“ABŞ-ın hər iki siyasi partiyası Azərbaycanın enerji layihələrinin Birləşmiş Ştatlar üçün əhəmiyyətini həmişə dəstəkləyiblər”
Tarix: 12.09.2018 | Saat: 13:24:00 | E-mail | Çapa göndər


Emili Olsen: “Cənub Qaz Dəhlizi son dərəcə xüsusi layihədir və onun reallaşmasında qazanılan uğurlar BP şirkəti ilə Azərbaycan arasında sıx əməkdaşlığın sübutudur”

Vaşinqtonda, Atlantik Şurasında “Avropanı birləşdirərkən: Cənub Qaz Dəhlizi və Avropanın qaz təchizatının gələcəyi” mövzusunda forum keçirilib. Forum Cənub Qaz Dəhlizinin reallaşması, Avropanın enerji təhlükəsizliyi və ABŞ-ın bu regiondakı enerji layihələri barəsində siyasəti məsələlərinə həsr edilib. AZƏRTAC xəbər verir ki, Atlantik Şurası yanında Qlobal Enerji Mərkəzinin sədri və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstarın moderatorluq etdiyi tədbirdə SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Vitali Bəylərbəyov, BP şirkətinin kommunikasiyalar, xarici əlaqələr və Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Emili Olsen, Vaşinqtondakı Corctaun Universitetinin professoru, Atlantik Şurası yanında Qlobal Enerji Mərkəzinin baş elmi işçisi və Xəzər regionu üzrə ekspert Brenda Şaffer, habelə KKR Global İnstitute Tədqiqat İnstitutunun direktoru Nil Braun çıxış ediblər. R.Morninqstar giriş nitqində regionda enerji layihələrinin reallaşmasında Azərbaycanın rolu, ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətləri, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, ABŞ-ın Azərbaycan və Türkiyə ilə energetika sahəsində əməkdaşlığı regionda sabitliyə gətirib çıxarıb. Səfir vurğulayıb ki, Azərbaycan ilə 20 ildən çox davam edən əməkdaşlıq boru kəmərlərinin tikintisi və fəaliyyəti məsələlərində böyük uğurlara şərait yaradıb. V.Bəylərbəyov auditoriyadakı ekspertlər, diplomatlar və ABŞ Administrasiyasının nümayəndələri qarşısında çıxışında regionun iqtisadi inkişafında Azərbaycanın sanballı töhfəsindən danışıb. O qeyd edib ki, Azərbaycan qazı indi Türkiyəyə və Gürcüstana ixrac edilir, üçüncü ölkə vasitəsilə Yunanıstana, vaxtaşırı olaraq Rusiyaya ixrac olunur. Yaxın vaxtlarda bir sıra digər ölkələr də Azərbaycandan qaz idxal edəcəklər. SOCAR nümayəndəsi auditoriyadakılara Azərbaycanın enerji sektoruna investisiyalar, Azərbaycanda təsdiqlənmiş qaz ehtiyatları, “Şahdəniz” yatağı, ölkənin digər mühüm qaz yataqları, o cümlədən “Abşeron” yatağı barədə statistik məlumatları təqdim edib. V.Bəylərbəyov Əsrin Müqaviləsinin imzalandığı vaxtdan keçən müddətdə Azərbaycanın beynəlxalq enerji layihələrinin həyata keçirilməsindən danışaraq, bu layihələrin reallaşmasına siyasi dəstək verilməsində diplomatların və ABŞ Administrasiyası nümayəndələrinin rolunu qeyd edib. Diskussiyanın davamı kimi çıxış edən Emili Olsen öz məruzəsində vurğulayıb ki, Cənub Qaz Dəhlizi son dərəcə xüsusi layihədir və onun reallaşmasında qazanılan uğurlar BP şirkəti ilə Azərbaycan arasında sıx əməkdaşlığın sübutudur. E.Olsen qeyd edib ki, bu layihənin uğurla reallaşmasında əsas amil Azərbaycandakı yüksək ixtisaslı işçi qüvvəsidir. Bu, BP şirkətinin texnoloji nailiyyətlərinin nümunəsidir. E.Olsen qeyd edib ki, Transadriatik qaz kəmərinin tikintisi ilə bağlı işlərin 77 faizi tamamlanıb. Professor Brenda Şaffer bu layihənin tezliklə başa çatması üçün Avropanın özünün dəstəyinin vacibliyini qeyd edib. O deyib ki, Avropaya yeni boru kəmərləri çəkilir və ya bu məsələ müzakirə edilir, lakin qaz özü həmin mənbələrdən və eyni təchizatçılardan ixrac edilir. Qeyd edilib ki, Azərbaycan qazı Avropaya ixrac edilən qazın birinci yeni mənbəyidir. Bu fakt Cənub Qaz Dəhlizinin xüsusi əhəmiyyətini təsdiqləyir. Ekspertlər Xəzərin delimitasiyası ilə bağlı nüansları və Avropanın enerji təhlükəsizliyi üçün Transxəzər boru kəmərinin potensialını da müzakirə ediblər. Nil Braun öz nitqində regional enerji layihələrinin həyata keçirilməsi ilə bağlı bir sıra məsələlərə toxunub. O deyib ki, Ağ Evdəki və ya ABŞ Konqresindəki Administrasiyadan asılı olmayaraq, ABŞ-ın hər iki siyasi partiyası Azərbaycanın enerji layihələrinin Birləşmiş Ştatlar üçün əhəmiyyətini həmişə dəstəkləyiblər. N.Braunun sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu layihə bazar qüvvələrini stimullaşdırır, Avropaya enerji idxalında rəqabətə və şaxələndirməyə şərait yaradır. O bildirib ki, Azərbaycan təhlükəsizlik sahəsində əməkdaşlıq üçün də gözəl nümunədir. Bundan əlavə, həmin enerji layihələri ABŞ-ın bu regiona kommersiya marağının və bütövlükdə iqtisadi marağının artmasına şərait yaradıb. Nil Braun vurğulayıb ki, Avropanın enerji təhlüksəziliyinin təmin edilməsinə dair layihələrin həyata keçirilməsində ABŞ çox mühüm rol oynayır. Tədbirin sonunda ekspertlər auditoriyadan verilən sualları cavablandırıblar.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”
20.09.2018
ABŞ: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
20.09.2018
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
20.09.2018
DTX erməni daşnak qüvvələrinin terror əməllərini sübut edən arxiv materiallarını yaydı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info