Nəsimi Festivalının açılışında rəsədxanada “kosmik şou“ göstəriləcək
Tarix: 12.09.2018 | Saat: 14:46:00 | E-mail | Çapa göndər


27-30 sentyabr tarixlərində Azərbaycanda ilk dəfə olaraq Nəsimi – şeir, sənət və mənəviyyat Festivalı keçiriləcək. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq.
Festivalın ilk günü iştirakçılar şairin doğulduğu Şamaxı şəhərində İmadəddin Nəsiminin qardaşı Şaxəndanın və görkəmli şair Seyid Əzim Şirvaninin dəfn olunduğu Şaxəndan qəbiristanlığını, Qafqazda ən qədim məscidlərdən olan, 743-cü ildə inşa edilmiş Cümə Məscidini, Avaxıl kəndindəki Pir Ömər məbədini və Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər.
Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiya bu diyarın həyatındakı ən vacib hadisələrin tarixi barədə hekayələr şəklində təqdim olunacaq. Bundan başqa, 1667-ci ildə baş vermiş və şəhərin tam dağılmasına səbəb olmuş zəlzələyə həsr olunmuş bölmə də olacaq. Tarixçilərin məlumatına görə, zəlzələ nəticəsində 40 mindən 80 minədək sakin həlak olub. Bu hadisə Böyük İpək yoplu üzərində yerləşmiş şəhərin görünüşünü çox dəyişdi.
Ən mühüm hadisələrdən biri Heydər Əliyev Fondunun bu muzeyə hədiyyəsi olacaq. Bu, Avropada tapılmış, əldə edilmiş və Azərbaycana gətirilmiş XVII əsrin üç unikal qravürdür. Bu qravürlər nə vaxtsa Şamaxıda olmuş səyahətçilərin qravürləridir.
Onlar arasında alman çoğrafiyaçısı Adam Olearinin Şamaxı görüntüləri var. O, Şlezviq-Qolşteyn hersoqluğunun səfirliyi tərkibində İrana gedərkən iki dəfə Şamaxıda olub. Daha sonra onun müşahidələri “Moskvaya və Moskvadan İrana və geriyə səyahətin təsviri” kitabına daxil olub. Digər miniatür kitab nəşriyyatçısı holland Alfred Tapperin “Planetin ekzotik yerləri” nəşrlərindən birində yer alıb. Şamaxıda bir ildən çox (1670-ci il sentyabrın 8-dən 1671-ci il oktyabrın 30-dək) yaşamış holland dənizçi Yan Streysin səyahətinin təsvirləri isə xüsusi yer tutur. O, şəhəri 1667-ci il zəlzələsindən sonra görüb və onun tikililəri barədə ətraflı məlumat verib. Ən maraqlısı odur ki, bu qravürlərdə o dövrün Şamaxısının böyüklüyünü, çoxlu sayda binalar, məscidlər, şəhərin inkişaf etmiş infrastrukturunu görmək olar.
Daha sonra Şamaxıda Nəsiminin heykəli önündə şeir-musiqi məclisi, həmçinin Mədəniyyət Nazirliyinin “Söz” ədəbi layihəsi çərçivəsində keçirdiyi, İmadəddin Nəsiminin xatirəsinə həsr olunmuş ədəbi müsabiqənin qaliblərinin iştirakı ilə tədbir təşkil olunacaq.
Müsabiqəyə gənc şairlər Nəsimi dühasından bəhrələnərək yazdıqları əsərləri təqdim edəcəklər.
Şamaxının Meysəri kəndində “Həssas Dəb” adı altında Beynəlxalq Etik Dizayn Məntəqəsinin açılışı da keçiriləcək. “Baku” jurnalının son bir neçə ildə “Eko. Dəb marşrutu” (“ЭКО. Модный маршрут”) başlığı altında davamlı dərc etdiyi materiallar əsasında qurulan məkan geyim və interyer əşyaları istehsalında ekoloji həssaslıq, təkrar emal, unudulmuş və dövriyyədən çıxan ənənəvi istehsal üsulları və texnologiyaların bərpasına dair məlumat və maarifləndirmə, nümayiş və satış salonu funksiyalarını özündə ehtiva edəcək. Burada azərbaycanlı və xarici dizaynerlərin işləri təqdim olunacaq. Sərgidə Azərbaycanda yüz illər boyu istifadə olunan geyim üslubları, müxtəlif dövrlərdə dəbdə olmuş fərqli rənglər və milli ornamentli bəzəklərlə işlənmiş libaslar nümayiş etdiriləcək.
