İqtisadi islahatlar məşğulluq probleminin həllinə böyük dəstək oldu
Tarix: 03.07.2013 | Saat: 00:02:00 | E-mail | Çapa göndər


Məşğulluqla bağlı məsələləri araşdırarkən aydın olur ki, bu iqtisadi anlayış nəzəri mahiyyət daşısa da, daha çox praktik olaraq, insanlar arasında sosial-iqtisadi münasibətlərin əsas tənzimləyicisi və təminatçısı kimi çıxış etməklə gündəlik qayğı və diqqət tələb edən ən zəruri məsələdir.
Məşğulluq insan cəmiyyətinin dünəni, bu günü və gələcəyinin əsası olmaqla bütün dövrlərdə özünü göstərib və mövcud olub.
Bəşər tarixi mövcud olduğu dövrlərdən bu günə qədər insanlar tarixin və zamanın bütün mərhələlərində əmək fəaliyyəti ilə məşğul olmuş və bu gün də olmaqdadır. Hələ ibtidai icma istehsal üsulu dövründə belə insanlar müxtəlif fəaliyyət növləri ilə məşğul olublar. Əslində, həmin vaxtlar iqtisadi termin kimi ifadə olunmasa da, praktik olaraq müvafiq sahə və istiqamət üzrə məşğulluq mövcud idi. Həmin istiqamətdə əmək bölgüsünə uyğun olaraq məşğulluq prosesi qadınların yığıcılıqla, kişilərin ovçuluqla məşğul olması, qocaların isə toplanmış kollektiv istehsal təcrübəsinin mühafizəçiləri olması ilə müşahidə olunurdu. Göründüyü kimi, ictimai-iqtisadi formasiyaların bütün dövrlərində məşğulluq bir fəaliyyət tərkibi, növü və nəticəsi kimi mövcud olub.
Məşğulluqla bağlı məsələlərə diqqət edərkən əmək bölgüsünün də mühüm rolunu görürük. Bu iki anlayış arasındakı bağlılığın və tamamlamanın açıq-aşkar göründüyü yuxarıdakı tarixi fakt sonrakı mərhələdə Birinci İctimai Əmək Bölgüsünün (maldar tayfaların əkinçilikdən ayrılması), İkinci İctimai Əmək Bölgüsünün (sənətkarlar sinfinin yaranması) və Üçüncü İctimai Əmək Bölgüsünün (tacirlərin meydana gəlməsi) baş verməsinə gətirib çıxarıb. Təbii ki, bütün bunlar da öz növbəsində həm cəmiyyətin inkişafına geniş imkanlar açırdı, həm iqtisadi münasibətlərin təkmilləşməsində yeni mərhələni təmin edirdi, həm də şüurlu iqtisadi fəaliyyəti-məşğulluğu özündə cəmləşdirirdi. Fikrimizcə, iqtisadi fəaliyyətin elə birinci mərhələsi məşğulluqla bağlıdır. Əgər insanlar məşğul deyilsə, onda heç bir istehsal prosesi baş tuta bilməz, heç bir iqtisadi proses uğurlu nəticə gətirməz. İqtisadi təlatüm, böhranlar, çətinlik və sıxıntılar baş verər. Və təbii ki, cəmiyyətdə sosial tarazlıq pozular, sosial-iqtisadi münasibətlərin tənzimlənməməsi özünü göstərməklə böyük bir problem olaraq qalar.
Tarixi hadisələrə nəzər salarkən görünür ki, insanların hələ ibtidai istehsal dövründə əkinçiliklə məşğul olmaları, onların bu sahədə təcrübə toplamalarına səbəb olmaqla, həm də özlərinin əkinçilik məhsullarına olan təlabatlarını qarşılamalarına şərait yaradırdı. Qeyd olunan dövrün qonşu icması zamanında isə (qonşu icmasını K. Marks əkinçilik icması da adlandırırdı) kollektiv mülkiyyətə əsaslanmaqla xüsusi mülkiyyət də meydana gəldi. Göründüyü kimi, məşğulluq insanlar arasında münasibətləri tənzimləməklə bərabər, həm də tarixi iqtisadi proseslərin yeniləşməsinə əsaslı zəmin və şərait yaradır.
