“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”
Tarix: 17.09.2018 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


Əflatun Amaşov:
“Türkiyə və Azərbaycan münasibətləri dünyanın heç bir dövlətlərarası münasibətlərində olmadığı və ola bilməyəcəyi qədər möhkəmdir”

Sahib Alıyev:
“Azərbaycan və Türkiyə olaraq biz bir yerdəyiksə, çiyin-çiyinə savaşırıqsa, qələbə bizimlədir”

Sentyabrın 15-də paytaxt Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşadı. Belə ki, Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirildi. Paradda Prezident İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etdilər. Düz 100 il əvvəl - 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün bir daha yenidən təkrarlandı. Qardaşlığın rəmzinə çevrilən bu bayram Azərbaycan-Türkiyə birliyinin sarsılmaz, həm də əbədi olduğunu göstərir.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin paraddakı çıxışı da bir sıra maraqlı, vacib və yaddaqalan oldu.
O deyib ki, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru Paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaq: “Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Bu gün, sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür. Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir.
Yüz il bundan əvvəl Nuru Paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər. Onu da qeyd etməliyəm ki, bu tarixi zəfərdən iki gün sonra Azərbaycan hökuməti Gəncədən Bakıya gəlmiş və Bakı Azərbaycan dövlətinin paytaxtı elan edilmişdir. Bizim qədim şəhərimiz, Azərbaycan xalqının qədim şəhəri Bakı öz əsl sahibinə qayıtmışdır. Nuru paşanın, Qafqaz İslam Ordusunun, bütün qardaşlarımızın qəhrəmanlığı, dostluğu, qardaşlığı unudulmazdır, əbədidir, bizim qəlbimizdə daim yaşayacaqdır. Tarixi zəfərdən sonra qəhrəman əsgərlərimiz Bakı küçələrinə zəfər yürüşünə çıxmışlar. Minlərlə Bakı sakini onları alqışlayırdı, onları öpürdü, qucaqlayırdı, bağrına basırdı. Bu, bir birlik bayramı idi. Bu gün minlərlə Bakı sakini şəhərin küçələrində bu paradı, türk və Azərbaycan əsgərlərinin möhtəşəm yürüşünü gözləyir. Bu gün Bakı şəhəri Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Küçələrdə, binalarda, hərbi gəmilərdə, səmada Türkiyə və Azərbaycan bayraqları dalğalanır. Bu gün bu möhtəşəm mərasimi təkcə Bakı şəhərinin sakinləri yox, bütün dünya görür. Milyonlarla insan Türkiyə və Azərbaycanda, milyonlarla soydaşımız xaricdə bunu görür və haqlı olaraq qürur hissi keçirir”.
Prezident sonda bildirib ki, Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir.
Bakıda belə bir möhtəşəm paradın keçirilməsi, eləcə də Prezidentin buradakı çıxışlarında bir sıra vacib məqamlara toxunması Azərbaycan ictimaiyyəti tərəfindən də müsbət qarşılanıb.
Millət vəkili Sahib Alıyev deyir ki, məktəblərdə, ümumən hər yerdə maarifləndirmə işləri aparılmalıdır ki, xilaskar türk ordusu olmasaydı indi, bəlkə də, Azərbaycan mövcud olmazdı: “Bu Bilik günündə təhsil verən və təhsil alan hər kəsi təbrik edirəm! Məncə, bu gün hamımızın birinci bilməmiz və bilgiləndirməmiz gərəkən odur ki, əgər 100 il bundan öncə 15 sentyabrda babalarımız daşnak-bolşevik hegemonluğuna son qoyaraq Bakını azad etməsəydilər, İrəvandakı kimi indi burada da məktəbə gedənlər bizim uşaqlar olmayacaqdı. Bakını qurtarmaq üçün Türkiyəmizdən, Qafqazın o tayından gəlib