Poeziyada diqqət yetiriləsi sahələrdən biri bədii təsvir və ifadə vasitələridir
Tarix: 07.09.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Quliyev Müsəllim Əli oğlu 1958-ci il yanvar ayının 18-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 1974-cü ildə Xatınlı kənd orta məktəbini bitirib. 1976-78-ci illərdə hərbi xidmətdə olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. 1992-ci ildə Neft kimyası ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib və texnika elmlər namizədi alimlik dərəcəsi alıb. 1994-cü ildən Bakı Dövlət Universitetində çalışır. 100-dən artıq elmi məqalənin, bir müəlliflik şəhadətnaməsinin, bir şeirlər kitabının müəllifidir.

Aşıq poeziyasında olan şeir formaları əsrlərlə xalq yaradıcılığının ən aparıcı şeir janrları hesab edilib. Bu gün də qeyd olunan şeir formalarında gözəl poetik nümunələr yaradan şairlər yaşayır və beləcə, onlar oxucularla yanaşı, tədqiqatçıların da diqqətini cəlb edir. Ümumiyyətlə, poeziyada ən diqqət yetiriləsi sahələrdən biri bədii təsvir və ifadə vasitələridir. Əlbəttə ki, heca sayı, heca bölgüsü, qafiyə, ritm şeirin qızıl qanunlarıdır ki, şairlər bunlara riayət etməlidirlər. Ancaq şairin əsl gücü onun şeirində işlənən bədii-fəlsəfi fikir, bədii təsvir və ifadə vasitələri ilə qiymətləndirilir. Şair Quliyev Müsəllim Əli oğlunun yaradıcılığında biz, hələlik bədii təsvir vasitələrini müəyyənləşdirəcəyik. Bunun üçün şairin yaradıcılığından seçdiyimiz şeirləri təqdim edək:



GÜLSƏNƏ
Qəmli durmaq yaraşmayır heç sənə,
Bir azcana danışsana, gülsənə.
Çata bilməz bağça - bağlar içində
Qönçə sənə, çiçək sənə, gül sənə.

Haçan görsəm, tökülüdür qaş-qabaq,
Susub, dinmir, danışmayır dil-dodaq.
İnsaf elə, qoyma sola gül yanaq,
Qəm-kədəri gözlərindən silsənə.

İnsan kimdir? - Allah verən bəndədir!
Bəzən kefdə, bəzən dərddə, qəmdədir.
Könlün verib, həmişəlik səndədir,
Müsəllimi qəmə qəmxar bilsənə!


DE
Tənhadır bu könlüm, yoxdur həmdəmi,
Olsaydı, pərişan olardımı, de?!
Bağban kamil olsa, baxdığı bağda,
Bir gülü, çiçəyi solardımı, de?!

Sevmirəm yalandan şirin sözləri,
Sırtıq sifətləri, yaltaq üzləri.
Əgər sevməsəydim ala gözləri,
İlhamım çağlayıb dolardımı, de?!

Ayrılıq badəsin kim bilsə şərbət,
Sıxacaq qəlbini intizar, qürbət.
Azalsa arada mehri-məhəbbət,
Yar yarın qeydinə qalardımı, de?!

Sevən sevdiyinə olarsa əmin,
Çıxacaq sonuna kədərin, qəmin.
Saf eşqə, ülfətə yaransa zəmin,
Hicranı yadına salardımı, de?!

Çılğın sevə bilməz sakit, səngini
Qoru məhəbbətin ritm, həngini.
Könülsüz verdiyin gül çələngini,
Müsəllim, sevdiyin alardımı, de?!


MƏNİ
Könlüm bir kitabdır, vermişəm sənə,
İmkanın olanda bir oxu məni.
Sadə dolansam da, sadə gəzsəm də,
Anlaya bilməyir bir çoxu məni.

Ad çıxarıb acgöz kimi çoxları,
El sevibdir sadə, gözü toxları.
İncitməz mərdlərin min bir oxları,
Öldürər namərdin bir oxu məni.

Sinə gərib çox dərdlərə dözürəm,
Sevən üçün Haqq tərəfdən nəzirəm,
Neçə ildir qəlbi sınıq gəzirəm,
İncidir yarımın bir yoxu məni.

Ömrümüz ibarət xeyirdən, şərdən
Kim xeyir tapıbdır ləl, gövhər, zərdən?
Nə qədər dözümlü olsam da, hərdən
Aparır qəflətə bir yuxu məni.

Müsəllim özünü nahaqdan öyüb,
Sanma ki, özünü zirvəyə qoyub.
Həmişə qapımı kasıblar döyüb,
Sevmirəm axtara bir toxu məni.


BÜLBÜL
Qonub pəncərəmə, oxuyur bülbül,
Səhərlər səsinə oyanıram mən.
Səsiylə bir xalı toxuyur bülbül,
Şirin xatirəyə boyanıram mən.

Xətrinə dəymərəm ötən bülbülün,
Zavallı özünə qəmxar axtarır.
Bağçası saralmış, çiçəyi solmuş,
Bihudə çöllərdə bahar axtarır.

