“Azərbaycanımızın sürətli inkişaf yolunu dünyaya çatdırmaqdan zövq alırıq”
Tarix: 29.06.2013 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


Ceyhun Seyfullayev: “Ali Baş Komandanımız, həqiqətən də gəncləri düşünür, buna görə dövlət proqramları həyata keçirir, xalqın gələcəyinə təkan verən ideya və planlar tərtib edir”

Müsahibimiz Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü, İtaliyanın Beynəlxalq İqtisadiyyat Universitetində təhsil alan Ceyhun Seyfullayevdir:

-Ceyhun müəllim, sizi necə tanıya bilərik?
- İlk öncə vurğulamaq istəyirəm ki, “Palitra” qəzetində mütəmadi olaraq gənclərin müsahibələrinin verilməsini təqdirəlayiq hesab edirəm!
Paytaxt şəhərimizdə anadan olub, orta məktəbə elə burada getmişəm. Lakin mənim ən mühüm arzularımdan biri xaricdə nə vaxtsa təhsil almaq, nəticədə onların mədəniyyətini mənimsəmək və daha sonra Vətəndə təbliğ etmək idi...
Bir gün bu arzu əlçatan oldu və beləcə mən Vətəndən kənara yollandım. İsveçrənin Cenevrə şəhərində orta təhsilimi davam etdirərək Azərbaycanımızı daha erkən yaşlarımdan təbliğ etməyə, onun bütün adət-ənənələrini, zəngin mədəniyyətini dünyaya tanıtmağa başladım. Deyə bilərəm ki, yaşım çox deyildi və orada məskunlaşmaq, qərar verib məmləkətdən kənarda qalmaq asan deyildi. Lakin tədricən, Vətənin havasını duymağa başladım, belə ki, yaşadığım yerlərdə bayrağımız, musiqimiz və “müvəqqəti uzaqlıq” hissi qoymurdu darıxmağa. Orta təhsili başa vurduqdan sonra ali təhsilimlə bağlı İngiltərənin Birminqem Universitetinə müraciət etdim və istəyim qəbul edildi. Danılmaz faktdır ki, fikirlərim daha formalaşmış, məqsədlərim daha dəqiqləşmişdi. Artıq kifayət qədər həyatda tək qərar verəbilmə potensialını özümdə aydın görə bilmişdim. İngiltərədə yaşadığım müddət ərzində, ali təhsil ocağındakı Azərbaycan cəmiyyətinin fəaliyyətini gücləndirərək, yüksək müstəvidə təbliğat aparırdıq. Etiraf etməliyəm ki, bizim diasporumuz, xaricdə fəalliyyət göstərən gənclər təşkilatlarımız öz fəallığı, bacarığı ilə İngiltərədə də xüsusilə fərqlənirdi. Beləliklə, cənab Prezidentimizin sadiq qalaraq daha da inkişaf etdirdiyi uğurlu siyasəti nəticəsində bizlər Vətəndən kənarda da Vətəni hiss edə bilir, onu daha da yüksək şəraitdə təmsil edə bilirik.
- İtaliya və Azərbaycan təhsil sisteminin hansı oxşar və fərqli cəhətləri var?
- Maraqlı sualdır. İlk olaraq bildirim ki, mən İtaliyanın Roma şəhərindəki Beynəlxalq İqtisadiyyat Universitetində təhsilimi 1 ildir davam etdirirəm və bu, digər ölkələrdəki yaşadığım müddətlə müqayisədə elə də çox deyil. Fəqət xüsusilə qeyd etməliyəm ki, təhsil sistemi ilə əlaqədar olaraq, ali təhsilimi Azərbaycanda almamış olsam da, yaxın və doğmalardan informasiya almaqla bərabər, gündəmimizi izləyir və bir sıra fərqli, eləcə də oxşar cəhətləri müşahidə etməkdə çətinlik çəkmirəm. Ümumiyyətlə, təhsilin tərbiyəyə bağlı olduğunu güman edirəm. Belə ki, bir ailə tərbiyəsi, dövlət tərbiyəsi alınmazsa, təhsilli də olunmaz. Odur ki, ən böyük təhsil tərbiyəli təhsil olmalıdır. Buna nəzərən deyim ki, İtaliya xalqının mədəniyyəti, vətənpərvərliyi və qonaqpərvərliyində oxşarlıq görürəm və bu da mən və mənim timsalımda olan bütün İtaliyada yaşayan azərbaycanlı gənclərə stimul verir və yaşam şərtlərini daha da sadələşdirir.
Ümumi olaraq, təhsillə bağlı sırf oxşar cəhətlər, Avropanın bir sıra qabaqcıl universitetlərində istifadə edilən yeni proqramların Azərbaycana gətirilməsidir ki, bizim yerli universitetlərimiz bu yeni proqramlara yiyələnərək artıq dünyanın reytinqli universitetləri siyahısına düşməyə haqq qazanır. Fərqli cəhətdən yanaşdıqda isə tələbə və professor münasibətlərini göstərə bilərik. Belə ki, Azərbaycandan fərqli olaraq İtaliyada bu münasibətlər mümkün qədər daha mülayimdir ki, bu da təhsilin məhsuldarlığını daha effektiv şəkildə artırır. Buna təkan olaraq bu münasibətlərin səmimi zəmində qurulması əsasən gəncliyin daha da yüksək kriteriyada irəliləməsinə xidmət edir.
- Hazırda İtaliyada diaspor gənclərimiz aktiv fəaliyyət göstərirlərmi?
