“Heç bir müəllim azyaşlı məktəblilərin dini mərasimlərə cəlb edilməsini məqbul saymır”
Tarix: 10.09.2018 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Nübar Qayıblı: “Biz hamılıqla uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar”

Məlum olduğu kimi, Məhərrəm ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər müvafiq icra strukturları tərəfindən monitorinqlər keçiriləcək. Komitənin sədr müavini Səyavuş Heydərov bununla bağlı bildirib ki, monitorinq çərçivəsində qanunvericiliyin tələblərinə, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin fətvasına riayət olunmasına nəzarət olunacaq. Komitə rəsmisi vurğulayıb ki, qurum Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinə çalışır: “Əsas məqsədlərimizdən biri QMİ-nin fətvasında göstərilən tövsiyələrə əməl olunması ilə bağlıdır. Bu istiqamətdə idarə ilə birlikdə işlərimizi Məhərrəm ayının sonuna qədər davam etdirəcəyik. Hər il bu sahədə irəliləyişlər müşahidə edilir. İnanırıq ki, bu il də Məhərrəm ayında keçirilən istər Aşura, istərsə də təziyə mərasimləri ilə bağlı əvvəlki illərə nisbətən müsbət nəticələr əldə olunacaq”. Komitə sədrinin müavini vurğulayıb ki, keçən illərdə aparılmış müşahidə və monitorinqlər nəticəsində respublikanın bəzi şəhər və rayonlarında keçirilmiş əzadarlıq məclislərində bəzi neqativ hallar aşkar edilib: “Belə ki, icazəsiz olaraq küçə yürüşlərinə cəhdlər edilmiş, məsciddən kənar yerlərdə, eləcə də şəxsi evlərdə kütləvi şəkildə dini ayinlərin keçirilməsi və dini atributların məscidlərin xaricində yerləşdirilməsi hallarına rast gəlinmişdir. Qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, əzadarlıq məclisləri yalnız məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli və ictimai asayişə mane olmamalıdır. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Dini atributlar isə yalnız məscidlərin içərisində yerləşdirilməlidir. Heç şübhəsiz, belə hallar aşkarlandıqda yerli icra hakimiyyətləri və hüquq-mühafizə orqanları ilə birgə qanun çərçivəsində müvafiq addımlar atılır. Ümid edirik ki, cari ildə belə hallar təkrar edilməyəcək”.
Onu da qeyd edək ki, Aşura günü ilə əlaqədar olaraq Azərbaycanda qanvermə aksiyası da baş tutacaq.
Qanvermə aksiyası Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Şirvan, Ağsu, Beyləqan və digər rayonlardakı məscid və xəstəxanalarda olacaq.
Aksiya İmam Əli, Əjdərbəy, Şah Abbas, Bibiheybət, Təzəpir, Hacı Soltanəli, Qaraçuxur, Böyük Bazar, Heydər məscidlərində və Rəhimə xanım ziyarətgahı, Sumqayıt şəhər Cümə və İmam Əli məscidləri, Gəncənin İmamzadə Ziyarətgah kompleksində, Bərdənin İmamzadə kompleksi, Xaçmaz şəhər məscidi, Biləsuvar şəhər Cümə məscidi, eləcə də Mərkəzi Qan Bankının Şirvan və Quba bölgələrində keçiriləcək.
Eyni zamanda Ağcabədi Rayon Mərkəzi Xəstəxanası, Beyləqan Rayon Mərkəzi xəstəxanası, Cəlilabad Rayon Xəstəxanası, Ağsu rayon Xəstəxanasında qanvermə aksiyası baş tutacaq.