Söylə, qoy susmasın, oxusun bülbül!
Mənim dərdlərimi o bölə bilər.
De, necə ayrılsın bülbül gülündən?
Əgər, ayrılarsa o ölə bilər.

Qəmli qarşılama bülbülü heç vaxt!
De ki, hər gəlişin mübarək olsun!
Təşnə könüllərə su səpir bülbül,
Deyir: - Sevənlərə qoy örnək olsun!

Müsəllim, qəlbimi qəm ala bilər,
Əgər oxumayıb susarsa bülbül.
Səsindən ləzzətli nə ola bilər?
Könlümü oxşayar oxusa bülbül.




DAĞLAR
Gəldim görüşünə vəfalı dostum,
Təbim bulaq olub çağladı, dağlar.
Sevincdən göylərdə oynadı şimşək,
Sel gəldi yolları bağladı, dağlar.

Olsa da hazırda gözəl növrağın,
Vaxt vardı perikdi, azdı qonağın.
Qartal oğlanların çəkib caynağın,
Düşmənin sinəsin dağladı, dağlar.

Balaca köksünə sığışıb dostlar,
Hər yandan gəliblər, axışıb dostlar.
Görəndə başına yığışıb dostlar,
Düşmənin təməli laxladı dağlar.

Qəlbim inciyərmi, küsərmi səndən?
Dolana bilərmi kənardan, gendən?
Könlümü xəbərsiz qoparıb məndən,
Köksündə əmanət saxladı dağlar.

Xoşdur axan çayın şırşırı, bəmi,
Unutdurdu mənə kədəri, qəmi.
Elə ki, yetişdi ayrılıq dəmi,
Müsəllim, kövrəldi, ağladı dağlar.



LİRİKA
Tək səninlə xoş keçirdi günlərim,
İntizarın ürəyimə salıb xal.
Niyə getdin, nədən küsdün, incidin?
Bağlı qalıb, açılmayır bu sual.

Sınıq könül sevinərmi, gülərmi?
Keçmişi yüz səslə, çağır gələrmi?
Yüz fikir bir borcu de, ödəyərmi?
Kara gəlməz bu düşüncə, bu xəyal.

Dön geriyə, arzulara bir çataq,
Rəvadırmı xoş günlərə qəm qataq.
Gel, sevinib gülsün bu ev, bu otaq,
Nəyə gərək bu intizar, bu məlal?

Müsəllim, yar yoxsa ömür yarımdı,
Hicran bağçasında kədər barımdı.
Senli günlər dövlətimdi, varımdı
İstəmirəm nə şan-şöhrət, nə calal.


BU GÜN
Göygöl sahilində dayanıb sakit,
Xəyalla baş-başa qalmışam bu gün.
Baxıb ləpələnən qırçın sulara,
Dərin düşüncəyə dalmışam bu gün.

Özgə aləmi var gözəl nazının,
Tərpədir simini könül sazının,
Gəlib görüşünə "Dağlar qızı"nın,
Dostlarla mehmanı olmuşam bu gün.

Hörmət olunubdur təmiz adıma,
Çətində dostlarım yetib dadıma.
O qədər xatirə düşüb yadıma,
Bahar buludu tək dolmuşam bu gün.

Baxdım Kəpəz dağa-əzəmət, vüqar
Müsəllim, saçına ələnibdi qar.
Ətrafımda Azad, Vüsal, Elmir var
İlhamı onlardan almışam bu gün.

“Gülsənə” şeirində işlənən “tökülüdür qaş-qabaq” idiomu bədii təsvir vasitəsi yaratmışdır. Sözün həqiqi mənasında ağacdan meyvə tökülər və burada şair qüvvətli təbindən istifadə edərək bənzətmə yaratmışdır. Şeirdə işlənən ifadə də addəyişmə (metafora) mövcuddur. “Sola gül yanaq” ifadəsində işlənən bədii təsvirlər təqdirəlayiqdir. Aydındır ki, yanaq solmaz və bu, sözün məcazi mənasıdır. Məhz burada metafora işlənib. Həmçinin “gül yanaq” ifadəsində də bir təşbeh mövcuddur. “Şirin sözləri” ifadəsində də idiom görünür və təşbeh işlənib. “Ala gözləri” ifadəsində də epitet var. Şairin bir şeiri əsas götürülərək bədii təsvir vasitələri vurğulandı. Qeyd edim ki, şair Müsəllimin yaradıcılığında bu cür bədii təsvir vasitələri çoxluq təşkil edir. Bir şeir əsasında apardığımız təhlildən aydın görünür ki, şair yaradıcılığında bədii təsvir vasitələrini yerli-yerində işlətmiş və heç bir uyğunsuzluq yoxdur.

Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Ərkyana söhbət
25.09.2018
Pərvanə Zəngəzurlunun şeirləri ürəkaçan poetik incilərdir
25.09.2018
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq
25.09.2018
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
25.09.2018
Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsinə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info