Yol infrastrukturu: sosial-iqtisadi layihə
Tarix: 06.09.2018 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Yeni yolların çəkilməsi insanların rahatlığına, bölgələrin, turizmin, sənayenin və kənd təsərrüfatının inkişafına xidmət edir

2004-cü ildən başlayaraq bu ilin sonuna qədər salınacaq yolların ümumi uzunluğu 15 min kilometrə çatacaq


Azərbaycanın iqtisadi inkişafının göstəricilərindən biri də yol infrastrukturunun yenilənməsi istiqamətində həyata keçirilən tədbirlərdir. Yeni, müasir avtomobil yollarının tikintisi, mövcud yolların isə yenidən qurulması işləri ildən-ilə genişlənir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarında bu sahəyə xüsusi yer ayrılır. Son illərdə yol infrastrukturunun inkişafı istiqamətində icra edilən layihələr yolların müasir səviyyəyə çatmasına hərtərəfli imkan yaradıb. Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, Azərbaycanda beynəlxalq və respublika əhəmiyyətli yolların müasir səviyyəyə çatdırılması istiqamətində mühüm işlər görülüb.
Digər mühüm məqam respublikanın kənd və qəsəbələrini birləşdirən yolların inşası və yenidən qurulması işlərinin geniş vüsət almasıdır. Bu layihələr bütün bölgələri əhatə edir. Ölkə başçısının sərəncam və göstərişlərinə əsasən regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmiri və yenidən qurulması, ümumilikdə, bölgələrimizin sosial-iqtisadi, turizm, kənd təsərrüfatı potensialını gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və daha da yaxşılaşdırmaqdır.
Dövlət başçısı çıxışında bildirib ki, avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir: “Bu, həm iqtisadi, həm sosial sahədir. Rahat, hamar yollar insanlara rahatlıq gətirir. Eyni zamanda, yol olmadan bölgələr inkişaf edə bilməz, nə turizm, nə də sənaye istehsalı inkişaf edə bilər, kənd təsərrüfatının inkişafı üçün də problemlər yaranar. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Biz görürük ki, harada yeni yol çəkilir, o bölgədə canlanma daha da sürətlə gedir, kənd təsərrüfatı istehsalı artır. Nəyə görə? Çünki bazarlara rahat çıxış olur. Beləliklə, yol infrastrukturu, sadəcə olaraq, sosial layihə deyil. Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilib. Bu il 2 min kilometr uzunluğunda yeni yollar salınacaq, həm magistral, həm şəhərlərarası, həm də kənd yolları. Onlardan biri Sumqayıt-Rusiya sərhədi yoludur. Yeni yoldur, mövcud yola paralel olacaq və bölgənin inkişafı üçün şərait yaradacaq. O bölgənin turizm potensialı çox gözəldir. Orada sahilboyu turizm obyektləri yaradıla bilər. Altı yüzdən çox kənd yolu salınacaq. Beləliklə, 2004-cü ildən başlayaraq bu ilin sonuna qədər salınacaq yolların ümumi uzunluğu 15 min kilometrə çatacaq”.
Qeyd edək ki, son bir neçə ay ərzində də ölkə başçısının sərəncamı ilə bir sıra yolların tikintisi ilə bağlı sərəncamlar imzalanıb. Həmin sərəncamlardan biri yaxın müddətdə tikintisi başa çatacaq Cəlilabad rayonunun Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan–Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlıdır. Qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)–Maşlıq–Muğan– Söyüdlü–Kazımabad–Göytəpə–Privolnoye–Ağdaş–Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədi ilə 13,7 milyon manat vəsait ayrılıb.
Bundan başqa, Şamaxı rayonunun Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında
ölkə başçısının sərəncamını göstərmək olar. İki min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunun tikintisi məqsədi ilə 7,9 milyon manat vəsait ayrılıb.
Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması da bu istiqamətdə həyata keçirilən tədbirlər sırasındadır. Ölkə başçısının tapşırığına əsasən Lənkəran–Lerik avtomobil yolunun yenidən qurulması məqsədi ilə 5 milyon manat vəsait ayrılıb.
Bu istiqamətdə imzalanan sonuncu bir sərəncam Şəmkir rayonunun Şəmkir–Abbaslı–Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlıdır ki, yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun tikintisi məqsədi ilə 4,8 milyon manat vəsait ayrılıb.
Yeni salınan Dəmirçi-Lahıc avtomobil yolu da ölkəmizdə bu sahədə reallaşan tədbirlərin bariz nümunəsidir. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni salınan Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər. Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən yolun uzunluğu 22 kilometrdir. Şamaxı rayonunun bir və İsmayıllı rayonunun dörd yaşayış məntəqəsini əhatə edən Dəmirçi-Lahıc yolunun tikintisinə 16,7 milyon manat ayrılıb. Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla yanaşı, turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və abad yolla getməsinə imkan yaradacaq.
Prezident İlham Əliyev İsmayıllı rayonuna səfəri çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki yolunun 5-ci kilometrliyindən ayrılan Kürdmaşı-Kəlbənd-Girk avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. Bu yolun inşası iki yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.
Beləliklə, bu gün yeni yolların tikintisinin həcmi və coğrafiyası getdikcə daha da genişlənir. Bütün bu işlər, ilk növbədə, vətəndaşların rahatlığını, nəqliyyatın və piyadaların təhlükəsizliyini təmin etməklə iqtisadi inkişafa xidmət edir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info