- Bu sualın cavabı olduqca sadədir. Ona görə ki az öncə qeyd etdiyim kimi, bizim günü-gündən inkişaf edən və yetərincə uğurlu siyasətimiz nəticəsində dünyanın hər bir tərəfində, xüsusilə Avropa bölgəsində diasporumuz, təşkilatlanma prosesimiz sürətlənir və peşəkarcasına formalaşır. Odur ki, diaspor fəaliyyətimiz ürəkaçan olduğu qədər də stimulvericidir.
- Siz Azərbaycan həqiqətlərinin təbliği istiqamətində hansı işlər görürsünüz?
- Biz məqsədli şəkildə, Vətənimiz naminə uğurlara imza atmağa səy göstərən gənclər olaraq diasporun birləşməsini vacib bilir və daim onun dəstəyi nəticəsində işlər aparırıq. Belə ki, dövlətimizin qayğısı nəticəsində gənclərimizin inkişafına birbaşa xidmət göstərən təşkilatlanmalar bizə öz gücümüzdən layiqincə istifadə etməyə imkan verir. Mən Dünya Azərbaycanlı Gənclər Birliyinin üzvü olaraq deyə bilərəm ki, fəaliyyətimiz olduqca uğurlu aparılmaqla bərabər, bu günümüz və sabahımız üçün önəm daşıyır. Dünyanın hər bir yanından azərbaycanlı gəncləri özündə birləşdirən bu birlik işıqlı gələcəyin bariz nümunəsinə əsl namizədlərdəndir. Gördüyüm işlərdən ümumi bəhs etməkdənsə, yaxın zamanlarda düzəltdiyim kiçik bir animasiya film haqqında qısaca məlumat vermək istərdim. Əsasən, Xocalı, Qarabağ haqqında beynəlxalq dildə yaradılan bu animasiya filmi, həm xaricdə yaşayan əcnəbi dostlarımızı, həm də digər əcnəbiləri maarifləndirmə məqsədi daşıyırdı ki, çoxları bu minvalla acı gerçəkləri cizgi filmi vasitəsilə dərk edə bildilər... Bir daha təkrar etməkdən çəkinmək istəmədiyim nüans ondan ibarətdir ki, istər elm, istərsə də mədəniyyət sahəsində qarşımıza qoyduğumuz məqsədlərə çatmaqdan ötrü Azərbaycanımızın sürətli inkişaf yolunu dünyaya çatdırmaqdan zövq alırıq. Bu arada idman sahəsinə də toxunmaq istərdim. Adicə bu yaxınlarda Masallı rayonunda Heydər Əliyev adına dünya kuboku keçirildi və bütün dünya ölkələri arasında respublikamız kuboku qazandı. Mən də öz növbəmdə, bu yarışın meydana gəlməsində səy göstərən gənclərdən biri olaraq böyük fəxr hissi duydum. Bu, çox vacib və uğurlu bir imza idi...
-Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi?
- Bildirdiyim kimi mən DAGB-nin üzvüyəm və yaxından əməkdaşlığımın olması bu aspektdən açıq-aydın görünür. Birliyimiz isə doğma, əhatəsi geniş, hədəfli və uğurlu bir ailədən ibarətdir.
- Azərbaycanlı gənclərin Prezidentin ətrafında toplaşmasını necə qiymətləndirirsiniz?
- Bu suala veriləcək cavabımı, bir neçə həftə öncə diaspor komitəsinin binasındakı müsahibəm ilə əlaqələndirmək istərdim. Belə ki, mən özüm də Prezidentimizin siyasi rolunu, göstərdiyi müvəffəqiyyətli yolunu dəstəkləyir və onun biz gənclərə göstərdiyi diqqəti vacib sayıram. Daha da səmimi olsaq, deyə bilərəm ki, Ali Baş Komandanımız, həqiqətən də, gəncləri düşünür, buna görə dövlət proqramları həyata keçirir, xalqın gələcəyinə təkan verən ideya və planlar tərtib edir. Bundan savayı, dəstəkləmə istəyini özündə hiss edən gəncləri yüksək qiymətləndirirəm, çünki onlar Vətənin sürətlə inkişaf etdiyini və tez bir zamanda Avropada tanınan dövlətə çevrildiyini görənlərdir. Mövzudan kənara çıxmaq istəməsəm də, hamımızın bildiyi kiçik bir məlumatı sizinlə bölüşmək istərdim. Azərbaycan yeni bir dövlətdir, çünki biz yeni müstəqil olmuşuq və xarici ölkələr bizim ölkəmizin bu cür inkişafını gördükcə bizə qibtə etməkdən başqa çıxış yolu tapa bilmirlər ki, bu da çox sevindirici haldır.
- Avropa turundan yeni qayıdıbsınız. Səfərinizin məqsədi nə idi?
- Bəli, açığı, Vətən üçün çox darıxmışdım, çünki Vətəni özündə yaşamaq doğma duyğulardan ən birincisidir! Avropa turu isə 2 səbəblidir: ən əsası, yaşadığım ölkələrdəki təhsil ocaqları ilə ailəmi tanış etməyim idi ki, hesab edirəm, onları bu mövzuda razı sala bilmişəm. Digər səbəb isə, bir daha və hər zaman olduğu kimi Vətənimizin təmsil olunmasında göstərməyə çalışdığım səylər idi. Mən belə hesab edirəm ki, planlamış olduğum 1 aylıq səfər məhsuldar şəkildə başa çatdı. Sonda, mənim hər zaman və hər yerdə qeyd etdiyim bir fikri sizinlə də bölüşməkdən məmnunluq duyardım: fikrimcə, əgər amalımız düzgün yöndə istiqamət götürərsə, uğurlarımız mütləqdir.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info