Şairlər sosial şəbəkələrdə geniş oxucu auditoriyası əldə edirlər
Tarix: 06.09.2018 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Sözə qiymət vermək aqil, kamil, arif insanlardan bizə tövsiyə olunan ən böyük dəyərlərdən biridir. İnternetin mövcud olduğu bir dövrdə şairlər öz yaradıcılıqlarını sosial şəbəkələrə daşıyaraq geniş oxucu auditoriyalarına çıxış əldə edirlər. Heç şübhəsiz ki, həmin şairlər sosial şəbəkələrdə oxucu zövqü qazanaraq tanınmağa və sevilməyə başlayırlar. Oxucular onların paylaşdığı şeirləri maraqla izləyir ki, bunun nəticəsində xalq tərəfindən həmin qələm sahiblərinin yaradıcılığı öyrənilir. Öz növbəsində isə ədəbi-tənqidçilərin diqqətini cəlb edən həmin şairlərin yaradıcılığı ənənəvi mediada işıqlandırılmağa başlanır.

GÖYÇƏ GÖZƏLİ

Ellər, Göyçə gözəlinin
Bənzəri dağ çiçəyidi.
Yanaqları, ağ buxağı
Zərifdi, gül ləçəyidi.

Qara gözlü, qara telli,
Nazik bədən, incə belli,
Ağ biləkli, şümşad əlli,
Dodağı bal pəçəyidi.

Saçı bənövşə ətirli,
Hörük topuğa yetirli,
Göyçəli, bu Ay bədirli
Gözəllərin göyçəyidi.

Niftalı Göyçəli

1969-cu il, Dərə kəndi



"Bir Qaraçı çal"

(Aşıq Xanlara həsr edilir)
Dünyamı doğrudur, mənəmmi yalan?!
Bezimmi taledən, küsümmü baxtdan?
Toyu yasa dönən, yasda çalınan -
Toyum-düyünümdü, bir "Qaraçı" çal.

İndi səndən özgə kimdi pənahım?
Dünənim əlində yesir sabahım.
İçimdə boğulan fəryadım, ahım -
Səsimdi, ünümdü, bir "Qaraçı" çal.

Məni özüm boyda günahdan asın,
Sinəmin dağını sinəmə basın.
Bu "El havası"ndan el havalansın -
Qaraçı günümdü, bir "Qaraçı" çal.

Dərd kəsə danışır, sözü uzatmır.
Xoş gün ha əlləşir, ruhuma yatmır.
Daha, "Baş Sarıtel" dadıma çatmır -
Ağrıyan canımdı, bir "Qaraçı" çal.
Ehtiram İlham

A GÖZƏL QAĞA

(Mikayıl Əsgərova həsr olunur)
Hərdənbir könlümə elə düşürsən -
Az qalır, odlanam, a gözəl qağa.
Yenə istəyirəm qadanı alam,
Başına dolanam, a gözəl qağa.

Mənim ürəyimi Allah öldürsün,
Hərə qoltuğuma bir qarpız versin.
Qoy kimlər üzümə yalandan gülsün,
Mən dostdan "kalanam", a gözəl qağa.

Özüm unuduram daha adımı,
Dostamı üz tutum, yoxsa yadamı?
...Ustad necə deyib...Yadındadımı -
"Mən haman oğlanam", a gözəl qağa.

Ehtiram İlham
18.07.2018.


DAĞLAR

Çəmən-çiçəyinlə qarşıma çıxdın,
Güllü-gülzarıyla səfalı dağlar.
Xoşgəldin eylədin, köksünə sıxdın,
Əziz mehmanına vəfalı dağlar.

Döşündə lilparın, zirvəndə qarın,
Təbibi, loğmanı minbir azarın,
Çin olan yerisən çox arzuların,
Mərhəmət beşiyi, şəfalı dağlar.

Damaqda dadımı sınaq eylədin,
Havana, suyuna, qonaq eylədin,
Başqa büsat qurdun, növrağ eylədin,
Olmaz yaranışdan cəfalı dağlar.

