Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
Tarix: 18.09.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


Aşıq Səlcuq Şəhbazi:
“Dastanı Aşıq Əsəd öz xətti ilə yazır verir şagirdi Aşıq Əvəzə. Bu dastan 1920-ci ildə baş verir. Aşıq Əsəd təxminən 1871-ci ildə Ağcaqışlaqda dünyaya göz açıb və 1944-cü ildə Ağcaqışlaqda dünyasını dəyişib. Aşıq Əvəz isə 1900-cü ildə Sarab şəhərində doğulub və 1983-cü ildə Tehranda vəfat edir. Aşıq Əvəz mənim ilk və son ustadım olub. Mən Aşıq Əvəz ilə 1978-ci ildə tanış oldum və 4 il Aşıq Əvəzə şagird oldum. Məndə olan dastanların hamısını ustadım verib. Mən də ustadın əlyazma dastanlarının bir kitabını 1993-cü ildə əmanət verdim Sədnik Paşayevə, amma o kitabı mənə qaytarmadı”.


(əvvəli ötən sayımızda)
Aşıq Hüseyn Bozalqanlı bir neçə qıfılbəndi Aşıq Əsəddən soruşandan sonra Məhəmmədxan qalxdı ayağa dedi: “Camaat, iki ustad aşığımız bu gecə bizə çox zövq verdi. Biz hamımız bilirik ki, aşıq aşıqla bağlaşa da bilər, bağlaşmaya da. Aşıqlarımız həmişə qan bağlayan və dava-dalaş yatırdan olublar. Ola bilər bundan artıq iki ustadın bir-birinə suallarında verilən sözlərdə çatışmazlıq olar və hamımız peşman olarıq. İcazə verin, ustad aşıqlarımız bir-birilə öpüşüb görüşsün və bundan sonra aşıqlarımızın biri bir dastan danışsın, hamımız dastana qulaq asaq”. Bu zaman Memarıyan xan ayağa qalxıb dedi: “Məhəmməd xan, belə olmaz, Aşıq Hüseyn Bozalqanlı düşdü qabağa Aşıq Əsədə sual verdi, qıfılbənd soruşdu, cavabını da aldı. Amma bir vaxt da Aşıq Əsədə verilmədi ki, Aşıq Əsəd də bir qıfılbənd Aşıq Hüseyndən soruşsun. Haqq-ədalət belə olmalıdı”. Bu zaman Aşıq Əsəd dedi: “Xan sağ olsun, Aşıq Hüseyn hamımızın qonağıdı və mən daha heç bir sual verməyə ehtiyac bilmirəm”.
Aşıq Hüseyn dedi: “Yox, aşıq, elə hesab edirəm ki, sənin burda dostun və istəyənin çoxdu və mən də səni bir kamal ustad gördüm. Mən hazıram sənin sualına cavab verəm. Sən otursan da, mən razı olmaram, indi meydan sənindi”. Bu zaman hamı əl çaldı ki, aşıqlar bir daha da bağlaşsınlar. Burda Aşıq Əsəd Ağcaqışlaqlı görək Aşıq Hüseyn Bozalqanlıya nə sual verir:

Aşıq Əsəd Ağcaqışlaqlı ...
Tanrı üzümüzə iki dər açıb,
Biri peyğəmbərdi , birin də sən de.
O iki qapını döyən xar olmaz,
O necə bir dərdi? Birində sən de.
Aşıq Hüseyn Bozalqanlı ...
Kamalına, biliyinə yetişdim,
Aşıq Əsəd, sənə çox bərəkallah.
Sualına cavab verim dəstbədəs,
Hər iki dərin də savabı Allah.
Aşıq Əsəd Ağcaqışlaqlı ..
Kamaldan danışdın, ay kamil ustad,
Aşığa, şairə kim eylər imdad?
İki şəhər vardı əzəldən bərbad,
Biri paslı ürək, birin sən de.
Aşıq Hüseyn Bozalqanlı ...
Deyim ki, bir Kürəm coşqun bir çayam,
Bir kamil sənətkar qarşısındayam,
Şakirəm haqqıma hədsiz razıyam,
Biri də hərzə göz vallahi billah.
Aşıq Əsəd Ağcaqışlaqlı ...
Aşıq Əsəd deyir, pirimsən ağa,
Səni götürərəm Ağcaqışlağa,
Fəxr edərəm sənə şagird olmağa,
Qabiləm öyrənəm birin də sən de.
Aşıq Hüseyn Bozalqanlı ...
Sənətdə kamilsən, dolub daşırsan,
Ədəbə heyranam həlminə qurban,
İntizarındadı gözlər Bozalqan,
Qonaq gəl Hüseynə, ustad, inşallah.
Bu iki ustadın deyişmələri qurtaran kimi məclisə bir şur və həyəcan gəldi ki, məclis üzvləri hamısı ayağa qalxıb əl çaldı. Bu zaman Açaçı xanı Məhəmməd xan ayağa qalxıb dedi: “Məhəmmədxan şərbət gətirtdi hamı içib sərxoş oldu”. Bu iki ustad şagirləri ilə Məhəmmədxanın oğlunun toyunu başa çatdırdılar və Aşıq Hüseyn Bozalqanlı şagirdləri ilə 3 gün Ağcaqışlaqda Aşıq Əsədə qonaq olur və ayrılıb gedəndə Aşıq Hüseyn bir quru çörək və bir az da duz götürüb gedir.

Qeyd: Aşıq Hüseyn Bozalqanlının əldə olunan bu dastanının yazıya köçürülməsi prosesində dastanyazma ənənələrində qüsurlarımız olsa, əziz oxucuların iradları bizim üçün əzizdir.

Dastanı təqdim etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü




 
Bölməyə aid digər xəbərlər
12.12.2018
52 rayon və şəhərdə işəgötürənlərin məlumatlandırılması məqsədi ilə dəyirmi masalar keçirilib
11.12.2018
Azərbaycanda övladlığagötürmə sahəsində idarəetmə sistemi təkmilləşdirilir
11.12.2018
DOST Agentliyinin fəaliyyəti üçün əsas hüquqi platforma təmin edilib
11.12.2018
Səyyar “ASAN xidmət” davam edir
10.12.2018
İsmayıllı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10526

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Prezident İlham Əliyev Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib- YENİLƏNİB
3 Çin şirkəti Gəncədə 5 metallurgiya zavodu tikəcək
4 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
5 ВЕЛИКИЕ В ИСТОРИИ. Гейдар Алиев – человек с большим сердцем. Воспоминания бывшего мэра Москвы Юрия Лужкова


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info