Xalqa sədaqət nümunəsi
Tarix: 05.09.2018 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Masallı rayonunda xeyirxah əməlləri ilə yaxşı ad qoyan insanlardan biri də Asif Abbaszadədir. O, həyatı boyu saf, ülvi duyğulara tapınmaqla insanlığa, işığa dəstək vermiş, onun üçün ən şərəfli iş xalqa, vətənə layiqli xidmət olmuşdur. Ağlı, bacarığı, qəlbində daşıdığı sədaqəti həmişə onu başqalarından uca tutubdur. 37 il gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olan Asif müəllimi Uca Tanrı həm də dünyaya vicdanlı söz demək üçün gətirmişdir. Yəni yaxşı müəllim olduğu kimi, qələmə aldıqları da ictimai dəyərinə görə seçilir, oxucusunu düşündürməyi bacarır. Şeir yazır, tez-tez müxtəlif səpkili publisistik yazıları mətbuatda görünür. Və ilk məqaləsi “Çağırış” qəzetində çıxan gündən həqiqəti qələmə almaq məramına sadiq qalıb, indi də sadəliyi, bəşər övladını ucaldan insani keyfiyyətləri yazılarında özünü göstərir.
Əqidə, əməl adamı olan Asif Abbaszadə 1957-ci ildə Masallı rayonu, Dəmirçi kəndində dünyaya göz açmışdır. Parlaq xarakterində cəmləşən bütün gözəlliklər, yaxış dəyərlər lap uşaq yaşlarında qəlbinə, ruhuna hakim kəsilibdir. O, ləyaqətli bir nəslin nümayəndəsidir. Masallı torpağında halal əməyi ilə ad-san qazanan, zaman-zaman gələn nəsillər üçün mənəviyyat, kamillik, müdriklik örnəyi sayıla biləcək, hamının ehtiramla yad etdiyi Cahangir kişinin ilk övladıdır. Cahangir kişi adicə mexanizator olsa da, əsl xalq adamı kimi yaşadığı el-obada böyük sevgi sahibi olmuşdur. Atasının təmizliyi, kövrəkliyi, bütövlüyü, ağsaqqallığı, çörəkli olması Asif müəllimin də mənəvi, daxili aləmində özünə silinməz, əbədi yer etmişdir. Mənə elə gəlir ki, belə daxili uyğunluq övladın ata qarşısında müqəddəs borcudur.
Asif Abbaszadə Masallı rayonu, Bədəlan kənd orta məktəbini əla qiymətlərlə bitirib, gələcəyə inamla birinci qüvvəsini əmək meydanında sınamaq istəyir. Torpağına, daşına bağlandığı doğulduğu Dəmirçi kəndindəki M. Əzizbəyov sovxozunda əkib-becərənlərin sırasına qoşulur. Onda zəhmətkeşlik ailədən, kökdən gəldiyi üçün tez də nəyə qadir olduğunu göstərir. Necə deyərlər, bu sağlam əqidəli yeniyetmə xalqa sədaqətli xidməti həyat kredosuna çevirməklə, eləcə də üzərinə düşən sosial məsuliyyətə düzgün dəyər verməklə cəmiyyətdə mövqeyi artır. İnsanlara doğmalaşır, ona xoş münasibət göstərirlər. Elə bu vədələrdə Asif Rayon Hərbi Komissarlığının göndərişi əsasında sürücülük peşəsinə yiyələnir.
