“Çox güclü rejissorluq və aktyorluq potensialı mövcuddur”
Tarix: 03.07.2013 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Müsahibimiz ADMİU-nun İnstrumental ifaçılıq və dirijorluq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, dosent Sonaxanım İbrahimovadır:

-Sona xanım, bu il Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyi qeyd olunur. 90 il ərzində universitet Azərbaycan mədəniyyətində şərəfli missiya daşıyıcısı hesab olunub. Universitetin mədəniyyət dünyasına bugünkü töhfələri, şübhəsiz, böyükdür. Bəs bundan sonrakı töhfələri nədə görürsünüz?
- Azərbaycan mədəniyyətinə, incəsənətinə qiymətli töhfələr vermiş universitet 90 illik şərəfli yol keçib. Bildiyiniz kimi, əvvəllər universitet teatr institutu kimi fəaliyyət göstərirdi. Sonralar bir çox başqa ixtisaslar əlavə olundu. Timurçin Əfəndiyevin rəhbərliyi dövründə institut artıq universitet statusunu alıb. Müasir dövrün tələblərindən irəli gələrək, universitetdə yeni-yeni fakültələr açıldı və ixtisaslar yaradıldı. Bütün bu illər ərzində toplanmış təcrübə universitetdə tədris olunan müxtəlif ixtisaslarla yanaşı, bu ixtisasların elmi-nəzəri balansının yaranmasına da zəmin yaratdı. Bununla da universitetin elmi bazası güclənib və genişlənib. Bütün bu proseslərin gedişində universitetin rektoru, Timurçin Əfəndiyevin rolu misilsizdir. Timurçin müəllim öz ətrafına dəyərli şəxsiyyətləri toplamış, güclü kollektiv yaratmış və bununla da universitetin tədris, təlim-tərbiyə və elmi bazası gücləndirilib. Azərbaycan mədəniyyətində və incəsənətində artıq öz sözünü demiş dəyərli şəxsiyyətlər, universitetin professor və müəllim heyətinin tərkibini təşkil edir. Belə bir mühitdə çalışmaq mənim üçün şərəfdir. Mən yazıçı ailəsində dünyaya göz açmışam. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Atam yazıçı-dramaturq Qulam Rza Cəmşididir. Sonradan həyatımın növbəti addımları görkəmli, ictimai və siyasi xadim yazıçı Mirzə İbrahimovun ailəsində olub. Bu ailədə də ədəbi mühit, musiqi aləmi hökm sürürdü. Ali təhsilimi Konservatoriyada, indiki Bakı Musiqi Akademiyasında almışam. Konservatoriyanı bitirdikdən sonra pedaqoji fəaliyyətimə oxuduğum Bülbül adına orta ixtisas musiqi məktəbində konsertmeyster kimi başladım. Daha sonra müəllim kimi fəaliyyətimi davam etdirərək direktor müavini vəzifəsində çalışmışam.
Mən Mədəniyyət və İncəsənət Universitetində 2010-cu ildən çalışıram. Buradakı müəllimlik fəaliyyətimdən bir müddət keçəndən sonra məni kafedra müdiri olmağa dəvət etdilər. Kafedranın ilk əvvəl adı Musiqi fənləri və dirijorluq idi. Bu kafedraya böyük nəslin nümayəndəsi olan professor Aytəkin Həsənova rəhbərlik edib. Aytəkin xanımın kafedranın yaranmasında, inkişafında böyük zəhməti olub. Mən də öz növbəmdə bu səviyyəni saxlamağa çalışıram. Daha sonra mənim təklifimlə kafedramızın adı dəyişilib, İnstrumental ifaçılıq və dirijorluq kafedrası oldu. Çünki bu kafedrada fortepiano alətindən başqa, simli və nəfəs alətləri də tədris olunur. Fakültədə dərs alan tələbələr və dərs deyən müəllimlərin istedadını görəndə məndə musiqi ifaçılarının müsabiqəsinin keçirilməsi fikri yarandı. Bildiyiniz kimi, bu il Təhsil Nazirliyi və Mədəniyyət və İncəsənət Universiteti ümummilli lider H. Əliyevin 90 illik yubileyi münasibətilə “Ali təhsil müəssisələrinin tələbələri arasında musiqi ifaçılarının müsabiqəsi” keçirildi. Müsabiqədə universitetin musiqi təhsilinin əsasını təşkil edən altı ixtisas iştirak edirdi. Fortepiano, xalq çalğı alətləri, vokal ifaçılığı, aşıq sənəti, xanəndə sənəti, estrada və populyar musiqi. Müsabiqəyə respublikanın ali məktəblərinin musiqi ifaçıları da qatılmışdılar: Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Milli Konservatoriyası və Bakı Musiqi Akademiyası və s. Bu müsabiqədə iştirak edən universitet tələbələrinin nailiyyətləri yüksək idi. Müsabiqənin münsiflər heyətinin tərkibinə nəzər saldıqda görkəmli incəsənət xadimlərinin adlarını görərik. Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Xalq artisti, dirijor Yalçın Adıgözəlov, Bakı Musiqi Akademiyasının professoru Oqtay Abbasquliyev, bizim universitetin müəllim heyəti-Xalq artistləri Zamiq Əliyev, Yalçın Rzazadə, Səkinə İsmayılova, professorlar Canəli Əkbərov, Azər Zeynalov, Mələkxanım Eyyubova, Əməkdar artistlər Vamiq Məmmədəliyev, Vaqif Gərayzadə və s. Adlarını sadaladığım şəxslərin universitetimizdə tədrisin və ixtisasın yüksək səviyyədə olmasında böyük zəhmətləri var. Bütün bunları nəzərə alaraq istedadlı tələbələrin də məhz bu universiteti seçmələri və sevə-sevə bu incəsənət məkanında təhsil almaları, əlbəttə ki, hər kəsin göz önündədir.
