirəcəyik.
Bundan əlavə, Azərbaycanın səhiyyə, su resursları və təbii fəlakətlərdən qorunma, sosial təhlükəsizlik, nəqliyyat və daşınma, enerji resursları, iqtisadi siyasət sahələri, özəl sektorun, kənd təsərrüfatı və fermer təsərrüfatlarının inkişafı kimi sahələri üçün Yaponiyada təcrübə proqramları təşkil edilir. INPEX və ya JCG Korporasiyası kimi yapon şirkətləri tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) gənc əməkdaşları üçün təcrübə proqramlarının təşkil olunması ilə dövlət və özəl sektor olaraq insan resurslarının yetişdirilməsinə birgə dəstək veririk.
Bu kadrların əsas məqsədi infrastruktur, biznes üçün əlverişli mühitin yaradılması, digər ölkələrdən investisiya axınının olacağı “Daha da cəlbedici Qafqazın” yaradılması olmalıdır. Bu isə ikinci bünövrəni təşkil edir.
İndiyədək böyük əhəmiyyətə və geniş potensiala malik Qafqaz regionunda sabitliyin, demokratiyanın, sosial-iqtisadi inkişafa və bazar iqtisadiyyatının inkişafına Yaponiya da dəstək olub. Bir qədər öncə qeyd etdiyim “Şimal 1” layihəsinin inşasından başqa, Yaponiya məktəblərin yenilənməsi, xəstəxanaların təmiri, su təchizatı və ya tullantıların emalı, suvarma sistemi avadanlıqlarının təkmilləşdirilməsi kimi layihələrlə Azərbaycanda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmiş dəstək həyata keçirib. Bundan əlavə, mərhum prezident Heydər Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “Azəri-Çıraq-Günəşli” neft yataqlarının istismarı ilə bağlı olan “Əsrin müqaviləsi” razılaşmasında Yaponiya şirkətləri də iştirak edib, indiyədək Azərbaycan hökuməti ilə birlikdə ölkənin əsas sənaye sahələrindən biri olan enerji sektorunun inkişafına töhfələr verib. Bütün bunlar Yaponiyanın Azərbaycanın inkişafına daim yaxından dəstək olduğunu göstərən sübutlardandır.
Bu cür baza infrastrukturun təkmilləşdirilməsinə dəstəkdən əlavə, Yaponiya ilə Qafqaz regionu ölkələri arasında investisiya sazişlərinin reallaşmasına da önəm veririk. Bu səfər çərçivəsində Azərbaycan ilə də investisiya razılaşmasına dair əhəmiyyətli danışıqlar olacağına ümid edirəm. İnvestisiya razılaşmaları ilə ölkələrə investisiya yatıracaq yapon şirkətləri üçün ədalətlilik və öngörənlik sistemi təmin olunur və Yaponiyadan investisiya cəlb edilməsi üçün zəmin yaranır. Təkcə bu zəminin yaradılması deyil, bu fəaliyyətin biliklərini Qafqaz regionu ölkələrinin mütəxəssisləri ilə bölüşmək nəzərdə tutulur. Yaponiya Qafqaz ölkələrinə investisiya razılaşması, investisiya arbitrajı sahələrində bu ölkələrin hökumət işçilərinin təhsilinə yönəlmiş fəaliyyətləri dəstəkləyir.
Biznesin genişlənməsi insanların qarşılıqlı gediş-gəlişinin də artmasına gətirib çıxarır. Qafqaz regionu ölkələri vətəndaşlarının Yaponiyaya daha asan şəkildə səyahət etmələri üçün prosedurların asanlaşdırılmasını da sürətləndirəcəyik.
Bundan əlavə, “Şimal” buxar-qaz elektrik stansiyasının ikinci blokunun tikintisi davam etdirilir və onun bu il tamamlanması gözlənilir. Bu 400 meqavat gücə malik elektrik stansiyasının istismara verilməsi ilə enerji təminatı daha da sabitləşə və Azərbaycanın təşviq etdiyi iqtisadi çoxşaxəlilik üçün baza möhkəmləndirilə bilər. Regionların mərkəzi şəhərlərində su təchizatı və kanalizasiya sisteminə xidmət və nəzarət tədbirlərinə, idarəetmə sisteminin möhkəmləndirilməsinə yardım göstərməklə, Azərbaycanda geniş şəkildə gigiyenik və dayanıqlı yaşam şəraitinin təmin olunması üçün birgə əməkdaşlığı davam etdirəcəyik. Bundan əlavə, keçən il müddəti uzadılmış “Əsrin müqaviləsi” layihəsi üzrə enerji sektorundakı əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik
Yaponiya bu iki bünövrə üzərindən Qafqaz regionunun “Müstəqil inkişafı” prinsipini dəstəkləyəcəkdir. Bizim Azərbaycan və ya digər Qafqaz regionu ölkələri ilə olan əməkdaşlığımız lokal xarakter daşımır. Digər ölkələrin və beynəlxalq aləmin Qafqaz regionu ölkələri ilə həyata keçirdikləri əməkdaşlıqla sıx bağlanaraq pozitiv nəticələrə nail olunacağına ümid edirəm. Bu səfərin Yaponiya ilə Azərbaycan, eyni zamanda, Yaponiya ilə Qafqaz regionu ölkələri arasında münasibətlərin möhkəmləndirilməsində mühüm məqamlardan və qarşıdakı parlaq yolun ilk addımlarından biri olacağına inanıram.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info