Şairin öz dünyası və söz dünyası
Tarix: 28.06.2013 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


“Yaşadacaq bu yol məni”, “Sədərək harayı”, “Qeyrət qalası”, “Salam, oğuz elləri”, “Mənə çiçək borclusan”, “Bu dünyanın sevinci nə, qəmi nə...”, “Vətən sığır ürəyimə”, “Ömrümün yarpaqları”, “Dənizə qar yağırdı”, “Zirvədən baxanda” və s. otuza yaxın şeir kitablarının müəllifi Vaqif müəllimi oxucular yaxşı tanıyır.

Məhəmməd Peyğəmbərdən (s.ə.s.) soruşurlar:
- İnsanların xeyirxahı kimdir?
O, cavabında belə buyurur:
- Ömrü uzun, əməli gözəl olanlar.
- Bəs insanların ən pisi kimdir?
- Ömrü uzun, əməli bəd olanlar.
Peyğəmbərimizin sözündə dərin məna, ibrətamiz həqiqət var. Həyat sübut edib ki, əməli gözəl, rəftarı düz olan, həmişə xeyirxahlıq arzuları ilə yaşayan, xalqına, millətinə dəyərli xidmət göstərən görkəmli alim və şair Vaqif Məmmədov belə insanlardandır. İnsan həyatı o zaman mənalı və məzmunludur ki, o, həmişə fəaliyyətdədir, qurub-yaradır. Vaqif müəllimin 65 illik ömrü zəhmətlə, xalqına xidmət etməklə bağlı olub və onun bu “həyat missiyası” həmin xeyirxah işlərə xidmət edir.
Vaqif Məmmədov tanınmış şair olmaqla yanaşı, həm də məhsuldar alim, həmçinin Naxçıvan Dövlət Universitetində “Qeyrət” nəşriyyatının direktorudur. Onun elmi-nəzəri araşdırmaları vaxtaşırı müasir mətbuat səhifələrində özünə yer tapır. O, çoxsaylı monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, proqram, məqalə və tezislərin müəllifidir. Vaqif müəllim həm də yüzə yaxın kitabın tərtibçisi, redaktoru və rəyçisi olub. Şeir kitablarından əlavə, V.Məmmədovun “Gəmiqaya” (ədəbi almanax), “Nəsirəddin Tusi və müasirlik” (2001), “Qeyrət nəşriyyatı beş ildə” (2002), “Çinar ömrü” (ədəbi almanax, 2003), “Anadolu və Rumelidən əsintilər” (2006), “Naxçıvan Dövlət Universitetinin yetirmələri” (2007), “Heydər Əliyev zirvəsi” (2008), “Akademik İsa Həbibbəyli klassiklər və müasirləri haqqında” və s. əsərləri Azərbaycan ədəbi elminə dəyərli töhfədir. Onun əsərləri və şeirləri Türkiyə, İran, İraq, Özbəkistan, Rusiya, Ukrayna, Belarus, Yunanıstan, Almaniya, Bolqarıstan, Pakistan, Gürcüstan və ABŞ-ın nüfuzlu jurnallarında və elmi məcmuələrində çap edilib.
Görkəmli alim-şair Vaqif Məmmədovun diqqətəlayiq bir xüsusiyyətini ayrıca vurğulamaq lazımdır və bizim fikrimizcə, bu, hər bir alim üçün son dərəcə vacibdir. Bu öyrənmək və öyrətmək məharətidir. Daim axtarışda, yenilik, müasirlik təşəbbüsündə olanlar üçün bu həm də həyat tərzinə çevriləndə insanın yalnız özünə deyil, onun içində yaşadığı cəmiyyətə də faydalı olur. Vaqif müəllim belə bir həyat məramnaməsi ilə yaşayan vətəndaş-şair-alimdir. O, fəaliyyətində asanlıqla nəzəri fikir və təcrübənin əlaqələndirilməsinə nail olur, elmin və biliyin çağdaş bazar iqtisadiyyatı dövründə son dərəcə mühüm əhəmiyyət daşıdığına dair düşüncələrini məqalə, mühazirə və dostluq diskussiyalarında tez-tez dilə gətirir, müasir Azərbaycan müəlliminin, pedaqoji kadrlar hazırlığı işinin ümumxalq faydasına hər şeydən artıq diqqət yetirir. Mərhum professor, əməkdar elm xadimi Səfərəli Babayev yazırdı: “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyamda proloq əvəzində Vaqif Məmmədovun “Dədə Qorqud boylarında” şeiri çap olunub. Bu şeirdə dastanın ruhu, məzmunu, incəlikləri böyük məharətlə və poetik hisslərlə nəzmə çəkilib. Vaqif Məmmədov az sözlə dərin mənalı, məzmunlu müdrik fikirləri izhar etməyi bacaran şairlərdəndir”.
Tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədovun şəxsiyyətində mənim üçün onu yaxından tanıyanlardan biri kimi, bir cəhət həmişə qiymətli olub. Belə ki, sadə, təmkinli davranışı, aydın təhkiyəsi, məntiqli mühakiməsi ilə nitqinin tonunu dəyişməyən Vaqif müəllim polemikaya açıq adam, “bilən bilmədiyini biləndir” hikmətinə əməl edən alim, sabaha aydın nəzərlərlə və inamla baxan vətəndaş, heç bir zaman ümidsizliyə qapılmayan şəxsiyyət, nikbin ruhu ilə ictimai mühitdə xoş əhvali-ruhiyyə, doğruluq, sadiqlik, zəhmətsevərlik ovqatı yaradan həmkardır.
Qeyd etdiyimiz kimi, Vaqif müəllim yüksək elmi potensiala malikdir. Vaqif müəllim oxumaqdan, öyrənməkdən, işləməkdən, yazıb-yaratmaqdan yorulmur. Hər an düşünür, yeni fikir, yeni iz, yeni məzmun, yeni forma yaradır. Hamımızın yaxşı bildiyi kimi, 1990-1993-cü illərdə Naxçıvan təlatümlü, təbəddülatlı bir dövr yaşadı. Naxçıvanda yaranmış gərgin vəziyyət, Ermənistanın hərbi təcavüzü və s. kimi məsələlər naxçıvanlılarda bir çaşqınlıq yaratmışdı. Məhz ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti dövründə,əvəzsiz dövlət xadiminin güclü və siyasi fədakarlığı nəticəsində Naxçıvanı müharibədən qorumağa müvəffəq oldu. Bu zaman Vaqif müəllimin vətənpərvər ruhlu şeir vərəqləri əl-əl gəzir və Naxçıvanın hüdudlarından kənarda belə, bütün vətənsevərlərin diqqətini çəkirdi.
Azərbaycanın görkəmli Xalq şairi Bəxtiyar Vahabzadə 17.09.1992-ci ildə “Mədəniyyət” qəzeti redaksiyasına ünvanladığı həyəcan dolu məktubunda yazırdı: “Hörmətli baş redaktor! Sədərəkdən Vaqif Məmmədovun ah dolu, aman dolu şeirlərindən üzümə alov vurdu, vərəqlər əlimi yandırdı. Bu şeirlər Sədərəyin bugünkü münasibətinin sabah üçün tarixidir. Ömər Faiq Nemanzadə demişkən, biz unutqan xalqıq. İndi bizə məlum olur ki, erməninin bir-birinin ardınca başımıza açdığı bəlalar unutqanlığımızın nəticəsidir. Bu gün başımıza gətirilən müsibətlərin bədii aynası olan bu şeirləri biz indi çap etməli, gələcək nəslə yadigar qoymalıyıq ki, onlar da dədələrimiz və bizim kimi unutqan olmasınlar”.
Görkəmli akademik-alim Ziya Bünyadov da “Sədərək harayı” adlı şeirlər kitabını oxuduğunu və çox təsirləndiyini qeyd edərək yazırdı: “Vaqif Məmmədovun Sədərək haqda şeirlərini oxudum. Çox təsirləndim. Eşq olsun qəhrəman Sədərək camaatına!”
Xalq arasında belə bir deyim var: “Yumruğun nə boydadırsa, ürəyin də o boydadır”. Ancaq şairin Vətənə olan sevgisi həddən artıq çoxdur. “Yumruq boyda ola bilməz ürəyim, belə olsa, Vətən ora sığmazdı” deyən şair poetik dildə yazır:

