“Azərbaycan Birləşmiş Ştatlar üçün hərtərəfli sınanmış və dəyərli tərəfdaşdır”
Tarix: 28.06.2013 | Saat: 16:00:00 | E-mail | Çapa göndər


Den Börton: “Əgər biz bu möhkəm dostluğu qırsaq,
biz onları itirəcəyik və bunun nəticələri Amerika üçün fəlakətli olacaq”


Azərbaycan Amerika Alyansının fəxri prezidenti, keçmiş konqresmen, Nümayəndələr Palatasının Xarici işlər komitəsinin və Avropa, Avrasiya və fövqəladə hallar altkomitəsinin sədri Den Börtonun bu günlərdə “The Washington Times” qəzetində dərc etdiyi böyük məqalə ölkə ilə tanışlıqdan əlavə, onun regionun bir sıra taleyüklü məsələlərində ABŞ-la mümkün tərəfdaşlığından bəhs edir. Qeyd edək ki, “The Washington Post” qəzetindən sonra Vaşinqtonun ikinci ən nüfuzlu qəzeti hesab olunan “The Washington Times” Konqres, Ağ Ev, Dövlət Departamenti və digər qurumlar tərəfindən diqqətlə izlənilir. Həmin məqaləni təqdim edirik:
“İyunun 21-i öz köşəsində Prezident Obamanın Berlindəki çıxışını təhlil edən Corc Uill onu reallıqdan qətiyyən xəbəri olmayan birisi kimi təqdim etdi. Nümayəndələr Palatasının Xarici işlər komitəsindəki 30 illik təcrübəmə əsaslanıb cənab Uillə razılaşaraq söyləyə bilərəm ki, Prezident xüsusilə xarici əlaqələr məsələsində reallıqdan həqiqətən çox uzaqdır.
Zaman-zaman bu administrasiya Misir, Liviya, Şimali Koreya (get-gedə daha xaotikləşən və hərbiləşən) və İrandakı hadisələrin yaranmasına səbəb olub və indiki ürəkağrıdan mənzərənin təşəbbüskarına çevrilib. Hazırda isə Suriyadakı mümkün fəlakət administrasiyanın işini büdrədir. Onların Qafqaz, xüsusilə də Azərbaycanla açıq-aşkar əlaqələrinin kəsilməsi Amerika maraqları üçün həyati əhəmiyyət kəsb edən regionun destabilizasiyası təhlükəsi yaradır.
Bilavasitə Rusiya və İranla sərhədləşən yeganə ölkə olan Azərbaycan Moskvanın neo-imperialist ambisiyaları və İranın teokratik təbliğatı arasında sıxışdırılır. Həsən Ruhaninin prezident kürsüsünə əyləşməsinə baxmayaraq, Tehrandakı fundamental rejimin səciyyəsi dəyişməyib. Xoşbəxtlikdən, indiyə qədər Azərbaycan təzyiqlərə sinə gərib və Qərbə üz tutub. Faktiki olaraq, Azərbaycan Birləşmiş Ştatlar üçün hərtərəfli sınanmış və dəyərli tərəfdaşdır. Terrorla mübarizə və kütləvi qırğın silahlarının yayılmaması, Əfqanıstanda sabitləşdirici qüvvə kimi göstərdiyi xidmətlər - Azərbaycan Amerikanın ən yaxşı dostlarındandır. Çox az sayda müsəlman ölkəsi İsraillə Azərbaycan kimi yaxın və dostluq münasibətlər qurduğu ilə öyünə bilər. Məsələn, keçən il Azərbaycanın İsraillə ikitərəfli ticarət əlaqələrinin həcmi 4 milyarda çatıb ki, bu da ABŞ-la Azərbaycanın ikitərəfli ticarət həcmindən 2 dəfə çoxdur. Bununla yanaşı, İsrail neftinin 40%-i Azərbaycandan idxal olunur. Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri Prezident Şimon Peres tərəfindən “tarixi səfər” kimi qeyd olunub. Elmar Məmmədyarov həmçinin Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun Vaşinqtonda keçirilmiş açılış sessiyasında çıxış edən yeganə müsəlman xarici işlər naziri olub.
Azərbaycan həm də qlobal enerji-təhlükəsizliyi zəncirinin mühüm bağlarındandır. 1.099 millik Bakı-Tbilisi-Ceyhan neft kəməri dünya bazarına hər gün 1 milyon barrel neft ixrac edir. Tezliklə 60 milyarddan 120 milyard kub metrə qədər Xəzər və Mərkəzi Asiya təbii qazının “Cənub Qaz dəhlizi” layihəsi vasitəsilə Avropaya ötürüləcəyi proqnozlaşdırılır ki, bu da Moskvanın Avropanın enerji təminatındakı polad mövqeyini zəiflədir. 2013-cü ildə Bakıda, Xəzər Neft və Qaz sərgisində çıxış edən ABŞ-ın Azərbaycandakı səfirinin də qeyd etdiyi kimi, Azərbaycan “dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir”.
