“Bu gün, həqiqətən də, muğama böyük imtiyazlar verilir”
Tarix: 02.07.2013 | Saat: 01:28:00 | E-mail | Çapa göndər


Səttar Nəsirov: “Bu, mənim şəxsi fikrimdir ki, Rəşid Behbudovun oxuduğu mahnıya toxunmaq günahdır”

Müsahibimiz Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı, solist Səttar Nəsirovdur.


-Səttar müəllim, yaradıcılığınız, sənətə gəlişiniz ömrünüzün hansı çağından başladı?
- Uşaqlıqdan hamı mənə səsimin olduğunu deyirdi. Amma mən bunu hiss etmirdim. Rayonda bir dəfə tədbirdə çıxış etmişəm. O vaxt ən çox sevdiyim mahnı “Apardı sellər Saranı” xalq mahnısı idi. Ümumiyyətlə, məndə muğama, musiqiyə böyük həvəs vardı. Biz o vaxt Seyid Şuşinski, Xan Şuşinski kimi korifey sənətkarları dinləyirdik. Bu, bizdə həvəs yaradırdı. Bu, bizə musiqiyə, sənətə gəlməyə stimul verirdi. Amma atamın arzusu bu idi ki, mən həkim olum. Onun arzusu ilə mən 1969-cu ildə sənədlərimi Tibb Universitetinə verdim. Lakin qəbul olmadım. Qardaşımdan xahiş etdim ki, məni Asəf Zeynallı adına musiqi texnikumuna aparsın. Çünki məni Bakıya qardaşım gətirmişdi. Qardaşım isə buna razı olmadı. Daha sonra bir təsadüf nəticəsində tarzən Dərdayıl Aydəmirovla tanış oldum. O, təsadüfən səsimi eşitdi və bu tanışlıq mənim həyatımı dəyişdi. Ailəmdə bir çox narazılıqlara baxmayaraq, mən 1973-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna daxil oldum. Həmin il mərhum bəstəkarımız Vasif Adıgözəlov texnikuma yenicə direktor vəzifəsinə təyin olunmuşdu. Taleyim o zaman üzümə güldü ki, Vasif müəllim həmin tədris ilində muğam ustadlarımızdan olan Xan Şuşinskidən xahiş etmişdi ki, A. Zeynallıda dərs desin. Hətta Xan əmiyə belə bir imtiyaz da vermişdilər ki, evində dərs deyə bilər. Mən A. Zeynallıya qəbul olandan bir müddət sonra muğamın sirlərinə bələd oldum. Müəllimim, ustadım Xan Şuşinski mənim böyük ustadım və əsas da musiqi dünyamda böyük məktəbimin təməli oldu. Bu gün böyük fəxr hissi duyuram ki, mən ustad Xan Şuşinskinin sinfində oxumuşam. Müəyyən zaman sonra mən efirlərdə, radiolarda “Səadət” ansamblı ilə xalq mahnıları “Apardı sellər Saranı”, “Şuşa ceyranı”, Şəfiqə Axundovanın “Dağlar oğlu”, Bəhram Nəsibovun “Var gülüşündə”, xalq mahnısı “Qarabağ” mahnılarını canlı efirdə ifa etdim. Amma lentə yazılmadı. Çünki bu mahnıların öz möhrünü qoyanlar vardı. Məsələn, Xan əmi nələri ifa edibsə, hamısı muğam dünyamızın böyük tarixidir. Xan əminin mənə öyrətdiyi bütün mahnıların yalnız birini ifa etmişdim. Ondan sonra onun bu günə kimi bir ifasına da toxunmamışam. Düşünürəm ki, həddim deyil. Çünki bu mahnının möhrünü qoyan var. Eləcə də Cahangir Cahangirovun “Buludlar” mahnısı xalqın sənətkarı, muğam ustalarımızdan olan İslam Rzayevin ifasında bir aləm duyulurdu. Bu mahnını mən necə ifamda lentə yazdıra bilərəm? O zamanlar mənə Rəşid Behbudovun da mahnılarını oxumağı tövsiyə edirdilər. Rəşid müəllim də sağlığında mənə demişdi: “Oğlum mənim oxuduğum mahnılardan ürəyinə yatanı sən də oxu. Çünki mənim oxuduğum mahnılar sənin səsinin ahəngliyinə uyğundur”. Mən isə böyük sənətkarımıza belə bir açıqlama verdim ki, xeyr, Rəşid müəllim, mən hələ sizin ifa etdiyiniz mahnıları mənimsəməmişəm, mən başa düşmək istəyirəm ki, siz o mahnıları hansı səviyyədə oxumusunuz.
