“XIX əsrdə məktəblər İrəvan, Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarında daha geniş yayılmışdı”
Tarix: 07.09.2018 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Ən çox şagird isə Nehrəm kəndində qeydə alınıb”

XIX əsrin 60-70-ci illərində dövrünə görə ənənəvi məktəblərin geniş şəbəkəsinin yaranması bu tədris müəssisələrinə hökumətin rəsmi nəşrlərində də diqqətin artmasına səbəb olmuşdur. “Кавказский календарь” məcmuəsinin 1871-ci ilə aid buraxılı¬şın¬da¬kı statistik məlumatdan aydın olur ki, quberniyanın İrəvan, Naxçıvan, Ordubad kimi əsas şəhərlərində məscid məktəbləri əvvəlki illərə nisbətən hiss olunacaq dərəcədə artmışdır. Belə ki, İrəvan şəhərində məscid məktəblərinin sayı 11-ə çatmış, bu məktəblərdə oxuyan azərbaycanlı uşaqların sayı isə xeyli artaraq 325 nəfər olmuşdur. Məktəb və şagirdlərin sayında artım Naxçıvan və Ordubad şəhərlərində də müşahidə olunurdu. Bu dövrdə 14 məscid məktəbi Naxçıvan şəhərində, 8 məscid məktəbi isə Ordubad şəhərində fəaliyyət göstərmişdir. Təhsil alanların sayına gəldikdə isə burada da hiss olunacaq dərəcədə artım olmuşdur. Təqvim nəşrdə Naxçıvan məscid məktəblərində 245 nəfər, Ordubad məktəblərində isə 250 nəfər şagirdin oxuduğu qeydə alınmışdır .
“Кавказский календарь” məcmuəsinin bəhs etdiyimiz bu buraxılışında Naxçıvan və Ordubad qəzalarındakı məscid məktəblərindən bir qisminin və Dərələyəz mahalından isə bir məktəbin siyahısı da verilmişdir. Bu məktəblərin siyahısı aşağıdakı cədvəldə göstərildiyi kimidir:

S/S Məktəblərin yerləşdiyi kəndlər Şagirdlərin sayı
1 Yuxarı Əylis 10
2 Üstüpü 10
3 Vənənd 20
4 Şıxmahmud 3
5 Dəstə 12
6 Nehrəm 30
7 Yaycı 10
8 Cəhri 12
9 Yaycı (Dərələyəz) 14

“Кавказский календар”ın 1871-ci il üçün hazırlanmış bu nəşrində İrəvan quberniyasındakı təhsil müəssisələri, burada aparılan tədris işinin xarakterinin müxtəlif mahiyyətli olduğu xüsusi olaraq qeyd edilir və yazılır ki, bu məktəblər ya xeyriyyəçilik yolu ilə, yaxud ayrı-ayrı cəmiyyətlər, şəxslər, ruhanilər tərəfindən təsis olunur. Göstərilir ki, müsəlman məktəbləri quberniyanın İrəvan, Naxçıvan, Şərur-Dərələyiz, Ordubad qəzalarında daha geniş yayılmışdır. Bu məktəblərdə tədris işi ləng, demək olar ki, hərəkətsiz, özünə qapanma ilə xarakterik olan, bütün ibtidai təlim kursu müddətində şagirdlərin oxuma, yazma, Qurandan ayələri hafizəyə əsaslan¬maq¬la yadda saxlama ilə başa çatan bir prosesdir. Xüsusi olaraq nəzərə çatdırılır ki, bu məktəblərdə fars və ərəb dili öyrədilir, lakin rusca heç nə öyrədilmir.
İrəvan quberniyasındakı ibtidai məktəblərdən daha geniş və ətraflı şəkildə bəhs edən mənbələrdən biri də dövrünün Qafqaz xalqlarının tarixinə və təhsilinə aid yazıları ilə tanınan tədqiqatçı, maarif¬pər¬vər Nikolay İliç Voronov (1832-1888) idi. Onun tərtib etdiyi və redaktoru olduğu “Cборник статис¬ти¬чес¬ких сведений о Кавкавзе” adlı çoxcildliyin birinci cildində İrəvan quberniyasındakı ənənəvi ibtidai məktəblərimizə aid nisbətən təfsilatlı məlumat əldə etmək olur. Lakin, bununla belə, müşahidə və təhlillərimiz göstərir ki, N.İ.Voronovun re¬daktəsi ilə nəşr olunan İrəvan quberniyasının statis¬tik təsvirini əks etdirən bu mənbədə Zəngibasar, Şərur, Dərələyəz mahallarındakı yaşayış məs¬kən¬lə¬rinin çox da tam olmayan siyahısı verilmişdir.
