Şeirin insan ruhuna təsiri əvəzsizdir
Tarix: 10.09.2018 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Rzayev Mehman Rasim oğlu 1983-cü il mart ayının 27-də Tovuz rayonunda ziyalı ailəsində, Aşıq Əsəd Rzayev ocağında anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olub. 2004-2005-ci illərdə hərbi xidmətdə olub. Mehman Rasimoğlu tələbəlik illərindən BDU-nun Jurnalistika fakültəsinin nəzdində fəaliyyət göstərən “Jurnalist” qəzetində, “Azad Azərbaycan”, “525-ci qəzet”, “Azad qələm” və “Tovuz” qəzetlərində, “Bölgələrdən səslər-2” (2014), “Qazax mahalının şairləri” (2016), “Varislər”dən gələn səslər-1” (2017) almanaxlarında, “Ulduz” jurnalında (2017 aprel) şeir və məqalələri dərc olunub. “İlk məhəbbətim” və “Könlüm məhəbbətin harayındadır” adlı şeirlər kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin, Tovuzda fəaliyyət göstərən “Varislər” ədəbi birliyinin üzvüdür. Prezident təqaüdçüsüdür.




NƏ AXTARIRSAN?!
Eşqin gözlərinə düz baxammadın,
Mənim gözlərimdə nə axtarırsan?!
Süründüm arxanca, dönüb baxmadın,
Daha dizlərimdə nə axtarırsan?!

Könlümün vüsalı hicran qoxuyub
Həsrətin ruhuma kədər toxuyub.
Kitabımda məni pünhan oxuyub
Qəmli sözlərimdə nə axtarırsan?!

Başımda tacımdın, cismimdə ürək,
Çox dedim bu eşqdən bircə bar dərək.
Gözümü yolunda qoymazdın gərək,
İndi izlərimdə nə axtarırsan?!


ÖLƏRDİM
Mən öləndə “Ruhani”ni çalsalar
Oturub dinləyib sonda ölərdim.
O ruhu, o anı pünhan yaşayıb
Sazla sözün arasında ölərdim.

Çəkilərdim öz dünyama gizlicə,
Öz-özümü ağlayardım dəlicə.
Hicranın başını üzüb o gecə
Mən vüsalın yarasında ölərdim.

Sevinc mənə zərrə nəşə pay etsə,
Ədalət toy çalıb hay-haray etsə,
Yar zindan könlümü ağ saray etsə,
Lap ömrümün yarısında ölərdim.


YAVAŞ-YAVAŞ
Gəl, sil ürəyimin qan yaddaşını,
Sonra məlhəm eylə - gül yavaş-yavaş.
Deyirlər, ən yaxşı dərman zamandı,
İllərdi sürünür il yavaş-yavaş.

Hicranın ətrini zorla iylədim,
Halımı sorana yalan söylədim.
İçim yandı, dərdi pünhan eylədim,
Dilim-dilim oldu dil yavaş-yavaş.

Əlçatmaz təbibsən eşq yarasına,
Nəm düşdü dırnaqla ət arasına.
Bilmirəm qəlbimin, sən, harasına
Yazıbsan adını?-sil yavaş-yavaş.

Qocalıb gedirəm məşəqqətinə,
Eşqim tab gətirmir, dərddən nə dinə?!
Könlüm gah sevginə, gah nifrətinə
Əsirdi illərdi, bil yavaş-yavaş.

Mehmanı divanə eylədin axır,
Yolunu gözləyir, izinə baxır.
Gözəl nə görürsə, gözünə yaxır,
Sənsiz suyu olur lil yavaş-yavaş.

AXTAR MƏNİ
Ürək üsyan edir həsrət yolunda,
Vüsalın iziylə gəl axtar məni.
Daha tab gətirmir ruhum, qocalır,
Əl at, gözyaşımı sil-axtar məni.

Doğma insan kimi, əziz yar kimi,
Tutum əllərindən bəxtiyar kimi.
Baxış həmin baxış, üzü qar kimi
Dolan gözlərimə, gül-axtar məni.

Həsrət cıdırında kor at belində
Çapıram illəri ümid çölündə.
Ölsəm bu çöllərdə eşqin dilində
Səslə, “can!” deyərəm, bil, axtar məni.

Düşmüşəm zindana, məşəqqət boğur,
Ruhuma nur çilə, vüsalın yoğur.
Doğma baxışlardan ögeylik yağır,
Artıq doğmalaşsın el, axtar məni.

Bir yanğıyam könüllərdə sızlayan,
Hicran nəğməsiyəm, yox məni duyan!
Məni qəriblikdə axtarma, dayan!
Elə öz qəlbini dəl, axtar məni.

NƏDİR
Bir tufan eylərəm eşqinlə sənin
Özün də bilməzsən bu tufan nədir?!
Gündüzü gecəyə məlhəm söylərəm
Ağlayıb dinərsən: “Bu hicran nədir?!”

Neçə şeir, roman oxusan xəlvət,
“Belə eşq görmədim”-deyərsən əlbət.
Heç kimsə dadmadı belə məhəbbət-
Ruhumda çarpışan bu tüğyan nədir?!

Gecələr qələmlə sirdaş olarsan,
Gündüzlər qəhərə, qəmə dolarsan.
Tutub əllərinlə saçın yolarsan,
Deyərsən: “Qəlbimdə bu giryan nədir?!”


Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
23.09.2018
Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Aydın” tamaşası ilə açıb
23.09.2018
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info