Asifin ikiillik hərbi xidməti də Azərbaycana yalnız başucalığı gətirir. Müxtəlif millətlər arasında milli dəyərləri özündə yaşadan keyfiyyətləri, vətən naminə həmişə öndə durması ilə seçilir, rəğbət qazanır. Əsgərlikdən qayıdan kimi təhsilə, elmə, yaradıcılığa marağı, ən əsası, bundan sonrakı həyatını elm yoluna bağlamaq niyyəti onu Lənkəran Pedaqoji Texnikumuna gətirir. İmtahanları inamla verərək texnikumun tələbəsi olur. Yaxşı müəllim olmaq üçün biliyini günü-gündən artırır. Nəticədə öyrənmək həvəsi, fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü tələbəlik dövründə onun adını şirin dillərə salır. Tələbəlik həyatını mənalı, uğurla başa vuran Asif Abbaszadəni 1981-ci ildə Dəmirçi kənd məktəbinə ixtisası üzrə-ibtidai sinif müəllimi təyin edirlər.
Gənc müəllim ilk gündən dərs dediyi fidanların ürəyinə yol tapmağı bacarır. Dərslərini o qədər canlı, maraqlı qurur ki, balacalar onu sinif otağından buraxmaq istəmirlər. Hər dəfə şagirdlərin qarşısına çıxanda vətən məhəbbəti dilindən düşmür. Qazandığı sevgiyə görə bütün eşqini, məhəbbətini öz sənətinə verir. Dərslərini yüksək səviyyədə tədris etməklə, bu varlığın, məbədgahın saflığı üçün çalışır. Ziyasından nur alan şagirdləri yazmağı, oxumağı öyrənib təpərli addımlarla elm və sənət dünyasına yol aldıqca Asif müəllimin nüfuzu artır, ona olan el məhəbbəti yerə-göyə sığışmır.
Ülfət bağladığı peşəsinə sonsuz sədaqət bəsləyən, həyatının mənasını onda görən Asif Abbaszadə bacarıqlı, pedaqoji sahədə yüksək səviyyəyə malik savadlı müəllim kimi rayonda hamının diqqət mərkəzinə düşür. Gənc olsa da, iş təcrübəsinə, daxildən gələn yaradıcılıq istedadına maraq göstərənlərin, yaxşı mənada qibtə edənlərin sayı da artır. Hər şeydən əvvəl, qabiliyyətini, pedaqoji fəaliyyətini nəzərə alıb Asif müəllimi 1983-1984-cü tədris ilində çalışdığı məktəbdə ibtidai sinif müəllimləri metodbirləşməsinin sədri seçirlər. Kollektiv tərəfindən göstərilən etimad gənc müəllimə qol-qanad verir, işinə daha da ürəklə yanaşır, dərslərində yeni təlim metodlarına üstünlük verir və xoşbəxt sabahlarımız naminə var-gücünü gənc nəslin təlim-tərbiyəsinə həsr edir. Eyni zamanda üzərində çalışmaqla, bir qayda olaraq, həmişə öyrənməyə can atan Asif Abbaszadə 1992-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təlim pedaqogikası və metodikası fakültəsini bitirir.
Hər əməlində insanlıq, vicdan saflığı duyulan Asif müəllimin pedaqoji məharəti, zəngin yaradıcılıq axtarışları, peşəsini kamil bilməsi onu arzu etdiyi mərtəbəyə qaldırıbdır. Millətinə fayda vermək amalı ilə müəllim işlədiyi müddətdə qazandığı çoxşaxəli uğurları onun əsl ziyalı olduğunu göstərir. Odur ki, Masallı, eləcə də ətraf rayonlarda həmkarları Asif müəllimi cəmiyyəti işıqlı sabahlara aparan dəyərli şəxsiyyət bilir, təhsilin dinamik inkişafına yönələn iş metodlarını həvəslə öyrənir, hər yerdə, hər zaman ünvanına səmimi, ürəkdən gələn sözlər söyləyirlər. Dəmirçi kənd məktəbinin direktoru Aytən Şükürova deyir: - “Asif Abbaszadə işini bilən, bu sahədə təmiz nüfuza malik təcrübəli pedaqoqdur. Yeniliyi çox xoşlayır. Dərslərinə daimi yaradıcılıq münasibəti göstərir, hər bir şagirdi öz doğma övladı bilir. Onun sinfində oxuyan uşaqlar öz bilik səviyyələrinə, vətənpərvər olmasına görə əsaslı şəkildə seçilirlər. Bu həssas qəlbli sinif müəllimin təhsil işçisinə yaraşan mənəvi keyfiyyətlərdən görüb-götürməyə dəyər. Biz ondan öyrənməklə milli təhsilimizin inkişafında çox şeylərə nail ola bilirik”.
