“Xora maraq həm musiqi repertuarından, həm də ifa səviyyəsindən asılıdır”
Tarix: 28.06.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


Şəhla Ələkbərova: “Gənclərin xora axınını gördükdə repertuarı dəyişirik, daha çox müasir əsərlərə müraciət edirik və marağın daha da artdığını görürük”

Azərbaycan musiqisi dünyada əvəzolunmaz bir sərvətdir. O sərvətin simalarından biri, əlbəttə ki, dahi Üzeyir Hacıbəyovdur. Lakin Üzeyir bəyin təkcə musiqisi deyil, tələbələri də xalqımıza yadigar qoyduğu misilsiz sərvətlər sırasındadır: Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Hökumə Nəcəfova, Ağabacı Rzayeva və əlbəttə ki, Cahangir Cahangirov.
Mən Azərbaycan musiqisinin şərəfi olan dahi Üzeyir bəyi, Q.Qarayevi, F.Əmirovu, C.Cahangirovu görməsəm də, onların incəsənətimizə bəxş etdiyi töhfə ilə tanış olmuşam.
Müsahibim dahi Ü. Hacıbəyovun görkəmli tələbələrindən olan C.Cahangirovun tələbəsi, Azərbaycan Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun bədii rəhbəri və baş dirijoru Şəhla Ələkbərovadır. Şəhla xanımla müsahibəm zamanı C.Cahangirov xatirələri və bu gün onun adını daşıyan xorun fəaliyyətindən söz açdı. Müsahibəni oxuculara təqdim edirik:
-Şəhla xanım, bu gün Cahangir Cahangirovun adını daşıyan böyük xor kollektivi Azərbaycan mədəniyyətində hansı inkişaf yolunu keçib?
- Bir neçə il bundan əvvəl Azərbaycan Televiziyası və Radiosunun xor kollektivinə böyük ustadım, bəstəkar, professor, Xalq artisti Cahangir Cahangirovun adı verildi. Bu da təsadüfi deyildi. Çünki bu xor kollektivinin ilk dirijoru Cahangir Cahangirov idi. Dahi bəstəkarımız Üzeyir Hacıbəyov Cahangir Cahangirovun gənc olmasına baxmayaraq, onda təşkilatçılıq bacarığını, rəhbərliyi və gözəl musiqi istedadını görərək onu bədii rəhbər təyin etdi. Cahangir müəllim bu kollektivdə bir müddət çalışdıqdan sonra Filarmoniyada mahnı və rəqs ansamblına rəhbər təyin olundu. Amma Cahangir müəllim mütəmadi olaraq bu xor kollektivinə böyük həcmli əsərlər yazdı. Əvvəllər xor kollektivi xalq mahnılarının ifaçısı kimi fəaliyyət göstərirdi. Sonralar isə bəstəkar əsərlərinə də müraciət olundu. Elə məhz o illərdə tarixə düşən “Füzuli kantatası”, “Nəsimi kantatası”, “Arazın o tayında” kimi irihəcmli kantatalara, təkcə Cahangir Cahangirovun deyil, digər bəstəkarların da əsərlərinə müraciət olundu. Sonralar isə Azərbaycan Televiziyası və Radiosunun xoruna Xalq artisti, professor Ramiz Mustafayev uzun müddət rəhbərlik etdi. Burada da demək olar ki, onun bütün oratoriyaları səslənib.
