“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
Tarix: 25.09.2018 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


“Bizlər hər bu verilişə baxanda özümüzü Vətəndə hiss edəcəyik”


Vətəndən kənarda yaşayan soydaşlarımıza diqqətin göstərilməsi dövlət üçün prioritetdir. Əlbəttə ki, əsas məqsəd xaricdəki soydaşlarımızın Vətənlə əlaqələrinin daimi qırılmaz tellərlə bağlanmasıdır. Son zamanlar Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu istiqamətdə də təqdirəlayiq addımlar atılır. Elə Diasporla İş üzrə Dövlət Komitəsinin və İctimai Televiziya və Radio Yayım Şirkətinin birgə layihəsi olan “Vətən uzaqda deyil” adlı veriliş də, bu baxımdan, önəmlidir.
Tanınmış jurnalist Vəsilə Vahidqızının təqdimatında efirə gedən “Vətən uzaqda deyil” verilişinin əsas amalı xaricdəki soydaşlarımızla əlaqələrin gücləndirilməsidir. Bu veriliş diaspor üzvləri tərəfindən də böyük sevinclə qarşılanıb. Bir neçə diaspor üzvü öz sevincini bizimlə bölüşüb. Türkiyədəki Azərbaycan Qadınları Mədəniyyət Mərkəzi Dərnəyinin sədri Cəvahir Əhmədova dedi ki, “Vətən uzaqda deyil” verilişi bir çox diaspor liderlərini üzə çıxaracaq: “Bu veriliş bizlərin, Azərbaycandan kənardakı soydaşlarımızın qürbət həsrətini, qəlb döyüntülərini publikaya çatdıracaq. Çünki diaspora diqqət hər zaman vacibdir. Bu verilişin efirə getməsi diaspora olan diqqətin artması deməkdir. Əlbəttə ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində olan dəyişiklikdən sonra biz Azərbaycandan diasporun həqiqətən də koordinasiya olunduğunu hiss edirik. Elə “Vətən uzaqda deyil” verilişi də bu dəyişikliyin bariz nümunəsidir”.
Cəvahir Əhmədova ümid edir ki, bu verilişdə diasporun həlli vacib olan problemləri qaldırılacaq: “İstərdik ki, hər bir verilişdə yeni təkliflər verilsin, yeni strateji hədəflər göstərilsin və ən əsası diaspor motivasiya edilsin. Bizlər də hər bu verilişə baxanda özümüzü Vətəndə hiss edəcəyik. Beləcə, Vətənin uzaqda olmadığını bir daha biləcəyik. İnanıram ki, “Vətən uzaqda deyil” verilişi bir növ dünya azərbaycanlılarının səsi olacaq”.

“Doğrudan da Vətən uzaqda deyil, bizim ruhumuzda, qəlbimizdədir”

Azərbaycan Amerika Qadın Cəmiyyətinin rəhbəri Minəvvər Vahabova isə düşünür ki, “Vətən uzaqda deyil” verilişi xaricdəki soydaşlarımızın Vətən nisgilimizdən xəbər verəcək: “Çox əlamətdar bir haldır ki, ilk verilişdə Cümhuriyyətin 100 illiyi ilə bağlı təşkil olunmuş Diaspor Gənclərinin 1-ci Yay Düşərgəsində iştirak edən gənclərlə Vətəndə yaşayan gənclərin debatı təqdim olundu. Qəlbimiz fərəh hissi ilə doldu ki, Vətənimizin gəncləri harada yaşamaqlarından asılı olmayaraq öz doğma Vətənləri Azərbaycanı çox sevirlər, onun üçün müsəlləh əsgər olmağa hər zaman hazırdırlar. Öz
savadları, dünyagörüşləri ilə Vətənə xidmət etmək əzmindədirlər. Bu düşərgədə
və debatda mənim oğlum Anar da iştirak edirdi. Hər bir gəncin söylədiyi fikirlərə diqqətlə qulaq asdıqdan sonra belə bir qənaətə gəldim ki, diasporumuzun taleyi etibarlı əllərə keçir. Diaspor Gənclərinin İnternet Şəbəkəsinin yaradılması onların bir-biri ilə daha sıx əlaqə saxlamalarına, fikir mübadiləsi aparmalarına dəstək olacaqdır”.
Minəvvər Vahabova da bu layihənin Vətəndən uzaqda yaşayan, qürbətin nə olduğunu bilən, Azərbaycan adı gələndə nostalji hislərə qapılan bizlərin proqramı olacağına bütün qəlbi ilə inandığını bildirdi: “Diasporla İş üzrə Dövlət Komitəsində gedən müsbət dəyişikliklər biz diaspor təşkilatlarını daha da əzmlə çalışmağa ruhlandırır. Komitə bizim, necə deyərlər, “Ata ocağımız” rolunu oynamağa başlayır. Biz dünyanın müxtəlif ölkələrində yaşasaq da, bir sığınacaq yerimiz olan ocağa hər zaman ehtiyac duyuruq. Bizə arxa-dayaq olacaq bir ocağın olması hər zaman bizdə özünəinam hissi yaradır. “Vətən uzaqda deyil” layihəsinin növbəti buraxılışlarını səbirsizliklə gözləyəcəyik. Doğrudan da, Vətən uzaqda deyil, bizim ruhumuzda, qəlbimizdədir!”.

“Dünya azərbaycanlılarının əlaqələndirilməsində bu veriliş böyük əhəmiyyət kəsb edəcək”

“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva hesab edir ki, dünya azərbaycanlılarının əlaqələndirilməsində və diasporumuzun inkişafında veriliş böyük əhəmiyyət kəsb edəcək: “Vətəndən uzaqda yaşayan hər bir azərbaycanlı mütləq Vətənimizi təmsil etmək üçün əlindən gələni əsirgəmir. Bunu işıqlandırmaqla yanaşı, vətəndaşlarımızı doğru yönləndirmək üçün bu verilişi faydalı bir fürsət kimi dəyərləndirirəm”.

