“Yeni tipli məktəblər zamanın tələbi idi”
Tarix: 11.09.2018 | Saat: 11:28:00 | E-mail | Çapa göndər


(əvvəli ötən saylarımızda)

Dövri nəşrlər Naxçıvan diyarında meydana gələn yeni təhsil müəssisələrinin əhali arasında dünyəvi elmin, yeni biliklərin yayılması vasitəsi hesab edildiyindən bu sahə üzrə atılan hər bir addımı xoş məramla qarşılayır, yeni pedaqoji ideyalara əsaslanan bu növ təhsil müəssisələrini region üçün alqışalayiq hadisə hesab edirdilər. 1896-cı ilin “İrəvan quberniyasının icmalı”nda məşhur pedaqoq Məhəmməd Tağı Sidqinin Naxçıvandakı “Tərbiyə” məktəbi haqqında yazılırdı: “Müsəlmanlar arasında təhsilə səylər ruhanilərin fanatizmi üzündən o qədər də qızğın deyil... Lakin, bununla belə, son zamanlar müsəlmanlar arasında yaxşıya doğru dəyişikliklər var. Hesabat ilində Naxçıvan şəhərində rus dili məcburi fənn olmaqla düzgün təşkil edilmiş məktəb meydana gəlmişdir. Məktəbə çox tezliklə 100 nəfər şagird daxil olmuşdur. Bu rəqəmə uyğun olaraq yerli məscid məktəblərində uşaqların sayı azalmışdır. Belə bir məktəbin İrəvanda da açılacağı gözlənilir” .
Bəhs etdiyimiz əsrin 90-cı illərində məscid məktəblərində təhsilin səviyyəsinin aşağı olması, zamanın tələblərinə cavab verməməsi, təlimin məzmunu, tədris üsulları üzrə hələ də vaxtı keçmiş qaydalardan istifadə edilməsi və digər bu kimi çatışmayan cəhətlər məscid məktəblərində, ümumən ruhani təhsilində müəyyən islahatlar, yeniləşmələr aparmaq zəruriyyəti yaradırdı. Məscid məktəblərində təlim-tərbiyə işlərinin zamanın tələbləri səviyyəsinə uyğunlaşdırılması Azərbaycan pedaqogikasının və təhsilinin qabaqcıl nümayəndələrinin də diqqətini cəlb edən məsələ olmuşdur. Gəncləri faydalı biliklərə yeyələndirmək, təlim-tərbiyə prosesini yaş xüsusiyyətlərinə uyğunlaşdırmaq, bu prosesi uşağın şüur səviyyəsinə, idraki qüvvəsinə və qavrama qabiliyyətinə müvafiq təşkil etmək və s. bu kimi problemlər tələb edirdi ki, məscid məktəblərində də təhsil kursu yeniləşdirilsin, bu tədris müəssisələrində də təhsil yeni əlamət və keyfiyyətlərlə zənginləşdirilmiş olsun.
Beləliklə, mövcud ruhani məktəblərinin maddi şəraiti və idarəetmə prinsipləri, həmçinin burada istifadə olunan təlim metodları haqqında içtimai-pedaqoji mühitdə müzakirə təriqi ilə fikirlər, rəylər meydana gəldi. Ümumən maarif sisteminin təkmilləşdirilməsi ehtiyaclarından yaranan səylər kimi məscid məktəblərinin yeniləşdirilməsi haqqında yazılar XIX əsrin 90-cı illərinin əvvəllərində bütün Qafqazda Rusiya imperiyasının rəsmi qəzeti kimi “Qafqaz” qəzetində göründü. Qəzetdə müsəlman məktəbləri haqqında bir neçə yazı getmişdi. Bu məqalələrdə məktəb və mədrəsələrdə tədris metodları, tədris planı və proqramlarının müasirləşdirilməsinə, yenilənməsinə çağırış qüvvətli idi.