Mən də Cahangir müəllimin tələbəsi olduğum üçün əvvəlcə qürur duyuram və qeyd edim ki, ondan aldığım ustad dərslərini bu gün xorda tədris edirəm. Ramiz Mustafayevdən sonra mən xora rəhbər təyin olundum və bu illər ərzində öz novatorluğumu göstərmək istədim. Artıq altı ildən çoxdur ki, mən bu xora rəhbərlik edirəm. Mənim ilk məqsədim bu oldu ki, Azərbaycan Televiziyası və Radiosunun xorunun ifasında xarici bəstəkarların əsərləri ifa olunsun. Beləliklə, mən buna nail oldum. Onu deyə bilərəm ki, çox uğurla Azərbaycan bəstəkarları ilə yanaşı, xarici bəstəkarların əsərləri də xor kollektivinin repertuarını bəzəyir. Yeni bir novatorluq da odur ki, ölkə başçısı hər zaman gənclərə böyük dəstək göstərir, onlara hər bir sahədə geniş imkanlar yaradır. Azərbaycan Televiziyası və Radiosunun sədri Arif Alışanovun diqqəti və qayğısı sayəsində bu inkişaf yüksək səviyyədə həyata keçirilir. Biz də öhdəmizə düşən məsuliyyəti sevə-sevə yerinə yetiririk. Bu gün bizim xorda məhz gənc bəstəkarların əsərləri ifa olunur.İlk öncə qeyd edim ki, Azərbaycan Bəstəkarlar İttifaqı ilə işgüzar görüşlər keçirdik və hansı gənc bəstəkar yeni xor əsəri yazırsa, biz onu ifa edirik. Məhz görkəmli bəstəkarlarımız Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə və professor Aqşin Əlizadənin əsərləri başda olmaqla, gənc bəstəkarların da əsərləri repertuarımızda xüsusi yer alıb. Yüksək istedadlı gənc bəstəkarlarımız olan Məmməd Cəfərovun, Rüfət Ramazanovun, Cəlal Abbasovun kantatalarını, xaricdə təhsil alan, Prezident təqaüdçüsü Günay Mirzəyevanın bir neçə irihəcmli əsərlərini və İtaliyanın gənc bəstəkarı Françesko Macconun bizim bayrağımıza həsr etdiyi simfonik orkestr və xor üçün bəstələdiyi “Azərbaycan bayrağı” adlı böyük həcmli əsərləri ifa etmişik. Xorun daim repertuarında səslənən əsərlər Üzeyir Hacıbəyovun, Cahangir Cahangirovun, Qara Qarayevin, Fikrət Əmirovun, Musa Mirzəyevin, Ramiz Mirişli, Oqtay Rəcəbovun əsərləri və çoxsaylı xalq mahnılarının işləmələridir.
Bir nüansı da qeyd etmək istəyirəm ki, bizim xor kollektivinin sıralarında çoxluğu gənclər təşkil edir. Yaşlı nəslin nümayəndələri də burada onlara dəstək göstərir və örnək olurlar. Rəhbərlik etdiyim xor kollektivinin musiqi mədəniyyətində olan yüksəlişlərindən də onu qeyd edə bilərəm ki, Şəki şəhərində keçirilən “I İpək yolu” festivalında da uğurla çıxış etdik. Həm festival iştirakçısı olduq, həm də ayrıca simfonik orkestrlə və royalın müşayiətilə konsert proqramı ilə çıxış etdik və fəxri fərmanla təltif olunduq. Daha sonralar Azərbaycan Bəstəkarlar İttifaqının plenumunda biz müasir bəstəkarların əsərlərini ifa etdik. Bu, Azərbaycan Televiziyası və Radiosunun xoru üçün yeni bir təqdimat idi. Çünki bu çıxışlar həm radionun Qızıl fondu üçün yazılırdı, həm də xor canlı konsert proqramı ilə çıxış edirdi. Bizim xorun repertuarında vətənpərvər musiqilər, müasir mahnılar çoxdur. Biz həm də caz əsərlərinə, kinofilmlərin musiqilərinə müraciət edirik. Bu işdə yaxınlarda bizim musiqi kollektivlərinin rəhbəri təyin olunan Ramil Qasımovun da çox böyük zəhməti var. Birinci onu vurğulamaq istəyirəm ki, bizim xorun ilk diski işıq üzü gördü və diskdə xorun repertuarında olan bütün mahnılar yer aldı. Diskin təqdimatı Azərbaycan Bəstəkarlar İttifaqında keçirildi.
- Xorun inkişafı mədəniyyət sahəsində, şübhəsiz, göz önündədir. Bu gün tamaşaçı kütləsinin xor kollektivinə olan marağını necə qiymətləndirirsiniz?
- Əvvəllər xor kollektivlərinin çıxışları olan zaman belə bir fikir yaranırdı ki, yalnız vətənpərvər mövzusunda kompozisiya səslənəcək. Gənclərin xora axınını gördükdə repertuarı dəyişirik, daha çox müasir əsərlərə müraciət edirik və marağın daha da artdığını görürük. Çünki biz bəstəkar, Xalq artisti Oqtay Rəcəbovun müəllif konsertində çıxış edərkən məhz xor üçün böyük tamaşaçı alqışları səsləndi. Bu alqışlarla da təsdiq olundu ki, tamaşaçı kütləsinin bizim xora marağı daha çoxdur. Mən başqa marağın da şahidi olmuşam ki, efir məkanında xor çıxış edəndə həm gənclər, həm də yaşlı nəsil tərəfindən maraqla izlənilir. Buna maraq həm musiqi repertuarından, həm də ifa səviyyəsindən asılıdır. Burada çox böyük komponentlər rol oynayır.
