Pərvanə Zəngəzurlunun şeirləri ürəkaçan poetik incilərdir
Tarix: 25.09.2018 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub. 1980-ci ildə M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı:Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən "Aşıq Pəri" məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb. 2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb. 2013-cü ildən "Aşıq Pəri" məclisinin rəhbəridir.


Xanım şairələrin poeziyası olduqca maraqlıdır. Aşıq poeziyası üslubunda yazan xanım şairələrdən biri də Pərvanə Zəngəzurludur. Onun yaradıcılığı bir ədəbi-tənqidçi kimi məni hər zaman düşündürür. “Facebook” sosial şəbəkəsindən Pərvanə xanımın yaradıcılığını ciddi izləyirəm. Şairənin şeirləri ürəkaçan poetik incilərdir. Pərvanə xanım ustadlıq yolunda addımlayan bir xanım şairədir. Onun şeirlərində ciddi nəzəri qaydaları görmək mümkündür. Şeirlərdə işlənən fikirlər yerli-yataqlı işlənir və beləcə də, şeirin məzmunu şairənin şeirlərində hər zaman qorunur. Belə ki, Pərvanə Zəngəzurlunun yaradıcılığında forma və məzmun qüsurlarına rast gəlmək olmur. Qeyd edim ki, şairənin yaradıcılığında ciddi bədii təsvir və ifadə vasitələri işlənib. Şeirlərdə ictimai məfkurə əsas rol oynayır və ictimai mövzuda şeirləri də çoxluq təşkil edir. Şübhəsiz ki, Vətən mövzusunda olan şeirləri yaradıcılığının əsas hissəsindən birini tutur. Məhəbbət, ailə-məişət, təlim-tərbiyə və digər səpkili mövzular xanım şairənin yaradıcılığında ciddi təşkildə hiss olunur. Bu mövzuların isə hər biri ayrılıqda bir kitabda tədqiq olunası sahələrdir. İndi isə şairə Pərvanə Zəngəzurlunun yaradıcılığından seçdiyimiz şeirləri oxuculara təqdim edək:

Məni
(təcnis)

Könül verdim, yar eşqindən yarıyam,
Salmadı bir dəfə o, yada məni.
Nə biləydim vəfasızın yarıyam,
Dəyişdi əğyara, o, yada məni.

Yazı yazan tərsə yazdı yazımı,
Qış eylədi baharımı, yazımı.
Qismət verdi qələmimi, yazımı,
Bəlkə, röyalardan oyada məni.

Bu gülşəndən pay düşübdü gülə nə?
Dərdi olan ağlaya nə, gülə nə.
Namərd dedim dərdə baxıb gülənə,
Etdi göz yaşında oy, ada məni.

Dağ-daş ağlar çevriləndə söz ünə,
Saf eşqimə vəfasızın sözü nə?
Ya uyub aldanıb əğyar sözünə,
Bir divanə sanır o ya da məni.

Pərvanə, sən yanağında yaşa bax,
Qocalırsan, ötüb-keçən yaşa bax.
Sərvətindi pak niyyətin, yaşa, bax,
Qurban edin təmiz oy ada məni.


Ömrüm

Bulanıq sel kimi kükrəyib, daşıb,
Büllur bulaq kimi süzülən ömrüm.
Bir zaman yanırdın həyat eşqilə,
İndi qor altından sozalan ömrüm.

Şair könlüm zirvələrə ucalıb,
Namərdlərdən, nakəslərdən öc alıb.
Arzular cavandır, özü qocalıb
Elin yaddaşına yazılan ömrüm.

Sayı yox neçə kəs sınaqdan keçib,
Cəhrədə əyrilib, daraqdan keçib,
Deyəsən, mənimki yamaqdan keçib,
Tikilə-tikilə nazilən ömrüm.

İçində gizlədib ağrını, dərdi,
Xain zərbələrə sinəsin gərdi.
Nakəsə tuş gəldi, gördü namərdi,
Nadan tənəsindən əzilən ömrüm.

Çox əzablar çəkdi bəlalı başı,
Bəzən də zəhərə çevrildi aşı,
Qayçısı küt oldu, dərzisi naşı
Cərrahlar əlində büzülən ömrüm.

Kim anlayıb bu dünyanın işini,
Vədəsiz gətirir qarlı qışını.
İldən-ilə Pərvanənin yaşını,
Çoxalda-çoxalda azalan ömrüm.


Şairəm

Bir neçə cümləni düzüb alt-alta,
Özünü öyür ki, mən də şairəm.
Cümləsini bütöv yaza bilməyən,
Aləmə yayır ki, mən də şairəm.

Deyən gərək xam xəyallar eləmə,
Xeyri yoxdur car çəksən də aləmə.
Hayıf işlətdiyin kağız-qələmə,
Adını qoyur ki, mən də şairəm.

Qələmi, kağızı işlədib boşa,
Bircə misrası da gəlməyir xoşa.
Mənasız kəlmələr düşülmür başa,
Özünü sayır ki, mən də şairəm.