Qəzetdə gedən “Musulmanskoe duxovenstvo i narodnoe şkolı” adlı məqalədə göstərilirdi ki, istər məscidlər yanındakı ibtidai məktəblər, istərsə də yüksək ruhani məktəbləri kimi fəaliyyət göstərən mədrəsələr köhnə qaydalarla fəaliyyət göstərir. Bu məktəblərdə nəinki rus dili bir tədris fənni kimi öyrənilmir, hətta əlifba təlimi belə səs üsulu ilə tədris olunmur. Halbuki hərf-heca üsulu mənimsəmə prosesini çətinləşdirir, vaxt itkisinə şərait yaradır, zehni kütləşdirir və nəticədə təlimin səmərəlilik səviyyəsi xeyli dərəcədə aşağı düşür. Bu məqalədə müsəlman məktəb və mədrəsələrinin qiymətləndirilməsində belə bir tendensiya müəyyənləşirdi ki, kapitalist münasibətlərinin inkişaf təzahürlərinə uyğun olaraq Rusiyanın müsəlmanlar yaşayan regionlarında ənənəvi tədris müəssisələrinin fəaliyyəti ölkənin islahat hərəkatına yaxınlaşdırılmalıdır.
Qeyd edək ki, “Qafqaz” qəzetində müsəlman ruhani məktəblərinə aid məqalələrin müəllifləri məscid məktəblərinin təkmilləşdirilməsinin həyata keçirilməsi təklifi ilə çıxış edərkən daha çox burada istifadə olunan metod və priyomların yeniləşdirilməsini vacib hesab edirdilər. Onların bir çoxunun fikrincə, məscid məktəblərinin təkmilləşdirilməsi sahəsində xüsusi əhəmiyyət daşıyan məsələ məhz savad təliminin mənimsənilməsini asan və tez bir zamanda, vaxt itkisinə yol vermədən həyata keçirməkdən ibarət olmalıdır. Bu cəhət Qafqazın dini etiqadına görə müsəlman xalqlarının məktəblərində əlifbanın öyrədilməsi üsulu kimi həyata keçirilməsi vacib olan məsələ idi.
Qəzetdə məscid məktəblərinin təkmilləşdirilməsi barədə maraqlı təkliflərlə çıxış edən müəlliflərdən biri də Azərbaycan pedaqoji fikrinin və təhsil tarixinin görkəmli simalarından biri kimi həmişə yad ediləcək müəllim-pedaqoq Aleksey Osipoviç Çernyayevski idi. Əslən şamaxılı, milliyyətcə rus olan A. O. Çernyayevski içtimai-siyasi baxışlarının demokratizmi və humanizmi ilə seçilmiş, Azərbaycan xalqına, onun gələcəyinə dərin hörmət və ehtiram bəsləmiş, bacarığı və istedadının verdiyi imkanlar daxilində azərbaycanlı gənclərin təhsillənməsi, onların maarif işığını yandıra bilməsi, şölələndirməsi işinə bütün qüvvəsini, gücünü əsirgəməmişdir. O, azərbaycanlı uşaqların təhsillənməsi istiqamətində məscid məktəblərinin yeri və rolunu görür, zaman üçün faydalı olması naminə müəyyən dəyişikliklərin, yeniləşmənin vacibliyini irəli sürürdü. A.O.Çernyayevki hesab edirdi ki, məscid məktəblərinin təkmilləşdirilməsi sahəsində görülən işlər onunla əlaqələndirilməlidir ki, “yeni tədris metodlarının tətbiqi təlim kursunun düzgün təşkilinə, həmçinin gigiyenik şəraitin yaxşılaşdırılmasına” yönəldilsin . O təklif edir ki, bu məktəblərdə hesab və harada mümkündürsə, rus dili də tədris olunsun. Onun fikrincə, məscid məktəblərində fars dilinin öyrədilməsindənsə, rus dilinin təlimi daha çox vacib sayılmalıdır. Çünki rus dili Rusiya tabeliyində olanların həyatında daha faydalı, daha əhəmiyyətli mövqeyə malikdir. A. O. Çernyayevskiyə görə, bütün bunlar tədris işində çox vacib bir məsələ kimi dərsliklərin, tədris vəsaitlərinin zamana görə, müasir metodikaya uyğun olaraq tərtib olunmasını aktuallaşdırır, bu sahədə görüləcək işin daha çox ağılla, yüksək pedaqoji-metodik əsaslarla qurulmasını gündə­mə gətirir.
