Cəbhə bölgəsi rayonlarının ümumi təhsil müəssisələri yeni dərs ilinə hazırdır
Tarix: 11.09.2018 | Saat: 12:55:00 | E-mail | Çapa göndər


Yeni dərs ilinin başlamasına artıq saylı günlər qalıb. Respublikamızın bütün bölgələrində yeni tədris ilinə hazırlıq görülür, ümumi təhsil müəssisələrinin təmir-tikintisi həyata keçirilir. Hazırda ölkəmizdə 34 yeni məktəb binası tikilir, 22-si isə əsaslı təmir edilir. Modul tipli məktəb binalarının quraşdırılması da tədris şəraitinin yaxşılaşdırılması baxımından xüsusi önəm daşıyır. Təkcə bu tədris ilində respublika ərazisində modul tipli 137 təhsil müəssisəsi istifadəyə veriləcək.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, cəbhə bölgəsində yerləşən rayonlarda da yeni tədris ilini qarşılamaq üçün hazırlıqlar görülüb. Təhsil ocaqlarında təmir və səliqə-sahman işləri aparılıb, ümumtəhsil müəssisələrinə yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlər verilib. Ehtiyac olan məktəblərdə işləmək üçün test və müsabiqədən keçən gənc müəllimlər işə qəbul edilib. Birinci sinfə qədəm qoyacaq şagirdlər müəyyənləşdirilib. Artıq ümumi təhsil müəssisələri yeni dərs ilinə hazırdır. Təhsil nazirinin əmrinə əsasən, ümumi təhsil müəssisələrində 2018-2019-cu tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri - müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti - dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunacaq.

Yeni dərs ilində Ağdam rayonu üzrə 135 ümumi təhsil məktəbi fəaliyyət göstərəcək

Ağdam rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşa edilməsi, mövcud məktəblərin təmiri daim diqqət mərkəzində saxlanılır. Dövlətimizin cəbhə bölgəsinə və təhsilə göstərdiyi qayğının nəticəsidir ki, son 10 ildə rayonun işğal altında olmayan hissəsində 30-dan çox məktəb tikilib, 15-dən artıq məktəb binası əsaslı təmir olunub. Hazırda Quzanlı qəsəbəsində 360 şagird yerlik orta məktəbin inşası davam etdirilir. Yeni dərs ilində Prezident İlham Əliyevin Sərəncamına əsasən 85 saylı köçkün tam orta məktəbi üçün 96 şagird yerlik modul tipli məktəb binası quraşdırılacaq.
2018-2019-cu tədris ilində Ağdam rayonu üzrə 135 ümumi təhsil məktəbi, o cümlədən 117 tam orta, 17 ümumi orta, 1 ibtidai və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərəcək. Rayonun ümumtəhsil məktəbləri üzrə 1677 sinif komplektində 21 min 565 şagirdin təhsilə cəlb olunması planlaşdırılır ki, onlardan da 2285 nəfəri birinci siniflərə qəbul ediləcək.
Yeni dərs ilinə hazırlıqla əlaqədar Təhsil Nazirliyi tərəfindən göndərilmiş 89 min 970 ədəd dərslik, 4229 ədəd metodiki vəsait məktəblərə çatdırılıb. Rayonun bütün təhsil müəssisələrində səliqə-sahman yaradılıb, cari təmir işləri aparılıb.

Ağcabədinin ümumi təhsil məktəblərinə 94 nəfər gənc müəllim göndərilib

Ölkəmizdə aparılan sosialyönümlü islahatlar nəticəsində yüksək standartlara uyğun təhsil, səhiyyə, mədəniyyət və idman obyektləri inşa edilib istifadəyə verilir. Bütün bunlar təhsil sahəsində əsaslı islahatların aparılmasına və onun davamlı inkişafına stimul yaradıb. Respublikada gedən sosial-iqtisadi inkişaf Ağcabədi rayonunda da uğurla həyata keçirilir. 2004-2018-ci illərdə 39 məktəb binasının inşa edilməsi, 14 məktəbin əsaslı təmir olunması təhsilin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Yeni dərs ilinə hazırlıqla bağlı Ağcabədi rayonunun bütün məktəblərində hazırlıq işləri başa çatdırılıb. Təhsil müəssisələrinə 148 adda 87 min 671 ədəd dərslik və 4160 ədəd müəllim üçün metodik vəsait paylanılıb. Təhsil Nazirliyinin vəsaiti hesabına tədris avadanlıqları alınaraq məktəblərə çatdırılıb. Təhsil müəssisələrinin kadr təminatı üzrə İnkişaf Proqramına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən 94 nəfər gənc mütəxəssis rayonun müəllim ehtiyacı olan kənd məktəblərinə təyinatla göndərilib.
2018-2019-cu dərs ilində rayonda 62 ümumtəhsil məktəbi o, cümlədən 50 tam orta, 11 ümumi orta və 1 ibtidai məktəb fəaliyyət göstərəcək. Rayonun ümumtəhsil məktəblərində 23 min 18 şagird təhsil alacaq ki, onlardan da 2500-dən çoxu birinci siniflərə qədəm qoyacaq.