Mədəniyyət və İncəsənət Universitetinin gələcəyi çox böyükdür. Əsas məsələ ondan ibarətdir ki, universitetimizdə əsaslı işlər görülür. İlk olaraq tələbələrin tədrisinə çox ciddi nəzarət olunur. Tələbələrimiz respublika üzrə keçirilən bütün dövlət tədbirlərində fəallıqla iştirak edirlər. Bu il əldə edilən nailiyyətlərdən biri də “Eurovision 2013” mahnı müsabiqəsində II yerin sahibinin universitetimizin IV kurs tələbəsi Fərid Məmmədovun olması idi.
- Ümummilli liderin 90 illik yubileyinə həsr olunmuş müsabiqədə, Mədəniyyət və İncəsənət Universitetinə həsr olunmuş, musiqisi bəstəkar Eldar Dadaşova, sözləri sizə məxsus “İncəsənət məkanı” adlı oda səsləndi. Siz sözləri yazanda nədən ilham aldınız?
- Bir gün qonşu otaqda universitetin dosenti Eldar Dadaşov tələbələrinə yeni bəstələdiyi musiqini ifa edirdi. Mən eşitdiyim zaman Eldar müəllimə yaxınlaşıb musiqilə maraqlandım. Eldar müəllim söylədi ki, yeni bəstələmişəm, fikrim var ki, universitetin 90 illik yubileyinə həsr edim. Mən musiqinin sözlərini Eldar müəllimdən soruşdum. Eldar müəllim musiqinin sözlərini hələ axtardığını söylədi. Mən tərəddüd etmədən Eldar müəllimdən musiqinin sözlərini mənə həvalə etməyini xahiş etdim. Beləliklə, musiqiyə sözləri yazdım və incəsənət odası yarandı.
İstedada sən yol açdın, yollarına şəfəq saçdın.
Elm öyrətdin, sənət verdin, millətimin sərvətisən,
İncəsənət məskənisən.

Mən, həqiqətən də, bu universitetin ab-havasından həm tədris, həm yaradıcılıq imkanlarını görüb ruhlandım. Yaradıcı mühitdən ilham aldım...
-Görkəmli ədiblər olan Qulam Rza Cəmşidi və Mirzə İbrahimovun ailələrinin şəcərə nümayəndəsisiniz. Ədəbi mühitdə yaşamısınız, ancaq ixtisas kimi musiqi sənətini seçmisiniz. Bu iki sənətin birlikdə vəhdəti sizin aləminizdə necə ifadə olunur?
- İncəsənət mənim aləmimdə bir səhnəyə bənzəyir. Atam yazıçı-dramaturq olsa da, amma musiqini çox sevirdi. Həm səsi var idi, həm də tar alətində ifa edə bilirdi. Qaynanam Sara xanım Pirimov pianoçu, baldızım Sevda İbrahimova bəstəkar, babaları Qurban Pirimov görkəmli tarzən idi. Sevda xanım böyük məktəb keçib. O, həm görkəmli bəstəkar Qara Qarayevin, həm də Brennerin tələbəsi olub. Brenner Azərbaycan fortepiano məktəbinin banilərindən biridir. Azərbaycan piano məktəbinin yaranmasında onun çox böyük rolu olub.
Biz hamımız bilirik ki, Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəylidir. Hətta xalq arasında belə bir deyim də vardı ki, Üzeyir bəy Azərbaycan musiqisinin peyğəmbəridir. Ü. Hacıbəyli bir məşəl idi, yanırdı və bu gün də biz hamımız o məşəlin arxasınca gedirik. Bəli! Bu, bizim incəsənət aləmimizdir.