“Vətən uzaqda deyil” verilişinin məqsədinə çatacağına inamım çoxdur”

Niderland Jurnalistlər Birliyinin üzvü, Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri Vüqar Abbasov da “Vətən uzaqda deyil” verilişinin ona xoş təsir bağışladığını dedi: “Əlbəttə ki, evdə oturub “bu da belə olsa idi” demək asandır və açıqcası, veriliş boyunca mənim də belə düşündüyüm məqamlar oldu. Ümid edirəm ki, bu veriliş davamlı olacaq və məqsədinə çatacaq. Belə bir söz var, “İnsanın ləyaqəti onun məqsədə çatıb-çatmaması ilə yox, hansı məqsədə və hansı yolla getməsi ilə müəyyən olunur.” Demək istədiyim odur ki, hər bir işdə məqsəd çox önəmlidir. Fikrimcə, verilişin məqsədi xaricdə yaşayan soydaşlarımızla Azərbaycanda yaşayan soydaşlarımızın arasında mənəvi körpünün yaradılmasıdır və bu, mənə görə olduqca gözəl amaldır. Mən Vəsilə xanımı çoxdan tanıyıram, eyni illərdə AZTV-də, müxtəlif redaksiyalarda çalışmışıq və odur ki, bu verilişin məqsədinə çatacağına inamım çoxdur. Ən önəmli olan məqamı, məqsədin aliliyini bir daha vurğulamaq istəyirəm”.
Vüqar Abbasov bildirdi ki, ilk verilişdə xaricdə yaşayan gənclərimizlə vətəndə yaşayan gənclərimizin dialoqunu təşkil etmək gözəl təşəbbüs idi: “Məncə, bu, yaxşı da alındı. Yeri gəlmişkən, diasporun fəaliyyətinə məsul komitənin təşkil etdiyi Yay Düşərgəsi ilə bağlı onu deyim ki, bunu alqışlamağına dəyər. Verilişdən də göründüyü kimi, bu tədbir gənclərimizdə xoş hislər yaradıb. Çox istəyərəm ki, gələcəkdə təşkil olunacaq bu kimi tədbirlərdə ancaq və ancaq ölkəmiz, dövlətimiz barədə məlumatlar verilsin. Çünki xaricdə yaşayanlar yaşadıqları yerlərdə gəldikləri ölkələrini, xalqlarını təbliğ edə bilərlər və yerli xalqlar tərəfindən də bu daha düzgün qəbul olunar. Verilişdə iştirak edən gənclər açıq bildirdilər ki, onlar harada yaşamaqlarından asılı olmayaraq Vətənlərinə bağlıdırlar. Məni hər zaman narahat edən məqamlardan biri bu olub ki, xaricdə formalaşan gənclərimiz, gələcək nəsillər dilimizi, tariximizi, mədəniyyətimizi, ənənələrimizi və s. unuda bilər və bu da o deməkdir ki, gələcəkdə diasporumuz gözlədiyimiz səviyyədə olmaya bilər. Yay Düşərgəsi kimi tədbirlərin, bu səpkili verilişlərin xaricdə yaşayan gənclərimizə müsbət tərəfdən çox təsiri var. Odur ki, sonda öz adımdan, “Connect” təşkilatı adından “Vətən uzaqda deyil” verilişinə uğurlar arzu edirəm və ümid edirəm ki, bu veriliş Vətənin xaricdə yaşayanlara, xaricdə yaşayanların da Vətənə daha da yaxınlaşmasında xüsusi rol oynayacaq”.

“Telelayihə həmvətənlərimiz tərəfindən böyük maraqla qarşılanıb”

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədov dedi ki, “Vətən uzaqda deyil” verilişinin ilk buraxılışındakı teledebatda dünyanın fərqli ölkələrində yaşayan soydaşlarımız və Yunanıstandan Salatın Məmmədli və Günel Nəsirova da iştirak ediblər: “Telelayihə həmvətənlərimiz tərəfindən böyük maraqla qarşılanıb. Biz də “QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti olaraq öz növbəmizdə yaratdıqları imkana görə Diasporla İş üzrə Dövlət Komitəsinə, İctimai Televiziyanın kollektivinə və ümumiyyətlə, layihədə əməyi keçən hər kəsə minnətdarlığımızı bildirir, Azərbaycan gəncləri ilə fəxr etdiyimizi bəyan edirik”.

“Gözləntilərimiz böyükdür”

Polşada Azərbaycan Gənclər Şurasının sədri Nail Əhmədin də “Vətən uzaqda deyil” verilişi haqqında fikirləri müsbətdir: “Verilişdə xaricdəki həmyerlilərimizin uğur hekayələrini eşitmək qürurverici bir hisdir. Gözləntilərimiz böyükdür. Yeni və eyni zamanda dövlətimizə lazımlı gəncləri üzə çıxarıb onların potensialından düzgün istifadə olunmasını gözləyirik. Çünki bu gənclər Azərbaycanın milli maraqlarını qoruyan əsas kontingentdir. Belə bir veriliş ərsəyə gətirdikləri üçün bütün komandaya uğurlar arzu edirik”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.10.2018
Əli Həsənov: Hər bir dövlət qonşu dövlətlərlə dialoq aparmalıdır
20.10.2018
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Barselonada qeyd edilib
20.10.2018
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
20.10.2018
“Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
20.10.2018
Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10285

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Türkiyə mediası: “Star”Avropanın ən müasir müəssisəsi olacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info