Şərafət İsrafilov ( Masallı rayonu, Dəlləkoba məktəbinin müəllimi): - “Asif müəllim qeyri-adi qabiliyyəti, şəxsi keyfiyyətləri hesabına həm dərs dediyi məktəbdə, həm də ictimai həyatda nüfuzlu söz sahibidir. Rayonun elə təhsil ocağı yoxdur ki, orada onun zəngin pedaqoji təcrübəsi tətbiq edilməsin. Hansı işə başlayırsa, düzlüyü, halallığı əsas meyar götürür. Uzun illərdir sinif müəllimi işləyir. Bu illər biz yalnız onun xoş sorağını eşitmişik. Peşə borcuna daim məsuliyyətlə yanaşır, müqəddəs müəllim adına şərəf gətirir, xoşbəxtliyini məktəb divarları arasında axtarır. Sözün qısası, Asif müəllim ömrünü şagirdlərin təlim-tərbiyəsi və təhsili yolunda əritməklə rayonda yaxşı ad qoymuşdur. Mən bir qədər onun ictimai fəallığı barədə danışmaq istəyirəm. Yaxşı dərs dediyi kimi, bu sahədə də öndədir. Məktəb həmkarlar ittifaqı təşkilatının sədridir. Qayğıkeşliyi, xeyirxahlığı, yüksək əxlaqi dəyərləri işini vicdanla görməsində ona dayaq durur. 1991-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Lənkəran tədris-məsləhət məntəqəsində tərbiyə işləri üzrə tədris metodika kabinetinin, metodşuranın, eləcə də rayon Müəllimlər Şurası İdarə Heyətinin üzvüdür. 1993-cü ildən Azərbaycan Respublika Təhsil Problemləri İnstitutunun azsaylı xalqların dillərinin tədrisi metodikası şöbəsinin elmi müxbiri, noyabr 1999-cu ildən dissertantı olmuşdur. Təhsildən başqa, onun digər sahələrdə də fəaliyyəti görünür. Belə ki, dəfələrlə məntəqə seçki komissiyasının üzvü, sədri, katibi seçilib. Dəmirçi kənd bələdiyyəsi Ağsaqqallar şurasının katibi, bələdiyyə mətbuat xidmətinin rəhbəri olmuşdur. Yüksək siyasi düşüncəsi ilə Asif müəllim çox işləri yoluna qoymağa qadirdir. Ondan məsləhət almaq istəyənlər, kömək umanlar həmişə istəyinə çatırlar. Ümumiyyətlə, bizim Asif müəllim başqalarının səadəti üçün yorulmaq nədir bilmir”.
Valeh Həsənov (Gəyəçöl kənd məktəbinin müəllimi):- Mən Asif müəllimi çoxdan tanıyıram, onun həyat fəaliyyətinə yaxşı bələdəm. Bütün insani keyfiyyətlərini öz şəxsiyyətində birləşdirən bu işıqlı zəka sahibi gördükləri ilə rayonda lazımi mövqe qazanmışdır. Pedaqoji fəaliyyətini özünə xas tərzdə, ürəklə görür. Zəngin yaradıcılığı rayonda təhsil işçilərinin əlindən yaxşı tutur. Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında1995-1996-cı tədris ilində “İbtidai siniflərdə talış dilinin tədrisi yolları” mövzusunda işi yayılması məsləhət görülmüş, o indi də öz aktuallığını itirmir. Dəfələrlə respublikada keçirilən pedaqoji mühazirələrdə rayon üzrə müsabiqələrdən qalib çıxıb. 1996-1997-ci tədris ilində “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olaraq, daha bir uğura imza atmışdır. Ali Kateqoriyalı müəllimdir. Çəkdiyi zəhmət öz layiqli qiymətini almışdır. 1998-ci ildə gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin, 2003-cü ildə tədris prosesində interaktiv təlim metodlardan səmərəli istifadə etdiyinə və nümunəvi sinif kabineti yaratdığına görə rayon Təhsil Şöbəsinin, anadan olmasının 50 və 60 illiyi, Müəllim günü münasibətilə ATİAHİ Masallı Rayon Komitəsinin fəxri fərmanlarına, qiymətli hədiyyələrə layiq görülübdür.