- Pedaqoq kimi dramaturqun cəmiyyətdəki rolunu necə görürsünüz?
- Dramaturqun nəinki cəmiyyətdə, ictimai şüurun formalaşmasında böyük rolu var. Səhnələşdirilmiş hər bir əsərdə dramaturqun fikirləri və düşüncələri səhnədən tamaşaçıya çatdırılır, dramaturqun səhnədən hər sözü bir məktəbdir. Bu sahədə yazıçının, bəstəkarın, aktyorun, rejissorun vəhdətindən şah əsərlər yaranır. Yenə də təkrar edirəm, incəsənət bir səhnədir. Televiziya qarşısında da teatra baxmaq olar. Lakin bu təması televiziya verə bilməz. Teatr səhnəsi, tamaşa zalında sükut, aktyorun səhnədən eşidilən səsi, baxışı, hətta nəfəsini hiss etmək belə, özü bir mədəniyyətdir, mənəvi qidadır. Teatr təmiz fikrin, təmiz düşüncənin qidasıdır. Mən belə düşünürəm. Əgər hər hansı bir uşaq bu mühitdə böyüyürsə və hər hansı bir insan bu mihitdə yaşayırsa, bunun özü bir xoşbəxtlikdir. Valideyn övladına düzgün tərbiyə verirsə, mədəniyyət incilərini aşılaya bilirsə, şübhəsiz, bu uşağın ailədə gələcəyinin səadətidir.
- Mədəniyyət və İncəsənət Universitetinin adı çəkiləndə ilk öncə düşüncələrdə rejissorluq, aktyorluq sənəti göz önündə canlanır. Siz necə düşünürsünüz, cəmiyyətin formalaşmasında rejissor və aktyor sənətinin mahiyyəti nədədir?
- Azərbaycanlılarda çox güclü rejissorluq və aktyorluq potensialı mövcuddur. Bu barədə daha dolğun mütəxəssislər danışa bilər. Mən sadəcə onu deyə bilərəm ki, intellekt savadı, dünyaya baxışları fərqli olan insanlar var. Elə bilirəm ki, rejissorun dahiliyi də ondadır ki, bütün bu müxtəlifliyi bir ekran görüntüsünə, səhnə seyrində bir yerə toplamağı bacarsın. Hər bir tamaşaçı fikirləşsin ki, mən bu əsəri məhz belə görürəm! Mən də məhz belə edərdim. Rejissorun dünyagörüşü çox geniş, daxili aləmi çox zəngin olmalıdır. Əsərin müvəffəqiyyəti, aktyor istedadının nümayişi məhz rejissorun bacarığından asılıdır. Dahi Federik Fellini haqqında deyilirdi: “Onun yaratdığı obrazlara baxanda özümüzü görürük. Bunu etiraf etmək nə qədər çətin olsa da ...”
- Bugünkü gənc tələbələr arasında rejissor potensialını necə görürsünüz?
- Mən səmimi deyirəm ki, bu gün çox istedadlı gənclərimiz var. Həm kino rejissorluğu, həm də teatr rejissorluğu üzrə. Kinooperator fakültəsində dərs alan tələbələrin də indiki bilikləri müasir texnikaya bələd olmaları, həqiqətən də, sevindirici bir haldır. Çünki bu gün gənclərin əhatə dairələri, məlumat imkanları çox genişdir. Amma bizim dövrdə belə imkanlar yox idi. Müasir gənclərin addımları isə tam başqadır. İri addımlarla irəli getməyə çalışırlar.
-Ailənizdə sizin yolunuzu davam etdirəcək kimsə varmı?
- Mənim iki qızım, dörd nəvəm-Sona Azadqızı, Nəzrin Anarqızı, Aydın Anaroğlu, Rəfiqə Azad qızı var. Qızlarım Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıblar. Böyük qızım Zəhra orta məktəbi bitirdikdən sonra tam başqa sənətə yiyələndi, kiçik qızım Nərmin isə mənim sənətimi davam etdirdi. Hazırda həm Bakı Musiqi Akademiyasında, həm də Mədəniyyət və İncəsənət Universitetində çalışır. Nəvələrimdən Nəzrin skripka ixtisası üzrə Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alır. Fatimə xanımın nəvəm Nəzrin haqqında rəyi çox gözəldir. O, həmişə deyir: “Sanki bu qız skripka aləti üçün yaranıb!” Ailədə musiqi sənətinin davamçısı kimi nəvəm Nəzrin Axundovanı görürəm.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”
13.11.2018
“Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
13.11.2018
“Biz övladlarımıza Azərbaycan dilini öyrədirik ki, onlar öz milli köklərini unutmasınlar”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info