“Ermənistanın əsl niyyəti münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil”
Tarix: 10.09.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan Moskvada erməni əsilli iş adamları ilə görüşdə “Mənim nəzərimdə, Qarabağ Ermənistanın tərkib hissəsidir” kimi sərsəm fikir söyləyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Paşinyanın bu fikrini şərh edib: “Ermənistan baş nazirinin Moskvada Azərbaycanın Dağlıq Qarabağ bölgəsini öz təsəvvüründə Ermənistanın bir hissəsi hesab edir deyə açıqlaması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizlik və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə zərbədir. Bununla, Baş nazir səviyyəsində Ermənistanın əsl niyyətinin münaqişənin danışıqlar yolu ilə həll edilməsi deyil, Azərbaycan ərazilərinin qanunsuz işğalını davam etdirmək olduğu nümayiş etdirilir. Ermənistan rəhbərliyi qəsdən və ya bilməyərəkdən vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi açıqlamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birinin paytaxtında və həmsədrlərin vasitəçiliyi ilə nazirlər səviyyəsində Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüş ərəfəsində edir. Həmçinin bu açıqlama ATƏT-in baş katibinin gələn həftə Azərbaycana planlaşdırılan səfəri ərəfəsinə təsadüf edir”.
Açıqlamada bildirilir ki, yaxın zamanda Ermənistan rəhbərliyinin münaqişənin substantiv danışıqlar yolu ilə həllində, regionda davamlı sülhün və sabitliyin təmin olunmasında, yoxsa son iki onillik ərzində Ermənistan rəhbərliyində olan səhra komandirlərinin müharibə siyasətini davam etdirməkdə maraqlı olduğu bəlli olacaq.
Hikmət Hacıyev bir daha vurğulayıb ki, bu kimi açıqlamalarla vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistan və onun rəhbərliyinin üzərinə düşür.


“Ermənistanın Dağlıq Qarabağ məsələsində sağlam təhlil və düşüncədən məhrum olduğu heç kimə sirr deyil”

Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, Mehri dəmir yolunun fəaliyyəti Rusiya-Ermənistan münasibətlərinin ən böyük müəmmasıdır. Hər iki dövlət bir-biri ilə strateji münasibətlərə can atdığını bildirir. İki ölkə arasında yük dövriyyəsini artırmağa hazır olduğunu dəfələrlə bəyan edirlər. Reallıqda həm strateji əlaqənin davamlığı, həm də yük dövriyyəsinin artırılması üçün ən əlverişli kommunikasiya vasitəsi SSRİ dövründə fəaliyyət göstərmiş Moskva-Tehran dəmir yoludur. Bu yolun o zaman SSRİ üçün mühüm hərbi-strateji əhəmiyyəti var idi. İranın Ermənistan və Azərbaycan sərhədindən keçən Mehri dəmir yolu həmin strateji əhəmiyyəti yenə də daşıya bilər və ya daşıyır. SSRİ dövründə Ermənistana yüklərin 80 faizi bu yolla daşınırdı. Digər yollarla müqayisədə bu həm coğrafi, həm də digər parametrlər üzrə ən təhlükəsiz yol idi (Azadinform).
Onun fikrincə, Ermənistana İran, Türkiyə və Gürcüstan ərazisi vasitəsilə nəqliyyat-kommunikasiya əlaqələri qurmaq mümkündür: “Rusiya da nəzəri cəhətdən bu əlaqələrdən istifadə edə bilər. Amma Rusiyanın Türkiyə və İran ərazisi vasitəsilə kiçik strateji müttəfiqi olan Ermənistana etibarlı nəqliyyat əlaqəsi qurması mümkün deyil. Türkiyə və İran istənilən anda Ermənistana qarşı digər maraqlarını reallaşdırmağa başlayar.
Gürcüstan ərazisindən Ermənistana nəqliyyat-kommunikasiya əlaqəsinə Rusiya tərəfdən baxdıqda, ən azı, 3 faktor diqqətdən kənarda qala bilmir. Qərb Ermənistanla Rusiya arasında davamlı ciddi əlaqədə maraqlı deyil. Ona görə istənilən anda Gürcüstan öz ərazisindən Ermənistana gedən yolun nəzarətini Qərbə verə bilər.
Gürcüstan uzun müddət Ermənistanın təhdidlərindən əziyyət çəkib. Ermənistanı təhlükəsiz qonşuya çevirmək üçün Gürcüstanın əlinə şans düşüb. Rəsmi Tbilisi bu şansdan hökmən istifadə etməlidir. Gürcüstan ərazisində nəqliyyat xətlərinə qarşı terror hadisələrinin baş verməsini heç kim istisna edə bilməz. Ermənistan, təbii ki, bu terror hadisələrini Türkiyə və Azərbaycanla əlaqələndirəcək”.
O deyib ki, Ermənistanın Dağlıq Qarabağ məsələsində sağlam təhlil və düşüncədən məhrum olduğu heç kimə sirr deyil: “90-cı illərdə daşnaklar üstün rola malik olarkən Mehri dəmir yolunu Azərbaycanın işğal olunmuş ərazilərindəki və Ermənistanın daxilindəki hissəsini yerlə-yeksan etdilər. Hətta dəmir yolunun keçdiyi torpağı 1 metr qazıyıb atdılar.
Rusiyanın Mehri dəmir yoluna laqeyd münasibəti ciddi şübhələr yaradır. Bu vaxtadək heç bir Rusiya rəsmisi və ciddi siyasətçisi Mehri dəmir yolunun açılması mövzusu barədə bircə kəlmə də fikir bildirməyib. Belə alınır ki, Ermənistan və Rusiyanın bir-biri ilə əlaqələri qurmaq barədə dediyi fikirlər blefdir. Reallıqla əlaqəsi olmayan məsələdir. Rusiya ilə Ermənistan arasında əlaqələr güclü kommunikasiya vasitələrini diktə edir. Mehri dəmir yolunun fəaliyyətə başlaması Rusiyanın Cənubi Qafqazda mövqeyini xeyli möhkəmləndirir və Qərb üçün əlçatmaz edir. Ona görə Mehri dəmir yolunun fəaliyyətə başlamasını Rusiya ilə Ermənistan arasında münasibətlərin səmimiliyinin testi kimi başa düşmək olar. Əgər bu 2 dövlət bir-birinə kələk gəlmirsə, Mehri dəmir yolunun fəaliyyətə başlanması üzərində fokslanmalıdırlar. Yox, əgər hər birisi Dağlıq Qarabağ tənzimlənməsinin yubanmasında özlərinin destruktiv maraqlarını reallaşdıracaqlarına ümid edirlərsə, bu halda Mehri dəmir yolu indiki vəziyyətdə qalmalıdır”.

“Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi” layihəsi həyata keçirilib


Bu arada erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi nəticəsində məcburi köçkün düşmüş yeniyetmələrin sosial-psixoloji uyğunlaşması qiymətləndirilib. Bununla bağlı Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi tərəfindən Bakıda, Ağdam və Bərdə rayonlarında “Məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasının qiymətləndirilməsi” layihəsi həyata keçirilib. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində tərtib olunmuş xüsusi sorğu test və proyektiv metodlarla məcburi köçkün məktəblərində oxuyan yeniyetmələrin psixi vəziyyəti qiymətləndirilib və onların sosial-psixoloji uyğunlaşması ilə bağlı tövsiyələr hazırlanıb.
Tədqiqata Bakıda, Bərdə və Ağdam rayonlarında məskunlaşan 259 nəfəri oğlan və 251 nəfəri qız olmaqla ümumilikdə 510 məcburi köçkün yeniyetmə cəlb olunub. Tədqiqat zamanı müəyyənləşdirilib ki, digər yeniyetmələrlə müqayisədə məcburi köçkün yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında ciddi fərqlər var.
Aparılan tədqiqatın nəticələri göstərib ki, məcburi köçkün ailələrindən olan yeniyetmələrin sosial-psixoloji uyğunlaşmasında özünəinamın olmaması, özünəqapanma, həyəcan, təşviş, emosinal özünüifadənin aşağı səviyyədə olması, qeyri-adekvat özünüqiymətləndirmə kimi bir sıra problemlər özünü büruzə verir. Müəyyənləşdirilib ki, məcburi köçkün ailələrdə böyüyən yeniyetmələrdə frustrasiya, rigidliliyə və aqressiyaya daha çox meyillilik var. Bu isə öz növbəsində yeniyetmələrin cəmiyyətə inteqrasiya olunmasına mane olur. Aparılmış tədqiqatın nəticələri əsasında bir sıra təklif və tövsiyələr irəli sürmək mümkündür: Sosial-psixoloji adaptasiyanı düzgün istiqamətə yönəltmək üçün yeniyetmələrin yaş və fərdi psixoloji xüsusiyyətlərinin nəzərə alınması; Yeniyetməlik yaş dövrünə uyğun olaraq əlverişli sosial-psixoloji mühitin yaradılması (müxtəlif dərnəklərin, mədəni tədbirlərin, əyləncəli və intellektual oyunların, elmi disputların v s. təşkili); Məcburi köçkün yeniyetmələrin valideynlərlə birgə asudə vaxtının səmərəli təşkili; Korreksiyaedici təlim və proqramların tərtibi və yeniyetmələrin şəxsi inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi; Sağlam həyat tərzinin təbliği və maarifləndirmə işlərinin görülməsi; Məcburi köçkün məktəblərində psixoloji xidmət proqramına sosial-psixoloji uyğunlaşma ilə bağlı məsələlərin daxil edilməsi, proqramların hazırlanması.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info