Qeyd edək ki, ümumi mənada və nəzəri olaraq, məşğulluq probleminin həllində yaranan çətinliklərin əsas səbəblərini aşağıdakı kimi qruplaşdırmaq olar:
1) ölkələrin əhalisinin artımı; 2) əmək bazarındakı qanunauyğunluğun pozulması; 3) iqtisadi böhranların ola bilməsi və iqtisadi sahədəki uğursuzluq; 4) sosial-iqtisadi inkişafın təminatındakı çatışmazlıq; 5) ümumi iqtisadi siyasətin zəif istiqamət alması və s.
Hazırkı dövrdə bir çox Avropa ölkələrində cərəyan edən xoşagəlməz hallar məhz bu sadalananların nəticəsində baş verib.
Məlumdur ki, 1994-1995-ci illərdə ölkəmizdə yeni iqtisadi sistemin tələblərinə uyğun olmaqla, tamamilə yeni olan bir mərhələnin təməli qoyulmuş oldu. Məhz müasir iqtisadiyyatımızın təməl prinsiplərini təşkil edən neft (1994-cü il “Əsrin Müqaviləsi”) və qeyri-neft sektorlarının (1995-ci il Aqrar (iqtisadi) islahatlar) əsasları qoyuldu. Bu yeni, həm də müasir mərhələ üçün böyük strateji əhəmiyyətə malik mühüm dövlət tədbiri idi. Keçmiş inzibati-amirlik iqtisadi sistemində fəaliyyət göstərən sovxoz və kolxozların və həm də digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsini özündə əks etdirən aqrar islahatlar bu sahədə məşğulluq probleminin yeni müstəvidə həllinə geniş zəmin yaradıb. Ümummilli liderimiz Heydər Əliyevin siyasi çevikliyi, güclü idarəetmə bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti bu sahədə mükəmməl potensial formalaşmasına səbəb olub.
Bütün bu və ya digər düzgün istiqamətlənmiş tədbirlər nəticəsində əhalinin aqrar sahədə məşğulluq imkanları daha da güclənmiş, bu sahədəki münasibətlər daha da möhkəmlənmiş və özünün geniş əhatə dairəsini formalaşdırıb. Kəndlilərin Dövlət Torpaq Aktlarını almaqla xüsusi mülkiyyətini formalaşdırması və məşğulluq təminatına şərait yaratması günümüzün ən əsas reallıqlarından birinə çevrildi. Mülkiyyət haqqında Azərbaycan Respublikasının qanununda hər kəsin xüsusi mülkiyyət hüququ və onun qorunması göstərilib.
Ümummilli liderimizin adı ilə bağlı olan iqtisadi (aqrar) islahatlar bu sahədə həm də məşğulluq probleminin həllinə çox böyük dəstək oldu. 1996-cı il sentyabr ayının 21-də Prezident sarayında “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi və kənd təsərrüfatında cari işlərin gedişi vəziyyətinə həsr olunmuş” müşavirədə cənab Heydər Əliyev bu sahə ilə bağlı deyirdi: “Məlumdur ki, respublikamızın iqtisadi potensialı, o cümlədən aqrar bölmədə potensialı böyükdür. Lazımi islahatların keçirilməsi, strukturun təkmilləşdirilməsi, bununla yanaşı, insanların daha səmərəli işləməsi üçün imkanlar yaradılması və iqtisadi islahatların həyata keçirilməsi iqtisadiyyatın inkişafının mühüm şərtidir, əhalinin rifah halının yaxşılaşdırılmasının əsasını təşkil edir. Ona görə də, yenə də deyirəm, bu islahatların həyata keçirilməsi gündən-günə sürətlənməlidir, biz onun gündən-günə genişləndirilməsini təmin etməliyik...”