Görkəmli pedaqoq A.O.Çernyayevskinin məscid məktəbləri ilə bağlı qaldırdığı problemlər, həqiqətən, yüksək pedaqoji mahiyyətə, ictimai əhəmiyyətə malik məsələlər idi. Hesab və digər dünyəvi fənlərin ruhani məktəblərinin tədris planına daxil edilməsi zamanın tələbi idi. Əlbəttə ki, bir neçə il ərzində sadə hesab əməliy­yatlarını öyrənə bilməyən uşağın hansı və necə bir faydalı təlim aldığı şübhə doğurmaya bilməz. Ona görə də məscid məktəblərində təhsilin məzmununu müsəlman ənənələri üzrə saxlamaqla bərabər, tədris planına dünyəvi fənlərin daxil edilməsinə aid irəli sürdüyü təkliflərə görə A.O.Çernyayevski haqlı idi.
Məscid məktəblərində gigiyenik şəraitin ibtidai səviyyədə olması faktı qabaqcıl Azərbaycan maarifpərvərlərini, pedaqoqlarını da düşündürmüşdür.
Tədqiqat göstərir ki, bəhs olunan dövrdə məscid məktəblərində təlim-tərbiyə işinin təkmilləşdirilməsi ilə bağlı müəyyən tədbirlərin həyata keçirildiyini təsdiq edən faktlar mövcuddur. Bu cür faktlar ənənəvi məktəblərdə tədrisin məzmunu üzrə yeniləşmə meyilləri kimi maraq doğurur. Üfüqdə işartılar görünürdü. İrəvan quberniyasının 1893-cü ilə aid “İcmalı”nda göstərilir ki, İrəvan şəhərinin baş məscidinin yanındakı mədrəsədə rus dili və hesab fənləri də tədris olunur. Ruhani məktəblərinin yeniləşdirilməsi, təkmilləşdirilməsi istiqamətində həyata keçirilməsi vacib olan tədbirlərdən biri də A.O.Çernyayevski və digər pedaqoq-ziyalıların göstərdiyi kimi, faydalı, pedaqoji-metodiki cəhətdən yararlı dərsliklərin hazırlanması ilə bağlı idi. Sonralar, XX əsrin əvvəllərində mütərəqqi cəbhədən çıxış edən din xadimlərimiz də bu cəhəti zəruri hesab edir, dini etiqada sadiq qalmaqla faydalı dərsliklər hazırlanması üzrə təşəbbüsləri alqışlayır, bu işdə özlərinin yardım və köməyini əsirgəmirdilər.
