“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
Tarix: 26.09.2018 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Nyu-Yorkda Xəzər biznes-forumu keçirilib. Tədbirdə iştirak edən Transxəzər dəhlizi ölkələrinin hökumət nümayəndələri və işgüzar dairələrin təmsilçiləri Xəzər regionunun siyasi perspektivlərini müzakirə edib, müxtəlif layihələrin maliyyələşdirilməsi imkanlarını, bank sektorunun potensialını və normativ-hüquqi bazasını nəzərdən keçiriblər. Forum Xəzər Siyasi Mərkəzi tərəfindən ABŞ Ticarət Palatası, Azərbaycan, Əfqanıstan, Gürcüstan və Qazaxıstan səfirlikləri ilə birgə təşkil edilib. Nyu-Yorkda keçirilən Xəzər biznes-forumu ABŞ ilə Transxəzər dəhlizi ölkələri arasında strateji tərəfdaşlıq əsasında Amerikanın və Xəzər regionu ölkələrinin biznes birlikləri üçün geniş imkanlar yaradan mühüm platformadır. Forumu Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Nifti açıb. O, Xəzəryanı ölkələrin işgüzar, investisiya və maliyyə imkanlarının və vəzifələrin müzakirə edilməsi məqsədilə bir araya gəlmiş yüksəkvəzifəli məmurlarını, özəl sektorun rəhbərlərini və hökumət üzvlərini salamlayaraq işgüzar dairələrin bu regiona marağının artmasını qeyd edib, regionda Amerika şirkətləri üçün mövcud perspektivlər və imkanlar barədə söhbət açıb. Ə.Nifti vurğulayıb ki, Xəzər regionu ilə ABŞ arasında qarşılıqlı əlaqələri daha da fəallaşdırmaq vaxtı yetişib. Təşkilatçıların giriş sözlərindən sonra Xəzər regionu ölkələrinin səfirləri bəyanatlarla çıxış ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov hökumətlərin və işgüzar dairələrin auditoriyadakı nümayəndələrinə müraciətlə qeyd edib ki, Azərbaycan regional əməkdaşlığın inkişafında aparıcı rol oynayır. O bildirib ki, Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi üçün yeni investisiyalar qəbul etməyə hazırdır. Sonra Qazaxıstanın ABŞ-dakı səfiri Yerjan Kazıxanov çıxış edib. O, auditoriyanın diqqətini regionlararası sabitliyin və əməkdaşlığın əhəmiyyətinə cəlb edib. Qazaxıstanın biznes üçün açıq olmasını xüsusi vurğulayan səfir qeyd edib ki, onun ölkəsi regional əlaqələri gücləndirmək əzmindədir. Forumun işi iki panel iclasında davam etdirilib. ABŞ Ticarət Palatasının nümayəndəsi Geri Litmanın moderator olduğu, regional perspektivlərə həsr edilmiş birinci paneldə ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini səfir Elis Uells, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya ölkələri üzrə bürosunun nümayəndəsi, dövlət katibinin köməkçisinin müavini Corc Kent, Əfqanıstan xarici işlər nazirinin iqtisadi əməkdaşlıq məsələləri üzrə müavini Adela Raz, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili çıxış ediblər. Elis Uells regionun perspektivlərindən söhbət açaraq deyib ki, regional iqtisadi əlaqələr Əfqanıstanda və daha geniş regionda uzunmüddətli sabitliyin bərqərar olması üçün böyük əhəmiyyət kəsb edir. Corc Kent öz növbəsində qeyd edib ki, müxtəlif mədəniyyətlərin cəmləşdiyi bu regionun ticarət və kommersiya əlaqələri üçün əlverişli zona olması iyirmi beş ildən çox bundan əvvəl məlum idi və heç şübhəsiz, regionda sabitlik zəruridir. C.Kent vurğulayıb: “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasında ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”. Adela Raz özündən əvvəl çıxış edənlərin arqumentlərini dəstəkləyərək əminliklə bildirib ki, Mərkəzi Asiyada regional inteqrasiya gələcək iqtisadi inkişafın düzgün üsuludur. Sonra çıxış edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov regionda həyata keçirilən enerji və nəqliyyat layihələrindən söhbət açaraq vurğulayıb ki, bu layihələr həm regionun özünün, həm də region hüdudlarından kənardakı ərazilərin iqtisadi potensialını genişləndirir. Nazir regional inkişaf, həmçinin biznes və investisiyalar üçün imkanlar yaradılması siyasətinə Azərbaycanın münasibətini bildirib. Vaxtanq Maxaroblişvili insan kapitalından söhbət açaraq bəyan edib ki, Gürcüstan hökuməti gənc nəslə biznesin qaydalarını öyrətmək məqsədilə peşə təhsilinin təşkili üzərində səylərini cəmləşdirir. Xəzər Siyasi Mərkəzinin Məşvərət Şurasının üzvü Lyuk Koffinin moderator olduğu ikinci panel biznes və investisiyalar mövzusuna həsr edilmişdi. Bu paneldə BP şirkətinin beynəlxalq əlaqələr şöbəsinin Robert Şer, Gürcüstan səfirinin müavini Giorgi Tsikoliya, “OBIE Technologies” şirkətinin biznesin inkişafı üzrə direktoru Bronson Piket, SOCAR prezidentinin müşaviri Murad Heydərov və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta çıxış ediblər. Robert Şer öz çıxışında beynəlxalq biznesdə əlaqələrin vacibliyini vurğulayıb. G.Tsikoliya qeyd edib ki, Birləşmiş Ştatlar “yumşaq qüvvə” vasitəsilə öz təsirini genişləndirməlidir, ticarət isə məhz belə üsuldur. O deyib ki, yaxın 3-5 ildə region iqtisadiyyatında ABŞ-ın daha fəal iştirakını görəcəyinə ümid edir. B.Piket öz növbəsində regionun inkişafında telekommunikasiya əlaqələrinin vacibliyini bildirib. M.Heydərov öz çıxışında vurğulayıb ki, enerji sektorunun inkişafı iqtisadi artıma şərait yaradır və böhranlı dövrlərdə iqtisadiyyatın qorunmasına xidmət edir. Səfir Robert Sekuta deyib ki, regional bazarın imkanlarını genişləndirmək üçün hökumətlərlə işgüzar dairələr arasında daimi əlaqə olmalıdır. Forumda 100-dən çox şirkətin və təşkilatın nümayəndələri iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
18.10.2018
Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edir
18.10.2018
Polşada yaşayan Azərbaycanlılar üçün qaynar xətt yaradıldı
18.10.2018
“Tnews.uz” Azərbaycanın Dövlət Müstəqilliyi Günündən yazıb
18.10.2018
Əsl müstəqillik!
18.10.2018
Türkmənistanın xarici işlər naziri Azərbaycana səfərə gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10269

1 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
2 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
3 Dadaizm və Sürrealizm cərəyanının görkəmli nümayəndəsi
4 Vətən uzaqda deyil
5 Tovuzda insanların poeziyaya olan məhəbbəti tükənməzdir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info