Neçə qərinən var, neçə ilin var,
Qonaqpərvər elatın var, elin var,
Şipşirin ləhcən var, şirin dilin var,
Alimli, şairli, dühalı dağlar.

Ayrılıq gələndə sellər çağladı,
Bulud gözlərini sıxıb ağladı,
Duman çökdü, çən yolları bağladı,
Kaş ki görməyəydim bu halı, dağlar.

Mikayıl Bozalqanlı


UTANMASIN

Yaradan eyləsin duamı qəbul,
İsmətli, həyalı üz utanmasın.
Əyrilər anlamaz qeyrətdən, ardan,
Kaş düzün yanında düz utanmasın.

Tökdüyün nədirsə əlinnən aşa,
O dönüb, dolanıb gələcək başa,
Gəl eylə danış ki, gələndə qoşa,
Sözün qarşısında söz utanmasın.

Od vurub bir qəlbi yaxmağa dəyməz,
Dərd olub ürəyi sıxmağa dəyməz,
Namərdin üzünə baxmağa dəyməz,
Kaş mərdin yanında göz utanmasın.

Budur ki, dəhşəti, işin betəri,
Çox insan utanır baxanda geri,
Odur ki, ay Ayşə, elə yol yeri,
Atdığın addımdan iz utanmasın.

Aişə Səyyadqızı

OLMAQ

Şairin qisməti şeirə, sözə,
Bülbülün qisməti gülə yar olmaq.
Qartalın nəsibi uca dağlara,
Aşığın qisməti telə yar olmaq.

Bulaqlar xəlq olub süzülə, axa,
Şimşəklər yaranıb kükrəyə, çaxa,
Bir yar ki, əhdinə vəfasız çıxa,
İnsafmı İlahi belə yar olmaq?

Yanarsan həsrətin sazını çalsan,
Duyarsan düşünüb xəyala dalsan,
Nə var ki, dünyada yara yar olsan,
Çətindir ay Ayşə, elə yar olmaq.

Aişə Səyyadqızı

İnsanları

Dəhşətdir İlahi yoxa döndərir,
Dəyişir büsbütün var insanları.
Pul-para çaşdırır, qır-qızıl boğur,
Heyif ki, boğmayır ar insanları.

Bir yanda yoxuşdur, bir yanda eniş,
Nə canda taqət var, nə yolda dönüş,
Nə fayda açsanda qəlbini geniş,
Titrətməz ürəyi dar insanları.

Yüz Ayşə doğula, yüz Ayşə ölə,
Yandırmaz alçağın birini belə,
Odur ki, dünyada nə sən qəm elə,
Nə də ki, qəminlə yor insanları.

Aişə Səyyadqızı

KÖNLÜM
Qurtarmaq olmayır el qınağından,
Düçar olmayasan qınağa, könlüm.
Çoxları çıxanmır dost sınağından,
Səni çox çəkiblər sınağa, könlüm.

Dərdli söhbət açar sinə dağınnan,
Oylaqları gəzən binə - dağınnan,
Qalxanı gördünmü, enə dağınnan?...
Dönübsən əzəldən yaylağa, könlüm.

Keçən gün əlini üzür əlimnən,
Gələn gün bezikir, bezir əlimnən,
Ötən gün hələ də dözür ələmnən,
Alışa bilmədin qılığa, könlüm.

Eh!.. Ömür bənzəyir sarı yarpağa,
Ağırlıq eyləyir yaşıl budağa,
Tökülür torpağa, dönür torpağa,
Dönəsəksən bir gün, torpağa, könlüm.

Əbədi deyildir dünyada insan,
Qalmayır heç kəsə nə şöhrət, ad-san,
Bu qoca Sədiyə zənn ilə baxsan,
Görərsən, bənzəyir qonağa, könlüm...

Sədi Yaradanqulu


Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Xalq rəssamı Natiq Əliyevin Ədalət obrazı
19.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
19.11.2018
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək
19.11.2018
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
19.11.2018
Azərbaycanlı gənclər Tbilisidə keçirilən festivalda

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info