Şair demək olmaz hər yazan kəsə,
Yazdığı kəlmələr haqdan gəlməsə.
Tülkü aslan ilə girərək bəhsə,
Döşünə döyür ki, mən də şairəm.

Sel olmaz ki, dərələrin daşması,
Mənasızdı kükrəməsi, coşması.
Bilinməyir gəraylısı, qoşması,
Hamıya deyir ki, mən də şairəm.

Nə qədər yol verib bax, hədyanlara,
Baxıb qiymət verin siz insanlara.
Əsl şair baxıb bu nadanlara,
Başına döyür ki, mən də şairəm?


Könlümün

Nadanların, namərdlərin əlindən,
Yanıbdı bağrının başı könlümün.
Dostu düşmənindən seçə bilməyir,
Allaha qalıbdı işi könlümün.

Kim can söyləyibsə ona inanıb,
Saxta, yalanlara yaman aldanıb.
Kənardan baxanlar bəxtəvər sanıb,
İçinə axıbdı yaşı könlümün.

Dağlarının gədiyinə varmadan,
Kol dibindən tər bənövşə dərmədən,
Pərvanə doyunca bahar görmədən,
Deyəsən, yetişib qışı könlümün.


DEYİŞMƏ

PƏRVANƏ ZƏNGƏZURLU

Dostlar, bircə an da giley etməyək,
Bu qoca dünyadan, ulu dünyadan.
Dünya mənim deyən çox nadanların,
Vədəsiz üzüldü əli dünyadan.

AQİL KƏNGƏRLİ

Düz dedin, ay bacım, nadan insanın,
Qurtarmır fitnəsi, feli dünyadan.
Beşəlli tutaraq, sovurur qanın,
Sanki yapışıbdır zəli dünyadan.

Pərvanə Zəngəzurlu

Kimisi sözünü deyib gedəcək,
Şöhrətin aləmə yayıb gedəcək,
Kimsə aparmadı, qoyub gedəcək,
Yığdığı dövləti, pulu dünyadan.

Aqil Kəngərli

Kimini ucaltdı dağın başına,
Kiminin zəhəri qatdı aşına.
Kiminin əməyi getdi boşuna,
Diriykən köçübdür ölü dünyadan.

Pərvanə Zəngəzurlu

Sanmayın hər işə qadirdir insan,
Ələnib seçilir yaxşıyla yaman,
Əgər hökm edərsə ulu yaradan,
Yarımçıq qırılar yolu dünyadan.

Aqil Kəngərli

Görürsən xeyirə üstün gəlib şər,
İblisə, şeytana uymuşdur bəşər,
Hər gün bir qədər də tökülər, düşər,
Dəymişi qalmışkən kalı dünyadan.

Pərvanə Zəngəzurlu
Günaha bataraq, suç eyləyibdi,
Çoxu öz ömrünü puç eyləyibdi,
Vədəsi gələndə köç eyləyibdi,
Ağıllı dünyadan, dəli dünyadan.

Aqil Kəngərli
Neçə ki, ömrünü verməmiş bada,
İnsan ad qazana fani dünyada,
Əməli qalacaq, düşəcək yada,
Getsə də bir ovuc külü dünyadan.

17 dekabr 2014


Toplayıb tərtib etdi:
Mahmud Əyyublu
AAB-nin üzvü

**************************

Söyüd
Yenə payız fəsli, xəzan yellərin -
Əsdirir, pərişan olursan, söyüd.
Yenə dağınıqdı salxım tellərin,
De neyçin saçını yolursan, söyüd?

Yadına düşürmü, o xoş günlərin,
Yığılıb kölgənə şənlənənlərin.
Deyənin, gülənin, əylənənlərin,
Səndəmi xəyala dalırsan, söyüd?

Atam da heyrandı bir vaxt hüsnünə
Yığıb nəvələri öz dövrəsinə.
Dincəlib, baxardı fərəhlə sənə,
Söylə bir, kövrəlib dolursan, söyüd?

Bir yanda samavar zümzüməsini,
Bir yanda quşların cəh-cəh səsini.
Uşaqların şıltaq qəhqəhəsini,
Mənim tək yadına salırsan, söyüd?

Vaxt gələr bizlərdə köçüb gedərik,
Durna qatarı tək uçub gedərik.
Ayrılıq şərbətin içib gedərik.
Əfşanı da yola salarsan, söyüd.
Əfşan Yusifqızı




 
Bölməyə aid digər xəbərlər
13.12.2018
Özü ölsə, sözü ölməz ustadin
13.12.2018
Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq
13.12.2018
Vyanada “Əbədi ezamiyyət” sənədli filminin təqdimatı olub
12.12.2018
Şair Vəli Bozalqanlı irsinin axtarışında...
11.12.2018
“Kitob dunyasi” qəzetində Maqsud Şeyxzadə haqqında məqalə dərc edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info