Şaftalının meyvəsi, çiçəyi, toxumu və yarpaqları müalicə vasitəsi kimi çox faydalıdır
Tarix: 06.09.2018 | Saat: 11:47:00 | E-mail | Çapa göndər




Şaftalının dadı da, ləzzəti də hamımıza məlumdur. Yayda şaftalının özünü, digər fəsillərdə isə bu meyvədən hazırlanan məhsulları - mürəbbə, cem, kompot və sair iştahla yeyirik. Amma çoxumuz bilmirik ki, şəfalı xüsusiyyətlərə malik şaftalı meyvəsi kimi onun çiçəyindən, yarpaqlarından və çəyirdəyindən bir çox xəstəliklərin müalicəsində əvəzsiz təbii vasitə kimi istifadə etmək faydalıdır.

Bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində şaftalının faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib.
Zaur Həsənov bildirib ki, yüksək pəhrizlik xüsusiyyətlərə və zəngin kimyəvi tərkibə malik şaftalı meyvələri çox qədimdən Şərq xalqlarının böyük dəyər verdiyi qiymətli meyvə bitkilərindəndir. Bu səbəbdən də ona İranda Şahalı da deyilir.
Meyvələrdə şəkərlər, pektin, sellüloza, C vitamini, həmçinin bir çox digər maddələr vardır. Eyni zamanda meyvədə 22 ədəd mineral element mövcuddur. Üzvi turşulardan alma, limon və şərab turşusu üstünlük təşkil edir. Meyvə lətində 18-ə qədər amin turşuları, ləpəsində 4,84 – 56,88 faiz yağ var. Bu yağdan yeməkdə istifadə edilməklə yanaşı, həm də qulaq ağrıları zamanı sakitləşdirici vasitə kimi istifadə edilir.
Müalicə vasitəsi kimi şaftalının meyvələri, çiçəyi, toxumu və yarpaqları istifadə olunur.
Şaftalı şişkinlik, anemiya, qusma əleyhinə, sidikqovucu, yumşaq işlədici təsirli, həzmi asanlaşdıran, qaraciyərin işini yüngülləşdirən, bədxassəli şişlər əleyhinə orqanizmin müvazinətini artıran, qocalmanı ləngidən profilaktiki vasitə kimi istifadə edilir.
Şaftalı meyvələri və şirəsi ürək-damar xəstəlikləri, həmçinin ürək ritminin pozulması və ateroskleroz, tənəffüs yollarının, qaraciyərin, öd kisəsinin, böyrəklərin xəstəliyi, qanazlığı, qəbizlik, aşağı turşuluqlu mədə xəstəliyi zamanı faydalıdır. Bu məqsədlə təzə meyvələrdən çəkilmiş şirə, gündə 2–3 dəfə olmaqla, yeməkdən yarım saat qabaq ½ - 1 stəkan içilir.
Şaftalı meyvələrindən hazırlanmış kompot qaraciyər, böyrək, ürək-damar xəstəliklərinin müalicəsində məsləhət görülür. Piylənməyə qarşı şəkərsiz kompot faydalıdır.
Təzə çiçəkləri və çiçəklərdən çəkilmiş şirə sidikqovucu və işlədici vasitə kimi istifadə olunur, ağrıları sakitləşdirir, zərərli duzları kənarlaşdırır.
Yarpaqlardan alınmış şirə revmatizm, qastrit, enterit, sklerodermiya və baş ağrıları, həmçinin qurdqovucu və işlədici kimi gündə 3–6 milliqram qəbul edilir. Təzə yarpaqlar yarasağaldıcı vasitə kimi yaraların üzərinə qoyulur.
Xalq təbabətində yarpaq və çiçəklərdən hazırlanmış həlim və cövhər şəkərli diabet xəstəliyinin müalicəsində, sidikqovucu və qurdqovucu vasitə kimi istifadə olunur. Həlim hazırlamaq üçün qurudulmuş çiçəklərdən 3-4 qram götürüb, üzərinə 150 milliqram qaynar su tökülür və 5 dəqiqə qaynadılır. Alınmış məhlul 2 saat müddətində soyudulur və süzüldükdən sonra ondan gündə 3 dəfə, yeməkdən 30 dəqiqə qabaq 50 milliqram içilir.
Yarpaq şirəsi və yarpaq həlimi işlədici kimi, həmçinin revmatizm, baş ağrıları və qastroenterit zamanı istifadə olunur. Yarpaq həlimi hazırlamaq üçün bir xörək qaşığı miqdarında xırda doğranmış yarpaq üzərinə 250 milliqram qaynadılmış su tökülür, 5 dəqiqə müddətində su hamamında qaynadılır və 2 saat müddətində soyudulduqdan sonra süzülür. Həlim gündə 4 dəfə yeməkdən 20 dəqiqə qabaq içilir.
Şaftalı toxumları yüksək qurdqovucu xüsusiyyətə malikdir. Toxum həlimi hazırlamaq üçün 3-7 ədəd quru toxum üzərinə 200 milliqram qaynadılmış su tökülür və sakit halda 5–7 dəqiqə qaynadırlar. Alınmış məhlul soyudulduqdan sonra gündə 3 dəfə yeməyə 1 saat qalmış 1/3 stəkan içilir.
Qızılca və diatez zamanı yaxşı qızardılmış şaftalı ləpəsi tam ovxalanaraq su ilə isladılır və uşaqların bədənində, üzündə olan səpkilərə sürtülür.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Ömrü uzatmağın 4 qızıl qaydası
25.09.2018
“At qripi“, “atların rinopnevmaniyası“ xüsusi təhlükəli xəstəliklər siyahısına daxil edildi
22.09.2018
Çinar yarpağı və zanbaq yağı yanıq yaraları zamanı faydalıdır
21.09.2018
İmmuniteti gücləndirən qidalar
21.09.2018
Yunanıstanda “Qərbi Nil“ qızdırması yayılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info