Yəhya Musayev: “ADEX 2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir”
Tarix: 25.09.2018 | Saat: 12:51:00 | E-mail | Çapa göndər


Dövlət quruculuğunun tərkib hissələrindən biri olan ordu suverenliyin və ərazi bütövlüyünün təminatında əsas qüvvələrdən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet olub. Bu günlərdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən iclasda çıxışı zamanı dövlətimizin həm xarici siyasətdə, həm iqtisadi sahədə uğurlarından danışan Prezident İlham Əliyev ordumuzun bugünkü qüdrətini də qeyd edib: “Biz güclü ordu qurmuşuq. Bu il Bakıda iki hərbi parad keçirilmişdir - həm ordumuzun, həm də Bakının işğaldan azad edilməsinin 100 illiklərinə həsr edilmiş paradlar. Paradlarda nümayiş etdirilən imkanlarımız, hesab edirəm ki, çox təsirlidir. Bu gün beynəlxalq reytinqlərə görə, Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və bu, reallıqdır”.

“Azərbaycan xarici ölkələrə silah satışını artırıb”
Bakıda keçiriləcək 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, sentyabrın 25-dən 27-dək Bakıda keçiriləcək 3-cü “ADEX-2018” Azərbaycan Beynəlxalq Müdafiə sərgisi regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, müasir silah və avadanlıqların, o cümlədən Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. Həmçinin qeyd edilib ki, Azərbaycan xarici ölkələrə silah satışını artırıb. Nazir müavini bildirib ki, əsasən, atıcı silahların satışı artıb: "Azərbaycanın silah satdığı əsas ölkələr Asiya, Afrika və Yaxın Şərq ölkələridir".
Y.Musayev bildirib ki, sərgi Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü, Müdafiə Nazirliyinin dəstəyi və “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.
Diqqətə çatdırılıb ki, “ADEX-2018” sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib. Sərgidə Azərbaycan, Belarus, Çin, Fransa, İsrail, Pakistan, İran, Rusiya, Serbiya, Türkiyə və Ukraynanın aparıcı şirkətlərindən ibarət 11 stendin iştirakı nəzərdə tutulub. Sərginin iştirakçıları olan bir sıra ölkələr əvvəlki illərlə müqayisədə milli ekspozisiyalarının sahəsini böyüdüblər. Təmsil olunan şirkətlərin sayının çoxluğuna görə ilk dördlüyə Türkiyə (41 şirkət), Rusiya (25 şirkət), İsrail (14 şirkət) və Belarus (10 şirkət) daxildir. İştirakçıların coğrafiyası Estoniya, Hindistan və Qazaxıstan kimi ölkələrin hesabına genişlənib. Ümumilikdə, ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. “ADEX-2018” sərgisinin qeydiyyat sponsoru qismində isə Türkiyənin Müdafiə Sənayesi Nazirliyi çıxış edir.
Sərginin fəal iştirakçıları kimi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, eləcə də nazirliyin nəzdindəki istehsalat birlikləri və zavodlar, o cümlədən ANAMA agentliyi əsas rol oynayıb. Burada peşəkarlar ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcud və inkişaf edən potensialı ilə yaxından tanış ola bilmək şansı əldə edəcək. Bundan başqa, bu il Azərbaycandan “Caspian Ship Building Company”, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP), “Vitta” Elmi-texniki şirkəti və Hərbi Hava Qüvvələrinin silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edəcək.
Sərgiyə mətbuat nümayəndələri də böyük maraq göstərib. Belə ki, “ADEX-2018” sərgisinə 18 ölkədən 62 aparıcı beynəlxalq və yerli xüsusi media - jurnallar, saytlar, xəbər agentlikləri informasiya dəstəyi göstərib. Ümumilikdə, sərgi üçün 100-dən artıq mətbuat nümayəndəsi akkreditasiyadan keçib.