Ürəyimsiz ağlamıram, gülmürəm,
Hər istəyim ürəyimdə birləşir.
Böyükmüdür, kiçikmidir, bilmirəm,
Ürəyimə təkcə Vətən yerləşir...
Şeirlərində və ya publisist yazılarında pedaqoq-alim, şair Vaqif Məmmədov haqlı olaraq qeyd edir ki, milli azadlıq, milli suverenlik kimi sözləri işlətmək hələ milli mənlik şüurunun təşəkkülü demək deyil. Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş gənclərdə əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Millətin adından təmtəraqlı sözlər demək hələ əqidə bütövlüyü deyil. Vaxtilə Məhəmməd peyğəmbər deyirdi ki, xalqın içində xəyanət olmasa, düşmən qarşımızda tab gətirə bilməz. Milli mənlik şüuru olmayan adam konkret iş görə bilməyib meydandan qaçar. Belə adamlara bel bağlamaq, onlarla müəyyən bir iş görmək qeyri-mümkündür. Milli mənlik şüuru və əqidəsi olmayan hər bir kəs ötəri hisslərlə yaşayıb hansı məsləkə, əqidəyə xidmət etdiyini bilməz. Şair yazır ki, qədim Naxçıvan diyarını erməni təcavüzündən naxçıvanlıların qeyrəti, namusu qorudu. Əgər ermənilərin ən müasir silahları varsa, bizim də milli mentalitetimiz olan və dədə-babadan bizə əmanət qalan qeyrətimiz, dəyanətimiz var. Qeyrət, dəyanət silaha üstün gələr. “Dəyanət dəmiydi, qeyrət dəmiydi...” adlı şeirində şair fikrini belə ifadə edir:
Köməklə düşmənin qəddi əyildi,
Dağlarda nəfəsdən əriyirdi qar.
Hamımız bilirdik, gizli deyildi-
Düşməndə silah var, bizdə qeyrət var.

Qeyrət o torpağı aldı yağıdan,
Düşmən azğın idi, tayı yox idi.
Onlarda yandıran, vuran, dağıdan,
Təzə silahların sayı çox idi.

Vaqif müəllimin bu kimi fikirlərinə qoşulan və Vaqif müəllimin kitablarında “ilahi bir yanğı” olduğunu vurğulayan yazıçı-publisist Tofiq Hüseyn “Şərurlu polkovnik” adlı kitabında yazır: “... Bu kitabı (Söhbət “Şərurlu polkovnik” adlı kitabdan gedir-K.C.) səbr edib bura qədər oxuyanlar əvvəlki səhifələrdə Vaqif Məmmədovun adına bir neçə dəfə rast gəliblər. Əslən sədərəkli olan şair-publisist, pedaqoq, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü olan Vaqif Məmmədov bütöv bir ömrü doğma, ulu yurdunun tarixini yazmağa, haray çəkib soydaşlarını öz qələmi ilə oyatmağa həsr edib. Düşmən məkrli siyasət yürüdüb, Kərkini, Sədərəyi məmləkətimizdən qoparmaq istəyəndə bu istək birinci olaraq Vaqif müəllimin şair ürəyini ildırım kimi vurub. Vaqifin kitablarında ilahi bir yanğı var, nə yazıbsa, hamısını yanıb-qovrulub yazıb”.
Alim-şair Vaqif müəllim şeirlərində oxuculara, əsasən gənclərə Vətənə, doğma torpağa, doğma yurda məhəbbət yaradır. Torpaq insanın yaşayış və əbədiyyət məskənidir. Doğma yurda, torpağa məhəbbət gəncləri gözəgörünməz müqəddəs tellərlə bir-birinə bağlayır, onları suverenliyin, milli bütövlüyün qorunması naminə səfərbərliyə alır. Gənclər belə bir həqiqəti dərk edirlər ki, milli borc, torpağa bağlılıq, milli qürur və iftixar, vətəndaşlıq hüququ qazanır. Gənclərə xitabən yazılan “Gənclik nəğməsi” adlı şeirdə oxuyuruq:
Mən gəncliyəm,
Sərhəd mənim məbədimdir, pirimdir.
Mən gəncliyəm,
Ölsəm belə, namusum and yerimdir.

Mən gəncliyəm,
Qollarımda yer titrədən “Cəngi” var.
Mən gəncliyəm,
Al qanımda bayrağımın rəngi var.