Füzuli rayonunda 1302 şagird birinci sinfə gedəcək

Ərazisinin bir hissəsi Ermənistan silahlı bölmələrinin işğalı altında olan Füzuli rayonunda 75 tam orta, 5 ümumi orta, 1 ibtidai məktəb, 2 məktəbdənkənar təhsil müəssisəsi var. Məktəblərin 45-i rayonun işğaldan azad edilmiş hissəsində, 15-i Bakı, 5-i Sumqayıt, 1-i Şirvan şəhərlərində, 2-si Sabirabad, 5–i İmişli, 8-i isə Beyləqan rayonları ərazisindədir.
Füzuli rayonunda təhsilin səviyyəsinin yüksəldilməsi həmişə diqqət mərkəzində olub. Rayon ərazisindəki təhsil müəssisələrinin hamısı ya yenidən tikilib, ya da müasir tələblər səviyyəsində bərpa edilib. Bütün məktəblərdə dərsləri yüksək səviyyədə tədris etmək üçün bütün şərait var. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların, o cümlədən 600-dən yüksək bal toplayanların sayı ildən-ilə artır. Təkcə bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 502 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Gənclərdən 94 nəfəri 500-dən yuxarı, o cümlədən 34 nəfəri 600-dən çox bal toplayıb.
Əvvəlki illərdə olduğu kimi bu il də, yeni tədris ilinə yüksək səviyyədə hazırlıq görülüb. Rayonun Arayatlı və Mahmudlu kənd tam orta məktəbləri təmir edilib. Digər məktəblərdə cari təmir və səliqə-sahman işləri aparılıb.
Yeni dərs ilinə hazırlıqla əlaqədar təhsil müəssisələrinə 65 min 680 ədəd dərslik, həmçinin müəllimlər üçün metodiki vəsaitlər verilib. Rayonun müəllimə ehtiyacı olan ümumi təhsil müəssisələrinə test və müsabiqədən keçən 74 nəfər gənc müəllim qəbul edilib. Bilik günü rayon üzrə birinci siniflərə 1302 nəfər şagird qədəm qoyacaq. 934 uşaq isə məktəbəqədər hazırlıq qruplarına cəlb ediləcək.

Tərtər rayonunda modul tipli iki məktəb quraşdırılacaq

Ötən tədris ilində Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində məcburi köçkünlər üçün yeni salınmış yaşayış massivində 1200 şagird yerlik məktəb binası inşa edilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Tərtər şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir edilib, Bayandur, Poladlı kəndlərində modul tipli məktəblər tikilib. Seydimli kənd tam orta məktəbinin əlavə korpusu və Qaradağlı kənd tam orta məktəbinin bir korpusu əsaslı təmir olunub.
Yeni məktəblərin tikintisi ilə bağlı tədbirlər hazırda da davam etdirilir. Belə ki, tikintisi başa çatan Poladlı kənd ümumi orta məktəbi üçün modul tipli məktəb binası yeni tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcək. Bundan başqa yeni dərs ilində Prezident İlham Əliyevin Sərəncamına əsasən Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəb binaları quraşdırılacaq.
Digər cəbhəyanı rayonlarda olduğu kimi, 48 kilometr məsafədə təmas xəttində yerləşən Tərtər rayonunun tədris ocaqlarında da yeni dərs ilinə ciddi hazırlıq görülüb. Məktəblərdə təmir işləri aparılaraq, səliqə-sahman yaradılıb, yaşıllıqlar salınıb. Tədris ocaqlarına 194 adda 40 min 297 ədəd dərslik və 65 adda 1942 ədəd müəllim vəsaiti çatdırılıb.
2018-2019-cu tədris ilində rayonda 47 ümumtəhsil məktəbində şagirdlərin təlim-tərbiyəsi ilə 1335 nəfər müəllim məşğul olacaq. Yeni dərs ilində, həmçinin rayonun müəllim ehtiyacı olan kənd məktəblərinə təyinatla göndərilən 23 gənc müəllim əmək fəaliyyətinə başlayacaq. Birinci siniflərə 1041 nəfər, hazırlıq qruplarına isə 667 nəfər qəbul ediləcək.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info