N.İ.Voronovun qeydlərindən aydın olur ki, yaşayış məskənlərinin siyahısı İrəvan statistika komitəsinin üzvü cənab Çernayarski tərəfindən tərtib edilmişdir. O, bu siyahının tərtibi üçün Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qavqaz şöbəsi tərəfin¬dən tapşırıq almışdır. Çernayarski İrəvan quber¬ni¬yasındakı yer adlarının kataloqunun tərtib olunması barədə xüsusi xəbərdar edilmişdir. Kataloq bir neçə il əvvəl tərtib olunmuş və bir neçə dəfə yoxlanılmış, təhsis edilmiş, hər bir yer adının etimoloji aydın¬laş¬dırıl¬ması, demək olar ki, təmin olunmuşdur. Müəllif Rusiya Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin nəşr olunmuş 1865-ci il hesabatına əsaslanaraq (Sankt-Peterburq,1867) qeyd edir ki, bu iş Qafqaz Şöbəsinin üzvləri mərhum Mirzə Fətəli Axundov, F.F.Semyonov və başqalarının əməyi nəticəsində mümkün olmuşdur.
Mənbədən aydın olur ki, 1863-cü ildə İrəvan quberniyasında müsəlman ruhani idarəsi üzrə Zaqaf¬qa-ziya Şeyxül-islamı nümunəsində İrəvan quberniya Şeyxül-islamı vəzifəsinin yaradılmasına göstəriş veril-miş¬dir. Bu cür ruhani idarəçiliyi şəriət qaydalarının nizamlanmasına, hər üç aydan bir qazı və mollaların yeni doğulan və ölənlərin siyahısını tərtib etməsi, həmçinin nikah haqqında raportların hazırlanması və s. işlərə nəzarət və rəhbərlik məsələlərini həyata keçirməli idi. Bu rəhbərlik üsulu quberniyanın elə kəndləri üçün nəzərdə tutulmuşdu ki, orada molla və qazı dini vəzifəsini icra edən ruhanilər fəaliyyət göstərirdi. Digər müsəlman kəndlərində əhalinin azlığı, xüsusilə sərhədyanı dağlıq ərazilərdə yerləşən kəndlərdə qazı və molla vəzifəsini icra edən ruhanilərin olmaması üzündən bu yerlərə Şeyxül-islamın təsir gücü zəif idi. 1863-cü ilin statistikasına görə İrəvan quberniyasında ruhani təbəqəsinə mənsub olan şəxslər azlıq təşkil edirdi. Statistik hesablamalara görə, adətən, 3-5, bəzən də 8 kəndə bir molla düşürdü.
1864-1865-ci illərdə bütün quberniyada 183 məscid, 70 ibadət evi olmuşdur. Bu statistik hesablamalarda əhalinin sayına görə hər 747 nəfərə bir ibadət evi düşdüyü qeyd olunurdu.
Statistik nəşrdə quberniya mərkəzi İrəvanda, qəza şəhərləri kimi, Naxçıvan və Ordubadda, həmçinin bu ərazilərdə yerləşən kəndlərdə məscid mollaları tərəfindən təşkil edilən məktəblər haqqında məlumatlar da yer almışdır. İrəvan statistika komitəsinin 1863-cü il üzrə hesabatında quberni¬ya¬da¬kı tədris müəssisələrinə aid məlumatında göstərilirdi ki, İrəvan şəhərində 13 məscid məktəbi fəaliyyət göstərir. Bu məktəblər şəhərin nüfuzlu məscidlərinin yanında təşkil olunmuşdur. Məscidlər, əsasən, şəhərin mərkəzi küçəsində yerləşir, görünüşü və quruluşunun gözəlliyi ilə seçilirdi. Baş küçədəki dörd müsəlman məscidinin hər birində hovuz düzəl¬dil¬miş¬dir ki, ümumən şəhərdəki altı fontandan dördü bu məscidlərin payına düşürdü .
Bəhs olunan ildə Naxçıvan qəzasında dörd ənənəvi məscid məktəbi var idi. Bu məktəblərdə sadə şəhər təbəqəsinin uşaqları çoxluq təşkil edirdi. Ordubad şəhərində isə 5 məscid məktəbi fəaliyyət göstərdiyi yazılır.
N.İ.Voronov qeyd edir ki, redaktoru olduğu məcmuədə İrəvan quberniyasının 1862, 1863, 1864, və 1865-ci illər üzrə hesabatlarından istifadə etmişdir. İrəvan statistika komitəsinin 1862-ci il üzrə quberniyadakı tədris müəssisələri haqqında məlu¬ma¬tın-da göstərilirdi ki, bütün quberniyada 206 tədris müəssisəsi fəaliyyət göstərir ki, bu məktəblərdə 293 müəllim dərs deyir. Bu tədris müəssisələrində rus və digər millətlərdən olan 4256 uşaq savad təliminə yiyələnirdi. Onlardan 1500 nəfərdən çoxunu azərbaycanlı uşaqlardan ibarət şagirdlər təşkil edirdi.