Bu, mənim şəxsi fikrimdir ki, Rəşid Behbudovun oxuduğu mahnıya toxunmaq günahdır. Çünki onun oxuduğu mahnıların ikinci ifaçısı, möhür qoyanı ola bilməz. Bir nüansı qeyd edim ki, 1974-cü ildə Türkiyənin məşhur müğənnisi Emel Sayının Bakıda konserti olmuşdu. O zaman bizim kökümüzün türk olduğunu tam dərk edə bilmirdim. Sovetin dövründə kimin ixtiyarı vardı ki, “Allah” kəlməsi, “türk” kəlməsi desin və mən o zaman hər şeyi Emel Sayının konsertində dərk etməyə başladım. Bu konsertin məşqlərinə mənim həmkarım, dostum, Xalq artisti Zaur Rzayevlə həvəslə gəlirdik. Musiqiçilərin arasında görkəmli türk musiqiçiləri Səlahəddin Altunbaş və Səadətdin Oktanay da vardı. Bizim gənclik dövrümüzdə türk musiqilərinə çox böyük sevgi var idi. Çünki kökü, dini bir millətik. Bu gün də belədir. Nəcə ki ulu öndər deyib: “Bir millət, iki dövlətik”.
1974-cü ildə bizim gənc yaşlarımızda ifa etdiyimiz məşhur türk mahnıları ilə Emel Sayın Bakı konsertində inqilab yaratdı. “Arkadaş”, “Yalan dünya”, “Ağlama, dəyməz həyat bu göz yaşlarına” və silsilə mahnılarını ifa etmişdi. Mən bu mahnıları müəyyən məclislərdə, dövlət tədbirlərində ifa etdiyim zaman müəllimimin mənə öyrətdiyi muğamın sirlərini göstərməyə çalışdım. Ümumilikdə, hər bir musiqi kompozisiyasına muğamdan rənglər əlavə edirdim. Bu da mənim başlıca musiqi səviyyəmin yüksək olmasına dəlalət edir.
- Müəlliminizin sizə öyrətdiyi sənət sirləri sizin həyatınızda nə kimi rol oynadı?
-Bu suala cavab tapmaq çox çətindir. Çünki hər zaman düşünmüşəm ki, onun haqqını mən necə ödəyə bilərəm? Bu yaxınlarda müsahibələrimin birində bununla bağlı danışdım. Amma sonra düşündüm ki, bəlkə də çox az danışmışam. Fikirləşirəm ki, nə qədər desəm, yenə azdır. Xan Şuşinski müəllimdir, sənətinin ustasıdır, Şərqdə tanınmış sənətkardır, şübhəsiz, bu, aydın məsələdir. Bir nüans da var ki, müəllim nəinki dərslikdə olanları, hətta olmayanları belə öyrətmək iqtidarında olmalıdır. Məsələn:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var.
Bu qəzəllə hər şey bitmir. Əsas odur ki, bir muğamı başqa qəzəllərlə oxuma vərdişlərini tələbələrə aşılasın. Müəllimlik sənətinin böyüklüyünün ən başlıca səbəbi budur. Xan əmi bunu aşılayıb. M.P.Vaqifin qoşması, Füzulinin qəzəlləri, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin qəzəllərini biz dərsliklərdə çox işlətmişik. Lakin muğam sahəsində Cabbar Qaryağdıoğludan tutmuş bütün ustad sənətkarlarımız böyük işlər görüblər. Başqa qəzəlxanların beytlərindən də istifadə etməyi öyrədiblər. Məsələn, ustad Seyid Şuşinski çox böyük müəllim olub. Muğamları yığcam bir şəkildə dərslik halına salmışdı. Burada ustad Əhməd Bakıxanovun da zəhməti böyük olub, böyük Mənsurovlar nəslinin nümayəndələri indiyə qədər davam etdirir. Bu, irsi bir davamdır və bununla xalqımız mədəniyyət dünyasında yararlanır.
