“ADEX 2018”: “Azərbaycandan MKEK-ə birgə istehsal təklifi”
Tarix: 28.09.2018 | Saat: 20:34:00 | E-mail | Çapa göndər


Akif Akgül: “Azərbaycanda üçüncü dəfə keçirilən sərgiyə maraq əvvəlki illərlə müqayisədə daha da artıb”

Bakıda təşkil olunan 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi başa çatdı. Sərgi regionda silah və hərbi texnikanın, eləcə də Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin ən böyük ekspozisiyası statusuna malik olan genişmiqyaslı tədbir kimi yadda qaldı. Bu il, ümumilikdə, “ADEX 2018” sərgisində dünyanın 44 ölkəsindən şirkət, nümayəndə heyəti və qonaqlar iştirak edirdi. Sərgidə geniş tərkibli heyətlə təmsil olunan ölkələrdən biri də qonşu Türkiyə idi. Sərgi çərçivəsində iki ölkənin müvafiq qurumları arasında bir sıra anlaşmalar, birgə işbirliyi ilə bağlı protokollar imzalandı. Sərginin gedişi və razılaşmalar isə qonşu Türkiyə mediasında geniş işıqlandırılıb. “Aksam.com.tr” saytında dərc olunan “Azərbaycandan MKEK-ə birgə istehsal təklifi” başlıqlı yazı da bu qəbildəndir.

“Aksam.com.tr”: “MKEK-in Azərbaycanla əlaqələri daha da güclənəcək”

Maşınqayırma və Kimya Sənayesi Korporasiyası (MKEK), Azərbaycanda müdafiə sənayesində fəaliyyət göstərən 35 fabrikə malik olan Müdafiə Sənayesi Nazirliyindən uzunmüddətli marketinq və birgə istehsal üçün təkliflər alıb.
Silah, döyüş sursatı, partlayıcı maddə, maşınqayırma, avadanlıq və materialların istehsalında mühüm rol oynayan MKEK Bakıda keçirilən 3-cü Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (ADEX 2018) öz məhsullarını təqdim edib.
MKEK baş direktorunun müavini Akif Akgül bildirib ki, Azərbaycanda üçüncü dəfə keçirilən sərgiyə maraq əvvəlki illərlə müqayisədə daha da artıb.
Korporasiyanın sərginin ilk iştirakçıları arasında yer aldıqlarını deyən Akgül, Türkiyənin və MKEK-in sərgidə iştirakının qardaş ölkəni və müdafiə sənayesini dəstəkləmək niyyəti daşıdığını qeyd edib.
Akgül, müdafiə sənayesi firmaları arasında Azərbaycanla ilk təmaslarını MKEK-in təmin etdiyini xatırladaraq deyib: "Bunu azərbaycanlı dostlarımız çox yaxşı bilir. Azərbaycanda müdafiə sənayesinə ciddi dəstək verdik. Ölkənin müstəqillik qazanmasından sonra müdafiə sənayesi ilə bağlı qurulan firmalara ciddi dəstək verdik, silah və sursat istehsalına yardım etdik”.
MKEK tərəfindən bir vaxtlar Azərbaycana “fırtına topları”nı satmağa cəhd edilsə də, hələlik ixrac üçün icazə alınmadığından bunun nəticəsiz qaldığı bildirilib: “Səylərimiz davam edir. Hazırda MKEK-in əlaqələri çox gözəldir. Snayper tüfəngimiz Azərbaycan Silahlı Qüvvələrinin inventarındadır. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə bağlı 35 fabrik var. Bu fabriklərə sursat avadanlıqları və sursat yardımları edirik. Müdafiə Sənayesi Nazirliyinin səlahiyyətli nümayəndələri ilə görüşümüzdə MKEK ilə uzunmüddətli marketinq və birgə istehsalla bağlı təklif aldıq. Fikrimcə, onunla əlaqədar işlərə başlayacağıq. Müdafiə Sənayesi Nazirliyi ilə MKEK arasında uzunmüddətli marketinq və ortaq istehsal şəklində razılığa gələcəyik. MKEK-in Azərbaycanda keçmişdə mövcud olan əlaqələri daha da güclənəcək”.
Son zamanlarda yalnız MKEK deyil, türk müdafiə sənayesinin çox əhəmiyyətli bir irəliləyiş əldə etdiyini vurğulayan Akgül bunları söyləyib: "Sərgiyə 40-a yaxın türk firması qatılıb. Azərbaycanlı dostlarımız da bundan məmnundurlar. Türkiyə kimi bir dost və qardaş ölkənin olması onlara böyük inam verir, müdafiə sənayelərini inkişaf etdirmək üçün ortaqlıqlar qurmaq istəyirlər. Müdafiə Sənayesi Nazirliyi ilə əlaqələri ciddi mənada irəliyə aparmaq istəyirik. “ Bir millət, iki dövlət “yanaşması müdafiə sənayesi sahəsində də iş birliklərinin artmasını ciddi mənada təşviq edir”.
Akgül Azərbaycanda köhnə sovet silah sistemlərinin Qərb sistemlərinə emal istiqamətli işlərin aparıldığına diqqət çəkərək, bu müddətdə türk firmalarının ciddi qazancları olacağını qeyd edib.

