“Ermənilər Qarabağ abidələrinin öyrənilmədiyini deməklə onları özününküləşdirmək istəyirlər”
Tarix: 07.09.2018 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Müstəqil Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ölkə həyatının bütün sahələri ilə yanaşı, milli mədəniyyətimizə də zərbə vurub”

Tətbiqi Tədqiqatlar Fondu Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, strategiya.az saytı ilə birgə “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda seminar keçirib. Seminarı açan strateqiya.az saytının baş redaktoru İbrahim Əliyev qeyd edib ki, müstəqil Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ problemi ölkə həyatının bütün sahələri ilə yanaşı, milli mədəniyyətimizə də zərbə vurub. Onun sözlərinə görə, işğal ərazisində olan tarixi mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılır, onların mahiyyəti dəyişdirilir, tarixləri saxtalaşdırılır.
İ.Əliyev ermənilərin bu hərəkətləri ilə dünya ictimaiyyətini aldatmağa çalışdıqlarını və öz tarixlərini yeniləməyə cəhd etdiklərini söyləyib:
“Bu məsələnin diqqətdə saxlanılması və dünya ictimaiyyətinə çatdırılması bizim görməli olduğumuz vacib məsələlərdən biridir. Strategiya.az saytının Tətbiqi Tədqiqatlar Fondu ilə keçirdiyi bu tədbir də həmin məsələlərə həsr olunub”.
Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, bu gün torpaqlarımızın işğalı ilə yanaşı, maddi-tarixi abidələrimiz də işğal faktı ilə üz-üzə qalıb:
“Ermənilərin Azərbaycan abidələrini məhv etməsi vandalizmdir. Biz bu vandallıq faktını dünya ictimaiyyətinə çatdırmalıyıq. Dünya ictimaiyyəti Azərbaycanın Dağlıq Qarabağ problemi, eləcə də tarixi abidələri ilə bağlı həqiqətləri bilməlidir. Dünya bilməlidir ki, ermənilərin özlərini yazıq obrazında təqdim etməsi reallığa tam ziddir”.
Deputat əlavə edib ki, Azərbaycana gələn turistlərə də dağıdılmış abidələrimiz haqqında məlumat verilməlidir:
“Bu gün Azərbaycana gələn turistlərin sayı artır. Təbii ki, biz məlum məsələyə görə turistləri işğal olunmuş ərazilərimizə apararaq oradakı abidələrimizlə tanış edə bilmirik. Lakin biz dağıdılmış abidələrimizlə, ermənilərin abidələrimizə göstərdiyi münasibətlə bağlı turistlərimizə lazımi məlumatları verə bilərik. Biz turistlərimizə Azərbaycanın ən qədim yaşayış məskəni olması, bunu sübut edən Azıx mağarası haqqında məlumat verə bilərik. Bunun üçün isə müxtəlif təbliğat yollarından istifadə edilə bilər".

“Ermənistan qoşulduğu beynəlxalq konvensiyalara əhəmiyyət verməyərək abidələrimizdə qanunsuz arxeoloji tədqiqatlar aparır”
Fəlsəfə doktoru Azad Zeynalov bildirib ki, bu gün Azərbaycanın onlarla abidəsi işğal altındadır. Onlardan biri də ümumbəşər tarixə malik olan, keçmiş SSRİ məkanında ən qədim insanların yaşayış məskəni olan Azıx mağarasıdır.
Alim qeyd edib ki, beynəlxalq konvensiyalara görə, müharibə gedən, münaqişə zonalarında yerləşən tarixi abidələrdə arxeoloji tədqiqatlar aparıla bilməz:
"Təəssüf ki, Ermənistan qoşulduğu beynəlxalq konvensiyalara əhəmiyyət verməyərək, abidələrimizdə qanunsuz arxeoloji tədqiqatlar aparırlar. Onlar xarici ölkələrin alimlərini də tədqiqatlara cəlb edirlər".
A.Zeynalov qeyd edib ki, bu gün dünyaya Azərbaycan abidələri erməni abidələri kimi təqdim edilir. Onun sözlərinə görə, erməni alimləri də tədqiqat apardıqları Azıx mağarasının Azərbaycanın ərazisində yerləşdiyini öz məqalələrində və elmi konfranslarda qeyd etmirlər.
AMEA-nın professoru Təvəkkül Əliyev bildirib ki, sovet dövründə Qarabağ abidələri əsaslı şəkildə öyrənilib: "Ermənilər Qarabağ abidələrinin öyrənilmədiyini deməklə onları dünya ictimaiyyətinə tam yeni formada təqdim etmək və özününküləşdirmək istəyirlər. Ermənilərin Azərbaycanın qədim abidələrində tədqiqat aparmasının əsas məqsədi torpaqlarımıza olan iddialarını elmi formada əsaslandırmaq istəyidir".
T.Əliyev əlavə edib ki, son vaxtlar Azərbaycanın apardığı xarici siyasətin nəticəsi olaraq, xarici alimlər Qarabağdakı tədqiqatlara cəlb olunmaqdan çəkinsələr də, belə tədqiqatlar bəzi ərazilərdə hələ də davam edir. Hazırda Ağdam şəhərinin 9 km-liyində və Kəlbəcərdə ermənilər tərəfindən arxeoloji tədqiqatlar aparılır:
“Bütün bunlar Azərbaycan abidələrinin izlərini silməyə yönəlib, ermənilər özlərinin həmin ərazilərdə olmalarını əsaslandırmağa çalışırlar. Buna görə də bu məsələdə güclərin səfərbər olunması, ermənilərin əməllərinin ifşa olunması günün vəzifəsidir”.
Tədbirdə əyani materiallarla işğal altında yerləşən mədəniyyət abidələrimizin vəziyyəti əks etdirilib, erməni vandalizminin dağıdıcı nəticələri göstərilib.