Bildirilib ki, Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən sərgi ərazi baxımından 10 faizlik artım nümayiş etdirib. Beləliklə, “ADEX-2018” sərgisində Hava Hücumundan Müdafiə (HHM) və Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki kompleksləri, atıcı silahlar, döyüş sursatları və təchizatları, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi (RYAS), optik-elektron və lazer texnikası, zirehli texnika, sualtı qayıqlar, Hərbi Dəniz Qüvvələrinin (HDQ) kibertəhlükəsizliyi, radioelektron müharibə və komandanlıq, idarəetmə, rabitə, kompüter, kəşfiyyat, müşahidə və məlumat toplama (C4ISR) sistemləri, hərbi dəmir yolu qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizasiyası üzrə texnologiya və avadanlıqlar, eləcə də digər sektorların sərgidə təqdimatı nəzərdə tutulub. “Aselsan”, “CETC”, “Damen”, “MBDA”, “Norinco”, “IAI”, “Roketsan”, “Rosoboronexport”, “Thales” və digər şirkətlərin hərbi texnika nümayişi ilə çıxışı nəzərdə tutulub. Bu il digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunub və bu sektorda “MİQ” (“MİQ”), “TUSAŞ”, “Leonardo”, “OAK”, “Motor Siç”, “Rusiya Vertolyotları” və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edir.
Sərginin açıq meydançası da ayrıca diqqətə layiqdir. Belə ki, burada müxtəlif dünya ölkələrinin şirkətləri təmsil olunur. Sərginin açıq meydançasında silahlar, hərbi və xüsusi təyinatlı texnika, maddi-texniki təchizat vasitələri, eləcə də ordunun gündəlik fəaliyyəti və hərbi qulluqçuların məişət təminatı üçün olan vasitələrdən ibarət statik ekspozisiyanın yerləşdirilməsi nəzərdə tutulub.

“ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiq edib
Bu il “ADEX-2018” sərgisi xarici nümayəndə heyətlərinin planlaşdırılmış səfərlərinin sayına görə keçən iki sərgidən daha yüksək göstərici əldə edib. Belə ki, sərgidə dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ziyarəti nəzərdə tutulub. Misir, Qazaxıstan və Özbəkistan “ADEX” sərgisinə nümayəndələrini ilk dəfə göndərən ölkələr arasında yer alır. Sərgi çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycanın nazirlik və strukturlarının təmsilçiləri arasında danışıqların aparılması nəzərdə tutulub. Bu danışıqlar zamanı ikitərəfli hərbi-texniki əməkdaşlıq perspektivlərinin müzakirəsi planlaşdırılmaqdadır. Bakı Ekspo Mərkəzinin üçüncü zalında ikitərəfli görüşlərin keçirilməsi üçün xüsusi danışıq zonası yaradılıb.
Beynəlxalq nümayəndə heyətləri və şirkətlər tərəfindən “ADEX” sərgisinə göstərilən maraq Azərbaycanın regionda mühüm strateji əhəmiyyətini bir daha təsdiq edib.
Ənənəvi olaraq, sərginin işgüzar proqramı çərçivəsində informativ və əyləncəli tematik tədbirlər, o cümlədən ölkənin müdafiə və təhlükəsizliyi üçün nəzərdə tutulmuş innovativ tədqiqat, məhsul və texnologiyalar sahəsində təqdimatların keçirilməsi planlaşdırılıb.