Onu da deyim ki, Asif müəllim 32 ildir qələmi əlindən yerə qoymur. Mən onun yaradıcılığını müntəzəm izləyirəm. Onun ədəbi dünyası saf, söz meydanı genişdir. Doğma yurduna sevgisinin sübutu, bütöv Azərbaycana vətəndaşlıq mövqeyinin bədii ifadəsi yazılarının əsas qayəsidir. Pedaqoji sahədən yazdıqları təhsil işçilərində daha çox maraq yaradır. “Şagirdlərdə müstəqilliyin və idrak fəaliyyətinin inkişafı təcrübəsindən”, “Bədii obrazlardan istifadə”, “Uşaqların nitq mədəniyyəti”, “Tarazlıq pozulmamalıdır” , “Şifahi hesablama vərdişləri”, “ Müəllim adı müqəddəsdir” və “İbtidai siniflərdə müstəqil işlərin təşkili” elmi məqalələri həmişə müəllimlərin köməyinə gəlir. Şeirləri, publisistik yazıları vətənə məhəbbətdən yaranır. Onun “Çağırış”, “ Yeni qəzet”, “ Yeni həyat”, “Həyat”, “Sovet kəndi”, “ Bərəkət”, “Azərbaycan müəllimi”, “Kommunist”, “ Müasir Azərbaycan müəllimi”, “Xalq qəzeti”, “Lənkəran”, “Təhsil”, “Aşkarlıq”, “Masallı ziyalısı”, “Fidan”, “Cənub xəbərləri”, “Yeni xilaskar”, “Qanun naminə”, “Hüquq və azadlıq”, “Mühakimə”, “Bütöv Azərbaycan” qəzetlərində , “ Azərbaycan məktəbi”, “İbtidai məktəb və məktəbəqədər tərbiyə”, “Məşəl” jurnallarında dərc olunan yazılarının sayı bilinmir. Yazıb-yaratmaqdan doymur, mətbu sözü ilə ümumi işə mühüm töhfələr verir. “ Qızıl qələm” sahibi olan Asif müəllimin özü haqqında “Azərbaycan müəllimi”, “Təhsil Problemləri”, “Qarabağa aparan yol” qəzetlərində, “ Yeni fəhlə”, “Söz”, “Məşəl” jurnallarında və “Dünya heç kimin” (2002), “Nurlu ürəklər”( 2000) , “Seminariyadan Kollecə” (2004), “Ata yurdum, ana yurdum Bədəlan” (2004), “Bu dünyada izimiz” (2004), “Masallının təhsil fədailəri” kitablarında yazılar getmişdir...
Asif müəllim öz sahəsində nə lazımsa, xalqı üçün etmişdir. O, elinə vəfalı, sədaqətli bir ömür yolu keçir. Əsl insan kimi dünyada silinməz iz saxlamaqda bundan gözəl, mənalı həyat yoxdur.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Aİİ-də BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib
19.11.2018
Tələbələrimiz beynəlxalq müsabiqənin Çin üzrə final mərhələsində iştirak ediblər
19.11.2018
Təhsil nazirinin yeni müavini kollektivə təqdim olunub
19.11.2018
Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək
17.11.2018
Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info