Bir xüsusi məqamı bir daha xatırladaq ki, ədəbi, tarixi və tarixi-pedaqoji ədəbiyyatda müsəlman məktəblərinə qeyri-dəqiq, düzgün olmayan, bəzi hallarda isə ifrat səviyyədə mənfi qiymət vermək halları olmuşdur. Bu cür yazılarda məscid məktəblərinin yeri və rolu çox vaxt tarixi şərait hesaba alınmadan xarakterizə olunur. Dəqiq ifadə etməli olsaq, göstərməliyik ki, bu tədris müəssisələrinə Azərbaycan təhsilinin, ümumən cəmiyyətinin inkişaf səviyyəsinin bir dövrü kimi baxılmır. Nəticədə orta əsr məscid məktəbləri ilə XIX əsr dini məktəbləri arasında heç bir fərq qoyulmur. Bu məktəblər yuxarıda qeyd etdiyimiz kimi, XIX əsrə qədərki mövcudluğu ilə ölkədə savad təliminin heç nə ilə müqayisə oluna bilməyəcək vasitəsi idisə, XIX əsrdən etibarən yeni şəraitdə, dəyişilmiş zamanda onların funksiyası xeyli, bəlkə də, əsaslı dərəcədə aşağı düşmüşdü. Artıq bu dövrdə ənənəvi məktəblərin, əgər belə demək mümkünsə, monopoliyası məhdudlaşmış, təhsillənmə işində faydalılıq səviyyəsi minimuma enmişdir. Bu mənada qabaqcıl ideyalarla, yeni düşüncə tərzi ilə uzlaşmayan, təhsil alanların inkişafına vasitə ola bilməyən ənənəvi məktəblərdə islahatların aparılmasına ehtiyacın yaranması həyatın, gerçək zamanın tələbi idi.
Lakin, bununla belə, bir çox müəlliflər (çarizm və sovetlər dövrünün yazarları) məscid məktəblərinin, ümumiyyətlə, cəmiyyət həyatının müəyyən dövrlərində və müxtəlif sahələrdə hər hansı bir müsbət rola malik olduğu, müəyyən dövr ərzində əhalinin ümummədəni səviyyəsində əhəmiyyətli mövqe və yer tuta bildiyi ilə əlaqədar söhbət açmağı lüzumsuz saymışlar. Lakin xatırladaq ki, təkcə XIX əsrin görkəmli elm və ədəbiyyat xadimlərinin böyük bir dəstəsi - Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Cəlil Məmmədquluzadə və başqaları ilk təhsilini məscid məktəblərində yüksək dini təhsilə malik ruhanilərin müdərrisliyi altında almışlar.
XX əsrin əvvəllərini Azərbaycanda savad təliminin, ümumi və texniki təhsilin nisbətən sürətlə yayılması dövrü kimi səciyyələndirmək olar. Bu dövrdə məşhur rus-tatar (Azərbaycan) məktəblərinin, müsəlman məktəblərinin, həmçinin rus dövlət məktəblərinin (şəhər məktəbləri, gimnaziyalar, texniki məktəblər, kəndlərdə ibtidai savad təlimi verən tədris ocaqları, bazar günü məktəbləri və s.), şəxsi təşəbbüslər, xeyriyyəçi cəmiyyətlər yolu ilə açılan digər tədris müəssisələrinin, yəni geniş şəbəkəyə malik təhsil sisteminin olması içtimai həyatın canlanmasına, milli ideyaların dirçəlişinə və güclənməsinə təsirli vasitə oldu. Bu təhsil müəssisələri ölkədə qabaqcıl görüşləri yaymaq, insanların savad səviyyəsini yüksəltmək, dünyagörüşünü formalaşdırmaq baxımından böyük əhəmiyyətə malik idi. Artıq Azərbaycan cəmiyyətində ibtidai təlim və ümumtəhsil işinə qoşulmaq haqqında məsələlər müzakirəyə çıxarılır, əhalinin ideya kimi olsa da təhsil-tərbiyə işi ilə əhatə olunması məsələləri gündəmə gətirilirdi.
Bu dövrdə məscid məktəbləri xalq təhsil sisteminin tərkibində vacib həlqələrdən biri kimi və Maarif Nazirliyinin ibtidai məktəbləri ilə bərabər hüquqlara malik tədris ocağı kimi fəaliyyətini davam etdirirdi.
(ardı var)
Vahid Rzayev
Pedaqogika üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Xiaomi” şirkəti süni intellektli zəngli saatını təqdim edib
22.09.2018
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
22.09.2018
Azərbaycanlı professorun monoqrafiyası Almaniyada çapdan çıxıb
22.09.2018
Dövlət qulluqçusu olmaq istəyənlər bu gün sınaq imtahanı verirlər
22.09.2018
“Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info