Aqrar islahatların spesifik xüsusiyyətlərindən biri də bu zaman istehsalçılara verilən, daha doğrusu, onların əldə etdikləri iqtisadi azadlıqlardan ibarətdir. Belə şəraitdə istehsalçının azad, yaradıcı fəaliyyətini təmin edən təsərrüfat formalarının təşəkkül tapması özünü göstərirdi. Qeyd olunan prosesin aşağıdakı istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulub:
1) kəndli-fermer təsərrüfatlarının yaradılması;
2) kolxoz və sovxozların islahatı əsasında özəl kollektiv təsərrüfatlarının formalaşdırılması və s.
Bu məsələnin məqsədyönlü həlli təkcə məşğulluq probleminin çözülməsinə deyil, həm də ölkədə daxili bazarın formalaşmasına və yerli məhsullarla təminatına, ölkəmizin kənd təsərrüfatı məhsulları ilə bağlı olaraq xarici asılılıqdan qurtarmağa şərait yaratmasına, ixrac məhsullarının istehsalına və bununla da yerli məhsulların xarici bazarlarda satışının təmin edilməsinə geniş şərait yarada bilər.
Məşğulluq çox mürəkkəb və çoxcəhətli bir anlayışdır. İnsan fəaliyyətinin bütün sahələrində təzahür edən, özünü göstərən və meydana çıxan məşğulluq bütövlükdə cəmiyyətin mövcudluğu və yaranmasının da maddi və mənəvi əsasıdır. Əgər belə demək mümkündürsə, harada insan varsa, onun hərəkəti varsa, izi, əməyi və əməyinin nəticəsi varsa, deməli, orada məşğulluq da var. Məşğulluq anlayışını (məfhumunu) dərk etmək üçün ilk baxışda insanların (praktik olaraq) vaxt ayırdığı, başının qarışdığı, düşüncəsinin, əqlinin, zehninin, fiziki qabiliyyətinin, bacarığının, elminin, biliyinin və digər keyfiyyətlərinin yönəldiyi fəaliyyət növü kimi də qəbul etmək lazımdır. İnsanların hər biri ayrılıqda (fərdi) və yaxud da bütövlükdə cəmiyyət miqyasında bir növü, məşğul olmağa maraqlıdır. Çünki məşğulluq insanın yaşamasının təmin edilməsi, insan isə məşğulluğun təminatı və mövcudluğu üçün zəruridir.
Məşğulluq sosial-iqtisadi fəaliyyətin məcmusu olmaqla bərabər, həm də bu prosesdə iştirak edən insanlar arasındakı münasibətləri tənzimləyən bir sistemdir. Fikrimizcə, məqsədyönlü fəaliyyət nəticəsində və tükənməz, artan ehtiyacların ödənilməsi prosesində insanlar arasında onların düşüncə və məqsədləri əsasında yaranan münasibətlər məşğulluq münasibətlərini özündə əks etdirir.
“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda (2 iyul 2001-ci il) hər kəsin azad şəkildə məşğulluq hüququnun olmağı barədə zəruri müddəalar öz əksini tapıb. Orada işaxtaranlarla işəgötürənlər arasında formalaşan münasibətlər, məşğulluğun təminatında dövlətin və həmkarlar ittifaqının vəzifələri, eyni zamanda bu prosesdə işaxtaranın məqsədyönlü və qanuni fəaliyyəti geniş və təkmil olaraq təsbit edilib.