“Paşinyanın Moskva səfərində tapşırıqlar veriləcək”

Yeri gəlmişkən, millət vəkili Azər Badamov deyib ki, Nikol Paşinyan çox ağır durumdadır: “Çünki hakimiyyətə gəlmiş Paşinyanın qarşısında Qərb kifayət qədər məsələlər qoyub. Bunlar, əsasən, Qərbin və ABŞ-ın siyasətini dəstəkləmək, Avropaya inteqrasiya olunmaq, Rusiyadan uzaqlaşmaqdır” (SİA). Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gələndən sonra qərbyönümlü kifayət qədər kadrını öz komandasına yerləşdirmişdir: “Bu da Paşinyanı Moskvanın qəzəbinə gətirib və ona görə də Putin Paşinyanla görüşməkdə israrlıdır. Ermənistanın bugünkü vəziyyəti çox ağır durumdadır və Rusiyasız yaşamaq imkanında deyil. Ermənistanın arteriyalarına vurulan qan Rusiyanın əlindədir. Ona görə də Paşinyan başını itirib və hansı istiqamətə gedəcəyini, kimdən yapışacağını bilmir. Paşinyanın Moskvaya səfərində bu məsələlərin müzakirəsi əsas mövzu olacaqdır. Moskva Paşinyanın siyasətini heç də xoşlamır. Ona görə də deyə bilərəm ki, Paşinyanı Moskvada ağır bir görüş gözləyir.
Düşünürəm ki, görüşdə müzakirə olunacaq məsələlərdən biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ olacaq. Çünki sentyabrın 1-də Prezident İlham Əliyevlə görüşü zamanı Putin münaqişənin həllində Rusiya aktivliyini artıracağını demişdi. Düşünürəm ki, Paşinyanın Moskvaya səfərində tapşırıqlar veriləcəkdir. İndiki vəziyyətdə Paşinyanın Moskvanın dediyini etməkdən başqa, əlacı yoxdur və ona görə də münaqişənin nizamlanmasında dəyişikliklərin olacağını düşünürəm”.

“Rusiya dövləti Ermənistandakı vəziyyətdən narahatdır”
Politoloq Rasim Musabəyov isə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada keçiriləcək görüşünə də münasibət bildirib: “Bu gün Rusiya dövləti Ermənistandakı vəziyyətdən narahatdır. Putin özü üçün məsələyə bir aydınlıq gətirilməsini istəyir. Amma konkret olaraq Paşinyana etimad və etibar etmir. Biz əbədi olaraq gözləmək fikrində deyilik ki, ermənilər Azərbaycan torpağından çıxsın. Prezident İlham Əliyev bu məsələni də Rusiya prezidentinin diqqətinə çatdırıb. İndi istisna etmirəm ki, Rusiya tərəfindən müəyyən səylər göstərilsin. Amma bununla bağlı elə də böyük ümidlərim yoxdur”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info