-Dövrünüzün hansı muğam ustadları ilə sənət yolunda birgə addım atmısınız?
- O qədər böyük sənətkarlarımız olub ki, yaş həddimin çatdığı qədər onları görmüşəm. Allah rəhmət etsin, mənim müasirim olan Yaqub Məmmədov, Sabir Mirzəyev, İslam Rzayev, Sədi Məmmədov, Səxavət Məmmədov, Vahid Abdullayev, Mürşid Abbasov, Səxavət Babayev, bu gün isə Allah can sağlığı versin, böyük sənətkarımız Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev, Süleyman Abdullayev, Məhəbbət Kazımov, Alim Qasımov sənət dostlarımdırlar. Onlar bu gün istər dünyada, istərsə də ölkə daxilində muğamın təbliğində böyük əmək sərf ediblər. Bəli! Bu gün, həqiqətən də, muğama böyük imtiyazlar verilir. Çünki biz o zaman çox böyük əziyyətlərlə səhnəyə gəlirdik. Amma indiki gənc xanəndələrin imkanları çox genişdir və muğamımızı təbliğ etmələri üçün artıq heç bir maneə qalmayıb. Burada kütləvi informasiya vasitələrinin boynuna böyük yük düşür. Muğamımızın olduğu kimi bütün dünyada təbliğində onlar əsas vasitə olmalıdır.
-Azərbaycan Dövlət Televiziyasının solistisiniz, bu gün dövlət televiziyasında fəaliyyət göstərən musiqi kollektivləri incəsənət sahəsində hansı əhəmiyyət daşıyır?
- İlk olaraq onu qeyd edim ki, möhtərəm Prezidentimiz televiziyamıza millət vəkili, cənab Arif Alışanovu sədr təyin etdikdən sonra, 2006-cı ildən televiziyada yaxşılığa doğru islahatlar oldu. Ən əsası, televiziyanın nəzdində fəaliyyət göstərən musiqi kollektivlərinə böyük diqqət ayırdı. Burada musiqiçilərə geniş imkanlar yaratdı. Bizim musiqi kollektivlərinə-S.Rüstəmov adına xalq çalğı alətləri orkestrinə, simfonik-estrada orkestrinə, Cahangir Cahangirov adına xora dövlət tədbirlərində, bayram konsertlərində xüsusi diqqət yetirilir. Rəhbərimiz Şəhla Ələkbərova çox zəhmətkeş və ziyalı musiqiçidir. Onun xorun fəaliyyətində zəhməti böyükdür. Onu da qeyd edim ki, musiqi kollektivlərinin bədii rəhbərliyində də dəyişikliklər oldu. İstedadlı musiqiçi, gözəl səsə malik və 26 yaşında opera səhnəsində son Koroğlu ifaçısı olan Ramil Qasımov musiqi kollektivlərinin bədii rəhbəri təyin olundu. Onun inzibati işi bilmək bacarığı, qeyri-adi təşkilatçılıq qabiliyyətinin olması, həqiqətən də, musiqi kollektivlərinə stimul oldu. Ramil Qasımovun təşkilatçılığını burada çalışan heç bir musiqiçi görməyib. Misal olaraq, kimliyindən asılı olmayaraq, burada çalışan 600 əməkdaşın xoş günü rəsmi lövhədə asılaraq təbrik edilir. Bu, yaradıcı insan üçün çox böyük bir fəxrdir. İndiyə qədər biz bunu görməmişdik. Biz burada sırf bir ailə kimi çalışırıq.
-Sənət fəaliyyətinizdə arzularınız...
- Arzular sonsuzdur. Ən əsas Qarabağımıza geri dönmək arzusudur. Qarabağ məsələsi həll olsa, daha heç bir çətinlik qarşımızda dayanmaz. Əlbəttə ki, Azərbaycanımıza, türk dünyasına firavan həyat və əmin-amanlıq olsun. Allah can sağlığı versin... Hər zaman yaşayıb-yaradım.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info