Qonaqlara həmçinin Azərbaycanın “Le Gardiens du Silence” kollektivinin çıxışı təqdim olunacaq. Onlar müxtəlif mədəniyyətlərin qovşağında mənəvi-meditativ musiqi ifa edəcəklər. Çıxış həm milli, həm də xarici, xüsusilə hind musiqi alətlərində təqdim olunacaq.
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “kosmik” adlandıra biləcəyimiz çox maraqlı “Ulduzlar önündə” adlı akustik və elektron musiqi axşamı keçiriləcək. Musiqiçilərin çıxışları açıq səma altında iki səhnədə, vizual effektlərin müşayiəti ilə keçiriləcək. Vizual effektlər media-rəssamlar Orxan Məmmədov (Azərbaycan) və Maotik (Fransa) tərəfindən hazırlanıb. Maraqlıdır ki, konsertin quruluşuna Şamaxı rəsədxanasının teleskopları ilə hazırlanmış fotolar və spektroqramlar cəlb olunacaq.
Səhnənin birində “ambient music” proqramı ilə DJ İrşad Hüseyn (Azərbaycan), audiovizual artist Elemaun (İran), elektron musiqi ifaçısı Rabih Beaini (Livan/Almaniya) və sufi müğənnisi Əbdül Kərim Şaar (Livan) çıxış edəcək.
Digər səhnədə qədimi və “yeni” etnik musiqi təqdim olunacaq. Bu proqramda gitaraçı Nquen Le (Vyetnam/Fransa) və etnik müğənni Nqo Qonq Quanqdan (Vyetnam) ibarət “Hanoy” caz dueti çıxış edəcək, “Ar Berd” dueti (Fransa) orta əsr liralarında ifa edəcək, Görkem Şen (Türkiyə) özünün yaratdığı “yay-bahar” alətində ifa edəcək, populyar müğənni Sati Kazanova (Rusiya) özünün “Sati Ethnica” layihəsində dünya xalqlarının mənəvi mövzuda kompozisiyalarını təqdim edəcək. Tarzən Sahib Paşazadə qeyri-adi layihə təqdim edəcək. O, Stiv Rayxın dünyaca məşhur gitaraçı Pet Meteni üçün yazılmış “Elektron kontrapunkt” əsərini tarda ifa edəcək. Əsər 12 musiqi kanalından ibarətdir, onlardan 11-i əvvəlcədən studiyada yazılıb, 12-ci isə canlı ifada təqdim olunur.
Qeyd edək ki, ilk dəfə olaraq bu cür möhtəşəm festival bilet və dəvətnamələr əsasında deyil, sırf www.nasimifestival.live rəsmi saytında qeydiyyat vasitəsi ilə həyata keçiriləcək. Burada həmçinin layihə barədə təfərrüatları öyrənmək olar. Buna görə də saytda bu və ya digər tədbirə giriş bileti üçün qeydiyyatdan keçmək lazımdır.
Festival şairin fəlsəfi baxışlarını əks etdirən "Simadan – asimana" və onun öz kəlamından götürülən "Zərrə mənəm, günəş mənəm…" şüarları ilə keçiriləcək. Genişmiqyaslı tədbirin proqramı müxtəlif sənət növləri və bilik sahələrini əhatə edir. Festival günlərində Bakı şəhərinin müxtəlif məkanlarında, eləcə də Nəsiminin doğma diyarı Şamaxıda proqramlar təşkil olunacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb
23.09.2018
Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunub
23.09.2018
Ağdam Dövlət Dram Teatrı yeni mövsümü “Aydın” tamaşası ilə açıb
23.09.2018
Azərbaycanın milli musiqi alətləri Fransa muzeyinə hədiyyə edilib
23.09.2018
Ceyms Bond haqqında növbəti filmi yapon əsilli kinorejissor çəkəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info