Kim məni xoşbəxt edəcək?
Tarix: 10.09.2018 | Saat: 13:37:00 | E-mail | Çapa göndər



Mehriban Nəsib
Özümü, ətrafımdakı dostlarımı, tanışlarımı və ümumiyyətlə, cəmiyyətimizdəki bir çox insanları uzun illər müşahidə etdikdən sonra bu yazını yazmaq qərarına gəldim. Çünki bəzi şeylər var ki, onlar haqqında yazmamaq mümkün deyil.
Həyatda çox gec anladığım (hətta həddindən çox gec deyə biləcəyim!) bir neçə acı həqiqət var. Bunları öyrənmək gec də olsa mənim həyatımı dəyişdi və bu yazını oxuduqdan sonra bəzilərinin də həyatı dəyişsə, türklər demiş “nə mutlu bana”. Amma əsas odur ki, insanlar bəzi şeyləri gec olmadan anlasınlar. Çünki o həqiqətləri gec olmadan, zamanında öyrənmək bütün həyatımızı dəyişər. Öyrənsək, bax, o zaman, həyatda biz indi yaşadığımızdan çox daha yaxşı və rahat yaşayarıq. Bu yazını yazmaqda məqsədim mənim kimi uzun müddət bəzi məsələlərdə ilişib qalmamağınız üçündür. O məsələlərə ilişib qalmaq insanın ömrünü məhv edir, bir də baxırsan ki, yolun sonundasan...
Bir çoxumuz belə bir fikirlə yaşayırıq: BİRİ HƏYATIMA GƏLƏCƏK VƏ MƏNİ XOŞBƏXT EDƏCƏK! İllərlə bu arzuyla, ümidlə yaşayırsan… Ömür ötür, zaman keçir və yetkinlik, gənclik illərinə daxil olursan, zamanla yetkinləşir, kamillik illərinə qədəm qoyursan. Kamilliyə doğru addımladıqca geri baxdığında anlayırsan ki, bir çox fikirlərin illər boyu yanlış olub… Ömrünü “səni xoşbəxt edəcək” insanı gözləməklə keçirmisən və qəflət yuxusundan ayılaraq anlayırsan ki, indiyə kimi ömrünü boşa yaşamısan. Anlayırsan… Hər şeyi çılpaqlığı ilə, sanki yuxudan ayılan kimi... Həqiqətən, çox acıdır… Sanki xəyalların suya düşür… Günlərlə, həftələrlə, aylarla, bəzən isə illərlə özünə gəlmirsən… Qəfildən özün üçün aşkarladığın bu acı həqiqət xəyallarını məhv edir, amma gözlərini açır… Düşünürsən ki, uzun illər boyu özünü aldatmısan… Aldatmısan ki, “o insan” həyatına daxil olacaq, onun daxil olması ilə hər şey dəyişəcək və səni “xoşbəxt edəcək”. Bunun üçün uzun zaman gözləmisən… İllər boyu bu xəyalla yaşamısan, illərini boşuna xərcləmisən, boşuna yaşamısan. Heç kəsi günahlandıra bilməyəcəksən, çünki ən böyük günahkar elə sən özünsən… Özün-özünü aldatmısan!
Həqiqət çox acıdır, çünki sən uduzansan, amma dayan, dur! Yıxılma həmən! Sevinməyə də haqqın var, çünki indi daha sən uduzan o insan deyilsən. Fərqli birisən… Fərqliliyin ondadır ki, sən artıq həqiqəti anlayırsan. Həqiqət acı olduğu qədər də dəyərlidir – sənin bu gündən sonrakı həyatın üçün. Sanki sənin gözünü açan bu həqiqət həyatını dəyişmək və səni xilas etmək üçün bir xəbərdarlıqdır. Bu həqiqət sənə həyatı başa salır və ya həyatını yenidən və düzgün başlamaq üçün böyük bir təkan verir. Nədir o həqiqət?! Sənin doğruların, yenicə anladığın o doğru: Heç kim həyatını sənin üçün yaşamır və heç kəs dünyaya sənin həyatını dəyişmək kimi bir missiya üçün gəlməyib!
Birdən sən anlamağa başlayırsan. Anlayırsan ki, heç kəs səni xoşbəxt etməyə borclu deyil! Xoşbəxtliyin açarı elə sənin öz əlindədir, XOŞBƏXTLİK ELƏ SƏN ÖZÜNSƏN! Sən özün-özünü xoşbəxt etməlisən, bu xoşbəxtliyi özünə, elə özün bəxş etməlisən.
Anlamağa başlayırsan ki, xoşbəxtlik elə sənin öz əlindədir – başqa heç kimin. Anlamağa başlayırsan ki, xoşbəxtlik elə sən özünsən! Əgər sən özün-özlüyündə xoşbəxt deyilsənsə və özün-özünü xoşbəxt edə bilmirsənsə, onda nə sən bir başqasını xoşbəxt edə bilərsən, nə də bir başqası səni. Xoşbəxtlik bir varlıq olaraq sən özünsən, xoşbəxtlik sənin daxilindədir. Bunu sən zamanında anlamalısan! Anlamalısan ki, hər kəs özünü xoşbəxt etməyə borcludur, sadəcə, özünü... Bunu sən nə qədər tez anlasan, bir o qədər də tez “kimsə məni xoşbəxt edəcək” gözləntisindən xilas ola biləcəksən. Başqalarından “məni xoşbəxt edəcək!” gözləntin olmamalıdır, bax, o zaman sən xoşbəxt olacaqsan.
Bax, sən bir həqiqəti öyrənəndən sonra həyatın rahat olacaq: Heç kim səni xoşbəxt etməyə borclu deyil! Ümumiyyətlə, heç kim sənə heç nə borclu deyil! Bunu anlayanda sanki çiyinlərindən ağır yük götürüləcək. Axı sən özün, özünün xoşbəxtliyisən...





 
Bölməyə aid digər xəbərlər
24.08.2019
Azərbaycanda metanol istehsalının həcmi nə qədərdir?
24.08.2019
Azərbaycan MDB ölkələri arasında ən çox Rusiyaya məhsul ixrac edib
24.08.2019
Rusiya şirkəti Azərbaycana dondurma ixrac etməyi planlaşdırır
24.08.2019
Yeddi ayda işsizlikdən sığorta ödənişinin orta məbləği 229,1 manat olub
24.08.2019
Astara-Astara dəmiryol terminalında tikinti işləri bərpa edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info