burada savaşanlar başda olmaqla onların hamısının ruhu qarşısında baş əyirəm və gözümün önünə işğal altında olan torpaqlarımızdakı dağılmış məktəblərimiz gəlir. O torpaqları geri qaytarmaq, o məktəbləri yenidən tikib, orada balalarımıza təhsil vermək bizim borcumuzdur. Bunu bacarmasaq, 100 il sonra nə ruhumuz qarşısında baş əyən olacaq, nə də ruhları qarşısında baş əydiklərimiz bizi bağışlayacaq! Bağışlamamalıdırlar da... Bu gün təkcə Bakının azad olunmasıyla yadda qalmadı. Bu gün həm də onunla yadda qaldı ki, əgər Azərbaycan və Türkiyə olaraq biz bir yerdəyiksə, çiyin-çiyinə savaşırıqsa, bütün dünya qarşımızda dursa belə, qələbə bizimlədir! Bakıdakı möhtəşəm paraddan iki gün sonra Azərbaycan Ordusu genişmiqyaslı təlimlərə başladı. Bu təkcə təlim deyil, həm də Ermənistanın baş naziri Paşinyana xəbərdarlıqdır ki, sülh danışıqlarından qaçmaq, qeyri-konstruktivlik və aqressivlik sərgiləməyin alternativi savaşdır. Bu savaşın məsuliyyətini isə işğalçılıq siyasətini davam etdirən Ermənistan daşıyır”.
Millət vəkili Aydın Mirzəzadə də paradla bağlı fikirlərini bildirib. O qeyd edib ki, türk və Azərbaycan əsgərlərinin xatirəsi daim ürəklərdə yaşayacaq:
“Sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötdü. 1918-ci ilin məhz bu tarixində, tərkibində Azərbaycan korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi. Azərbaycan xalqı bu tarixi və qəhrəmanlığı edən türk və Azərbaycan əsgərlərinin əziz xatirəsini daim ürəyində yaşadacaq”.
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov parad və ümumən bu şanlı tarix haqqında fikirlərini bölüşərək deyib ki, 15 sentyabr gələcəyimiz üçün mayakdır: “Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak cəngindən xilas etməsinin müstəsna siyasi əhəmiyyəti var. Bu barədə tarixçilər kifayət qədər yazıblar və düşünürəm ki, əlahəzrət zaman keçdikcə məsələ ilə bağlı daha fərqli məqamlar aşkara çıxarılacaqdır. Əlbəttə, 70 illik sovet dövrünü yaşadıq. 1918-ci ilə qədərki çar Rusiyası dövrü də bizimdir. Hər ikisi türk varlığı və kimliyinin təhdid edildiyi, yasaqlandığı tarixdir. Obrazlı desəm, yumruqların sıxıldığı və bu varlıq və kimliyin ovuc içərisində sıxılıb qaldığı tarix. Çox acı və üzücü tarix...
Ancaq biz ilk fürsətdəcə özümüzü tanıdıq. Bizdən olanları tanıdıq. Bizdən olanlar bizləri tanıdılar. Qardaş yardımına gəldilər. Bizlər bir-birimizi unuda bilməzmişik, axı. Bakısız Azərbaycan olardımı? Olmazdı, əsla, olmazdı!”.
Millət vəkili deyib ki, müasir dövrdə Türkiyə və Azərbaycan münasibətləri dünyanın heç bir dövlətlərarası münasibətlərində olmadığı və ola bilməyəcəyi qədər möhkəmdir: “15 sentyabr bu möhkəmliyin təməl tarixidir. 15 sentyabr türk qardaşlığının sınaqdan başıuca, üzüağ çıxdığı ortaq tarixdir. 15 sentyabr gələcəyimiz üçün mayakdır. Gələcək bizimlədir, türklərlədir. Bizə biz olmağı öyrədən şanlı tariximizlə qürur duyuruq. Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı, var olsun dövlətlərimiz, var olsun uca millətimiz!”.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19.07.2019
Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19.07.2019
Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib
19.07.2019
“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”
18.07.2019
Vüsal Hüseynov: “Son 5 ildə 1211 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info