Aşıq Hüseyn Bozalqanlının yeni dastanı əldə olunub
Tarix: 11.09.2018 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Aşıq Səlcuq Şəhbazi 1962-ci ildə Miyanənin Ağcaqışlaq kəndində doğulub. 1975-ci ildə Şükür kişi Tehrana köçərək Nəmətabad məhəlləsində məskunlaşır. Aşıq Səlcuq 4 il Aşıq Əvəzdən dərs alıb. 1980-82-ci illərdə hərbi xidmətdə olur. Aşıq Səlcuq 1989-cu ildə “Azərbaycan aşıqları” kollektivini yaradır. 1992-ci ildə Azərbaycana səfər edir. Gəncədə aşıq diplomuna layiq görülür. 1999-cu ildə kollektivinin adını dəyişib “Dədə Qorqud Aşıqları” adlandırır. Çox çalışdıqdan sonra İranın radio və televiziyasında aşıq musiqisini rəsmiləşdirir. 7 il radio və televiziyada çıxış edir. 2005-ci ildə “El səsi” adında kitabı işıq üzü görüb. 2007-ci ildə “Təpədən dırnağa Azərbaycanam” şeir kitabı Xalq şairi Zəlimxan Yaqubun yazdığı müqəddimə ilə nəşr olunub. Dədə Qorqud aşıqları 2010-cu ildə Azərbaycanda keçirilən Birinci Beynəlxalq Aşıq Festivalına dəvəti olunur, festivalda Dədə Qorqud Aşıqlarının rəhbəri kimi çıxış edir. Aşıq Səlcuq Şəhbazi 2010-cu ildə İranda musiqi evində İran Aşıqlarının nümayəndəsi seçilir. Həmin ildə “Aşıq Dastanları” kitabı işıq üzü görür. 2013-cü ildə “İran aşıqları və ədəbiyyatı” kitabı aşıq Səlcuq Şəhbazinin 40 ildə çəkdiyi zəhmətin bəhrəsi kimi nəşr olunur. Aşıq sənətində 7 klassik aşıq havasının yaradıcısıdır. Aşıq Səlcuq Şəhbazi İranın musiqi evində 5 il heyət müdiri işləyəndən sonra İran Aşıqlar Birliyini yaradıb. İran Aşıqlar Birliyi yaranandan 6 beynəlxalq festival və tədbir keçirib.


Aşıq Hüseyn Bozalqanlı Sovetlər dövründə yaşamasına baxmayaraq, onun yaradıcılığının böyük bir qismində folklor hadisəsi mövcuddur. Çox təəssüf ki, aşığın külliyyatının yandırılması və yaradıcılığının it-bata düşməsi bu gün tədqiqatçıların da işinin çətinləşməsi ilə nəticələnir. Ancaq xalqımızın ədəbiyyata olan sevgisinin nəticəsidir ki, ustad sənətkarların irsi xalq tərəfindən qorunub, yaşadılıb və günümüzə kimi bir qismi gəlib çatmışdır. Aşıq Hüseynin apardığı toylar, məclislərdə bədahətən dediyi şeirlər bu gün də dillərdən düşmür. Beləcə, bu cür sənətkarlarla bağlı xalq dastanlar yaratmış, onlarla bağlı əhvalatlar qoşmuş və bu yolla sənətkarların unudulmasının qarşısı alınmışdır. Bu bir daha Azərbaycan xalqının ədəbiyyata, aşıq sənəti və poeziyasına verdiyi ən böyük qiymətdir.
Aşıq sənətini sevənlər və sənətkarlar tərəfindən çox zaman hissə-hissə bu cür sənət adamlarının yaradıcılığı qələmə alınmış və bugünkü nəsillərə çatdırılır. Bu gün Aşıq Hüseyn Bozalqanlının Ərdəbil rayonunun Xalxal şəhərinə səfəri ilə bağlı bir dastanla qarşılaşdım. Bu dastan haqqında mənə məlumatı İran Aşıqlar Birliyinin sədri Aşıq Səlcuq Şəhbazi verdi. Dastanın tam formada onda mövcud olduğunu, hələ indiyə kimi ictimaiyyətə təqdim etmədiyini vurğuladı. Buna, həqiqətən, sevindim və Aşıq Səlcuqdan bu dastanı mənə verməsini xahiş etdim. Bir müddətdən sonra Aşıq Səlcuq dastanı Azərbaycan dilində yazılmış şəkildə ancaq fars əlifbası ilə mənə göndərdi. Aşıq Səlcuq dastanı ustadından əldə edib qələmə aldığını deyir. Bu dastan olduqca irihəcmli dastan olmaqla yanaşı, çox mətləblərdən xəbər verirdi. Dastanı latın əlifbasına çevirmək prosesi xeyli zaman tələb etdiyi üçün biz, hələlik Aşıq Hüseyn Bozalqanlının və ağcaqışlaqlı Aşıq Əsədin şeirlərini təqdim edirik və növbəti nüsxələrimizdə dastanın tam versiyası çap olunacaq.



SƏN
Aşıq Hüseyn, Bozalqandan gəlibsən,
Həddini bil, hüdudunu tanı sən.
Əsəd bilir başqaları biləmməz,
Xalxalı mən gəzdim, Bozalqanı sən.

Düzdü ki, Xalxalda daim qar olar,
Yolun azanlara atəş nar olar.
Bu mahalda sənə meydan dar olar,
Götürüb qaçarsan para canı sən.

Əsədin zərbindən düşərsən dağa,
Ayaq qoyamarsan Ağcaqışlağa.
Sən başda olsan da, sallam ayağa,
Qarışıq salarsan sübhlə danı sən.

Aşıq Əsəd Ağcaqışlaqlı


HÜSEYNİN
Məni Məhəmməd xan dəvət eləyib,
Açılıb Xalxalda yazı Hüseynin.
Bir aydı dillərdə – dişlərdə gəzir,
Dastanı, söhbəti, sözü Hüseynin.

Əgər sən aşiqsən, mən də aşığam,
Nə olsun, beş şəhər burdan uzağam.
Düzünü axtarsan, sənə qonağam,
Pulda-parada yox gözü Hüseynin.

Hüseyn Bozalqanlı deyir, ay balam,
Başsız sənətkara çox qalmaqalam.
Salamsız məktuba verirəm salam,
Çatacaq Əsədə sözü Hüseynin.


SALAM
Məclisimə aşıq gəldi, onlara qəlbən salam,
Başda papaq, əlində saz, xoş gəldi mehman salam.
Nə gözəl bir vaxtda gəldiz, nur gətirdiz əlizdə,
Qəlbimdəki eşq evindən verirəm nurdan salam.

Məclisə ki aşıq gəldi, aşıq dursun ayağa,
Ustadlardan öyrənmişik, öyrədirik, ay ağa.
Bilən başda əyləşsin, aparmayın ayağa,
Yeni mehman hörmətinə verirəm başdan salam.

Aşıq Hüseyn Bozalqanlı, qonağa hörmət gərək,
Göz dolandır diqqət eylə, xalqa məhəbbət gərək,
Məhəbbətdən zərər gəlməz, məhəbbət qat-qat gərək.
Bir salamın salavatın, sahibi Quran salam.
Aşıq Hüseyn Bozalqanlı

Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
16.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
16.11.2018
Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb
16.11.2018
Cenevrədə Azərbaycan kinosunun uğurları
16.11.2018
Rusiya və Ukraynanın aparıcı solistləri Bakıda çıxış edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info