İştirakçıların böyük əksəriyyəti öz yeni məhsullarının nümayişi üçün bu il keçirilən sərgidən istifadə etmək niyyətində olduqlarını bəyan edib. Sərginin xüsusi platforma funksiyasını yerinə yetirməsi üçün yerli və xarici istehsal olan silah, hərbi texnika, yeni texnologiya və materiallar, habelə elm və sənayenin digər sahələrində əldə edilmiş nailiyyətlər, eləcə də bu nailiyyətlərin müdafiə sənayesi müəssisələrindəki istehsalat prosesində tətbiqinin fəal şəkildə təqdim olunması nəzərdə tutulub. Ukraynanın “ArtOS” artilleriya atəşinin avtomatlaşdırılmış idarəolunma kompleksi, “IHTAR Anti-Drone System” PUA əleyhinə sistem (“ASELSAN” şirkəti), taktiki qarşılıqlı hərəkət simulyatoru (“Zen TacSim” şirkəti), “VITTA” pilotsuz uçuş aparatları, termobarik məhsul çeşidləri (“Arsenal” şirkəti), “Corvette” dəniz gəmiləri (“Dearsan” şirkəti), raket və raket kompleksləri (“Roketsan” şirkəti), trenajorlar və öyrədici oyunlar (“Simsoft” şirkəti), nəqliyyat vasitələri (“Yugoimport” şirkəti), 7,62x51mm çaplı “MG-M2” pulemyotu (“Arsenal” şirkəti), hərbi geyim və aksesuarlar (“Trud” şirkəti), kamuflyaj geyimi (Bakı Tikiş Fabriki), “Milli qayıq” konsepsiyası (“SSBC Ltd.” şirkəti) və digərləri bəyan edilmiş yeni məhsullar arasında yer alıb.
Sərgi üçün əlavə tədbirlər proqramı da hazırlanıb və sərginin ikinci iş günü istehsalçı şirkətlərin nümayəndələri ilə sifarişçilər arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bu il Azərbaycan öz tarixinin şanlı hadisəsini - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 100-cü il dönümünü və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyini təntənəli şəkildə qeyd edib. Azərbaycan Hərb Tarixi və Milli Azərbaycan Tarixi muzeylərinin sərgidə iştirakını xüsusi vurğulamaq lazımdır. Belə ki, sərgidə hər iki qurumun ölkənin bu şanlı tarixinə həsr olunmuş unikal silah və geyim ekspozisiyaları ilə çıxışı nəzərdə tutulub.
Sərgiyə girişin sentyabrın 25-26-da hərbi, hüquq-mühafizə və müdafiə sənayesi, habelə əlaqədar sənaye sahələrinin mütəxəssisləri, eləcə də ali hərbi məktəblərin tələbələri üçün açıq olması nəzərdə tutulub. Sentyabrın 27-də isə kommersiya strukturlarında fəaliyyət göstərən şəxslər öz şəxsiyyət vəsiqələrini təqdim etməklə sərgini ziyarət edə biləcəklər. Eyni zamanda sərginin üçüncü günü ölkənin müdafiə qüdrəti ilə yaxından tanış olmaq və bununla da vətənpərvərlik ruhunun aşılanması məqsədilə azyaşlılar da valideynləri ilə birlikdə sərgini ziyarət edə biləcəklər. Bu istiqamətdə bütün ziyarətçilər veb-saytda qeydiyyatdan keçməlidirlər.
Beləliklə, “ADEX” sərgisi dünyanın silah bazarında ixrac üçün təklif olunan hərbi sənaye kompleksinin müxtəlif sahələri üzrə müasir müdafiə texnologiyaları, hərbi texnikanın ən son nümunələri ilə tanış olmaq imkanı yaradıb. “ADEX” sərgisi ən son silah nümunələrinin nümayiş olunması və beynəlxalq hərbi-texniki əməkdaşlıq sahəsində yeni müqavilələrin imzalanması üçün əla platformaya çevriləcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.10.2018
İmişlidə “ASAN Həyat” kompleksinin açılışı olub
22.10.2018
Bakıda “Gələcəyin Təhsili: yeniliklərin tətbiqi və müasirlik” adlı beynəlxalq konfrans keçiriləcək
22.10.2018
“Azərişıq” ASC-nin İmişli Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışı olub
22.10.2018
İmişlidə Bayraq Muzeyi istifadəyə verilib
22.10.2018
Prezident İmişlidə “ASAN Həyat” kompleksinin açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10301

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info