Vergilər Nazirliyində müasir rəqəmsal texnologiyalar tətbiq ediləcək
Tarix: 06.09.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Vergi orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi, vergi inzibatçılığının əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilməsi, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə aparılan struktur dəyişiklikləri çərçivəsində Vergilər Nazirliyində Rəqəmsal vergi inzibatçılığı departamenti yaradılıb.
Nazirlikdən verilən məlumata görə, yeni yaradılmış departament elektron vergi inzibatçılığının tətbiqi, onun texnoloji təminatının daha yüksək səviyyəyə çatdırılması, məsafədən vergi xidmətlərinin göstərilməsi, operativ informasiya mübadiləsinin təmin edilməsi, informasiya təhlükəsizliyi sisteminin idarə olunması, vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması və digər istiqamətlərdə fəaliyyət göstərəcək. Departamentin tərkibində Vergi ödəyicilərinə məsafədən xidmət şöbəsi, İnformasiya təhlükəsizliyi şöbəsi və İnformasiya texnologiyaları şöbəsi yaradılıb.

Vergi hesabatlarını vergi orqanları hazırlayacaq

Vergilər Nazirliyi sistemində vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən İnternet Vergi İdarəsi 2007-ci ildən etibarən fəaliyyət göstərir. İdarənin fəaliyyətinin müasir texnologiyalar əsasında qurulması vacib amildir. Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin İnformasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Aqşin Məcidovun sözlərinə görə, nazirlik İnternet Vergi İdarəsinin fəaliyyətində yeniliklərin tətbiqinə hazırlaşır. Bununla bağlı olaraq, İnternet Vergi İdarəsinin yeni versiyasının hazırlanması, elektron xidmətlərin həm interfeys, həm də prosedur baxımından təkmilləşdirilməsi (3 klikdən istifadə etməklə öz fəaliyyətini həyata keçirməyə imkan verən sistemin tətbiqi), digər dövlət qurumları ilə inteqrasiyasının genişləndirilməsi, informasiya texnologiyası arxitekturasının optimallaşdırılması nəzərdə tutulub. Tətbiq ediləcək yeniliklərdən biri də bəyannamələrin hazırlanması ilə bağlıdır. Hazırda vergi bəyannamələri vergi ödəyiciləri tərəfindən tərtib olunur və nazirliyə təqdim edilir. Lakin bəyannamələrin tərtibatı zamanı vergi ödəyiciləri müəyyən çətinliklərlə üzləşirlər. Bu baxımdan, Vergilər Nazirliyi əlaqəli dövlət qurumları arasında elektron inteqrasiya sistemini təkmilləşdirməklə vergi bəyannamələrinin ödəyicilərin əməliyyatları əsasında vergi orqanları tərəfindən ilkin versiyasının hazırlanaraq təsdiq üçün vergi ödəyicisinə göndərilməsi üzərində iş aparır.

E-qaimələrin göndərilməsinin sadələşdirilməsi planlaşdırılır

Vergi qanunvericiliyinin müddəalarına əsasən, cari ilin yanvar ayından etibarən bütün vergi ödəyiciləri elektron qaimə (e-qaimə) tətbiq edir. Hazırda e-qaimə və e-vhf tərtib edilməsində müəyyən mürəkkəblik mövcuddur. Bununla bağlı aparılan işlərin nəticəsi olaraq, nazirliyin informasiya sisteminin təkmilləşdirilməsi, xüsusən də vergi ödəyiciləri üçün istifadəçi interfeyslərinin dizaynına xüsusi diqqət yetirilməsi və e-qaimə və e-vhf-ın göndərilməsinin sadələşdirilməsi planlaşdırılır. Hazırda Vergilər Nazirliyi tərəfindən bu istiqamətdə hazırlıq və təhlil işləri aparılır.

E-audit – şəffaf yoxlama metodu

Vergilər Nazirliyi vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin avtomatlaşdırılması ilə yanaşı, vergi nəzarəti proseslərinin avtomatlaşdırılmasına da çalışır. Rəqəmsal vergi inzibatçılığı departamenti elektron auditin (e-audit) effektiv və səmərəli formada tətbiqi üzərində araşdırmalar aparır. Bunun üçün yeni məlumat bazasının yaradılması, vergi ödəyiciləri haqqında məlumatların ümumi bazaya inteqrasiyası, bu sahədə qanunvericiliyin və prosedurların təkmilləşdirilməsi, yeni texnologiyanın tətbiqi və süni intellekt modulları əsasında informasiya sisteminin qurulması işləri həyata keçiriləcək.

Elektron nəzarət sistemi - onlayn kassa

Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Vergilər Nazirliyinin məqsədi ondan ibarətdir ki, kassa aparatları sahəsində şəffaflıq təmin olunsun. Bunun üçün yaxın gələcəkdə yeni texnologiyadan istifadə etməklə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi və onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir. Nəticədə nazirliyin sistemində vergi ödəyicilərinin əməliyyat məlumatları daha dürüst olacaq və satış mühasibatlığında şəffaflığı artıracaq. Bundan əlavə, kassa aparatları üzrə texniki tələblərə yenidən baxılması planlaşdırılır.

Yeni texnologiyalar yeni təhlükəsizlik sistemini tələb edir

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin “Dövlət xidmətləri” Portalında Vergilər Nazirliyi ən çox elektron xidmət təklif edən qurumdur. Hazırda Vergilər Nazirliyi tərəfindən təklif edilən elektron xidmətlərin sayı 63-dür və bu xidmətlərin sayının artırılması istiqamətində işlər aparılır. Bu işlər sayəsində gələcəkdə vergi ödəyiciləri ilə münasibətlərdə insan amilinin aradan qaldırılması və xidmət şəbəkələrinin iş həcminin azaldılması hədəf seçilib. Elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması və elektronlaşmanın yüksək səviyyəyə çatdırılması təhlükəsizlik məsələlərinin həllini zəruri edir. İnformasiya təhlükəsizliyi sisteminin idarə edilməsində müasir metodların tətbiqi və vergi ödəyicilərinə aid məlumatların məxfiliyinin tam qorunması Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin hədəflərindən biridir. Vergilər Nazirliyində vergi ödəyicilərinə məxsus, kommersiya sirləri və vergi orqanlarının fəaliyyəti ilə bağlı məlumatlar toplanır və bu məlumatların kiberhücumlardan sığortalanması üçün ən müasir və təkmil texnologiayaların tətbiqi vacibdir. Vergilər Naziliyi hazırda bu sahənin təkmilləşdirilməsi üzərində iş aparır.
Beləliklə, nazirliyin yeni rəqəmsal idarəetmə sistemi çərçivəsində müasir vergi siyasətinin tənzimlənməsi yolu ilə nəzərdə tutulmuş hədəflərə, prinsip və məqsədlərə daha effektiv nail olunacaq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info