Anka-S və Hürkuşun yeni marşrutu Azərbaycandır

Türk Hava və Kosmos Sənayesi (TUSAS) də ADEX 2018-də Milli Hərbi Təyyarə, silahlı Hürkuş, pilotsuz uçan aparat Anka-S, T625 helikopteri, Göktürk-1 və Türksat 6A peyklərinin modellərini nümayiş etdirib.
Şirkət rəhbərləri sərgi çərçivəsində bir sıra görüşlər keçiriblər. TUSAŞ-ın Korporativ Əlaqələr və Satış üzrə rəhbəri Tamer Özmen, Azərbaycana "İki dövlət, bir millət" düşüncəsi ilə yanaşdıqlarını bildirib.
Azərbaycanı bir bazar olaraq görmədiklərini, dostluq, müttəfiqlik və qardaşlıq anlayışı içində əlaqələri daha da irəliyə doğru aparmağa çalışdıqlarını deyən Özmen, görüşlərini də bu niyyətlə reallaşdırdıqlarını vurğulayıb.
O, sərgidə Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Texniki Universiteti ilə əməkdaşlıq protokolu imzalandığını və Azərbaycan əsas elmləri ilə TUSAŞ-ın dizayn, test və marketinq təcrübələrini bir araya gətirməyi hədəflədiklərini qeyd edib.
Özmen, hava platformaları üçün, ilk növbədə Azərbaycanın kəşfiyyat və pilotsuz sistemlərinə ehtiyac duyulduğunu qeyd edərək deyib: “Biz Hərbi Hava Qüvvələrinin komandiri və nazir ilə görüşdük, Anka-da əldə etdiyimiz bilik və texnologiyanı onların ehtiyaclarına cavab verəcək şəkildə hədəflərimizə daxil etdik. Onlar da bununla bağlı fikirlərimizi qəbul etdilər, dəstək verəcəklərini söylədilər”.
Özmen, kəşfiyyatla bağlı təklifi görüşdükləri bir çox səlahiyyətli şəxslər və qurumla paylaşdıqlarını vurğulayıb: “Azərbaycanda pilotsuz uçan aparatı istehsal edə biləcək bir müəssisə yarada bilsək, bu, dostluğumuzu daha da möhkəmləndirər, bizi şad edər”.
Azərbaycan hava qüvvələrinin ilk olaraq təlim təyyarələrinə ehtiyacı olduğunu deyən Özmen bildirib: "Hava qüvvələri komandiri, Hürkuş, Hürjet, Milli döyüş təyyarələri layihələrini çox yaxından təqib etdiklərini, hətta Hərbi Hava Qüvvələri komandirimizlə də bununla bağlı görüşdüklərini deyib. Qısa müddət ərzində Türkiyəyə səfər edəcəyini söyləyib. O, səfər çərçivəsində bizim müəssisələrimizə də gəlmək istədiyini bildirib. Bundan şad olacağımızı bildirdik”.
Təklifləri ölkənin lazımi qurumları ilə müzakirə edəcəyini deyən Özmen qeyd edib ki, Hürkuş ilə başlayan Hürjet və milli döyüş təyyarəsi də daxil olan bir ortaqlıq və mümkün investisiya dəstəyi çox gözəl nəticələr verə bilər. Dost, müttəfiq, qardaş ölkə olaraq Azərbaycanın sahib olduğumuz hərbi üstünlüklərə, məhsullara sahib olmasını və birlikdə yüksəlməyi çox arzu edirik. Bunu reallaşdırmaq üçün TUSAŞ olaraq üzərimizə düşəni edərik. Anlayıram ki, Hava qüvvələri komandirləri səviyyəsində də belə bir anlayış birliyi, razılaşma var. Hava qüvvələri komandirimiz də bu mənada dəstək olacağını ifadə ediblər”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
“Azərbaycan altı aylıq sədrlik dövründə bir sıra irəliləyişlər əldə etdi”
14.12.2018
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
14.12.2018
ABŞ Konqresi qətnamə qəbul edib: ABŞ Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir
14.12.2018
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14.12.2018
İnformasiya təhlükəsizliyinin aktual problemlərinə dair konfrans keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info