Məşğulluq hər bir dövlətin sosial-iqtisadi siyasətinin tərkib hissəsini, əsasını təşkil edir. Hər bir dövlət müvafiq əmək qanunvericiliyində təsbit edilmiş prinsiplər əsasında bu sahədəki məsələləri tənzimləyir. Bunun da nəticəsində vətəndaşların müxtəlif əmək növləri ilə məşğuliyyəti qeyd olunan istiqamətdə öz həllini tapır, yəni insanların məşğul olmalarına əsaslar yaranır. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizin iqtisadi siyasətinin onun hüquqi tənzimlənməsi istiqamətindəki əhəmiyyətini aşağıdakı kimi vurğulayırdı: “Şübhəsiz ki, görülən işlər qarşımızda duran vəzifələrin həyata keçirilməsində ilk addımdır, ilk nəticələrdir. Biz hələ çox iş görməliyik. Çox iş görməliyik ki, bütün iqtisadi islahatları axıra çatdıraq, iqtisadiyyatımızda ciddi dəyişikliklər əmələ gətirək, bazar iqtisadiyyatı Azərbaycan iqtisadiyyatının bütün sahələrində bərqərar olsun. Çox iş görməliyik ki, Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesini tam axıra çatdıraq. Çox iş görməliyik ki, 1995-ci ilin noyabrında qəbul etdiyimiz Konstitusiyanın tələbləri Azərbaycanın həyatının, cəmiyyətinin bütün sahələrində tətbiq olunsun və həyata keçirilsin. Çox iş görməliyik”. Göründüyü kimi, dövlətimiz tərəfindən milli-iqtisadi siyasətin uğurlu təminatı və əhəmiyyəti öz davamlılığı və ardıcıllığı ilə səciyyələnir.
Doğrudan da, dahi rəhbərin düşünülmüş şəkildə müəyyən etdiyi uğurlu iqtisadi siyasət bütün sahələr kimi məşğulluq təminatında da həddindən çox işlərin görülməsinə imkanlar yaratdı. Məşğulluğun hüquqi bazasının tam mükəmməl əsaslarla təmin olunmasının davamı olaraq ölkə başçısı cənab İlham Əliyevin 26 oktyabr 2005-ci ildə imzaladığı sərəncamla “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”, 15 may 2007-ci il tarixdə imzalanmış sərəncamla isə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-ci illər)” təsdiq edilərək əhalinin məşğulluq probleminin aradan qaldırılmasında həlledici addım atıldı.
Qeyd edək ki, məşğulluğun hüquqi tənzimlənməsi də ölkəmiz miqyasında olduğu kimi, Muxtar Respublikamızda da tam mütərəqqi əsaslarla davam etdirilməkdədir. Ali Məclisin Sədri tərəfindən 30 may 2007-ci il tarixdə imzalanmış sərəncamla “Naxçıvan Muxtar Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-ci illər)” təsdiq edilib.
Məhz həmin işlərin nəticəsində də ölkə iqtisadiyyatının inkişaf istiqamətlərinin müəyyən olunması mümkün olmuş və uğurlu nəticələr qazanılıb. Təsadüfi deyil ki, əhalinin məşğulluq probleminə ciddi yanaşmanı da özündə əks etdirən tarixi addım 2009-cu il mart ayının 18-də atıldı. Həmin tarixdə keçirilmiş ümumxalq referendumu yolu ilə Konstitusiyamızın 15-ci maddəsinə edilmiş əlavə ilə də (ümumilikdə 29 maddəyə 41 düzəliş) dövlətimizin iqtisadi siyasətinin sosial yönümlü olması təsbit edilib. Bu həm də dövlətimizin tarixi müstəqilliyinin hüquqi, siyasi və iqtisadi təsdiqi idi. Qeyd edək ki, bu istiqamətdə müəyyən olunmuş uğurlu milli dövlətçilik siyasəti Konstitusiyamızın 16-cı maddəsi ilə daha da möhkəmləndirilir. Həmin maddə “sosial inkişaf və dövlət” kimi təsbit olunaraq orada göstərilir:
“Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır”.
Buradan da görünür ki, Azərbaycanda əhalinin sosial təminatı və məşğulluğu öz hüquqi əsasını tapmış və müdafiə olunmaqdadır.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info