Bakı şəhəri T.Məmmədov adına 239 saylı tam orta məktəbin müəllimi Nubar Qayıblı deyir ki, əzadarlıq məclislərinə, xüsusən də zəncirvurma və ya başyarma kimi arzuolunmaz, radikal görüntü yaradan ifrat hərəkətlərlə müşayiət olunan toplantılara azyaşlıların, məktəbli uşaqların cəlb edilməsi məqbul sayılmır. O, belə halların azyaşlıların psixoloji durumuna mənfi təsir etməsini deməklə yanaşı, azyaşlı məktəblilərin dinlə ünsiyyətinin belə şəkildə olmasının onların təhsillərinə də mənfi istiqamətdə təsir etdiyini bildirdi: “Bildiyiniz kimi, bu il Məhərrəm ayı, eləcə də Aşura mərasimi dərslərin keçirildiyi bir dövrə təsadüf etdi. Bu mənada istənilən valideynin təhriki olsa belə, Aşura günündə uşaqların dərsdə olması daha vacibdir. Düzdür, indi əvvəlki illərə nisbətdə bu səbəbdən dərsdən yayınma hallarına, demək olar ki, rastlanmır. Məhərrəmlik ayının digər günlərində də azyaşlı uşaqlar olduqca az sayda bu məclislərə cəlb edilirlər. Amma etiraf edək ki, belə ailələr, belə valideyn və uşaqlar hələ də qalmaqdadır. Din əvvəlcə elmə yiyələnməyi tələb edir, bunu vacib buyurur. Uşağın uşaq dünyası olar, o, elmə yiyələndikdən, ağlı tam kəsdikdən, həddi-büluğa çatdıqdan sonra öz seçimini azad şəkildə etməlidir. Yəni zorla, məcburən, uşaqları hansısa başyarma məclislərinə cəlb etmək valideynlərin böyük səhvidir. Burada qanun da bunu deyir. Yəni ki, biz hamılıqla uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar. Belə hallar-dərsdən yayınma baş versə, uşaqlardan çox, valideynlər məsuliyyət daşımalıdırlar. Zənnimcə, bu istiqamətdə maarifləndirmə işləri də genişləndirilməlidir. Belə tədbirlər olsa, müsbət nəticələr də əldə olunar”.
Nübar Qayıbova deyir ki, uzun müddətdir təhsil sistemində çalışdığı üçün təcrübə ona bunu deyir ki, əksər hallarda azyaşlıların dərsdən yayınıb əzadarlıq məclislərinə cəlb edilməsi sonradan məktəblilərdə, bir sıra hallarda, mənfi fəsadlarını göstərib: “Son illərdə bu məclislərin keçirilməsi artıq adət halını alıb. Biz kiməsə deyə bilmərik ki, belə məclislər təşkil etməyin. Amma biz maarifləndirmə ilə deyə bilərik ki, övladlarınızı belə mərasimlərə aparmayın. Sivil formada keçirilsə belə, orada yanlış hərəkətlərə yol verilməsi-bədənə hansısa əzab verən görüntülərin olması uşaqlar üçün yalnız mənfi effektlər verə bilər. Bəzən valideynlər düşünürlər ki, övladları belə məclislərə getməklə daha doğru formada, dinə bağlı, əməlisaleh insan kimi böyüyəcək. Amma zorakı əlamətlər olan belə toplantılarda dini savad, maraqdan çox, psixoloji travmalar olur. Yuxarıda da qeyd etdiyim kimi, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq bəndinə əsasən, uşağın səhhətinə zərərli təsir göstərən dini ayinlərin icrasına cəlb edilməsi qadağandır. Bu, həm qanunla qadağandır, həm də valideynlik haqqı cəhətdən də normal yanaşılmamalıdır. "Təhsil haqqında" qanunun da tələblərinə əməl etmək lazımdır. Yəni məktəblilərin təhsildən yayınaraq Aşura məclislərinə gəlməsi təkcə onların davamiyyətinə mane olmur, həm də dərsdən yayınması ilə nəticələnir. Bir çox hallarda bu, qeyd etdiyim kimi, valideynlərin birbaşa təkidi, günahı və ya nəzarətsizliyi ucbatından baş verir. Qısası, uşaqlar, məktəblilər həddi-büluğa çatdıqdan, dünyagörüşü formalaşdıqdan, hər şeyin əsl mahiyyətini başa düşdükdən, hətta müstəqil qərarlar verməyi bacardıqdan sonra belə həssas mövzulu işlərə - mərasimlərə qatılmalıdırlar və belə də onların əzadarlıq saxlamaları da normal qarşılanar. İndiki halda isə heç bir təhsil işçisi, müəllim azyaşlı məktəblilərin bu məclislərə cəlb edilməsini məqbul saymaz, nəinki mən olam.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info