Bir cəhəti də qeyd edək ki, N.İ.Voronovun rəhbər-liyi ilə tərtib olunmuş bu statistik nəşrdə quberni¬ya¬dakı kəndlərin tarixi-etnoqrafik təsviri də verilmiş, qədim yurd yerləri kimi, kəndlərdəki məscidlər və qismən də olsa, onların nəzdində təşkil olunan məktəblərə dair məlumat yer almışdır. Fikrimizcə, bu cəhət, yəni quberniyanın tarixi-etnoqrafik statistika¬sı¬nı tam və geniş şəkildə əhatə etmək səyləri ilk dəfə olaraq məhz bu kitabda öz əksini tapmışdır. Quber¬ni¬ya¬dakı yaşayış məskənlərinin siyahısı cədvəl əsasında tərtib olunmuşdur. Cədvəldə kəndin rəsmi adı, el arasında deyiliş-tələffüz xüsusiyyətləri, həmçinin gö¬s¬tə¬rilən adın mənasının aydınlaşdırılması, bu kənd¬lə¬rin İrəvan şəhərindən, qəza mərkəzlərindən, həmçinin mühüm coğrafi yerlərdən (dağ silsilə¬lə¬rin¬dən, çaylardan və sairdən) hansı məsafədə olması, hər kənddə neçə ailə, yaxud tüstüçıxanın olması, kişi və qadın olmaqla kənddə məskunlaşan əhalinin sayı, digər statistik məlumatlar, digər diqqətçəkən qeydlər cədvəldə öz əksini tapmışdır.
Kitabda göstərilən kəndlərin əksəriyyətində məscid və ibadətxanalar olmuşdur ki, bu da “tarixin yaddaş dəftərinin” çox əhəmiyyətli səhifələri sayıl¬ma¬lı¬dır. Statistik siyahıda göstərilən belə yaşayış yerləri çoxdur. Burada ancaq Zəngibasar və Şərur mahallarında məscid və ibadət evləri olan kəndləri göstərməklə kifayətlənirik:
Arbad, Bulqanlı, Hacı Eylaz, Donquzyeyən, Yelincə, Qaraqışlaq, Qəmərli, Sabunçu (Şahzadə Əli), Uluxanlı (əhalisi 2714 nəfər, Qarni çay arxı. Bişmiş kərpiçdən 3 müsəlman məscidi, iki müsəlman oğlan məktəbi və 26 şagirdi olan qız məktəbi); kiçik Vedi, Düdəngə, Zeyvə, Qaralar (Vedi-basar çayı üstündə), Qorçulu, Kocaçan, Kürkçülü, Maxta, Muğanlı, Baş Noraşen (indiki Cəlilkənd), Parçı (Aladin-basar çayı), Xələc, Xəmsə, (Araz çayı üstə), Şidli (Arpaçayı üstdə), Şıxlar (Vedi-basar çayı üstdə), Ağəhməd (Neqbi-basar üstü), Əliməmməd Qışlaq, Babakı (Yengicə-basar kanalı), Avşar (Vedi çay), Alışar, Ərəb Yengicə, Apalıx-Kalbalı xan, Arbatan, Vayxır (Aladin-basar çayı), Böyük Vedi (Vedi-basar çayı üstündə), Dərvişlər (Aladin-basar çayı), Diyadin (Araz çayı), Yengicə-Məzrəqobu (Yengicə-basar kanalı, dükanlar, karvansara, gündəlik bazarı, xarici malların satışı üzrə əhəmiyyətli ticarəti var), İbadulla, Qarabürc (Yengicə-basar kanalı üstündə), Qara¬həsənli (Arpaçay çayı), Qarxun, Qışlaq Abbas (Aladin-basar çayı üstündə), Kürdkəndi (Yengicə-basar çayı), Quşçu-Dəmirçi (Neqbi-basar kanalı, iki məscidi var), Mahmudkənd, Sədərək (üç məscid və poçt stansiyası var), Təzəkənd-Sərdar Abad (Aladin-basar kanalı üstündə), Tumaslı (Aladin-basar kanalı üstdə), Çərçiboğan, Şəhriyar, Kiçik Vedi, Düdəngə, Zeyvə, Qaralar (Vedi-basar çayı üstündə), Qorçulu, Kocaçan Kürkçülü, Maxta, Muğanlı, Xəlsə, (Araz çayı üstə), Şıxlar (Vedi-basar çayı üstdə).
ardı var

Vahid Rzayev
Pedaqugika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
700-dək vakant məktəb direktoru yeri müsabiqəyə çıxarılır
21.11.2018
“Xaricdə təhsil alan məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorunda çalışır”
21.11.2018
UNEC ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi əməkdaşlığa başlayır
21.11.2018
Dövlət Proqramı çərçivəsində ölkəmizdə beş beynəlxalq ikili diplom proqramı təsis olunacaq
21.11.2018
BANM-ın tələbələri Malayziya dövlətinin təqaüdünü qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info