Mən gəncliyəm,
Polad mənim nəfəsimlə əriyər,
Mən gəncliyəm,
Son nəfərim düşmən üstə yeriyər.
Çoxşaxəli yaradıcılıq diapazonuna malik olan Vaqif Məmmədovun yeni yaradıcılıq işlərindən biri də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə ərmağan etdiyi “Qalib gəldi, qalib getdi” adlı 6 cildlik miniatür kitab dəstidir:
Məktəb idi, dərs idi o,
Haqdan gələn səs idi o,
Bir millətə bəs idi o,
Qalib gəldi, qalib getdi.
deyən Vaqif Məmmədovun Türkiyədə çap olunmuş və altı cilddən ibarət olan bu miniatür kitabında ulu öndərin kəlamları və fikirləri öz əksini tapıb. Kitabda birinci cilddə Heydər Əliyevin dövlətçilik və azər­baycançılıq, ikinci cilddə Heydər Əliyevin elm və təhsil, üçüncü cilddə Heydər Əliyevin mədəniyyət və incəsənət, dör­düncü cilddə Heydər Əliyevin ədəbiyyat haqqındakı fikirləri, beşinci cilddə Heydər Əliyev və Naxçıvan, altıncı cilddə isə görkəmli şəxsiyyətlərin Heydər Əliyev haqqında böyük məna və əhəmiyyət kəsb edən fikir və kəlamları işıqlandırılır.
Yunan filosofu Platon yazır ki, “Kim adamları tanıyırsa, arifdir, özünü tanıyırsa, ağıllıdır, adamlara qalib gəlirsə, güclüdür, özünə qalib gəlirsə, qüdrətlidir, biliyi çoxsa, dövlətlidir, inadkardırsa, iradəsi var, təbiətini dəyişmirsə, uzun ömürlüdür, ölüb unudulmayıbsa, ölməzdir”. Qeyd olunan bu fikirdə Vaqif müəllim ulu öndərin ağıllı, güclü, qüdrətli, iradəli, ölməz olduğunu bir daha “Qalib gəldi, qalib getdi” adlı miniatür kitablarında göstərməyə nail olub.
Tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyi, Avrasiya Yazarlar Birliyinin üzvü olan Vaqif müəllim böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir işə, hər bir vəzifə borcuna, insanlıq borcuna daim humanistlik hissi ilə yanaşır. Bu keyfiyyətləri mən onunla işlədiyim dövrdə bir müşahidəçi kimi hiss etmişəm. Əsl müəllimə məxsus olan səliqə-sahman, təmizkarlıq, işlə bağlı ona müraciət edən adamlara qayğı və diqqətli münasibət, insanlarla ünsiyyətdə olmağa heç vaxt çətinlik çəkməmək onun daxili, ruhi vəziyyətinin harmoniyasından, təvazökarlığından, geniş elmi dünyagörüşündən irəli gəlir. Mən müşahidələrim dövründə bir dəfə də olsun, (bunu hamı təsdiq edə bilər) nə onu özündən, nə yaradıcılığından, nə də aldığı çoxsaylı mükafatlardan danışan görməmişəm. Maksim Qorki belə insanlar haqqında nə gözəl deyib: “Əgər sən bütün ömrün boyu həmişə və hər yerdə adam­lar üçün ancaq yaxşılıq-yaxşı çiçəklər əkmisənsə, yaxşı fikirlər yaymısansa, özün barədə xoş xatirələr qoya bilmisənsə, sənin həyatın asan, xoş və şən olacaq”. Öz münasibətilə həyat kredosunu insanlara yaxşılıq etməkdə görən alim, publisist-şair Vaqif Məmmədov şüurlu həyatını millətimizin gələcəyi olan gənclərə həsr edərək, Azərbaycan təhsilinin və yeni çalarlarla dolu şeirin inkişafına ləyaqətlə xidmət edir.
Vaqif Məmmədovu anadan olmasının 65 illiyi və yeni yaradıcılıq diapazonu olan “Qalib gəldi, qalib getdi” adlı 6 cildlik miniatür kitab dəstinin çap olunması münasibətilə təbrik edir, bir daha yeni-yeni yaradıcılıq uğurları və cansağlığı arzu edirik.

Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru,
dosent.
Azərbaycan Respublikasının
Əməkdar müəllimi Naxçıvan MR Ali Məclisinin
deputatı




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info