Mən bir çox dünya ölkələrinə səyahət etmişəm və bilirəm ki, Azərbaycan nöqsansız deyil. Azərbaycan hökuməti insan hüquqlarına dair yazı və hesabatlarda dəfələrlə tənqid edilib. Lakin Azərbaycanın digər sabiq sovet respublikaları kimi demokratiya sahəsində çox az və cüzi təcrübəyə malik olmasını nəzərə alaraq qeyd etmək lazımdır ki, bu ölkə barəsində mövcud insan hüquqlarına dair yazı və hesabatlar digər keçmiş sovet ölkələri ilə müqayisədə daha yaxşıdır. Əslində Azərbaycanın dini tolerantlığı, dözümü və qadın hüquqlarının müdafiə edilməsi təqdirəlayiqdir və qiymətləndirilməlidir. Dövlət katibi Con F. Kerrinin bəyanatına əsasən, həqiqətən də, Azərbaycan “müxtəlif dinlərin, müxtəlif təriqət və məzhəblərin bir yerdə dinc şəkildə mövcudluğunun mümkün olduğu ölkədir”. Bakı demokratik proses və prosedurlar üzərində fəaliyyətin davam etdirilməsinə ehtiyac olduğunu dərk edir, lakin bu sahədə müəyyən irəliləyiş var. Əgər Obama administrasiyası Azərbaycan ilə münasibətdə insan hüquqlarına önəm verirsə, bəs nə üçün o zaman Myanmarda mövcud rejimi - genosiddə günahlandırılan rejimi, uşaqları əsgər kimi istifadə edən, zorakılığın daimi hal aldığı rejimi, uşaq əməyini istifadə edən, insan alveri ilə məşğul olan rejimi və ümumi siyasətdə zorakılıq və boyunduruğa əsaslanan rejimi dəstəkləyir, dostluq və yardım əlini uzadır?
Mən ABŞ Konqresində cənab Kerri ilə birlikdə xidmət göstərmişəm. Biz siyasi spektrin bir-birinə əks və zidd olan tərəflərində olduğumuz müddətdə və çox nadir hallarda onunla razılaşdığım aspektlərdə belə, onun xarici siyasət haqqında biliyinə, fikirlərinə və fəhminə hörmətlə yanaşıram. O, Azərbaycanın ABŞ strateji partnyoru kimi xüsusi və fövqəladə rolunu və əhəmiyyətini aydın dərk edir - burada, əlbəttə, Azərbaycanın Avropa Şurası və İslam Əməkdaşlığı Təşkilatı kimi beynəlxalq arenalarda əsrlərdən bəri dinc yaşamaq ənənəsi mühüm rol oynayır. Mən ürəkdən ümid edirəm ki, cənab Kerri Ağ Evə toplaşan nüfuzlu elm adamlarını - dünyanı özlərinin görmək istədikləri kimi görmək arzusunda olan və dünyanı həqiqi və real olaraq görməyən professorları inandıra biləcək - çünki bu olduqca önəmlidir və ABŞ Azərbaycanda fəaliyyətini gücləndirməklə Qafqazda olan nüfuzunun və təsir dairəsinin dəyişməsinə nail ola bilər. Məntiqi və tədbirli yol isə Dağlıq Qarabağ münaqişəsini çözmək üçün yüksək səviyyəli vasitəçiləri - danışıqlarda iştirak edəcək şəxsləri təyin etməkdir və Ermənistan- Azərbaycan münasibətlərinin tənzimlənməsidir. Münaqişənin sona çatması həm Azərbaycan və həm də Ermənistan üçün əlverişli olar. Rusiya və İranın regionda möhkəmlənmək üçün istifadə etdiyi alətlərin aradan qaldırılmasına şərait yaradar.
Dünyada, xüsusi ilə müsəlman dünyasında Azərbaycan kimi çox az yer tapılar ki, amerikanlar tərəfindən səmimiyyətlə qarşılansın. Əgər biz bu möhkəm dostluğu qırsaq, ona imkan verməsək, biz onları itirəcəyik və bunun nəticələri isə Amerika üçün fəlakətli olacaq”.
Anar








 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini yenidən vurğulayıb
20.09.2018
ATƏT-in Parlament Assambleyasının sədri Azərbaycanda səfərdədir
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info