Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyi qeyd edilib
Tarix: 12.09.2018 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Sentyabrın 12-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Bakının bolşevik-daşnak qüvvələrindən azad olunmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak qüvvələrindən azad etməsinin 100 illik yubileyinin yaxın günlərdə dövlət səviyyəsində qeyd olunacağını deyib. O bildirib ki, Azərbaycanın əsgər və zabitləri də türk qardaşlarmızla birlikdə Bakının düşməndən təmizlənməsində şərəflə döyüşüblər. Biz bu gün onları minnətdarlıq hissi ilə xatırlayırıq. Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Bakı şəhərinin düşməndən azad olunması həm qürurverici hadisədir, həm də Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. 1918-ci il sentyabrın 15-də Azərbaycan Əlahiddə Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə qanlı döyüşlər apararaq Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan və türk əsgərlərinin, zabitlərinin igidliyi nəticəsində qısa müddətdə Bakı əsasən ermənilərdən ibarət olan daşnak-bolşevik qüvvələrindən azad olunub. Qeyd edilib ki, Stepan Şaumyan 1918-ci ilin mart-iyul aylarında Bakı Sovetinə tabe olan daşnak silahlı dəstələrindən və bolşevik hərbi birliklərindən istifadə edərək Azərbaycanın Bakı, Şamaxı, Quba və başqa qəzalarında qırğınlar törədib, yüzlərlə yaşayış məskənini dağıdıb, dinc insanları amansızcasına qətlə yetirib. Həmin dövrdə Gəncə üzərinə yürüş edən düşmən qüvvələrinin qarşısının alınması üçün öz hərbi gücü yetərli olmadığından Azərbaycan nümayəndələri kömək məqsədilə Türkiyəyə, o zamankı Osmanlı dövlətinə müraciət ediblər. Bu müraciətə müsbət cavab verən qardaş dövlət Qafqaz İslam Ordusunu 1918-ci ilin mayında Azərbaycan ərazisinə köməyə göndərib. Burada general Əliağa Şıxlinskinin başçılıq etdiyi müsəlman milli korpusu ilə birləşən Nuru Paşanın rəhbərlik etdiyi həmin ordunun 1918-ci il iyunun əvvəllərində artıq 15 min əsgər və zabiti var idi. Bildirilib ki, Bakı Sovetinin ixtiyarında olan, mütləq əksəriyyəti ermənilərdən ibarət hərbi birləşmələr iyunun 12-də Kürdəmiri işğal edib və Göyçaya yaxınlaşıblar. Göyçay ərazisində qanlı döyüşlər iki həftədən çox davam edib. Müqavimətə baxmayaraq, Türkiyədən göndərilən əlavə qüvvələr və Azərbaycan könüllüləri düşməni məğlub edib. Qafqaz İslam Ordusunun Göyçay ətrafındakı qələbəsi hadisələrin gedişini tamamilə milli hökumətin xeyrinə dəyişib, Azərbaycanın şərq hissəsi, o cümlədən Bakının bolşevik-daşnak işğalından azad edilməsi üçün ilk zəmin yaradıb. Bolşevik-daşnak birləşmələrini darmadağın edən Qafqaz İslam Ordusunun Bakı istiqamətində başlatdığı azadlıq yürüşündə növbəti şanlı qələbə iyulun 20-də mühüm strateji məntəqə olan Şamaxı şəhərinin azad edilməsi olub. Bakını əldə saxlamaq üçün müxtəlif qüvvələrdən kömək uman daşnak və bolşeviklər buna nail ola bilməyiblər. Qafqaz İslam Ordusunun avqustun 5-dən Bakı üzərinə intensiv hücumları qarşısında dayana bilməyən həmin qüvvələr geri çəkilib. 1918-ci ilin sentyabrında yaranmış beynəlxalq vəziyyət Bakının tezliklə azad olunmasını zəruri edib. Cümhuriyyət rəhbərləri Bakının azad edilməsi üçün ardıcıl iş aparıblar. Peşəkar Qafqaz İslam Ordusu güclü müqavimətə baxmayaraq, sentyabrın 15-də dörd mindən çox əsgər və zabiti şəhid vermək bahasına da olsa, Bakını düşmənlərdən azad edib. Bu tarixi günü qeyd etdiyimiz bir vaxtda hər birimizin qəlbindən Azərbaycan əsgərinin eyni sevinci, qüruru bizə Qarabağı erməni işğalından azad etməsi ilə yaşatması arzusu keçir. Biz inanırıq ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü ordumuz buna nail olacaq. Müasir Azərbaycan Ordusu düşmən işğalındakı ərazilərimizi azad etməyə, ölkənin ərazi bütövlüyünü bərpa etməyə tam qadirdir. 2016-cı ilin Aprel döyüşləri ordumuzun gücünü və döyüş əzmini bir daha aydın göstərdi, işğalçıya Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirildi. Biz veteranlar erməni işğalı altındakı Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk. Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri Firdovsiyə Əhmədova, Prezident yanında Bilik Fondunun sektor müdiri Haci Nərimanoğlu və başqaları çıxış edərək Bakının düşmənlərdən azad olunması ilə bağlı 1918-ci ilin aprel-sentyabr aylarında Cümhuriyyət xadimlərinin fəaliyyətindən, Qafqaz İslam Ordusunun şücaətindən danışıblar. Qeyd ediblər ki, bu tarix Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətlərinin və birliyin nümunəsidir. Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının tariximizin geniş auditoriyaya, xüsusilə də gənclərə aydın çatdırılması və cəmiyyətdə təbliğ olunması baxımından əhəmiyyətindən söz açılıb. Çıxış edənlər Azərbaycan Ordusunun öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə qəhrəman Azərbaycan əsgərinin üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün ərazilərimizdə dalğalandıracağına inandıqlarını bildiriblər.

Anar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info