Qanvermə aksiyasına qoşulanların sayı ildən-ilə artır
Tarix: 07.09.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Sentyabrın 11-də İslam dinində müqəddəs aylardan sayılan Məhərrəm ayının başlanması təkcə dini kəsim üçün deyil, bütün cəmiyyət üçün vacib hadisədir.

Ancaq təəssüf hissi ilə qeyd etməliyik ki, hələ də bu müqəddəs ayda dini ayinləri və mərasimləri düzgün istiqamətdə keçirməyənlər var. Əzadarlıq məclislərində bəzi neqativ halların aşkarlanması isə ilbəil azalsa da, qançıxarma, zəncirvurma kimi arzuolunmaz hallara meyil edənlər hələ də qalır. Əslində isə dinimizin etdiyi vacib tövsiyələrə riayət edilməlidir. Düzdür, əvvəlki illərə nisbətdə son illərdə azyaşlıların zəncir vurulan, baş yarılan məclislərə gətirilməsi, eləcə də Aşura günündə baş yarılması kimi hallar xeyli azalıb. Bunun əvəzində isə daha xoş və savablı iş olan qanvermə aksiyaları çoxalıb ki, bu da təqdir edilməlidir. Bütün İslam alimləri də qeyd edirlər ki, təziyə məclisləri Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla keçirilməlidir. Qınağa səbəb hərəkətlərə yol verilməsi cəmiyyət tərəfindən də qəbul edilmir. Məhz bu ayda əksər insanlar özünə xətər yetirənlərin görüntüsü əvəzinə, qan verməklə həyat xilas edənlərin görüntüsünü izləməyi daha məqbul sayır. Çünki Azərbaycan xalqının inanc tarixinə nəzər saldıqda, dində radikal hərəkətlərin, müəyyən arzuolunmaz davranışların, ümumilikdə dini radikalizmin izlərinə, demək olar ki, rast gəlinmir. Lakin dünyada bir çox radikal dini qrupların fəaliyyət göstərdiyini və bu qrupların Azərbaycana da sızmaq cəhdlərinin istisna olmadığını nəzərə alanda, ölkəmizdə dini maarifləndirmənin nə qədər zəruri olduğu ortaya çıxır. Buna görə də İslam dini başda olmaqla, böyük dünya dinləri haqqında insanları düzgün maarifləndirmək, cəmiyyətdə belə qruplara qarşı immunitet yaratmaq kimi vacib vəzifələr yaranır. Bu səbəbdən hazırda İslam dininin, olduğu kimi, sağlam təməllər üzərindən təqdim, təbliğ və tədris edilməsi zəruri tələbə çevrilib. Çünki İslam dinində də özünə xətər yetirmək, bədənə əziyyət verən hansısa hərəkətlərə yol vermək məqbul sayılmır. Belə olan təqdirdə qan çıxarma, baş yarma kimi arzuolunmaz hərəkətlərə heç cürə haqq qazandırmaq olmaz. Bu mənada ölkəmizdə bu istiqamətdə ciddi maarifləndirici tədbirlər həyata keçirilməlidir. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi də öz tövsiyələrini verib və tez-tez bu istiqamətdə maarifləndirici tədbirlər də keçirirlər.
Buna misal olaraq Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) Məhərrəmlik ayı ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunan tədbiri göstərmək olar. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, DQİDK sədrinin müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən tədbirdə Azərbaycandakı dini durum, bu sahədə baş verən proseslər, tendensiyalar, o cümlədən bəzi xarici ölkələr, onların nəzarətində olan mərkəzlər tərəfindən respublikamıza qarşı dini müstəvidə yönəlmiş təhdid və təsirlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov çıxış edərək bildirib ki, Azərbaycanda ictimai-siyasi, o cümlədən dini durum sabitdir. S.Heydərovun sözlərinə görə, Azərbaycan dövlətinin din sahəsindəki başlıca vəzifəsi vətəndaşlarımızın dini etiqad azadlığının yüksək səviyyədə təmin olunması, dövlət-din münasibətlərinin tənzimlənməsi və təkmilləşdirilməsidir. S.Heydərov dini radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə də ətraflı məlumat verib. Natiq bu sahədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin digər qurumlar, o cümlədən hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. DQİDK-nın sədr müavini dini radikalizmlə mübarizədə preventiv (qabaqlayıcı), zəruri hallarda isə profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. S.Heydərov onu da qeyd edib ki, zərərli dini ideologiyaların təsirinə məruz qalan şəxslərin ətrafında müvafiq tədbirlər həyata keçirilməklə onların reabilitasiyası və cəmiyyətə reinteqrasiyasına diqqətin artırılması vacib məsələdir.
Daha sonra Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov çıxış edərək dini radikalizmə qarşı mübarizədə aidiyyəti qurumlarla, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyətin əhəmiyyətindən danışaraq, bu sahədə əldə olunmuş müsbət nəticələri qeyd edib. S.Bağırov bundan sonra da birgə fəaliyyətin daha da gücləndirilməsi, mütəmadi olaraq məlumat mübadiləsinin, eyni zamanda Məhərrəmlik ayı ilə əlaqədar ictimai-siyasi asayişin qorunması ilə bağlı zəruri tədbirlərin həyata keçiriləcəyini bildirib.
Qeyd edək ki, əvvəllər Aşura mərasimləri daha çox məscidlərdən, dini mərasimlərin keçirildiyi ərazilərdən kənarda təşkil olunsa da artıq bu istiqamətdə də irəliləyişlər var. Qanvermə aksiyalarının daha çox təşkil edilməsi üçün isə təkcə dövlət qurumları deyil, QHT-lər də aktiv olmalıdırlar.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info