-Bir rəhbər kimi, sizcə, bu gün xora tələbat varmı?
- Xora tələbat böyükdür. Çünki inkişaf edən ölkədə bu cür kollektivlərin çıxışı mütləq olmalıdır. Mən düşünürəm ki, Azərbaycan Respublikasının inkişaf dövründə xorun rolu çox böyükdür. Xor nə deməkdir? Xor xalq deməkdir. Respublikamızda o qədər gözəl ab-hava var ki, xorun ifası sanki o ab-havanı insanlara, dinləyicilərə aşılamaq istəyir. Burada təbliğatın rolu çox böyükdür. Mənim fikrimcə, xor bugünkü nəfəsi daha tez çatdırır, nəinki solist.
-Dünya səhnələrində Azərbaycan milli musiqisi, muğam və təsnifləri yüksək səviyyədə təbliğ olunur. Bununla yanaşı, bizim xor musiqi mədəniyyətimiz də var. Xor musiqi mədəniyyətimizin dünyada təbliğ olunma planları varmı?
- Belə bir proyekt planda var və biz buna hazırlaşırıq. İlk səfəri Almaniya və İtaliya ölkələrinə nəzərdə tutmuşuq. Çünki Azərbaycanın fəxri konsulu Otta Hauzer paytaxt Bakıya gəldikdə biz Bəstəkarlar İttifaqında geniş konsert proqramı verdik. Konsert proqramında alman bəstəkarları Şuman, Şubert, Bethovenin əsərlərini Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı ifa etdik. Təbii ki, ilk öncə öz bəstəkarlarımızın əsərlərini ifa etdik. Daha sonra alman əsərlərini elə məhz alman dilində ifa etməyimiz və sözlərin tələffüzünü təmiz səsləndirməyimiz Otta Hauzerin daha çox xoşuna gəlmişdi və bizi Almaniyaya dəvət etdi. Eləcə də İtaliyadan gələn nümayəndə heyəti və ölkəmizdə olan səfirliklərdə keçirilən tədbirlərə bizim xor kollektivimiz dəvət olunur və biz orada ilk öncə Azərbaycan himnini daha sonra həmin ölkənin öz dilində himnini ifa edirik. Beləliklə, bizim kollektivin ifasını xarici diplomatlar bəyənərək öz ölkələrinə dəvət edirlər.
- Azərbaycan musiqi mədəniyyətində Cahangir Cahangirovun əvəzsiz rolu var. Sizin Cahangir müəllimlə ünsiyyətiniz, onun sizə verdiyi tövsiyələr xatirənizdə necə izlər buraxıb?
- Bəli. Bu gün yeganə tələbəsi mənəm. Çünki Cahangir müəllimin bir tələbəsi də Həsənağa Qurbanov idi. O, çox gənc yaşlarında dünyasını dəyişib. Müəllimin məndə xatirələri isə əvəzsizdir. Onun dərsləri mənim üçün dəyərli idi. O, təsadüfi heç bir söz demirdi. Cahangir müəllim ya hər hansı bir əsər haqqında, ya dirijorluq texnikası haqqında nəsə söyləyirdisə, bu artıq tarixi sözlər idi. Müəllimimi xatirəmdə gülərüz təsəvvür etmirəm. Mən onu hər zaman zəhmli, stol arxasında məğrur oturuşu və məğrur siması ilə göz önündə canlandırıram. Əlbəttə ki, onun dəyərli fikirləri mənim yaradıcılıq həyatımda çox geniş yer tutur. Çox qürur duyuram ki, Azərbaycan Televiziyası və Radiosunun xoru həm onun adını daşıyır, həm də adını daşıdığı xorun repertuarda beş əsərdən biri Cahangir müəllimin əsəridir. Cahangir Cahangirovun sənəti hər zaman yaşayacaq və onun musiqi dünyamıza qoyduğu töhfələr əbədi məşəl kimi yanacaq.
-Sənət fəaliyyətində arzularınız...
- Mən deyərdim ki, bu gün Azərbaycan Televiziya və Radiosunun kollektivləri etibarlı əldədirlər. Rəhbərimiz Ramil Qasımov gənc olmağına baxmayaraq, yüksək səviyyədə yaradıcı fantaziyaları kollektivlərə stimul verir. Kollektivimizdə ancaq əsəri alıb ifa etmirsən, sözün əsl mənasında, vokal dərsləri keçirilir. Arzum odur ki, Azərbaycan Televiziyası və Radiosunun nəzdində kiçik xor cəmiyyəti yaradaq. Onu da zaman göstərər...
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info